Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3200/2021 05.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassatorun vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 iyul 2020-ci il tarixli qərardadından iddiaçının vəkili və nümayəndəsi Vəkil kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” ASC-yə qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 15751 manat zərər məbləği, 5.000 manat əl dən çıxmış fayda, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində 1512 manat məbləğində dəbbə pulu və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 22.293 manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2606/2019 nömrəli iş üzrə 27 may 2019-cu il tarixli qətnaməsi ilə (hakim C.Ə.Tağıyev) iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-11786/2019 nömrəli iş üzrə 12 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər R.Ə.Eyvazov, Z.Ə.Əliyev, F.Ş.Talışinski) iddiaçının apellyasiya şikayəti təmin olunmamış, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-11786/2019 nömrəli iş üzrə 24 iyul 2020-ci il tarixli qə rardadı ilə (hakimlər R.Ə.Eyvazov, Z.A.Şirinov, F.Ş.Talışinski) iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 iyul 2020-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardaddan iddiaçının vəkili və nümayəndəsi verdiyi kassasiya şikayətində qərardadın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Kassator şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı məhkəmə sənədləri göndərilən ünvanda yaşamadığı üçün üzrlü olaraq kassasiya şikayəti prosessual müddət ötürülməklə verilmişdir. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili kassasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Hüquqi məsələlər: Aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, kassasiya şikayəti vəkil tərəfindən imzalansa da, şi kayətə müvafiq vəkil orderi əlavə olunmamışdır (işdə olan order iddiaçını birinci instansiya məhkəməsində təmsil etmək üçün verilmişdir). Bununla yanaşı, kassasiya şikayəti qanunla müəyyən olunmuş prosessual müddət ötürülməklə verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.3-cü maddəsinə əsasən şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Həmin Məcəllənin 405.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 ay müddətində kassasiya şikayəti verilə bilər. İş materiallarından aydın olur ki, iddiaçı qətnaməni 28 noyabr 2019-cu il tarixdə rəsmi qaydada almış, kassasiya şikayəti isə 02 mart 2020-ci il tarixdə rabitə orqanına təqdim edilmişdir. Göründüyü kimi, kassasiya şikayəti qanunla nəzərdə tutulmuş prosessual müddət ötürülməklə verilmiş, lakin şikayətə buraxılmış müddətin bərpasına dair vəsatət əlavə olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.3-cü maddəsinin tələbinə görə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 408.2-ci maddəsinə əsasən bu Məcəllənin 408.1.1 və 408.1.3408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qərardadın ləğvi üçün əsas hesab edilə bilməz. Bu halda, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 iyul 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3200/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-3200/2021
05.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver