Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3057/2023 10.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkkül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2019/2023 nömrəli, xx.xx.2023- cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıd akıları müəyyən etdi İşin halları:
1. Cavabdeh 15 noyabr 2021-ci il tarixdə etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Kia Ceed” markalı, **-ZO-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Mərdəkan-Bakı yolunun Bakı şəhəri istiqamətində hərəkətdə olarkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin 64-cü maddəsinin 1-ci hissəsinin tələblərinə əməl etməmiş, avtomobilin ön hissəsi ilə yolun sağ tərəfində dayanmış “Şinkar” inşaat şirkətinə məxsus “Liebherr LTM 1160-5” markalı **-JZ-*** dövlət qeydiyyat nişanlı xüsusi avtokranın arxasına çırpıldıqdan sonra, zərbənin təsirindən avtomobil fırlanaraq arxa hissəsi ilə 1-ci zolaqda hərəkətdə olan “Toyota Corolla” markalı **-NS-*** qeydiyyat nişanlı avtomob ilin ön hissəsi ilə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan avtomobildə sərnişin qismində əyləşmiş İddiaçı daxili qanaxma, İİİ dərəcəli travmatik-hemorragik şok, iki tərəfli hematoraksla müşayiət olunan ağciyərin kontuziyası, qaraciyərin öd kisəsinin, nazik bağırsaq müsariqəsinin, böyük piylinin cırılması, baş beynin yüngül dərəcəli əzilməsi, ənsə və sol gicgah və sümüklərinin kəllə əsasına keçən xətti sınığı, burun sümüyünün sınığı, təpə nahiyəsinin, sifətin əzilmiş yaraları, sağ bud və baldır sümüklərinin yerdəyişən sınıqları ilə müşayiət olunan həyat üçün təhlükəli olan ağır dərəcəli zərər vurmaya aid xəsarət yetirmişdir.
2. Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavavdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sağlamlığına vurulan zərərə görə 13000 manat, mənəvi zərərlə bağlı 5000 manat, əldən çıxmış fayda üçün 12000 manat olmaqla, ümumilikdə 30000 manat məbləğdə pul vəsaitinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, 15 noyabr 2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığına ağır zərər dəymiş, həyati əhəmiyyət daşıyan bütün orqanlarında zədələr yaranmışdır. Yaranan xəsarətlərlə bağlı m üxtəlif tarixlərdə 3 saylı Şəhər Klinik xəstəxanasında, Daxili İşlər Nazirliyinin Hospitalında və Dövlət Təhlükəsizlik Xidmətinin HTBİ-də müalicə almış, 26 noyabr 2021-ci il tarixdə “sağ bud sümüyünün fiksasiyası və sağ qamış sümüyünün osteosintezi”, 25 yanvar 2022-ci il tarixdə “sağ bud sümüyü üzərində intramedulyar osteosintez” əməliyyatı, 29 mart 2022-ci il tarixdə isə “postoperasion orta ventral yırtığın ləğvi” üzrə əməliyyat icra olunmuşdur. Hadisədən aylar keçməsinə baxmayaraq, müalicəsi hələ də davam edir. Dəymiş zərər nəticəsində əmək qabiliyyətini tamamilə itirdiyi üçün 1 ilə yaxındır işləmir, bu səbəbdən heç bir gəlir əldə etmir. Himayəsində 2 azyaşlı uşağın olması, müalicəsinin xeyli xərc tələb etməsi maddi vəziyyətini əhəmiyyətli dərəcədə çətinləşdirir. Təkcə indiyə qədər müali cəsi üçün 10000 manata yaxın xərc çəkilmiş, bundan əlavə, növbəti əməliyyatı üçün də xeyli xərc çəkiləcəkdir. İş üzrə təqsirləndirilən şəxsin göstərdiyi müəyyən məbləğdə maddi yardım isə müalicə xərclərinin yalnız cüzi bir hissəsini qarşılamışdır.
5. Cavabdeh məhkəmə baxışı zamanı iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, Azərbaycan Respublikası DTX Hərbi Tibb Baş İdarəsində iddiaçı müalicə olunan zaman 2500 manat, Daxili İşlər Nazirliyinin hospitalında müalicə alan zaman isə 4000 manat ödəniş etmişdir.
6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4087/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim Pərviz Zamanlı) iddia qismən təmin edilmiş, maddi ziyana görə 12607,87 manat, mənəvi zərərə görə 5000 manat olmaqla, cəmi 17607,87 manat pulun Cavabdeh tutularaq İddia çı ödənilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
7. Məhkəmə hesab etmişdir ki, iddiaçının sağlamlığına ziyan vurulmasında cavabdehin təqsiri, habelə deliktin yaranmasını şərtləndirən digər əlamətlər qüvvəsini almış məhkəmə qərarı ilə müəyyən edildiyindən, iddiaçı cavabdehə qarşı iddia irəli sürməkdə haqlıdır.
8. Məhkəmə qeyd etmişdir ki, cavabdehin təqsiri nəticəsində iddiaçının sağlamlığına zərər vurulması, buna görə onun müxtəlif tibb müəssisələrində aldığı xəsarətlərlə bağlı əməliyyatlar keçirməsi və müalicə alması iş materialları əsasında öz təsdiqini tapır.
9. Məhkəmə iddia tələbinin dəymiş maddi ziyanla bağlı hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı sağlamlığına dəymiş zərər nəticəsində müayinə və müalicəsinə 13000 manat məbləğində pul vəsaiti xərclədiyini iddia etdiyindən bu halı sübut etmək vəzifəsi daşıyır. İddiaçı sağlamlığına dəymiş zərərin aradan qaldırılması üçün bir neçə dəfə cərrahi əməliyyatlar keçirməsi, habelə müayinə və müalicələrinə çəkdiyi xərclərlə bağlı qəbzlər təqdim etmişdir, lakin həmin qəbzlərlə xərcin 12607,87 manat olması müəyyən edilir. Digər çəkdiyi xərclərlə bağlı isə iddiaçı məhkəməyə sübut təqdim etməmişdir.
10. Məhkəmə iddia tələbinin mənəvi zərərin əvəzinin ödənilməsi hissəsinə münasibətdə hesab etmişdir ki, cavabdehin təqsirindən iddiaçının sağlamlığına zərər dəyməsi, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığına ağır zərər vurulması, bunun nəticəsində onun bir neçə dəfə cərrahi əməliyyatlar keçirməsi və hələ də müalicə müayinələrini davam etməkdə olması onun iztirab, psixoloji stress, sarsıntı və emosional gərginlik və sair formada mənəvi zərər çəkməsi barədə nəticəyə gəlməyə tam əsas verir. Buna görə də, iddia tələbi 5000 manat məbləğində mənəvi zərərin əvəzinin tutuması hissəsində əsaslı olduğundan təmin edilməlidir.
11. Məhkəmə iddia tələbinin əldən çıxmış faydanın tələb edilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı əvvəllər iştirak etdiyi (xx.xx.2022-ci il tarixdə) məhkəmə iclasında sağlamlığına zərər vurulan vaxt və ya ondan əvvəl rəsmi iş yerinin olmamasını, yalnız mebel ustası kimi fəaliyyət göstərdiyini bildirsə də, həmin peşəyə sahib olması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir.
12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, 1119.1, 1119.2, 1119.3 və 1119.4-cü maddələrinə, “Azər baycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
13. Cavabdeh apellyasiya şikayəti verərək Xətai Rayon Məhkəməsinin 2xx.xx.2022ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə rayon məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edilmiş dir. Belə ki, o, iddiaçı ilə bir məhəllədə böyümüşdür və hadisə baş verən günü müştəri kimi yox, bir qonşu kimi yol-yoldaşlığı etmək məqsədi ilə onunla Mərdəkana gəlmiş və geri qayıdanda ehtiyatsızlıqdan törətdiyi yol-nəqliyyat hadisəsi baş vermişdir. Hadisə baş verdikdən sonra Sabunçu rayon xəstəxanasında bacısı tərəfindən 3500 manat iddiaçının anasına təqdim edilərək bütün xərcləri qarşılanmışdır. Bundan sonra DİN-in Hospitalında, DTX HTBİ-də müalicə alması üçün anası tərəfindən yenə də iddiaçının anasına 4000 manat və 25 yanvar 2022-ci tarixdə sağ bud sümüyü üzərində intramedulyar osteosintez əməliyyatına 2500 manat vəsait xərclənmişdir. Zərərçəkmiş səhhəti ilə bağlı bu gün də müraciət etdiyi təqdirdə, ailə üzvləri tərəfindən sağlamlığına tam qovuşması üçün maddi və mənəvi dəstəyin gö stərilməsində əllərindən gələn əsirgənməz. Mənəvi zərər vurulmasını təsdiq edən sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə onun məhkum olunmasını, himayəsində iki azyaşlı övladı olmasını, hazırda heç bir yerdə işləmədiyi üçün heç bir qazanc əldə edə bilmədiyini nəzərə almamışdır.
15. Məhkəmə kollegiyasının iclasında cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil1 iddiaçının əməliyyat edilməsini özləri təşkil edərək lazım olan 5-6 min manat pulu özləri ödəmək istədiklərini, iddiaçının gələcək müalicəsi üçün də sonralar hissə-hissə ödənişlər edə biləcəklərini bildirmişlər.
16. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayəti ilə razılaşmayaraq, bildirmişdir ki, o, sağlamlığını itirmişdir, cavabdehin günahından gənc yaşlarında həyatı məhv olmuşdur. Əmək qabi liyyəti də yoxdur, hazırda işləyə bilmir, bütün bədəni dəmir parçaları ilə doludur. Cavabdehlə qonşuluqda yaşasalar da, onun ailəsi bir dəfə onun səhhəti ilə maraqlanmamış, anası dəfələrlə müraciət etsə də, cavabdeh və ailəsi onun vəziyyətinə biganə qalmışlar. Ayrı-ayrı vaxtlarda cəmi 1000 manata yaxın maddi vəsait vermişlər, lakin növbəti əməliyyatı üçün 7000 manat istəyirlər. Himayəsində iki azyaşlı uşağı var, müalicəsinə də xeyli xərc tələb olunması onun maddi vəziyyətini də ağırlaşdırır. Bütün bunlar onun mənəvi iztirab keçirməsinə səbəb olur.
17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2019/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – İkram Şirinov (sədrlik edən və məruzəçi), Namiq Cəfərov və Elşən Kazımov) apellyasiya şikayəti təmin edilməmiş, Xə tai Rayon Məhkəməsinin 2(011)-4087/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu Cavabdeh özünə aid edilmişdir.
18. Məhkəmə kollegiyası hazırkı işin mübahisəsiz halları ilə müəyyən etmişdir ki, cavabdehin təqsirindən iddiaçıya həyat üçün təhlükəli olan ağır dərəcəli zərər vurmaya aid xəsarət yetirilmiş, nəticədə sağlamlığına ağır zərər vurulmuş, bədənin müxtəlif hissələrindən xəsarətlər almış, stasionar və ambulator müalicələr almışdır, eyni zamanda müalicəsinin davam etdirilməsinə ehtiyac vardır. Cavabdeh apellyasiya şikayətində iddiaçıya müalicə xərclərində maddi yardım etdiyini qeyd etmiş, iddiaçı da ilkin mərhələdə cavabdehin müəyyən xərcləri qarşılamasını təsdiq etmişdir. Bununla belə, iddiaçının almış olduğu xəsarətlərlə bağlı müalicəsinin davam etdirməsinə və bir neçə əməliyyat olunmasına ehtiyac vardır və bunu cavabdeh tərəf də qəbul edir.
19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hətta məhkəmə iclasında məhkəmənin təşəbbüsü ilə barışıqla bağlı müzakirələr aparılmış, iddiaçı tərəf 10 min manat birdəfəlik, ən azından gözlənilən əməliyyat üçün 6-7 min manatın dərhal, qalan məbləğin isə 3-4 ay müddətində ödənilməsi halında razılığın əldə oluna biləcəyini bildirmiş, cavabdeh tərəf isə həmin məbləği mübahisələndirməyərək, özlərinin tapdığı həkimlə danışıb əməliyyat etməyi, əməliyyat xərcinin, eləcə də tələb olunan digər xərclərin də bilavasitə özləri etmək istədiklərini bildirmişlər. Bu fikir ayrılığı səbəbindən tərəflər arasında barışıq əldə olunmamışdır. Bu baxımdan, rayon məhkəməsi, iddiaçının müayinə və müalicələrinə çəkdiyi xərclərlə bağlı təqdim etdiyi və cavabdeh tərəfin də mübahisələndirmədiyi qəbzlərə əsasən 12607,87 manat maddi ziyana görə iddia tələbini qismən təmin etməkdə haqlı olmuşdur.
20. Məhkəmə kollegiyası iddiaçı tərəfindən mənəvi zərərlə bağlı hər hansı sübutun təqdim edilmədiyinə dair apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, cavabdehin təqsirindən iddiaçının sağlamlığına zərər dəyməsi, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının sağlamlığına ağır zərər vurulması, bunun nəticəsində onun bir neçə dəfə cərrahi əməliyyatlar keçirməsi və hələ də müalicə və müayinələrinin davam etməsi işin mübahisəsiz halıdır. Bütün bunlar nəticəsində iddiaçının m ənəvi iztirab və sarsıntı keçirməsi də mübahisəsizdir.
21. Məhkəmə kollegiyası hesab etmişdir ki, hazırkı işin halları baxımından təkcə pozuntu faktının müəyyən olunması, eləcə də zəruri müayinə və müalicə xərclərinin tutulması yetərli sayıla bilməz. Bu baxımdan rayon məhkəməsi həmin hissədə iddia tələbini təmin etməkdə haqlı olmuşdur.
22. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1097.1, 1119.1, 1119.2, 1119.3 və 1119.4-cü maddələrinə, “Mülki Məcəllənin 23-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
23. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2019/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.
24. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. İddiaçı kassasiya şikayətinə etiraz edərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2019/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etiraz iddia ərizəsinə uyğun əsaslan dırılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
26. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
27. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
28. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına g ətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
29. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
30. Maddə 1119.1. Zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Bu faizlər zərərçəkənin professional əmək qabiliyyətini itirməsi dərəcəsinə, prof essional əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətini itirməsi dərəcəsinə uyğun gəlməlidir.
31. Maddə 1119.2. Zərərçəkənin itirdiyi qazancın (gəlirin) tərkibinə onun həm əsas iş yerində, həm də əvəzçilik üzrə əmək və mülki hüquq müqavilələri əsasında əməyinin ödənilməsinin gəlir vergisi tutulan bütün növləri daxil edilir. Birdəfəlik xarakterli ödənclər, o cümlədən istifadə edilməmiş məzuniyyətə görə kompensasiya və işdən azad edilərkən işdənçıxma müavinəti nəzərə alınmır. Müvəqqəti əmək iqtidarsızlığı və ya hamiləliyə və doğuşa görə məzuniyyət dövrü üçün ödənilmiş müavinət nəzərə alınır. Sahibkarlıq fəaliyyətindən götürülən gəlir, habelə müəllif qonorarı itirilmiş qazancın tərkibinə daxil edilir, bu zaman sahibkarlıq fəaliyyətindən götürülən gəlir müvafiq icra hakimiyyəti orqa nının məlumatına əsasən daxil edilir. Qazancın (gəlirin) bütün növləri vergilər tutulanadək hesablanmış məbləğlərdə nəzərə alınır.
32. Maddə 1119.3. Zərərçəkənin orta aylıq qazancı (gəliri) onun sağlamlığının pozulmasından əvvəlki on iki aylıq qazancının (gəlirinin) ümumi məbləğinin on ikiyə bölünməsi yolu ilə hesablanır. Zərər vurulanadək zərərçəkənin on iki aydan az işləmiş olduğu halda orta aylıq qazanc (gəlir) sağlamlığın pozulmasından əvvəlki faktik işlənilmiş aylar üçün qazancın (gəlirin) ümumi məbləğinin həmin ayların sayına bölünməsi yolu ilə hesablanır. Zərərçəkənin tam işləmədiyi aylar onun arzusu ilə tam işlənilmiş əvvəlki aylarla əvəz edilir və ya əvəz etmək mümkün olmadıqda hesabdan çıxarılır.
33. Maddə 1119.4. Zərərin vurulduğu an zərərçəkənin işləmədiyi halda öz arzusu ilə o nun işdən azad edilənədək əldə etdiyi qazanc və ya həmin ərazidə onun ixtisasından olan işçiyə verilən muzdun adi miqdarı, lakin altı manatdan az olmamaqla, nəzərə alınır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “03” noyabr 2008-ci il tarixli, 7 nömrəli Qərarı 34. 2-ci bənd. Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan R espublikasının Mülki Prosessual Məcəlləsi
35. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
38. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələri n işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
41. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
42. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
43. Qanunun tələbinə görə, k assasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
44. Hazırkı kassasiya şikayətində apellyasiya məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən məhkəmənin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahi səli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
46. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən olunmuş mübahisəsiz halı ondan ibarətdir ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçının sağlamlığına zərər vurulmuşdur (qərarın 1 və 2-ci paraqrafları).
47. İddia tələbinin maddi-hüquqi əsası kimi Mülki Məcəllənin 21, 1096, 1097, 1115 və 1118-ci maddələri çıxış edir.
48. Həmin normaların təhlilindən o nəticə hasil olur ki, hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə t əsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir.
49. Verilmiş iddia tələbi üzrə zərərin əvəzinin ödənilməsi tələbi deliktdən, yəni mülki hüquq pozuntusundan irəli gəlmişdir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür; 1. törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; 2. törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; 3. ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu.
50. Yalnız bu üç şərti məcmu halın da özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər.
51. İddiaçının sağamlığına vurulan zərərin əvəzinin ödənilməsini tələb etməsi üçün həmin şərtlər mövcuddur.
52. İddiaçı cavabdehin təqsiri üzündən baş vermiş yol-nəqliyyat hadisəsi zamanı aldığı xəsarətlər nəticəsində səhhətində yaranmış fəsadların aradan qaldırılması üçün çəkilən xərclərin ödənilməsini tələb edir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən həmin xərclər iddiaçının təqdim etdiyi sübutlar əsasında müəyyən edilmiş və maddi ziyan tələbi həmin məbləğdə təmin edilmişdir.
53. Mənəvi zərərin ödənilməsi tələbi ilə bağlı qeyd olunmalıdır ki, şəxsə qarşı cinayət əməli nəticəsində xəsarət yetirilməsi halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə, keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur.
54. Ağrı və əzab, fiziki narahatlıq və əqli sıxıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Lakin ümumi qaydaya görə zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar.
55. Azə rbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2012-ci il tarixli qərarında göstərilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Zərər yetirmə şəxsin və ya təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənə vi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
56. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərər çəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərər çəkənin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
57. Apelyasiya instansiyası məhkəməsi iddiaçıya ödənilməli olan kompensasiyanın miqdarını müəyyən edərkən işin hallarını bu meyarlara uyğun təhlil etmiş, birinci instansiya məhkəməsinin mənəvi zərərə görə müəyyən etdiyi 5000 manat kompensasiya ilə razılaşmışdır.
58. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olun muşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
59. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2019/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.