Məhkəmə qərarları › İş №2(102)-3070/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3070/2022

14.06.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3070/2022 14.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və X2 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğvi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və X2 qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4006/2021 nömrəli, 01 iyun 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfində n verilmiş kassasiya şikayətinə 14 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı 2010-cu il tarixdə Cavabdeh1 ilə faktiki nikaha daxil olmuş, həmin nikahdan 05 iyul 2014-cü il tarixdə X8 anadan olmuşdur. Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Dostluq küçəsi, 3 saylı evin, 26 saylı mənzili (mübahisəli mənzil) Cavabdeh1 xüsusi mülkiyyətində olub. 2. 3 saylı Bakı “Asan Xidmət” mərkəzinin notariat ofisində bağlanmış xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən cavabdeh mübahisəli mənzili X2 bağışlamış, X1 adına xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində 12 aprel 2017-ci il tarixdə 2255 nömrəli reyestr kitabının 209838 nömrəli vərəqində qeydiyyata alınaraq, RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir.

3. İddiaçı iddia ərizəsi və iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Dostluq küçəsi, 3 saylı evin 26 saylı mənzilinin, “X10 Prado” markalı **-ZJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin birgə nikah dövründə əldə olunmuş əmlak hesab edilməsi, payların 2/3 hissəsinin özünə, 1/3 hissəsinin Cavabdeh1n oğluna ayrılması, Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Dostluq küçəsi 3 saylı evin 26 saylı mənzilinə dair Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRXnin Bakı şəhər Ərazi İdarəsi tərəfindən X1 adına verilmiş xx.xx.2017-ci il tarixli RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, X1 və X4 Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Dostluq küçəsi 3 saylı evin 26 saylı mənzilindən qeydiyyatdan çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iddia tələbi Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 20 fevral 2018-ci il tarixli, 2(002)-53/2018 saylı qətnaməsi ilə (hakim Rəşad Məmmədov) təmin edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlər Cavabdeh1 və X2 qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Dostluq küçəsi, 3 saylı evin 26 saylı mənzilinə dair Cavabdeh1 ilə X5 arasında bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və 12 aprel 2017-ci il tarixli RX seriyalı, ******* nömrəli, Azərbaycan Respublikasının Əmlak Məsələləri Komitəsinin yanında daşınmaz əmlakın dövlət reyestrindən X1 adına verilmiş çıxarışın ləğv edilməsi barədə barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Dostluq küçəsi, 3 saylı evin, 26 saylı mənzilindən istifadə hüququnun itirilməsini xahiş edib. Cavabdeh1 məhkəməni aldadaraq, Gülbahar Orucova isə məhkəməyə yalan ifadə verərək İddiaçı Bakı şəhəri, Qaradağ onu, Sahil qəsəbəsi, Dostluq küçəsi, 3 saylı evin, 26 saylı mənzildə kirayənişin kimi yaşadığının bildiriblər. Onlar bu məqsədlə İddiaçı məhkəmə tərəfindən göndərilən bildirişləri də gizlədiblər. Bax mayaraq ki, mənzil alınan 2015-ci il tarixdən bu tarixə kimi İddiaçı övladı X8 ilə mütəmadi olaraq Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Dostluq küçəsi, 3 saylı evin, 26 saylı mənzilində yaşayır. Bundan başqa, Cavabdeh1 və Cavabdeh2 məhkəmədən X6 varlığını da gizlədiblər. Bu səbəbdən də Qaradağ Rayon Məhkəməsi 20 fevral 2017-ci il tarixli, 2(002)-818/2017 saylı qiyabi qətnamə ilə İddiaçı Bakı səhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Dostluq küçəsi, 3 saylı evin, 26 saylı mənzilinə istifadə hüququnun itirilmiş hesab edilməsini qət edib. İddiaçı həmin mənzildən qeydiyyatdan çıxarıldığını xəbər tutan kimi Qaradağ Rayon Məhkəməsinə ərizə ilə müraciət edib və nəticədə qiyabi qətnamə ləğv olunub, məhkəmənin 19 dekabr 2017-ci il tarixli, 2(002)-818/2017 saylı qətnaməsi ilə iddia əsassız o lduğundan təmin edilməyib. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 7 mart 2018-ci il tarixli, 2(103)- 3318/2018 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, lakin Qaradağ Rayon Məhkəməsinin 19 dekabr 2017-ci il tarixli qətnaməsi ləğv edilərək, iddia tələbi təmin olunmaylb. Həmçinin Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 16 aprel 2019-cu il tarixli, 2(103 )-3318/2018 saylı qərardad qəbul edərək, Qaradağ Rayon Məhkəməsinin 2(002)-818/2017 saylı işi üzrə 20 fevral 2017-ci il tarixli qiyabi qətnaməsinin icrasına dönüş edilməsini, cavabdeh İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Dostluq küçəsi 5 saylı evin, 26 saylı mənzilinə istifadə hüququnun və qeydiyyatının bərpa edilməsini qərara alıb. Bundan başqa, Qaradağ Rayon Məhkəməsinin 01 may 201 9-cu il tarixli, 2(002)- 898/2019 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı "mənzildən çıxarılması və kirayə pulu” tələbinə dair iddiası rədd edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 iyul 2019-cu il tarixli, 2(103)-9664/2019 saylı qətnaməsi ilə Qaradağ Rayon Məhkəməsinin 01 may 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Beləliklə, İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Dostluq küçəsi, 3 saylı evin, 26 saylı mənzildə qeydiyyatda olduğu üçün, qanunvericiliyə görə mütləq həmin mənzilin özgəninkiləşdirilməsi üçün notariat kontorunda onun yazılı razılığı tələb olunur. Göründüyü kimi, İddiaçı həmin mənzili Cavabdeh2 bağışlanmasına razılıq verməyəcəyini dəqiq bildikləri üçün Cavabdeh1lə Cavabdeh2 Qaradağ Rayon Məhkəməsini aldadara q, İddiaçı həmin mənzildən qeydiyyatdan çıxardaraq, qanuna zidd yolla mənzili Cavabdeh2 adına keçirib. Bağışlama müqaviləsi bağlanarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 saylı qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatın 49-cu bəndinin tələbləri pozulduğundan müqavilə etibarsız hesab edilməli, həmin müqavilə əsasında verilmiş çıxarış ləğv edilməlidir.

6. Cavabdeh X1 vəkili X3 məhkəmə iclasında bildirmişdir ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olmadığı kimi iddia müddətini də kifayət qədər ötürmüşdür. Müqavilənin etibarsız hesab edilməsi üçün heç bir əsas yoxdur, həmçinin mübahisəli mənzilin mülkiyyətçisinin dəyişməsi, iddiaçının mübahisəli mənzildə mövcud olan istifadə hüquqlarına heç bir təsiri yoxdur. Həmçinin tərəflər arasında bundan əvvəlki məhkəmə mübahisələri ilə münasibətlərə hüquqi qiymət verilmişdir. Belə ki, 29 dekabr 2014-ci il tarixdə ünvan 1 ünvanında yerləşən mənzili satın alınmışdır. Hər iki alqı-satqı müqaviləsi 3 saylı ASAN xidmət mərkəzinin notariat kontorunda rəsmiləşdirilmişdir. Həmin mənzili xx.xx.2017-ci il tarixdə bağışlama müqaviləsinə əsasında bacısı X2 bağışlanmışdır. Həmin vaxtdan bu günə kimi mənzilin mülkiyyətçisi Cavabdeh2dır. İddiaçının müxtəlif tələblərlə, o cümlədən əmlakın birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi olmuş, lakin iddiası təmin edilməmişdir. Eləcə də Cavabdeh2 İddiaçı qarşı “mənzildən çıxar ılma və kirayə pulu" tələbinə dair iddia ərizəsi olmuş, məhkəmələrin yekun nəticəsi iddiaçının həmin mənzildən istifadə hüququnun tanınması olmuşdur. Məhkəmə qətnamələrindən də məlum olduğu kimi iddiaçı 2017-ci ildən mənzilin hazırki mülkiyyətçiyə bağışlandığını bilirdi və bunu mübahisələndirilmişdir. Lakin əqdin etibarsızlığı üçün müəyyən olunmuş kəsici müddət olan bir il müddəti ötürmüşdür. Buna görə də iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsini xahiş etmişdir.

7. Digər cavabdehlər Cavabdeh1, X5 məhkəmə iclasında iddianı qəbul etməmiş, iddianın rədd edilməsini xahiş etmişlər.

8. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-127/2020 nömrəli, 12 fevral 2020-ci il tarixli qətnaməsi ilə (hakim G.Həşimova) iddia tələbi təmin edilməmişdir.

9. Birinci instansiya məhkəməsi qeyd e tmişdir ki, mübahisəli mənzil özgəninkiləşdirilən zaman iddiaçının razılığının alınmaması həmin müqavilənin etibarsız hesab edilməsi üçün əsas deyil. Mübahisəli mənzilin mülkiyyətçisinin dəyişməsi, iddiaçının mübahisəli mənzilə olan istifadə hüququnu həyata keçirməsinə heçbir maneə törətmir. Bu səbəbdən iddia təmin edilməməlidir.

10. Birinci instansiya məhkəməsinin qənaətinə görə iddiaçının özünun də qeyd etdiyi kimi, mübahisəli mənzilin Cavabdeh2 mülkiyyətinə keçməsini 2017-ci ildə məlumatı olmuş, bundan sonra “əmlakın birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilməsi və çıxarışın ləğv edilməsi”nə dair iddia tələbi ilə məhkəməyə müraciət etmiş, Qaradağ Rayon Məhkəməsinin 20 fevral 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmiş, Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(10 2)-6818/2018 saylı qərarına əsasən İddiaçı kassasiya şikayəti təmin edilmədən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5366/2018 saylı iş üzrə 06 iyun 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı tərəfindən Mülki Məcəllənin 354-cü maddəsində nəzərdə tutulmuş müddət ötürülmüşdür.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146, 152.1, 337.1, 338, 347, 354-cü maddələrinə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinin həmin Məcəllənin 158.2 və 158.4-cü maddələri baxımından şərh edilməsinə dair 3 noyabr 2015-ci il tarixli qərarına, Azərbaycan Respublikası MPM-in 14.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

12. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4568/2020 nömrəli, 18 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər X.Mərdanova (sədrlik edən və məruzəçi), E.Həsənov və F.Babayev) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq, iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Dostluq küçəsi, 3 saylı evin 26 saylı mənzilinə dair Cavabdeh1 ilə X5 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, reyestrdə 4Ə592 nömrə ilə qeyd edilmiş bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, X1 adına verilmiş 12 aprel 2017-ci il tarixli RX seriyalı, ******* nömrəli, Azərbaycan Respublikasının Əmlak Məsələləri Komitəsinin yanında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi qət edilmişdir.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə maddi və prosessual hüquq normalarının tələblərini pozub. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddiaçının mənzildən istifadə hüququ tanınıb. Eyni zamanda mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsinə dair Cavabdeh1 ona qarşı tələbi rədd edilib. Belə olan halda qüvvədə olan qanunverciliyə görə mənzilin özgəninkiləşdirilməsi zamanı iddiaçıdan yazılı razılıq alınmalı idi. Belə bir razılıq alınmadığı üçün mənzilə dair Cavabdeh1lə bacısı Gülbahar Orucova arasında bağlanmı ş bağışlama müqaviləsi etibarsız hesab edilməli və həmin mənzilə dair sonuncunun adına verilmiş çıxarış ləğv edilməlidir.

15. Apelyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 324, 334, 337.1, 338-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

16. Cavabdeh2 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

17. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-457/2021 nömrəli, 09 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Ə.A.Əhmədov (sədrlik edən və məruzəçi), İ.K.Dəmirov və V.T.Həsənov) kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Mə hkəməsinin Mülki Kollegiyasının 18 avqust 2020-ci il tarixli, 2(103) 4568/2020 nömrəli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilmişdir.

18. Kassasiya instansiyasının mövqeyinə görə Cavabdeh1 mübahisəli mənzil üzərində mülkiyyət hüququ, o cümlədən mənzil üzərində sərəncam vermək hüququ həmin mənzildə yaşayan İddiaçı istifadə hüququ ilə məhdudlaşdırıla bilməz. Eyni zamanda mənzilin özgəninkiləşdirilməsi zamanı İddiaçı yazılı razılığın alınmaması Cavabdeh1lə bacısı Gülbahar Orucova arasında bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə əsas vermir. Çünki Mülki Məcəllənin 228.4-cü maddəsinin tələbinə görə, yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üç ün əsas deyildir. Digər tərəfdən nəzərə alınmalıdır ki, müqavilənin notariat qaydasında rəsmiləşdirilməsi üçün mənzildə yaşayan şəxslərin mənzilin satılmasına razılığının olub-olmamasının müəyyənləşdirilməməsi “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatda nəzərdə tutulmuş vəzifələrin notarius tərəfindən icra olunmadığını təsdiq edə bilər və bu hal əqdin etibarsız hesab edilməsi üçün o vaxt əhəmiyyətli ola bilər ki, mənzil ümumi birgə mülkiyyətdə olmuş olsun. Habelə ər-arvaddan başqa orada yaşayan digər şəxslərin həmin mənzilə mülkiyyət və onunla bağlı digər hüquqları pozulmuş olsun. Daha sonra mənzildən istifadə edilməsi ilə əlaqədar yaranmış hüquq münasibətlərinin mövcudluğunda notarius tərəfindən özgəninkiləşdirilən yaşayış sahəsində kimləri n yaşayış yeri üzrə qeydiyyatda olması barədə arayışın tələb edilməməsi və daimi qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığının alınmaması bağışlama müqaviləsinin aldatma yolu ilə bağlanması və Mülki Məcəllənin 339.2 və 339.3-cü maddələrinə istinadən bu əqdin etibarsız hesab edilməsi üçün səbəb ola bilməz. Eyni zamanda qanunverciliyin tələblərini pozmadığına görə aldatmanın olmadığını və əqdin etibarlı olduğunu sübut etmək cəhdləri də əsassızdır. Göründüyü kimi iddiaçının mübahisəli mənzildən istifadə hüququnun əmələ gəlməsi mülki iş materialları, o cümlədən qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə istisna edilmir və həmin mənzilin mülkiyyətçisi dəyişsə də, yeni mülkiyyətçi tərəfindən iddiaçıya qarşı hər hansı bir tələb irəli sürülməmişdir. Bu baxımdan kasasiya instansiyası məhkəməsi hesab edir ki, Mülki Məcəllənin 158.4-cü maddəsinin tələbinə əsasən, mülkiyyətçi olmayan iddiaçının mənzilə olan hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi Cavabdeh2 tərəfindən pozulmaqdan müdafiə edilməlidir, lakin bu sonuncunun ona mənsub mənzilə öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququnun məhdudlaşdırılması anlamına gəlməməlidir. Bundan başqa, işdən görünür ki, iddiaçı mübahisəli mənzilə dair bağışlama müqaviləsinin bağlanmasından 2 il 4 aydın sonra hazırki iddia ilə məhkəməyə müraciət edib. Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

19. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4006/2021 nömrəli, 01 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Eyvazov (sədrlik edən və məruzəçi), Z.Şirinov və F.Talışınski) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, əqdin əsasında mülki hüquq subyektlərinin iradəsi və həmin iradənin ifadəsi dayanır. Yazılı əqdin bağlanmasında ən başlıca şərtlərdən biri tərəflərin onu imzalaması, daşınmaz əmlakın özgəninkiləşdirilməsi zamanı isə müqavilənin (əqdin) həmçinin, notariat qaydasında təsdiqlənməsi tələb olunur. İşdə olan sübutlardan aydın olur ki, mübahisəli mənzil Cavabdeh1 xüsusi mülkiyyətində olmuş, iddiaçının isə həmin mənzildə yalnız istifadə hüquqları mövcud olmuşdur.

21. Apelyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 152.1, 228.4, 331, 334.1, 390, 668.1-ci maddələri və MPM-nin 77.1-ci maddələrinə istinadla əsaslandırıb. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər.

23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, bağışl ama müqaviləsi qanunsuz olaraq bağlanmışdır. Məhkəmə işin hallarına düzgün qiymət verməmişdir. İddiaçı qeydiyyatı olduğu üçün, mübahisəli mənzil onun razılığı olmadan Cavabdeh2 bağışlana bilməzdi. İddiaçı mübahisəli mənzilə qeydiyyatı bərpa olunduğuna görə, hər bir halda onun razılığı olmadan həyata keçirilmiş sənədləşmə işləri etibarsız hesab edilməlidir. Məhkəmə eyni zamanda cavabdehlərin İddiaçı və övladına qarşı etmiş olduqları bu hərəkətlərə görə mənəvi istirab və əsəb sarsıntıları keçirirmələrini, keçirməkdə davam etmələrini və əsəb sarsıntıları nəticəsində sinirlərinin pozulmasını nəzərə almamışdır. Qeyd olunmalıdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 16 aprel 2019-cu il tarixli, 2(103)3318/2018 saylı mülki iş üzrə qərardadı qəbul edildikdən sonra artıq İddiaçı mübah isəli mənzilə pasport qeydiyyatı bərpa olunmuş, yəni məhz bundan sonra onun hüquqlarını əhəmiyyətli dərəcədə pozan bağışlama müqaviləsinin etibarsız sayılmasının zəruriliyini bilmişdir. b) Kassasiya şikayətinə etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq

25. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka ba şqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqavi ləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Maddə 668.1.1. Daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır.

26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual h üquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

27. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

28. Hazırkı ka ssasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. İşin müəyyən olunan hallarından görünür ki, bağışlanmış mənzilin ümumi mülkiyyətdə olan əmlak hesab olunması barədə İddiaçı iddia tələbi Qarada ğ Rayon Məhkəməsinin 20 fevral 2018-ci il tarixli, 2(002)-53/2018 saylı qətnaməsi ilə təmin edilməmişdir. Həmin iş üzrə İddiaçı apellyasiya və kassasiya şikayətləri təmin olunmamışdır. Qeyd olunan işə baxılarkən məhkəmələr tərəfindən müəyyən olunmuşdur ki, əvvəllər Bakı şəhəri Xətai rayonu M.Hadi küçəsi 69 saylı evin 20 saylı mənzili Cavabdeh1 mülkiyyətində olmuş, o, həmin mənzili sataraq, hazırki iş üzrə mübahisəli Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Dostluq küçəsi, 3 saylı evin, 26 saylı mənzili almışdır, həmin mənzil birgə nikah müddətində əldə edilmiş əmlak sayılmır.

31. Həmçinin iddiaçının mübahisəli mənzildən istifadə hüququnun olması işin mübahisə edilməyən halıdır.

32. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr t arixli 167 saylı qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatın 49-cu bəndinin tələblərinin pozulduğuna istinad edərək bildirir ki, onun istifadə hüququ olan mənzil bağışlanarkən, onun razılığı alınmamışdır.

33. Həqiqətən də adı çəkilən Təlimatın 49-cu bəndinə görə, yaşayış evinin, mənzilin, bağın, bağ evinin özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında əqdlər təsdiq edilərkən notarius özgəninkiləşdirilən yaşayış evində, mənzildə, bağda və bağ evində kimlərin yaşayış yeri üzrə qeydiyyatda olması barədə məlumatı müvafiq informasiya sistemləri ilə qarşılıqlı inteqrasiya vasitəsilə avtomatlaşdırılmış rejimdə əldə edir və ona uyğun olaraq həmin ünvanda qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərini n razılığını alır.

34. Lakin bu normanın tətbiqi ilə bağlı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeləri vardır.

35. Mülkiyyət hüququnun məhdudlaşdırılması ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli Qərarında əks olunan hüquqi mövqeyinə əsasən mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əh əmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir.

36. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, mülkiyyətçi tərəfindən sərəncam səlahiyyətinin həyata keçirilməsinin mülkiyyətçi olmayan şəxslərin iradəsi ilə istənilən halda şərtləndirilməsi faktiki olaraq bu səlahiyyətin mülkiyyətçi olmayan şəxslərə mənsub olduğunu göstərir. Halbuki, bunun yolverilməzliyi həm Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsində, həm də onu inkişaf etdirən Mülki Məcəllənin 152.1-ci maddəsində ifadə olunmuşdur. Həmin normaya əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

37. Bunun əksinə olaraq, sərəncam vermək səlahiyyətinin mülkiyyətçi olmayan şəxslərə verilmə si faktiki olaraq bir əmlak üzərində eyni zamanda ikinci eyni həcmli mülkiyyət hüququnun mövcudluğu deməkdir. Bu isə yalnız həmin əmlak üzərində bir neçə şəxsin birgə mülkiyyət hüquqları olduqda mümkündür.

38. Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarında bu məsələ ilə bağlı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Alqı-satqı müqaviləsinin notariat qaydasında rəsmiləşdirilməsi üçün mənzildə yaşayan şəxslər barəsində arayışın tələb olunmaması və on ların mənzilin satılmasına razılığının olub-olmadığının müəyyənləşdirilməməsi “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da nəzərdə tutulmuş vəzifələrin notarius tərəfindən icra olunmadığını təsdiq edə bilər. Bu hal isə əqdin etibarsız hesab edilməsi üçün o vaxt əhəmiyyətli ola bilər ki, mənzil ümumi mülkiyyətdə olsun, habelə ər-arvaddan başqa orada yaşayan digər şəxslərin həmin mənzilə mülkiyyət və onunla bağlı digər hüquqları pozulsun. 2000-ci il sentyabrın 1-dən sonra mənzildən istifadə edilməsi ilə əlaqədar yaranmış hüquq münasibətlərinin mövcudluğunda notarius tərəfindən özgəninkiləşdirilən yaşayış mənzilində kimlərin yaşayış yeri üzrə qeydiyyatda olması barədə arayışın tələb edilməməsi və daimi qeydiyyatda olan yetkinlik yaşına çatmış bü tün ailə üzvlərinin razılığının alınmaması alqısatqı müqaviləsinin aldatma yolu ilə bağlanması və Mülki Məcəllənin 339.2 və 339.3-cü maddələrinə istinadən bu əqdin etibarsız hesab edilməsi üçün səbəb ola bilməz. Eyni zamanda qanunvericiliyin tələblərini pozmadığına görə aldatmanın olmadığını və əqdin etibarlı olduğunu sübut etmək cəhdləri də əsassızdır.

39. Apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə də, Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə uyğundur. Bu halda iddia müddətləri ilə bağlı kassasiya şikayətinin dəlillərinin araşdırılmasına zərurət qalmır. Sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıd akı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

40. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4006/2021 nömrəli, 01 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar