Məhkəmə qərarları › İş №2(102)-3038/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3038/2022

11.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3038/2022 11.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi, apellyasiya şikayətinin səlahiyyətli şəxs tərəfindən imzalanmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 mart 2022-ci il tarixli, 2(103)2874/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, e-2(004)-307/2022 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ******* manat məbləğində pulun müştərək qaydada tutulmasına dair iddiası təmin edilməmişdir. Həmin qətnamədən iddiaçının adından etibarnamə əsasında nümayəndəsi, Vəkil1 apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 2(103)-2874/2022 nömrəli qərardadı ilə (hakim Ş.Ə.Məhərrəmovanın sədrliyi və məruzəsi ilə, hakimlər M.A.Məmmədovdan və R.M.Həsənovdan ibarət tərkibdə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, e -2(004)-307/2022 nömrəli qətnaməsindən İddiaçı nümayəndəsi, Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkün hesab edilmiş və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qərardadı onunla əsaslandırmışdır ki, apellyasiya şikayəti Vəkil1 tərəfindən imzalanmış və apellyasiya şikayətinə iddiaçının adına verilmiş order və iş materiallarına (i.v. 37) nümayəndə qismində səlahiyyətlərini təsdiq edən etibarnamə əlavə edilsə də, həmin etibarnamə ilə Vəkil1 məhkəmə aktından kassasiya şikayəti verilməsi üçün səlahiyyətli olsa da, apellyasiya şikayəti verilməsi ilə bağlı səlahiyyət verilməmişdir. Məhkəmə öz mövqeyini Mülki Prosessual Məcəllənin 68.3, 74.2, 361.2, 363.1.1, 363.4, 364, 366.2-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: İddiaçı nümayəndəsi, Vəkil1 vasitəsi ilə kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 2(103)-2874/2022 nömrəli qərardadının ləğv edilməsi və mülki işin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, e-2(004)-307/2022 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətinə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi, “İnsan hüquqlarının və Əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasın ın 6-cı maddəsinin 1-ci bəndinin, Mülki Prosessual Məcəlləsinin 68, 74, 361.2-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, apellyasiya məhkəməsi iddiaçının vermiş olduğu etibarnamədə ötürülmüş hüquqları düzgün araşdırmamış, məhkəmə aktlarından şikayət də daxil olmaqla sənədlərin imzalanması səlahiyyətinin nümayəndəyə ötürülməsinə baxmayaraq hesab etmişdir ki, nümayəndənin apellyasiya şikayətini imzalamaq səlahiyyəti yoxdur. Etibarnamə Türkiyə Respublikası notariat kontoru tərəfindən verilmiş və türk dilində tərtib edilmiş, sonradan tərcümə və apostil edilmişdir. Etibarnamənin əslindən görünür ki, iddiaçı özünə məxsus demək olar ki bütün hüquqları, imza səlahiyyətləri daxil olmaqla etibar edilənə vermişdir. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələr inə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 68.3-cü maddəsinə əsasən işdə iştirak edən şəxslərin tapşırığı ilə vəkalət əsasında vəkil məhkəmə aktlarından şikayət verir və qanunla ona verilmiş sair hüquqlardan istifadə edir. 73.1-ci maddəsinə əsasən nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə ak tından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 361.2-cı maddəsinə əsasən apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər iş də yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. 363.1.1-ci maddəsinə əsasən apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi səlahiyyətləri çərçivəsində iddiaçının apellyasiya şikayətinin mümkünlüyünü yoxlayarkən müəyyən etmişdir ki, apellyasiya şikayəti səlahiyyətsiz şəxs tərəfindən imzalanmışdır. Belə ki, apellyasiya şikayətini imzalayan Vəkil1 25 fevral 2022-ci il tarixli müqavilə əsasında İddiaçı hüquqi yardım göstərməsi və ona bir sıra prosessual hərəkətlərin görülməsi üçün 11 mart 2021-ci il tarixli etibarnamə verilməsi işin mübahisəsiz hallarıdır. Həmin etibarnamədə iddiaçı Vəkil1 digər səlahiyyətlərlə yanaşı apellyasiya və kassasiya məhkəmələrində təmsil edilməsi, iddia qaldırmağı, kassasiya şikayəti verməyi ilə bağlı səlahiyyətlər etibar etmişdir. Lakin etibarnamədə MPM-in 68.3 və 74.2-ci maddələrinin tələblərinə uyğun olaraq iddiaçı tərəfindən vəkilə birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermək səlahiyyəti xüsusi göstərilməmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq apellyasiya şikayətinin səlahiyyətsiz şəxs tərəfindən imzalanması qənaətinə gəlmişdir. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, məhkəmə aktlarından ş ikayət verilməsi səlahiyyətinin etibarnamədə xüsusilə qeyd olunması zərurəti MPM-in 74.2-ci maddəsinin tələbidir. Digər tərəfdən iddiaçı kassasiya şikayətində etibarnamənin iddiaçı tərəfindən Türkiyə Respublikasında imzalanmasına göstərsə də, iş materiallarında olan etibarnamə 3 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisində iddiaçının adından onun nümayəndəsi X1 tərəfindən imzalanmışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin qeyri-mümkün hesab olunmasına dair apellyasiya məhkəməsinin qərardadı qanuni və əsaslı olmuşdur. Kassasiya şikayətində göstərilənlər qanuni və əsaslı qərardadın ləğvi üçün əsas ola bilməz. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıd ır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 mart 2022-ci il tarixli, 2(103)-2874/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar