Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3080/2020 21.05.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və X5 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı vəkili X4, Cavabdehi X9 iştirakı ilə, İddiaçı və Cavabdeh Avstriya şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-14135/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayətləri üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Yasamal rayon məhkəməsinin (hakim X uraman Məhərrəmova) xx xxxxxx 2018-ci il tarixli 2(004)-8214/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh Avstriya şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyindən əmək haqqının gecikdirilməsinə görə 5187,6 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi qət olunmuş, iddia tələbi qalan hissələrdə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının (hakimlər – Fuad Talışinski sədrlik edən və məruzəçi, Zaur Əliyev, Rafael Eyvazov) xx xxx 2019-cu il tarixli 2(103)6024/2019 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi qismən - mənəvi zərərin rədd edilməsi hissəsində ləğv edilmiş, bu hissədə yeni qətnamə qəbul edilmiş, iddiaçıya dəyən mənəvi zərərin əvəzi olaraq 1000 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi və qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər – Ələsgər Əliyev - sədrlik edən və məruzəçi, Əli Rüstəmov, Tatyana Qoldman) xx xxxxxxx 2019-cu il tarixli 2(102)-6543 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin mülki kollrgiyasının xx xxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər – Raqib Qurbanov - sədrlik edən və məruzəçi, Etibar Nəbiyev, Aida Hüseyn) xx xxxxxx 2019-cu il tarixli qətnamə si iləİddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Cavabdeh Avstriya şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi qismən, yəni Cavabdeh Avstriya şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyindən əmək haqqının gecikdirilməsinə görə 5187,6 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi və mənəvi zərərin tutulması barədə tələblərin rədd edilməsi hissədə ləğv edilmiş, mənəvi zərərin tutulması barədə iddia qismən təmin edilərək Cavabdeh Avstriya şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyindən 3000 manat mənəvi zərərin əvəzinin tutularaq İddiaçı ödənilməsi qət edilmiş, həmin tələblər qalan hissədə və əmək haqqının gecikdirilməsinə görə faizin tutulması barədə iddia rədd edilmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı Cavabdeh Avstriya şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əmək haqqının gecikdirilməsinə görə 11528 manatın tutularaq ona ödənilməsi, əmək müqavilələri barədə elektron sistemdə onun əmək qanunvericiliyini pozmağı və məhkəmə qətnaməsi əsasında onu işə bərpa edilməsi barədə qeydin çıxarılması və qanunsuz olaraq onun işdən azad edilməsi və məhkəmə qətnaməsi əsasında onu işə bərpa edilməsi barədə qeyd daxil edilməyən yeni əmək kitabçası verilməsi vəzifəsinin cavabdehinin üzərinə qoyulması, iddiaçının istifadə etdiyi avtomobildəki videogörüntülərin yayılmasına və işdə n azad edilərkən təhqirə məruz qalmasına görə ona dəyən mənəvi zərərin əvəzi kimi 25000 manatın cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin iddia tələbinin əmək haqqının gecikdirilməsinə görə 11528 manatın tutulmasının rədd edilməsi hissədə ləğv edilməsini və həmin hissədə iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin hazırki iş üzrə tətbiqinin mümkünsüzlüyünü həmin maddədə nəzərdə tutulan “fərdi əmək mübahisəsi yaratmayıbsa”dispozisiyasının olmaması ilə əsaslandırmağa cəhd etmişdir. Halbuki aydın şəkildə görünür ki, ƏM-nin 172-ci maddəsinin 5-ci hissəsində göstərilən “fərdi əmək mübahisəsi yaratmayıbsa" şərti artıq ödənilmişdir. Belə ki, tərəflər arasındakı əmək mübahisəsi yuxarıda istinad edilən məhkəmə aktları ilə həll olunmuşdur və artıq mövcud deyildir. Hazırkı işin predmeti tərəflər arasındakı əmək mübahisəsi deyil, artıq qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə həll olunmuş və işəgötürənin təqsirinin olmasını təsdiqləyən pozuntudan irəli gələn tələbdir. Belə ki, hazırkı mübahisənin həlli üçün ƏM-nin "Əmək mübahisələri" adlanan Xİ bölməsinin "Fərdi əmək mübahisələri, onların tərəfləri və predmeti" adlanan qırx dördüncü fəslindəki müddəalara istinad etməsi maddi hüquq normasının kobud surətdə pozulmasıdır. Apellyasiya məhkəməsi nəzərə almamışdır ki, əmək haqqının gecikdirilməsi cavabdeh işəgötürənin qanunsuz əmri ilə iddiaçının işdən azad edilməsi nəticəsində mümkün olmuşdur. Belə olan halda, iddia tələbinin gecikdirilmiş əmək haqqı məbləğlərinə dair hissəsinin təmin edilməməsi maddi hüquq normalarının düzgün tətbiq edilmədiyini təsdiq edir. Cavabdeh Avstriya şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi mənəvi zərərin əvəzi olaraq cavabdehdən 3000 manat məbləğində pulun t utularaq iddiaçıya ödənilməsini qət edərkən ədalətsizliyə yol vermiş, mübahisəyə bu hissədə düzgün və obyektiv qiymət verməmişdir. Çünki cavabdeh tərəfindən iddiaçının mənəviyyatına toxunacaq hər hansı hərəkətə yol verilməmiş, iddiaçının mənəvi sarsıntıya məruz qaldığı sübuta yetirilməmişdir. Cavabdeh tərəfindən iddiaçı barədə hər hansı şəxsi xarakterli məlumatların yayılmasına dair sübut yoxdur, bu səbəbdən də heç bir mənəvi zərərdən söhbət belə gedə bilməz. Lakin Bakı Apellyasiya Məhkəməsi özünün xx xxxxxx 2019-cu il tarixli, 2(103)-14135/2019 saylı qətnaməsi ilə heç bir mötəbər sübut və əsas olmadan 3000 manat mənəvi zərərin cavabdehdən tutularaq iddiaçıya ödənilməsini qət etmişdir. Tərəflərin izahatları: İddiaçı vəkili X10 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə e dərək təmin edilməsini, cavabdehin kasasiya şikayətinin isə əsassız hesab edərək təmin edilməməsini xahiş etdi. Cavabdeh li X13 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının kasasiya şikayətinin isə əsassız hesab edərək təmin edilməməsini xahiş etdi Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətlərinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ilə cavabdeh Şirkət arasında xx xxxxxx 2014-cü i l tarixli əmək müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı cavabdeh şirkətin Azərbaycan Respublikasındakı nümayəndəliyində tibbi nümayəndə işinə qəbul edilmişdir. Cavabdeh şirkətin direktorunun xx xxx 2016-ci il tarixli əmri ilə iddiaçı ilə bağlanmış xx xxxxxx 2014-cü il tarixli əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Bakı şəhər Yasamal rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(004)-7642/2016 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh Avstriya Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə qarşı işə bərpa, işdən azad olunan gündən işə bərpa olunan günə kimi olan məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilərək, “X12-GmbH» (Avstriya) şirkətinin Azərbaycan Respublikasındakı nümayəndə liyinin xx.xx.2016-cı il tarixli 53 nömrəli əmrinin ləğv olunması, İddiaçı tibbi nümayəndə işinə bərpa edilməsi, İddiaçı xx.xx.2016-cı il tarixdən işə bərpa olunan günə kimi olan məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(103)-980/2017 saylı qətnaməsi ilə Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(102)-4987/2017 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. xx xxxxxxx 2017-ci il tarixdə İddiaçı işə bərpa edilmiş, eyni zamanda ona Cavabdeh Avstriya Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tər əfindən xx.xx.2016-cı il tarixdən işə bərpa olunan günə kimi məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilmişdir. İddiaçı bildirir ki, məcburi işburaxmaya görə ona əmək haqqı ödənilsə də, əmək haqqının gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün əmək haqqının azı bir faizi məbləğində ödənc verilməmişdir. Qanunvericiliyin tələbinə əsasən ona əmək haqqının gecikdirilməsi üçün hər gecikdirilmiş günə 2 faiz hesablanmaqla 11528 manat ödənilməlidir. Cavabdeh tərəfindən əmək müqavilələri barədə elektron sistemə daxil edilən məlumatlarda onun əmək qanunvericiliyinin pozulması ilə işdən çıxarılması barədə qeyd, daha sonra məhkəmə qətnaməsi əsasında onu işə bərpa edilməsinə dair qeyd daxil edilmişdir. Onun hüquqlarını pozmuş işəgötürən hüquqlarını tam bərpa edərək, qanunsuz olaraq onu işdən azad edilməsi və işə məhkəmə qətnaməsinə əsasən bərpa edilməsi barədə qeydlər daxil edilməyən yeni əmək kitabçası verməli, bu məlumatları əmək müqavilələri barədə məlumatların daxil edildiyi elektron sistemdən çıxarmalıdır. Cavabdehin vəzifəli şəxsləri tərəfindən onun istifadə etdiyi avtomobilində quraşdırılmış video-qeydedicidəki görüntülər yayımlanaraq, digər şəxslərə də nümayiş etdirilmişdir. Bu görüntülər şəxsi xarakterli idi, bu səbəbdən stress yaşamışdır. Bundan başqa, cavabdehin vəzifəli şəxsi onu işdən azad edən zaman kobud ifadələrlə təhqir etmiş, şərəf və ləyaqətinı alçaltmışdır. Bunun nəticəsində də ona böyük mənəvi zərər dəymişdir. Cavabdeh şirkət iddiaya etiraz edərək bildirir ki, iddiaçı əmək haqqının gecikdirilməsinə görə pul məbləğini tələb etdiyi dövr ərzində cavabdehin işçisi olmamış, onlar arasında əmək müqaviləsi, habelə heç bir əmək münasibətləri olmamışdır. xx xxx 2016-cı ildən iddiaçı ilə cavabdeh arasında əmək münasibətlərinə hüquqi və faktiki baxımdan xitam verilmişdir. Yalnız sonradan məhkəmənin qərarı ilə müvafiq xitam əmri ləğv edilmiş və işçi işə bərpa olunmuşdur. Bu dövr ərzində isə cavabdeh tərəfindən iddiaçıya əmək haqqının hesablanması və ödənilməsi qanunsuz olardı. Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsi gecikdirilmiş əmək haqqına görə işəgötürən tərəfindən işçiyə ödəncin verilməsi öhdəliyini müəyyənləşdirərkən 2 halı nəzərdə tutmuşdur: 1) əmək haqqının verilməsinin işəgötürənin təqsiri üzündən gecikdirilməsi; 2) işçi ilə işəgötürən arasında fərdi əmək mübahisəsinin olmaması. Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı çıxmayana qəd ər cavabdeh iddiaçıya əmək haqqı vermək imkanına malik deyildi və bu onun iradəsi xaricində baş verirdi. Həmçinin daha əvvəl tərəflər arasında fərdi əmək mübahisəsi olmuş və hazırki mübahisə də elə həmin fərdi əmək mübahisəsindən törəmişdir. İndiki halda isə tərəflər arasında fərdi əmək mübahisəsi olduğu üçün iddiaçının bu tələbi rədd edilməlidir. İddiaçının yeni əmək kitabçasının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi də qanunsuzdur. Çünki qanunvericilik işəgötürən üçün belə bir öhdəlik müəyyən etməyib. Əmək müqaviləsinə xitam verilərkən işəgötürən bu barədə işçinin əmək kitabçasında müvafiq qeydləri aparmağa borcludur. İndiki halda məhkəmənin qərarı ilə xx xxx 2016-cı il tarixli 53 nömrəli əmr ləğv edilərək qüvvədən düşdüyü və iddiaçı işə bərpa edildiyi üçün cavabdeh i ddiaçıya məxsus əmək kitabçasında qanunvericiliyə uyğun olaraq müvafiq düzəlişlər etmiş, xitamın tarixin və əsasını haqlı olaraq dəyişərək 70-ci maddənin “ç” bəndini 68-ci maddənin 2-ci hissəsinin “a” bəndi ilə əvəz etmişdir. Bundan başqa qanunvericilik şəxsin eyni zamanda 2 əmək kitabçasının olmasını müəyyən etməyib. Həmçinin əmək müqavilələri barədə məlumatların daxil edildiyi elektron sistemdə iddiaçının işdən azad edilməyi və işə məhkəmə qətnaməsinə əsasən bərpa edilməyi barədə qeyd də silinmişdir. Dəymiş mənəvi zərərin tutulması tələbinin irəli sürməsi üçün də heç bir hüquqi əsası yoxdur. Belə ki, iddiaçı bununla bağlı istinad etdiyi halları təsdiqedən heç bir sübutu təqdim etməmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki iddiaçı tərəfindən irəli sürülmüş əmək haqqının gecikdirilməsinə görə pulun ödənilməsi barədə iddia tələblərinin qanuni əsasını Əmək Məcəlləsinin 172.5-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. Maddənin mənasına görə, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc o halda verilə bilər ki, birincisi, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirilmiş olsun; ikincisi, bu hal fərdi əmək mübahisəsi yaratmamış olsun. Apellyasiya instansiyası məhkəm əsi hesab etmişdir ki, hazırki işdə isə həmin maddənin dispozitiv şərtləri mövcud deyildir. Çünki iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edildiyi xx xxx 2016-ci il tarixdən onun işə bərpa edildiyi xx xxxxxxx 2017-ci il tarixə qədər olan müddət ərzində tərəflər arasında işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə məhkəmə mübahisəsi davam etmiş və iddiaçının işə bərpa edilməsi də yalnız həmin mübahisənin həlli nəticəsində müəyyən edilmişdir. Həmin qətnamə cavabdeh tərəfindən tam icra edilmiş, məcburi iş buraxma müddəti üçün müəyyən edilmiş əmək haqqı tam məbləğdə iddiaçıya ödənilmişdir.Belə olan halda isə işəgötürənin təqsiri üzündən əmək haqqının verilməsinin gecikdirilməsi halı mövcud deyil. Bu baxımda n apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, həmin iddia tələbi təmin oluna bilməz. İddia tələbinin iddiaçının onun işdən azad edilməsi və məhkəməqətnaməsi əsasında onu işə bərpa edilməsi barədə qeyd daxil edilməyən yeni əmək kitabçası verilməsi və əmək müqavilələri barədə elektron sistemdə iddiaçının əmək qanunvericiliyini pozmağı və məhkəmə qətnaməsi əsasında onun işə bərpa edilməsi barədə qeydin çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasının rədd edilməsi hissədə apellyasiya instansiya məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən mübahisələndirlməmişdir. Belə ki, kassasiya şikayətindən göründüyü kimi iddiaçı iddia tələbinin yalnız iddia tələbinin əmək haqqının gecikdirilməsinə görə 11528 manatın tutulmasının rədd edilməsi hissədə mübahisələndirilmişdir. Ona gör ə də, qətnamənin mübahisələndirilməyən hissələri kassasiya qaydasında yoxlanılmır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mənəvi zərərin ödənilməsi tələbləri qismən əsaslıdır. Belə ki, işin mübahisəsiz halıdır ki, işə qəbul edilən zaman cavabdeh tərəfindən ona xidməti avtomobil verilmiş və iddiaçı həmin avtomobilə şəxsi vəsaiti hesabına əldə etdiyi videoregistrator yerləşdirmişdir. Həmçinin apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, cavabdeh şirkətdə iclas təşkil olunmuş və həmin videoregistratordakı görüntülərə baxış keçirilmişdir. Belə ki, iddiaçının işə bərpa tələbinə dair mülki işə baxılan zaman cavabdeh şirkətin işçiləri X11 və X7 şahid qismində dindirilmişlər. X2 öz ifadəsində bildirmişdir ki, işdən çıxdıqdan sonra müəllim onu yanına çağırmış və videoreg istratorda olan məlumatlar barədə bildirmişdir. Həmin məlumatlar şəxsi xarakter daşıyırdı. X1 da öz ifadəsində bildirmişdir ki, 2016-cı ilin may ayının 12-də rəhbərləri müəllim onlara saat 1-də ofisdə iclas keçirilməsi barədə məlumat yollamışdı. Onlar da 12 nəfərlə ofisə gəlmiş və iclasın başlanmasını gözləmişlər. müəllim bu iclasda video çəkilişin aparılmasını təklif etdi və hər birindən ayrı-ayrılıqda buna etiraz edib-etmədiklərini soruşdu. Onlar da təbii olaraq bu məsələyə etiraz etmədilər. Bir neçə dəqiqədən sonra müəllim in avtomobilinə quraşdırdığı video registratordakı görüntüləri yayımladı. Bu şəxsi xarakteri idi və o, gördüklərindən stress yaşadı. Bundan başqa apellyasiya icraatında cavabdehin nümayəndəsi həmin videoregistratordakı yazılara 2-3 nəfərin iştirakı ilə baxış keçirildi yini etiraf etmişdir. Göründüyü kimi, həm tərəflər arasında baş tutmuş digər mülki işdə dindirilmiş şahid ifadələri, həm də cavabdehin nümayəndəsinin etirafı ilə həmin məlumatların yayılması faktı tam sübuta yetirilmişdir. Həmin videoregistratordakı məlumatların şəxsi xarakterli olması isə sübuta ehtiyacı olmayan haldır. Çünki xidməti avtomobil olsa da, iddiaçı həmin avtomobildə tək olduğunu düşünmüş (videoregistrator işəgötürən tərəfindən deyil, onun özü tərəfindən yerləşdirilmiş və onun özünə məxsus olmuşdur) və bu zaman istər videogörüntülərin, istərsə də telefon danışıqlarının məxfi qaldığını düşünmüşdür. Bu isə birbaşa iddiaçının şəxsi həyatı ilə bağlı olmuşdur. Ona görə də, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, həmin məlumatların konkret nədən ibarət olmasını araşdırm ağa zərurət yoxdur. Məhkəmə iclasında da iddiaçı həmin məlumatların nədən ibarət olmasını deyə bilməyəcək qədər şəxsi olduğunu bildirmişdir. Bu məsələ ilə bağlı “X3rşı” işində (Case of Copland v. X20, xx xxxxx 2007, Application no. 62617/00) İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mülki dövlət qulluqçusunun telefon danışıqlarının qanunsuz dinlənilməsi, elektron poçtundan və İnternetdən istifadəsinin qanunsuz izlənilməsi məsələsini araşdırmışdır. Məhkəmə qərara almışdır ki, iş yerindən göndərilən elektron məktublar «şəxsi həyat» və «yazışma sirri» anlayışlarının tətbiq dairəsinə düşür, çünki iş yerində ərizəçinin İnternetdən istifadəsi izlənilərkən əldə edilən məlumatlar onun şəxsi həyatına aid idi. Ərizəçiyə onun telefon zənglərinin dinlənildiyi və elektron poçtunun izlənildiyi barədə xəbərd arlıq edilmədiyinə görə o, iş yerindəki avadanlıqlardan istifadə etməklə göndərdiyi məktubların və etdiyi söhbətlərin məxfi qaldığını düşünürdü. Eynilə, “Peyev Bolqarıstana qarşı” işində (Peev v. Bulgaria) İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «şəxsi həyat» anlayışının tətbiq dairəsi məsələsinə Ali kassasiya prokurorluğunda ekspert vəzifəsində işləyən dövlət qulluqçusunun ofisində aparılmış axtarış kontekstində aydınlıq gətirmək imkanı əldə etmişdir. Məhkəmənin rəyinə görə,dövlət qulluqçusu onun iş yerinə, ən azı şəxsi əşyalarını saxladığı iş masasına və şkafa özəl mülkiyyət kimi yanaşılmalı olduğunu düşünməkdə tam haqlı idi. Beləliklə, bu axtarış şəxsi həyata «müdaxilə» təşkil edirdi. “Nimets Almaniyaya” qarşı (Niemetz v. Germany)” işi üzrə xx xxxxxx 1992-ci il tarixli qərarında da Məhkəm ə göstərmişdir ki, «şəxsi həyat» anlayışının peşə və ya biznes fəaliyyətlərinin həyata keçirildiyi tikililərə şamil olunmadığını düşünmək üçün heç bir əsas yoxdur, belə ki, bir çox insanlar məhz iş yerlərində digər şəxslərlə münasibətlər qurmaq və münasibətlərini inkişaf etdirmək imkanı əldə edirlər. Şikayətin yalnız biznes fəaliyyəti ilə əlaqədar olduğunu əsas gətirərək 8-ci maddə ilə təmin edilən müdafiənin belə hallara şamil olunmadığını iddia etmək qeyri-bərabər rəftarla nəticələnə bilər, belə ki, bu müdafiə peşə və qeyri-peşə fəaliyyətlərini fərqləndirmək mümkün olmayan şəxslərə də şamil olunur. Məhkəmə bu məsələdə həmçinin bu fakta istinad edib ki, müəyyən iştirakçı dövlətlərdə «mənzil» sözü biznesin həyata keçirildiyi tikililəri də əhatə edir və bu, 8-ci maddənin fransız mətnindəki «mənzil» (“domicile”) anlayışının şərhinə uyğundur. Göründüyü kimi yuxarıda qeyd olunanlarla təsdiq olunur ki, cavabdeh şirkət tərəfindən iddiaçının şəxsi həyatına birbaşa müdaxilə edilərək, şəxsi toxunulmazlıq hüququ pozulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsində də təsbit olunmuşdur ki, hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır. Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır. Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri o lmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz. Hər kəsin yazışma, telefon danışıqları, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatın sirrini saxlamaq hüququna dövlət təminat verir. Bu hüquq qanunla nəzərdə tutulmuş qaydada cinayətin qarşısını almaqdan və ya cinayət işinin istintaqı zamanı həqiqəti üzə çıxarmaqdan ötrü məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarında izah olunmuşdur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzm un və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cav abdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna görə də mənəvi zərərin sübut edilməsini hər bir halda tələb etmək düzgün deyildir. Məhkəmə ədalətlilik prinsipini rəhbər tutmaqla kompensasiya təyin edilməsi və onun məbləğinin müəyyən edilməsi məsələsini müzakirə edərək həll etməlidir. Ərizəçinin narahatlıq, iztirab, qorxu, təşviş, ümidsizlik hissləri keçirilməsi mənəvizərərin ödənilməsi üçün əsasdır. Həmin məhkəmə Smirnova Rusiyaya qarşı iş üzrə qəbul etdiyi qərarında isə göstərmişdir ki, mənəvi ziyanın bəzi formalarını, o cümlədən emosional iztirabları. onların təbiətinə görə heç də həm işə hansısa konkret vasitə ilə sübuta yetirmək mümkün olmur. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li xx xxxxxx 2008-ci il tarixli qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri - əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin qərarın 4-cü bəndində isə gös tərilmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi ziyanın ödənilməsini tələb etmək hüququnu istisna etmir. İşin hallarını nəzərə alaraq və qeyd olunanlara əsaslanaraq apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı mənəvi sarsıntı keçirmiş və buna görə də, mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-linoyabr 2008ci il ta rixli Qərarının 10-cu bəndində göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Qeyd olunan halları nəzərə alaraq apellyasiya instansiyası məhkəməsihesab etmişdir ki, mənəvi zər ərin əvəzi kimi iddiaçının tələb etdiyi 3000 manat ağlabatan məbləğ kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətlərinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Kasasiya şikayətində göstərilən dəlillər apelyasiya instansiyası məhkəməsində işə baxılarkən irəli sürülmüş və apelyasiya instansiyası məhkəməsi tərəfindən həmin dəlilllər tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı və Cavabdeh Avstriya şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin kassasiya şikayətləri təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-14135/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-3080/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3080/2020
21.05.2020 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver