Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-303/2025 31.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alimentin tutulması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: valideynin yetkinlik yaşına çatmış övladlarından aliment tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 avqust 2024-cü il tarixli, 2(103)3980/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məh kəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. İddiaçı xx xxxxxx 1964-cü il təvəllüdlüdür, ünvan 1 ünvanında qeydiyyatdadır, faktiki olaraq isə Şəmkir rayonunun Çinarlı qəsəbəsində bacısının evində yaşayır.
2. Cavabdeh2 və Cavabdeh1 İddiaçı övladlarıdırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin hər birindən 220 manat, ümumilikdə 440 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, cavabdehlər xx xxxx 1987-ci il təvəllüdlü Cavabdeh1 və xx xxxxxx 1989-cu il təvəllüdlü Cavabdeh2 iddiaçının övladlarıdırlar. İddiaçının həyat yoldaşı Ələs Bayramov 21 dekabr 2022-ci il tarixdə dünyasını dəyişmişdir. İddiaçı sümük, böyrək və sair xəstəliklərdən əziyyət çəkir, işləyə bilmir, sərbəst hərəkət edə bilmir. Övladları ona qulluq etmək, onun məişət qayğılarını, qida və dərman xərclərinə kömək etməyərək ondan uzaqlaşmışlar, maddi və ya mənəvi heç bir dəstək göstərmirlər. Məcburiyyət qarşısında iddiaçı bacısının evinə yerləşmiş, maddi və mənəvi dəstəyi bacısı və yaxın qohumları qarşılayır. Dəfələrlə yataq xəstəsi olduğunu, dərman və məişət xərclərində ona kömək etmələrini xahiş etsə də, müsbət nəticə olmamışdır. Qanunvericiliyin tələbinə uyğun aliment tələbi ilə mediasiya qurumu vasitəsi ilə müraciəti də cavabsız qalmışdır.
5. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 aprel 2024- cü il tarixli, 2(007)525/2024 nömrəli qətnaməsi ilə (hakim Ü.Yusifova) iddia rədd edilmişdir.
6. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, yetkinlik yaşına çatmış övladların valideynləri üçün aliment öhdəlikləri hər bir halda yox, yalnız valideynlərin əmək qabiliyyəti olmadıqda və maddi yardıma ehtiyacı olduqda yaranır. Göstərilən şərtlərdən biri olmadıqda onlarda aliment öhdəliyi yaranmır. Valideynlərin əmək qabiliyyətsizliyi onların pensiya yaşına çatması, yaxud da ki, əlilliyi ilə əlaqədar ola bilər. “Maddi yardıma ehtiyacı olma” müddəası valideynlərin yaşayış minimumu üçün çatışmayan vəsaitlərinin olmaması anlayışını xarakterizə edir.
7. Hazırkı halda iddiaçı əmək qabiliyyətinin olmaması və maddi yardıma ehtiyacı olması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Müayinə v ərəqələri və reseptlər isə onun əmək qabiliyyətinin olmaması və maddi yardıma ehtiyacı olmasını təsdiq etmir.
8. Həmçinin, məhkəmə müəyyən etmişdir ki, əvvəllər yaşadıqları evi iddiaçı kirayəyə vermiş və kirayə haqqını da o, götürür. Belə olan halda qanunvericiliyin tələbinə əsasən göstərilən şərtlərdən biri olmadıqda aliment öhdəliyi yaranmır.
9. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 82-ci, Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1, 88, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
10. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Bakı Apellyasi ya Məhkəməsi Mülki kollegiyasının 22 avqust 2024-cü il tarixli, 2(103)-3980/2024 nömrəli qətnaməsi ilə (hakim F.Abdıyevin sədrliyi və məruzəsi ilə, hakimlər X.Sarıyev və F.Qasımov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi göstərmişdir ki, iddiaçı xx xxxxxx 1964-cü il təvəllüdlüdür və bu baxımdan nəinki iddia qaldırılan tarixdə, hətta hazırda belə pensiya yaşına çatmamışdır. Eyni zamanda, iddiaçının əlillik dərəcəsinin olması da müəyyən edilmir. Belə ki, əlilliyin müəyyən edilməsi və əlillik dərəcəsinin təyin edilməsinin qanunvericiliklə müəyyən edilmiş proseduru mövcuddur. Bu baxımdan iddiaçı tərəfindən təqdim edilmiş və 2021-2022-ci ilin aprel aylarına aid olan müayinə nəticələri və reseptlər (yalnız bir resept 22 fevral 2023-cü il tarixə təsadüf edir) heç bir halda (reallığı əks etdirdiyi və həqiqiliyi qəbul edildiyi təqdirdə belə) iddiaçının əlil olmasını təsdiq edə bilməz. Bununla belə, iddiaçı əmək qabiliyyəti olmayan şəxslər kateqoriyasına aid deyil. Bu halın mövcudluğu artıq iddianın rədd edilməsini şərtləndirir.
13. Apellyasiya instansiya məhkəməsi iddiaçının maddi yardıma ehtiyacının olması ilə bağlı məsələyə də münasibət bildirərək qeyd etmişdir ki, iddiaçı ünvan 3 ünvanında pasport qeydiyyatındadır. İddiaçı onun 2022-ci ildə dünyasını dəyişmiş əri və cavabdehlərlə birlikdə həmin evdə yaşamışdır. Həmin ev hazırda da mövcuddur. Lakin cavabdehlərin nəinki bu evdə yaşaması, ümumiyyətlə evin onların istifadə və s ahibliyində olması, eyni zamanda, onların mülkiyyətində hər hansı başqa yaşayış sahəsinin olması müəyyən edilmir. Cavabdeh2 başqa bir şəxslə aralarında bağlanmış 16 dekabr 2023-cü il tarixli kirayə müqaviləsinə əsasən hər ay 450 manat məbləğində kirayə haqqı ödəməklə ailəsi ilə birlikdə Bakı şəhəri, Nizami rayonunun ərazisində yerləşən 81 saylı evin, 64 saylı mənzilində yaşayır. Qeyd edilənlər evin cavabdehlər üçün əlçatanlı olmadığını, məhz iddiaçının sahibliyində olmasını, onun iradəsinə uyğun istifadə və idarə edildiyini təsdiq edir. Əks halda, cavabdeh ailəsi ilə birlikdə bu evə köçüb yaşayardı və bununla da hər ay 450 manat kirayə haqqının ödənilməsindən azad olunardı. Belə ki, aldığı aylıq əmək haqqının məbləği, ailə üzvlərinin sayı, övladının səhhəti ilə bağlı müalicənin tələb edilm əsi, habelə kredit borcunun olması qarşılığında onun hər ay bu məbləğin qənaət edilməsində maraqlı olması açıq və aşkardır.
14. Məhkəmə kollegiyası o halı da nəzərə almışdır ki, iddiaçının bu evdən məcburi qaydada çıxarılması, habelə onun bu evdə yaşamasına hər hansı maneənin yaradılması müəyyən edilmir. Bu baxımdan, məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçı həmin evi öz iradəsinə uyğun olaraq tərk edərək, Şəmkir rayonu, Çinarlı qəsəbəsi, İsmət Qayıbov küçəsində yerləşən və bacısı X1 məxsus olan evə köçmüş, hazırda da orada yaşayır. Cavabdehlərin bu evin iddiaçı tərəfindən başqa şəxsə kirayə verilməsi və kirayə haqqının onun tərəfindən alınması barədə fikirlərinə də apellyasiya şikayətində hər hansı münasibət bildirilməmiş və bu halın mövcudluğu təkzib edilməmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında bu evin ümumiyyətlə yaşayış üçün yararsız olduğunu bildirmişdir. Halbuki iddia ərizəsində bu barədə hər hansı məlumat verilməmiş, əksinə onun məzmunundan iddiaçının bir müddət əvvələ kimi, həmin evdə yaşadığı müəyyən edilmişdir. Ondan sonrakı dövrdə isə hansı hadisənin baş verməsi nəticəsində evin şəraitsiz vəziyyətə düşməsi açıqlanmır.
15. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Ailə Məcəlləsinin 82.1, 82.2-ci, “Sosial müavinətlər haqqında” qanunun 1.0.2-ci, “Əmək pensiyaları haqqında” Qanunun 7, 8-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.1, 217.3, 217.4, 384.0.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
16. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 avqust 2024-cü il tarixli, 2(103)-3980/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsi qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Ailə Məcəlləsinin 82.1, 82.2, 82.3-cü, Mülki Prosessual Məcəllənin 217, 372.1, 386, 390-cı maddələrinin tələbləri pozulmuşdur.
18. Belə ki, cavabdehlərdən biri hərbi qulluqçudur və hər ay üçün müəyyən olunmuş məbləğdə əmək haqqı alır, digər cavabdeh ilə xırda bizneslə məşğuldur və maddi vəziyyəti normaldır. Hər ikisinin iddia tələbində göstərilən aliment məbləğini ödəməyə kifayət qədər maddi imkanları vardır. İşin göstərilən bu halları məhkəmə araşdırması zamanı tam təsdiq olunsa da, lakin mə hkəmə heç bir əsas olmadan bu halları nəzərə almamış və nəticədə istinad olunan maddi hüquq normasının tələbini pozmaqla qətnamə çıxarmışdır. İşə əlavə olunmuş xəstəlik arayışlarından və dərman reseptlərindən də açıq şəkildə iddiaçının maddi yardıma ehtiyacı olduğu tam təsdiqini tapmaqdadır. Lakin məhkəmə kollegiyası bunu nəzərə almadan yalnız iddiaçının əmək qabiliyyətinin olmaması barədə sübutun təqdim edilməməsini əsas gətirmişdir. Xəstə və yaşlı insanın təbii ki, əmək qabiliyyəti olmayacaqdır. Əmək qabiliyyətinin olub-olmaması meyarı yalnız hər hansı bir dövlət qurumunun rəsmi sənədi ilə ölçülmür və qanunvericilik bunu belə qiymətləndirmir. İş materiallarına əlavə olunmuş sənədlərdən cavabdehlərin iddiaçının övladları olduğu, iddiaçının nə təqaüd, nə də hər hansı bir sosial təminat alm adığı, başqa sair gəlirlərinin olmadığı və xəstə olduğu tam təsdiqi tapmaqdadır. Bütün bu hallar onun maddi yardıma ehtiyacının olduğunu sübut edən hallardır. Lakin məhkəmə kollegiyası bu halların heç birini nəzərə almadan göstərilən maddənin tələbini pozmaqla qətnamə çıxarmışdır.
19. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
20. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
21. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi t ərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
22. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassator tərəfindən bütövlüklə mübahisələndirildiyindən, hazırkı kassasiya baxışının hədlərini həmin qətnamənin qanuniliyinin kassasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
23. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 82.1-ci maddəsinə əsasən əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. 82.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və y a olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkə mə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının hazırkı kassasiya şikayətinin məzmununa oxşar apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış, səlahiyyətləri çərçivəsində işin hallarına və işdə olan sübutlara hüquqi qiymət verilməklə yuxarıda qeyd olunan nəticəyə gəlinmişdir.
27. Hazırda mübahisəli olan məsə lə iddiaçının Ailə Məcəlləsinin 82-ci maddəsinə əsasən övladlarından aliment tələb etmək hüququna malik olmasıdır.
28. Kassasiya kollegiyasının mövqeyinə görə, apellyasiya instansiyası məhkəməsi Ailə Məcəlləsinin 82-ci maddəsinin dispozisiya şərtlərini düzgün təfsir edərək, iddianı rədd etmişdir.
29. Belə ki, Məcəllənin 82.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmış övladlarından aliment tələb hüququ maddi yardıma ehtiyacı olan və əmək qabiliyyəti olmayan valideynə məxsusdur.
30. Hazırkı halda isə maddənin məcburi dispozisiya şərtlərinin hər ikisinin mövcud olmaması apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuşdur. Belə ki, iddiaçı 2021-2022-ci illərə aid müayinə nəticələrini və reseptləri təqdim etsə də, həmin sənədlər onun əmək qabiliyyəti olmayan şəxs olmasını sübut etmir. Eyni zam anda, iddiaçı yaşa görə əmək qabiliyyətli olmayan hesab olunmur.
31. Digər tərəfdən müəyyən olunmuşdur ki, iddiaçının maddi yardıma ehtiyacı yoxdur, azı bu səbəbdən ki, onun qeydiyyatda olduğu mənzil sahibliyindədir, lakin həmin mənzildən nə iddiaçı, nə də ki, övladları istifadə etmirlər.
32. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
33. Göstərilənlərə əsasən və Azərbaycan R espublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 avqust 2024-cü il tarixli, 2(103)-3980/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.