Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2902/2022 13.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2902/2022 Açar sözlər: əşyaların nisyə satışı, əşyanın hissə-hissə ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilənin ləğv edilməsi və vurulmuş ziyan tələbinə dair Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1691/2021 nömrəli iş üzrə 22 iyul 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 13 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – iddiaçı və ya MMC) ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 3195 №-li alqı-satqı müqaviləsinə əsasən, sonuncu MMC-dən 1 ədəd “Changan Alsvin V7” markalı, 2018-ci il buraxılışlı, sedan tipli, ağ rəngli, dövlət qeydiyyat nişanı **-PG-*** olan nəqliyyat vasitəsini (bundan sonra – avtomaşın) almış, avtomobilin qiyməti 36.945 manat müəyyən olunmuşdur. Tərəflər ilkin ödəniş olaraq 1485 manat ödənilməklə qalan 34.590 manat məbləği 60 ay müddətinə bərabər hissələrə bölünməklə hər ay 576 manat ödəni lməsinə dair razılığa gəlmişlər.
2. Müqavilənin 5.1.2 yarımbəndinə görə satıcı alıcıdan, yəni cavabdehdən alqı-satqı müqaviləsinə əlavə edilmiş əsas ödəniş cədvəlinə müvafiq qaydada avtomaşının pulunu vaxtında ödənilməsini tələb etmək, 5.1.3 yarımbəndinə görə alıcıdan alqı-satqı müqaviləsinə əlavə edilmiş əsas ödəniş cədvəlinə müvafiq qaydada avtomaşının pulunu vaxtında ödəmədiyi təqdirdə avtomaşını geri tələb etmək, 5.1.4 yarımbəndinə görə alıcı alqı-satqı müqaviləsinə əlavə edilmiş əsas ödəniş cədvəlinə müvafiq qaydada avtomaşının aylıq ödəniş pulunu 15 gün müddətə gecikdirəcəyi təqdirdə ona qarşı cərimənin ödənilməsi, avtomaşının təhvil alınması, avtomaşının yararsız olduğu və ya baxımsızlıqdan yararsız hala düşdüyü halda avtomaşına vurulmuş zərərin alıcının əmlakına yönəldilməsi tələbi ni irəli sürməkdə haqlıdır.
3. Alqı-satqı müqaviləsi üzrə alıcının öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə MMC ilə Cavabdeh2 arasında 3159 saylı, xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmış, zamin satıcı qarşısında alıcının müqavilə üzrə öhdəliyi ilə əlaqədar birgə məsuliyyəti öz üzərinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh1 və Cavabdeh2 (bundan sonra - cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli, 3195 №-li alqı-satqı müqaviləsinin ləğv edilməsi, avtomaşının Cavabdeh1 geri alınıb MMC-yə təhvil verilməsi, həmin müqaviləyə görə cavabdehlərdən müştərək qaydada 2.880 manat 5 ay üzrə əsas borc, həmin ziyanın ödənilmədiyi hər gecikdirilən günə görə hesablanmış cərimə aylıq ödəniş məbləğinin 1% miqdarında 30 günə görə 172 manat, qalan 120 günə görə gecikdirilmiş hər günə görə gecikmə məbləğinin 1% 1.382 manat (150 günə görə 1.554 manat cərimə borcu) cəmi 4434 manat, məhkəməyə ödənilmiş 30 manat dövlət rüsumunun tutulub MMC-yə ödənilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh müqavilə bağlandığı gündən cəmi 5.764 manat ödəniş etmişdir. Bu da ümumi 10 ay dövrü əhatə edir. 2020-ci ilin fevral ayından cavabdehin iddiaçıya ödəniş üzrə borcu yaranmışdır. Bununla da iddiaçıya 28.769 manat əsas borcu qalmışdır. Cavabdeh 5 ay müddətində ödəniş cədvəlinə uyğun olaraq üzərinə götürdüyü öhdəliyi icra etməkdən imtina etmiş, yəni aylıq nəzərdə tutulmuş 576 manat məbləği, cəmi 2.880 manatı ödəməm işdir. Cavabdehə müxtəlif vaxtlarda şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq müqavilənin şərtlərini pozmaqda davam etmiş, müqavilənin şərtlərinə əməl etməmişdir. Cavabdehin avtomobili aldığı gündən bu günə kimi MMC-yə 2.880 manat borcu vardır. Cavabdeh gecikdirilmiş məbləğə görə əlavə 1% hər gün üçün, 30 günə görə 172 manat, qalan 120 günə görə gecikdirilmiş hər gün görə gecikmə məbləğinin 2% 1.382 manat, cəmi 4.434 manat ödəməlidir.
6. Göygöl Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(066)-1007/2020 nömrəli iş üzrə 27 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim Q.Abbasov) iddia qismən təmin edilmiş, MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi ləğv edilmiş, avtomaşının Cavabdeh1 geri alınıb MMC-yə təhvil verilm əsi, həmin müqaviləyə görə cavabdehlərdən müştərək qaydada 2880 manat 5 ay üzrə əsas borc, 150 manat cərimə borcu, ümumilikdə 3030 manat və 30 manat dövlət rüsumunun tutulub iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, yaranmış borc məbləği iş üzrə cavabdehlər tərəfindən iddiaçıya ödənilməlidir. Bununla belə, iddiaçı tərəfindən tələb olunan cərimə məbləği əsas borc məbləğinə mütənasib olmadığından cərimənin məbləği azaldılmalıdır.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 442, 443.1, 445.1, 445.2.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Cavabdehlər ayrı-ayrılıqda apellyasiya şikayəti verərək, qətnamənin ləğ v edilməsini, iş üzrə yeni qətnamə qəbul olunmasını xahiş etmişlər.
10. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-1691/2021 nömrəli iş üzrə 22 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər L.Süleymanov (sədrlik edən və məruzəçi), F.Mehtiyev və A.Hüseynzadə) apellyasiya şikayətləri təmin edilməmiş, qətnamə iddia tələbinin qismən təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin məzmunu onlar tərəfindən razılaşdırılmış və cavabdeh tərəf müqavilənin bütün şərtləri ilə razılaşdığı üçün, həmin müqavilədən doğan öhdəliklər üçün məsuliyyət daşıyır. Ona görə də, iddiaçı avtomaşını və ödəniş üzrə borcu tə ləb etməkdə haqlı olmuşdur.
12. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, məhkəmənin iddia tələbinin qismən təmin edilmiş hissəsində gəldiyi nəticə işin hallarına uyğun olmuşdur. Qətnamənin həmin hissədə ləğv edilməsinə hüquqi əsaslar yoxdur.
13. Məhkəmə öz mövqeyini Mülki Məcəlləsinin 567, 600.1, 422, 443.1, 445.1, 445.2.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
14. Cavabdeh1 (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunmasını xahiş etmişdir.
15. Şikayət onunla əsaslandırılmışdır ki, tərəflər arasında müqavilə bağlandıqdan sonra 10 ay müddətində cavabdeh vaxtlı-vaxtında ödənişlər etmiş və bu müddət ərzində cəmi 57 64 manat məbləğində pul ödəmişdir. Sonradan barəsində həbs qətimkan tədbiri seçilməsi səbəbindən krediti vaxtında ödəyə bilməmişdir. Hazırda 12 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir. Məhkəmənin qətnaməsində həm avtomaşının alınması nəzərdə tutulmuş, həm də 5 ay ərzində ödənilməmiş 2880 manat pulun ödənilməsi qət edilmişdir. Məhkəmə bu zaman nə 1485 manat ilkin ödənişi, nə 10 ay ərzində ödənilən 5764 manat pulu nəzərə almamış, üstəlik 5 ay ərzində ödənilməmiş 2880 manat pulun alınmasını öhdəlik kimi cavabdehin üzərinə qoymuşdur. Məhkəmə nəzərə almamışdır ki, həm ilkin ödəniş, həm ödənilən və ödənilməli olan pul əslində avtomaşının dəyəridir. Həm avtomaşının alınması, həm də ödənilən pulların nəzərə alınmaması cavabdehin hüquqlarının kobudcasına pozulması, vəziyyətinin daha da ağırlaşdırı lması ilə nəticələnmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
17. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
18. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır.
19. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
20. Maddə
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
21. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddə t sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
22. Maddə 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur.
23. Maddə 600.3. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir.
24. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
25. Maddə 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər.
26. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtlər i ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
27. Maddə 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir Mülki Prosessual Məcəllə
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yara ndığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
34. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşd ırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
35. Hazırkı kassasiya icraatı üzrə birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehlərin apellyasiya şikayəti əsasında iddianın təmin edilmiş hissəsində yoxlamış apellyasiya instansiyası məhkəməsinin aktı hal-hazırda Cavabdeh1 kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Baxılan iş üzrə iddiaçı ilə C avabdeh1 arasında avtomobilin nisyə alqı-satqısı və dəyərinin hissə-hissə ödənilməsi barədə müqavilənin bağlandığı işin mübahisəsiz halıdır.
37. İddiaçı həmin müqavilə üzrə cavabdehə təhvil verdiyi avtomobilin geri qaytarılması ilə yanaşı, tərəflər arasında razılaşdırılmış hissə-hissə ödəniş cədvəli üzrə ödənilməmiş 5 ay üçün əsas borc qismində 2880 manat pul tələb edir. Məhkəmələr iddianı qismən təmin edərək, həm avtomobilin Cavabdeh1 alınaraq iddiaçıya təhvil verilməsini, həm də 5 ay üçün tələb olunan 2880 manat “əsas borc”un cavabdehlərdən tutulmasını qət etmişdir.
38. Halbuki Mülki Məcəllənin nisyə alqı-satqı ilə bağlı hüquq münasibətlərini tənzimləyən 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədi kdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məcəllənin 601.2-ci maddəsinə müvafiq olaraq tərəflər əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsini nəzərdə tutduqları halda da (əşyanın hissə-hissə ödənilməsi) eyni qayda tətbiq edilir
39. Qanunun tələbindən göründüyü kimi nisyə alqı-satqı müqaviləsi üzrə alıcı tərəfindən əşyanın dəyəri ödənilmədiyi halda satıcının eyni anda həm verilmiş əşyanın ödənilməsini, həm də ödənilməmiş malın qaytarılmasını tələb etmək hüququ yoxdur. Müqavilədən imtina edən satıcı öz seçiminə görə alıcıya qarşı həmin tələblərdən yalnız birini irəli sürə bilər.
40. Lakin işə baxmış məhkəmələr istinad olunan maddi hüquq normalarının tələblərini pozaraq iddiaçı tərəfindən eyni anda irəli sürülm üş həm verilmiş əşyanın ödənilməsi, həm də ödənilməmiş malın qaytarılması tələblərini təmin etmişdir.
41. Məhkəmə kollegiyası, həmçinin qeyd edir ki, bu hal müqavilədən imtina edən satıcının alıcı tərəfindən müqavilə öhdəliklərini pozulmasından irəli gələn zərəri tələb etmək hüququnu istisna etmir. Lakin bunun üçün zərərin ödənilməsi tələbini irəli sürən satıcı belə zərərin hansı əsaslarla yarandığını əsaslandırmalı və bu halları təsdiq edən sübutlarını məhkəməyə təqdim etməlidir.
42. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalıdır. İşə yenidən baxılarkən bu Qərarın əsaslandırıcı hissəsində istinad olunan maddi hüquq normalarının tələblərinə cavab verən məhkəmə aktı qəbul edilməlidir.
43. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1691/2021 nömrəli iş üzrə 22 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.