Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3024/2022 01.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (fərdi əmək mübahisəsi, əmək haqqının gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün 1% hesabı ilə ödəncin hesablanmalı olduğu hallar) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əmək haqqı, onun gecikdirilməsinə görə ödənc və istifadə edilməmiş məzuniyyətə görə kompensasiya” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103 )-10683/2021 nömrəli mülki iş üzrə 16 dekabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 01 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı 25 iyul 2019-cu il tarixdə "xxxx" ASC-də Texniki Plan Departamentinə mühəndis-energetik vəzifəsinə işə qəbul edilmiş və həmin tarixli əmək müqaviləsi üzrə aylıq əmək haqqı 1680 manat müəyyən edilmişdir.
2. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 24 may 2021-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barə də bir neçə ərizə ilə məhkəməyə müraciət edərək, son olaraq cavabdehdən 5700 manat ödənilməmiş əmək haqqı borcu, əmək müqaviləsinə xitam verilən günədək istifadə edilməmiş məzuniyyət günlərinə görə kompensasiya və əmək haqqı ödənilmədiyindən hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödənc (ödəniş günün qədər hesablanmaqla), həmçinin hüquqi yardıma görə vəkilə ödənilmiş 150 manat alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı işin yuxarıda qeyd olunan faktiki hallarından çıxış etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdeh son haqq hesab kimi məzuniyyət pullarını, 4 aylıq (2021-ci ilin fevral-may ayları) 5700 manat əmək haqqını ona ödəməmiş, dəfələrlə bu barədə cavabdehə müraciət etmiş, sonuncu isə verdiyi vədlərə baxmayaraq, bundan yayınmışdır. Bununla bağlı Əmək Müfəttişliyinə şikayət etmiş, lakin nəticəsi olmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
5. İddiaçı tərəfindən təqdim olunmuş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Bakı şəhər İdarəsinin 26 iyul 2021ci il tarixli, **********7 saylı məktubundan görünür ki, cavabdeh tərəfindən iddiaçının əmək müqaviləsinə xx.xx.2021-ci il tarixli, 108 saylı əmrlə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilməsinə baxmayaraq, işəgötürən Məcəllənin 83-cü maddəsinin 2-ci hissəsinin tələbini pozaraq, iddiaçıya son haqq-hesab ödəməmiş və barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən inzibati xəta haqqında xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli proto kol tərtib edilmişdir. Həmçinin, son haqqhesabın ödənilməsinə dair cavabdehə göstəriş xarakterli məktub göndərilmişdir.
6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3967/2021 nömrəli iş üzrə 22 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim G.Əsədova) iddia təmin olunmuşdur.
7. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən ona 2021-ci ilin fevral ayından işdən azad olunduğu xx.xx.2021-ci il tarixədək əmək haqqının və son haqq-hesabın ödənilməməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır.
8. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Konstitusiyasının 12, 35ci, Əmək Məcəlləsinin 9, 68, 87.5, 143.2, 144.2, 154, 172.1, 172.5, 195, 290, 296-cı və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə çəkişmə prinsipini pozaraq, işə cavabdehin iştirakı olmadan baxmış, qətnamədə qanunları sadalamaqla kifayətlənərək, tərəflər arasındakı hüquqi münasibətlərə qiymət verməmişdir. Belə ki, məhkəmə tərəfindən ödənilməmiş əmək haqqının həqiqətən nə qədər təşkil etdiyi müəyyənləşdirilmədən, mühasibatlıq ekspertizası təyin olunmadan qərar qəbul edilmişdir.
11. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10683/2021 nömrəli iş üzrə 16 dekabr 2021- ci il tarixli qətnaməsi ilə (hakimlər – R.Həsənov (sədrlik edən və məruzəçi), M.Məmmədov və Ş.Məhərrəmova) apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi “2021-ci ilin fevral ayından başlayaraq ödəmənin həyata keçirildiyi günədək hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödənc hesablanaraq cavabdeh tərəfindən iddiaçıya ödənilməsi” hissəsində ləğv edilmiş, həmin hissədə iddia rədd olunmuş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi “iddiaçının 2021-ci ilin fevral ayından işdən azad olunduğu xx.xx.2021-ci il tarixədək ödənilməmiş 5700 manat əmək haqqının, xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək istifadə edilməmiş məzuniyyət günlərinə görə kompensasiyanın ödənilməsi” hissəsində düzgün nəticəyə gəlmişdir.
13. Bununla belə, məhkəmə kollegiyası, iddia tələbinin “2021-ci ilin fevral ayından başlayaraq ödəmənin həyata keçirildiyi günədək hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödəncin ödənilməsi” hissəsində birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşmayaraq, Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci bəndinə istinadla qeyd etmişdir ki, əmək haqqının verilməsinin işəgötürənin təqsiri üzündən gecikdirilməsi zamanı hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsi o zaman mümkündür ki, bu hal fərdi əmək mübahisəsi yaratmamış olsun. Bu hal fərdi əmək mübahisəsi yaratmışsa, işçi işəgötürəndən əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsini deyil, onun qanunsuz hərəkətləri nəticəsində dəymiş zərərin əvəzini tələb edə bilər. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
14. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin “əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsi tələbinin rədd olunması” hissəsində ləğv edilməsini, iddianın tam təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
15. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən əmək qanunvericiliyin müddəaları düzgün tətbiq olunmamışdır. Belə ki, iddiaçının öz ərizəsi ilə işdən azad olunmasına baxmayaraq, məhkəmə məsələyə fərdi əmək mübahisəsi kimi yanaşaraq, cavabdehi hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödən c vermək öhdəliyindən yayındırmağa çalışmışdır. b)
16. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
17. Maddə
154. Əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.
18. Maddə 172.1. Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan iş çilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir.
19. Maddə 172.5. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri bölməsində nəzərdə tutulan qaydada həll edilir. Qeyd: Bu maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir.
20. Maddə
287. Fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
24. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
25. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
26. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma sı kimi qiymətləndirilməməlidir.
27. Hazırkı kassasiya şikayətində qətnamə yalnız “2021-ci ilin fevral ayından başlayaraq ödəmənin həyata keçirildiyi günədək hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödənc tələbinin rədd olunduğu” hissədə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsin in qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
30. Kassasiya şikayətinin dəlillərinə münasibətdə, həmçinin qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə iddianı rədd edərkən istinad etdiyi Əmək Məcəlləsinin 172.5-ci maddəsinin tələblərinə görə, əgər tərəflər arasında əmək haqqı borcunun yarandığı barədə mübahisə yoxdursa, yəni işəgötürən əmək haqqı borcunun yarandığını mübahisələndirmirsə, lakin ondan asılı olan üzürsüz sə bəblərdən onun ödənilməsini gecikdirirsə və məhz bu gecikdirmə tərəflər arasında mübahisəyə səbəb olursa həmin mübahisəyə bu norma tətbiq edilməli və hesablanmış ödənc işəgötürəndən tutulmalıdır. Lakin əgər əmək haqqı borcunun yarandığı tərəflər arasında mübahisəyə səbəb olursa, onda qeyd olunan ödənc tutula bilməz. Belə ki, işəgötürən ümumiyyətlə əmək haqqı borcunun olmadığını iddia etdiyi üçün tələb olunan pulun verilmədiyi faktı özü-özlüyündə işəgötürənin təqsiri üzündən gecikdirilmə kimi qəbul oluna bilməz. Belə borcun olub-olmadığı yalnız mübahisənin səlahiyyətli orqan və ya məhkəmə tərəfindən həlli nəticəsində müəyyən edilir.
31. Sözügedən maddənin qeydindən də göründüyü kimi, “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” ifadəsi, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanm aması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir.
32. Göründüyü kimi, maddədə söhbət tərəflərin mövcudluğunu mübahisəsiz qaydada qəbul etdikləri əmək haqqının gecikdirilməsindən gedir. Baxılan iş üzrə fərdi əmək mübahisənin predmetini məhz cavabdehin iddiaçıya əmək haqqı borcunun mövcud olub-olmadığı təşkil etmişdir. Cavabdeh iddiaçıya əmək haqqı borcunun olduğunu mübahisələndirmiş, borcun yarandığı yalnız baxılan mübahisənin məhkəmə qaydasında həlli nəticəsində müəyən edilmişdir.
33. Bu baxımdan, kollegiya, hesab edir ki, hazırkı iddia tələbi üzrə Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə istinadla hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının bir faizi məbləğində ödənc verilməsinə hüquqi əsas olmadığından apellyasiya instansiyası məhkəməsi bu hissədə iddianı rədd etməklə qanuni və əsaslı nəticəyə gəlmişdir.
34. Qeyd olunanları nəzərə alaraq, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
35. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10683/2021 nömrəli mülki iş üzrə 16 dekabr 2021-ci il tarixli qətnaməsi mü bahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.