Məhkəmə qərarları › İş №2(102)-2807/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2807/2020

29.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2807/2020 29.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə açıq məhkəmə iclasında, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 yanvar 2020-ci il tarixli, 2(103)1200/2020 saylı qətnaməsindən cavabdeh LPO “xxxx” ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kasasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 oktyabr 2019-cu il tarixli, 2(006)-5212/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim C.C.Musayeva ) İddiaçı cavabdeh LPO “xxxx” ASC və digərlərinə qarşı “ipoteka müqavilələrinə xitam verilməsi, mənzillərin ipoteka ilə yüklülükdən azad edilməsi, ipotekaya xitam verilməsi, ipoteka qeydiyyatının ləğvinə dair müvafiq qeydlərin aparılması və müvafiq çıxarışın verilməsi” barədə iddiası cavabdeh LPO “xxxx” ASC münasibətdə qismən təmin edilərək, “xxxx” ASC ilə Natiq Hacıyev arasında bağlanmış 02 iyul 2010-cu il, 05 dekabr 2011-ci il tarixli kredit müqavilələrinin təminatı kimi “xxxx” ASC ilə İddiaçı arasında bağlanmış 02 iyul 2010-cu il, 18 yanvar 2012-ci il və 17 iyul 2012-ci il tarixli ipoteka müqavilələrinə xitam verilməsi, İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 20 saylı evin 30-cu mənzilinin; Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 20 “a” saylı evin, 31-ci mənzilinin; Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 20 “a” saylı evin, 101-ci mənzilinin ipoteka ilə yüklülükdən azad edilməsi və bu barədə Reyestr Xidmətində müvafiq qeydlərin aparılması, iddianın qalan hissədə, həmçinin Fonda münasibətdə rədd olunması qət edilib. Cavabdeh LPO “xxxx” ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu qətnamədən apelyasiya şikayəti verib. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 yanvar 2020-ci il tarixli, 2(103)1200/2020 saylı qətnaməsi ilə (hakimlər V.T.Həsənov sədrlik edən, məruzəçi, Ş.A.Məmmədova və X.Ə.Sarıyev) apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 oktyabr 2019-cu il tarixli qətnaməsi cavabdeh LPO “xxxx” ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna münasibətdə dəyişdirilməd ən saxlanılıb. Fond qətnamədən kasasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” ASC ilə Natiq Hacıyev arasında bağlanmış 02 iyul 2010-cu il; 05 dekabr 2011-ci il tarixli kredit müqavilələrinin təminatı kimi “xxxx” ASC ilə İddiaçı arasında bağlanmış 02 iyul 2010-cu il; 18 yanvar 2012-ci il; 17 iyul 2012-ci il tarixli ipoteka müqavilələrinə xitam verilməsi, İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 20 saylı evin, 30-cu mənzilinin; Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 20 “a” saylı evin, 31-ci mənzilinin; Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 20 “a” saylı evin, 101-ci mənzilinin ipoteka ilə yüklülükdən azad edilməsi, bu barədə Reyestr Xidməti tərəfindən ipotekaya xitam ver ilməsi, ipoteka qeydiyyatının ləğvinə dair müvafiq qeydlərin aparılması, həmçinin İddiaçı həmin mənzil üzrə mülkiyyət hüquqlarını özündə əks etdirən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən müvafiq çıxarışın İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kasasiya şikayəti onunla əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edil məsi xahiş olunub. Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ İddiaçı, cavabdeh LPO “xxxx” ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu, vəkili Azər Məmmədov, cavabdeh “xxxx” ASC və üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kasasiya instansiyası məhkəməsi məruzəçini dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kasasiya şikayəti təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apelyasiya şikayətini təmin edilmədən saxlayarkən, iddianın qismən əsaslı olmasına, iddianı qismən təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad edib və hüquqi mövqeyini Mülki Məcəllənin 425, 442, 527.1, 528-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib, maddi və prosessual hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki,ipoteka saxlayan “xxxx” ASC ilə ipoteka qoyan İddiaçı arasında bağlanmış 02 iyul 2010-cu il tarixli ipoteka müqaviləsinə, 18 ya nvar 2012-ci il və 17 iyul 2012-ci il tarixli sonrakı ipoteka müqavilələrinə əsasən, “xxxx” ASC ilə Natiq Hacıyev arasında bağlanmış 02 iyul 2010-cu il tarixli kredit müqaviləsinə əsasən ipoteka saxlayan tərəfindən Natiq Hacıyevə ayrılmış 500.000 manat kredit öhdəliyinin və 05 dekabr 2011-ci il tarixli kredit müqaviləsinə əsasən 60.000 manat kredit öhdəliyinin təminatı olaraq Balı Hacıyevaya məxsus Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 494-cü məhəllədə istifadədə olan 0,0731 ha torpaq sahəsində yerləşən, 20 saylı binanın 30-cu mənzili; Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində istifadədə olan 0,11935 ha torpaq ahəsində yerləşən, 20 “a” saylı binanın 31-ci mənzili; Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində istifadədə olan 0,11935 ha torpaq sahəsində y erləşən, 20 “a” saylı binanın 101-ci mənzili bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Eyni zamanda, İddiaçı tərəfindən LPO “xxxx” ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ünvanlanmış 12 mart 2019-cu il tarixli ərizədən görünür ki, “xxxx” ASC ilə Natiq Hacıyev arasında bağlanmış 02 iyul 2012-ci il tarixli kredit müqaviləsi üzrə sonuncuya 500.000 manat kredit verilib. Əlavə olaraq, “xxxx” ASC ilə Natiq Hacıyev arasında bağlanmış 05 dekabr 2011-ci il tarixli kredit müqaviləsinə əsasən sonuncuya bank tərəfindən 60.000 manat kredit verilib. Qeyd edilən kredit müqavilələrinin təminatı olaraq İddiaçı ilə 02 iyul 2010-cu il; 18 yanvar 2012-ci il; 17 iyul 2012ci il tarixli ipoteka müqavilələri bağlanmış və həmin ipoteka müqavilələrinin təminatı olaraq Bakı şəhəri, Yasamal rayonu, İnş aatçılar prospekti, 20 saylı evin 30-cu mənzili, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 20 “a” saylı evin 31-ci mənzili, həmçinin Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 20 “a” saylı evin 101-ci mənzili bank qarşısında ipoteka müqavilələrinə əsasən ipoteka qoyulmuşdur. Həmçinin apelyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutları araşdırıb müəyyən etmişdir ki, “xxxx” ASC ilə Natiq Hacıyev arasında 02 iyul 2012-ci il və 05 dekabr 2011-ci il tarixli kredit müqavilələri üzrə borc məbləğləri tam ödənilmişdir. Hazırda iddiaçı, həmin kredit müqavilələri üzrə borc öhdəliyinin tam icra edilməsini nəzərə alaraq kredit müqavilələrinin təminatı kimi ipoteka qoyulmuş mənzillərin ipotekadan azad edilməsini iddia edir. Bundan başqa qanuni qüvvəyə minmiş Bakı şəhəri, Xət ai rayon məhkəməsinin 04 dekabr 2017-ci il tarixli qətnaməsinə əsasən, Nərminə Hacıyevanın “xxxx” ASC və digərlərinə qarşı “müqavilələrin ləğv edilməsi” barədə ilk iddiasına, LPO “xxxx” ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması X3 və digərlərinə qarşı “kredit tələbi və ipoteka predmetinə tutmanın yönəldilməsi” barədə qarşılıqlı iddiasına, üçüncü şəxs İddiaçı “xxxx” ASC və digərlərinə qarşı “müqavilənin ləğv edilməsi, mənzilin ipotekadan azad edilməsi” iddiasına dair mülki iş üzrə ilk və üçüncü şəxsin iddia tələblərinin qismən təmin edilərək, “xxxx” ASC ilə Nərminə Hacıyeva arasında 23 iyul 2015-ci il tarixdə bağlanmış kredit müqaviləsinin, həmçinin onlar arasında 23 iyul 2015-ci il tarixdə bağlanmış sonrakı ipoteka müqaviləsinin ləğv edilməsi, ilk və üçüncü şəxsin iddiasının qalan hissədə rədd edilməsi, eləcə də LPO “xxxx” ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması X4 və İddiaçı qarşı “Nərminə Hacıyevanın 23 iyul 2015-ci il tarixli kredit müqaviləsinə əsasən LPO “xxxx" ASC götürdüyü 250.461 ABŞ dolları kredit borcundan banka ödənilməmiş qalan 208.415 ABŞ dolları əsas, 36.476 ABŞ dolları faiz borcu olmaqla, cəmi 245.161 ABŞ dolları kredit borcunun Nərminə Hacıyevadan tutularaq “xxxx” ASC hesabına ödənilməsi, tutmanın İddiaçı məxsus olan Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 20 “A” saylı binanın 101-ci mənzilinə, Bakı şəhəri, Yeni Yasamal rayonu, İnşaatçılar prospekti, 20 “A” saylı evin 31-ci mənzilinə, Bakı şəhəri, ünvan 1 ünvanda yaşayan şəxslərin istifadə hüquqlarına xitam verilməklə mənzilin açıq hərracdan satılması, hərracda satıldıqdan sonra ən azı 1 ay ə rzində boşaldılması və satışdan əldə edilən vəsaitin ödənişə yönəldilməsinə dair qarşılıqlı iddianın rədd olunması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, “xxxx” ASC ilə Natiq Hacıyev arasında bağlanmış yuxarıda adı çəkilən kredit müqavilələrindən irəli gələn kreditin qaytarılmasına dair öhdəliyin icrasının borclu Natiq Hacıyev tərəfindən tam şəkildə yerinə yetirildiyi müəyyən edilmişdir. Apelyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutları araşdırıb qeyd etmişdir ki, 05 dekabr 2011-ci il və 02 iyul 2010-cu il tarixli kredit müqavilələrindən irəli gələn öhdəlik hüquq münas ibətlərinə öhdəliyin icrası ilə xitam verildiyi faktı LPO “xxxx” ASC tərəfindən etiraf edildiyindən, həmin halın məhkəmədə əlavə araşdırılmasına lüzum qalmamışdır. Bundan başqa, cavabdeh tərəf mübahisəli mənzillərin üzərində ipoteka yüklülüyünə xitam verilməməsinin əsası kimi “xxxx” ASC ilə Nərminə Hacıyeva arasında bağlanmış 23 iyul 2015-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş borcun mövcudluğunu göstərsə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Xətai rayon məhkəməsinin 04 dekabr 2017-ci il tarixli qətnaməsi ilə sözügedən kredit müqaviləsi və “xxxx” ASC ilə Ballı Hacıyeva arasında 23 iyul 2015-ci il tarixdə bağlanmış sonrakı ipoteka müqaviləsi ləğv edilmişdir. Mülki Məcəllənin 425 və 442-ci maddələrinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifə lərini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 527.1-ci maddəsinə əsasən, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tama milə və ya qismən xitam verilir. Həmin Məcəllənin 528-ci maddəsinin tələblərinə görə, öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlillərinə münasibədə apelyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, həmin dəlillərə birinci instansiya məhkəməsi tərəfindən qiymət verilmiş və məhz həmin dəlillərin əsassız hesab edilməsi iddianın təmin olunmasını mümkün etmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, cavabdehin istinad etdiyi kredit və ipoteka müqaviləsi məhkəmə aktı əsasında ləğv edildiyindən həmin müqavilələrə istinad edilərək müqavilə üzrə borcludan hər hansı məbləğdə pul tələb oluna, ipoteka müqaviləsinə istinad edilərək tələbin əmlaka yönəldilməsi tələb oluna bilməz. Be lə olan halda isə iddiaçının ipoteka predmetlərinin yüklülükdən azad edilməsinə dair müraciətini təmin etməməklə cavabdeh haqlı olmamışdır. Birinci instansiya məhkəməsi haqlı olaraq kredit müqavilələri üzrə öhdəliklərin tam icra olunması nəticəsinə gələrək ipoteka predmetlərinin yüklülükdən azad etməkdə haqlı olmuşdur. Kasasiya instansiyası məhkəməsi kasasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş həqiqi halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kasasiya instansiyası məhkəməsi kassatorun kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apelyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kasasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh LPO “xxxx” ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kasasiya şikayətitəmin edilməsin. İş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 yanvar 2020-ci il tarixli, 2(103)1200/2020 saylı qətnaməsi kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar