Məhkəmə qərarları › İş №2(102)-3302/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3302/2025

02.12.2025 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3302/2025 02.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: təsisçinin hüquqi şəxsin öhdəliyi üçün cavabdehliyi; MMC-nin öhdəliklərinə görə məsuliyyət daşıyan şəxslər; iddiaya cavab verməli olan şəxs. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Baxışova Vüsalə Ələkbər qızı (məruzəçi), Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “müqavilənin ləğv edilməsi, müqavilə üzrə ödənilmiş pulun bir hissəsinin qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin M ülki Kollegiyasının 2(103)-2962/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilən kassasiya şikayətinə 02 dekabr 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh1 xx.xx.2023-cü il tarixdən digər "xxxx" MMC-nin təsisçisi və qanuni təmsilçisidir.

2. İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında Bakı şəhəri, Suraxanı rayonu, Köhnə Günəşli qəsəbəsində yerləşən mənzilin təmir işlərinin görülməsi barədə xx.xx.2023-cü il tarixli, 014 nömrəli “Təmir xidmətinin göstərilməsi haqqında” podrat müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə iddiaçı tərəfindən ilkin ödəniş olaraq müqavilənin ümumi dəyərinin 10.000 manat hissəsi müqavilə imzalandığı anda, digər qalıq məbləğin 6.000 manat hiss əsi xx.xx.2023-cü il tarixdə ödənilməli, bundan sonra hər ay 1.600 manat olmaqla 10 ay ərzində qalıq məbləğ ödənilməli idi. Podratçı isə təmir xidmətini işə başlanılan gündən 3 ay müddətində həyata keçirməli idi.

3. İddiaçı həmin müqavilə üzrə xx.xx.2023-cü il tarixdə 10.000 manat, xx.xx.2023-cü il tarixdə 6.000 manat, xx.xx.2023-cü il tarixdə 1.600 manat, xx.xx.2023-cü il tarixdə 1.600 manat və xx.xx.2023-cü il tarixdə 1.720 manat məbləğində olmaqla, cəmi 20920 manat ödəniş etmişdir.

4. İddiaçı xx.xx.2023-cü il tarixdə MMC-yə pretenziya məktubu ünvanlayaraq aralarında bağlanmış sözügedən müqavilənin ləğv edilərək faktiki görülmüş və təhvil alınmış işin dəyərindən artıq ödənilmiş 10.920 manat pulun 10 iş günü müddətində geri qaytarılmasını xahiş etmiş, əks halda müqavilənin ləğvi və əvvəlc ədən ödənilmiş, lakin müvafiq öhdəliyin icra edilmədiyi məbləğin geri qaytarılması tələbi ilə aidiyyəti məhkəməyə müraciət edəcəyini bildirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehlərə qarşı iddia qaldıraraq, sonradan iddia tələbinin həcminin artırılması barədə ərizələr verərək onunla MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 014 saylı “Təmir xidmətlərinin göstərilməsi haqqında” müqavilənin ləğv edilməsi, müqavilə üzrə qabaqcadan ödənilmiş puldan işin yerinə yetirilməmiş hissəsinə görə qalıq qalmış 10.920 manat pulun, o cümlədən ödənilmiş 131 manat dövlət rüsumunun, cəmi 11.051 manat pulun Cavabdeh1 və MMC-dən müştərək qaydada alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinad edilməklə belə əsaslandırılmışdır ki, müqavilə imzalanan vaxt ilkin olaraq onun tərəfindən cavabdehə 10.000 manat, xx.xx.2023-cü il tarixdə 6.000 manat, xx.xx.2023-cü il tarixdə 1.600 manat, xx.xx.2023-cü il tarixdə 1.600 manat, xx.xx.2023-cü il tarixdə isə 1.720 manat, cəmi 20.920 manat məbləğində pul ödəmişdir. Hər ayın sonuna kimi o, 1.600 manat olmaqla 10 ay müddətində vəsaiti cavabdehin hesabına köçürməli idi. Kassa mədaxil orderi MMC-nin adına tərtib olunsa da o, pulu şəxsən cavabdehin özünə ödəmişdir. Lakin cavabdeh işə başlasa da, müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, işi yarımçıq saxlamış, göstərdiyi bütün cəhdlər nəticə verməmiş, cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək işi başa çatdırmaqdan yayınmışdır. M üqavilə üzrə ödənilmiş 20.920 manat vəsaitdən cavabdeh cəmi 10.000 manatlıq iş görmüş, ya işi başa çatdırmağı, ya da qabaqcadan ödədiyi və işin yerinə yetirilmədiyi 10.920 manatın geri qaytarılmasını cavabdehdən tələb etmişdir. Lakin nə iş davam etdirilmiş, nə də ki, ödədiyi 10.920 manat geri qaytarılmışdır. Halbuki, pulun geri qaytarılmasına dəfələrlə cavabdeh söz vermişdir. Bununla bağlı “whatsapp” mesajları mövcuddur. Həmin mesajlarda cavabdeh ona olan borcunu etiraf edərək, yaxın vaxtlarda geri qaytarmağa söz vermiş, lakin vədinə əməl etməmişdir. Hazırda onun müqavilə üzrə yerinə yetirilməmiş öhdəliyə görə ona 10.920 manat məbləğində borcu yaranmışdır. Cavabdehin təqsiri ucbatından yarımçıq qalmış təmir işlərini o, başqa usta vasitəsi ilə başa çatdırmışdır.

7. X1 ifadəsində bildirmiş dir ki, Bakı şəhəri Suraxanı rayonu Köhnə Günəşli qəsəbəsində yerləşən mənzildə təmir işlərinin olmağını ona Şahmar adlı şəxs bildirmişdir. O şirkət işi olduğunu bilməmişdir. Evi təmir işlərini görməyə başlamış, ona 5000 manat pul verilməli idi, lakin pul verilmədiyindən işi dayandırmışdır. Təxminən 1 ay yarım iş görülmədi. Sonradan onu Samir axtarıb tapmış, pulunu ödəmiş, materialları almış, o da işinə davam etmişdir. Evin bütün işlərini-santexnik, elektrik və.s görmüşdür. Şirkətlə arasında hər hansı müqavilə olmamışdır. Ev ilk əvvəl tam təmirsiz, kərpicdən ibarət idi. Sonra tam təmir etmişdir. Təmir işləri təxminən 4-5 ay çəkmişdir. Ümumilikdə 11.800 manat ödəniş almışdır. Həmin məbləğin 3480 manatını Şahmar adlı şəxs, qalan hissəsini isə Samir vermişdir.

8. Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)-372/2025 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, iddiaçı ilə və MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilənin ləğv edilməsi, cavabdehlərdən müştərək qaydada 9.877 manat məbləğində pulun və 119 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim: Ülkər Xəlil).

9. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı və cavabdeh arasında yazılı podrat müqaviləsi bağlanmışdır. İddiaçı tərəfindən MMC-yə 20.920 manat ödəniş edilmişdir. Lakin cavabdehlər tərəfindən təmir işləri tam yerinə yetirilməmiş, 11.043 manat dəyərində iş görülmüşdür. İddiaçı tərəfindən təqdim edilmiş qaimə-fakturalara əsasən iddiaçı tərəfindən 6.563 manat məbləğində material üçün xərc çəkilmiş, şahid ifadəsinə əsasən ona Cavabdeh1 tərəfindən 3.480 manat məbləğində pul verilmiş, iddiaçının izahatına əsasən isə təmir ilə bağlı zibillərin daşınması üçün fəhlələrə 1000 manat ödəniş cavabdeh tərəfindən edilmişdir.

10. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının mənzilinin təmir işləri tam yerinə yetirilməmiş, ümumilikdə 11.043 manat dəyərində iş görülmüşdür. Lakin iddiaçı cavabdehə 20.920 manat ödəniş etmişdir. İddiaçının ödədiyi 20.920 manatdan 11.043 manat dəyərində iş görülmüş, 9.877 manat dəyərində iş isə görülməmiş, həmin vəsait cavabdehlər tərəfindən iddiaçıya qaytarılmamışdır. Odur ki, iddia tələbi qismən təmin edilməli, iddia tələbinin qalan hissəsi ilə bağlı sübutlar məhkəməyə təqdim edilmədiyindən bu hissədə iddia tələbi təmin edilməməlidir.

11. Məhkəmə iddianın “müqavilənin l əğv edilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə xəbərdarlıq ünvanlayaraq işi tam yerinə yetirmədiyi üçün artıq ödənilmiş pulun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciətlə bağlı xəbərdarlıq etmişdir. Bununla da xidmətlərinin göstərilməsi haqqında müqavilədən birtərəfli qaydada imtina etmişdir. Beləliklə tərəflər arasında bağlanmış xidmətlərinin göstərilməsi haqqında müqavilə artıq ləğv edilmişdir. Odur ki, məhkəmə hesab etmişdir ki, iddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2023cü il tarixli təmir xidmətlərinin göstərilməsi haqqında müqavilənin ləğv edilməsi təsbit edilməlidir.

12. Məhkəmə, həmçinin, qeyd etmişdir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 131 manat məbləğində dövlət rüsumundan 1 19 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Qalan hissədə dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

13. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385, 386, 387, 390, 398, 399, 442, 752-753, 759-cu, Mülki Prosessual Məcəllənin 14, 77, 119, 217, 218-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) apellyasiya instansiyası məhkəməsində icraat

14. Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin qismən - iddianın ona münasibətdə təmin edilmiş hissədə ləğv edilməsini və həmin hissədə iddianın rədd edilməsini xahiş etmişdir.

15. Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, təmir xidmətinin göstərilməsi haqqında müqavilənin iddiaçı ilə MMC arasında bağlanması müəyyən edildiyi halda, MMC-nin təsisçisi və qanuni təmsilçisi olaraq onun maddi məsuliyyətə cəlb edilm əsi qanunvericiliyə görə yolverilməzdir. Çünki, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir. Hazırkı işdə də mübahisələndirilən müqavilə üzrə o, müqavilənin tərəfi olmamışdır. Bu səbəbdən MMC-nin üzərinə götürdüyü öhdəliyə görə onun üzərinə məsuliyyət qoyula bilməz. O, müqaviləni şəxsən deyil, hüquqi şəxsin təmsilçisi adından imza etmiş və iddiaçı qarşısında şəxsən hər hansı bir öhdəlik götürməmişdir. Müqavilənin MMC-nin adına tərtib olunsa da, iddiaçının pulu şəxsən ona ödəməsi barədə dəlili əsassızdır. Həmin qəbzlərdən də aydın görünür ki, ödənişlər MMC-nin kassasına daxil olmuş və təmsilçi kimi onun tərəfindən qanuna müvafiq qəbzlər tərtib edilmişdir. Həmçinin tutulmalı olan pulun məbl əği düzgün hesablanmamış, bununla bağlı ekspertiza keçirilməli olduğu halda, keçirilməmişdir.

16. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, müqavilə üzrə bütün məsuliyyəti əslində Cavabdeh1 daşıyır. Belə ki, bütün danışıqlar onunla aparılmış, ödənişlər nağd şəkildə ona edilmiş, o da ödənişləri əlbəəl qəbul etmiş, lakin ödənişləri cəmiyyətin hesabına mədaxil etməmiş, cibinə qoymuş, bütün məsuliyyəti özünün daşıdığını bildirmişdir. Müqavilə formal olaraq aldatmaq məqsədilə bağlanılmışdır. Apellyator ona olan borcunu etiraf etmiş, bununla bağlı yazışmalar da birinci instansiya məhkəməsinə təqdim edilmişdir.

17. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)2962/2025 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmi n edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi “pulun və ödənilmiş dövlət rüsumunun Cavabdeh1 tutulması” hissəsində ləğv edilərək iddia həmin hissədə rədd edilmişdir (hakimlər: Fuad Abdıyev – sədrlik edən və məruzəçi, Cəmilə Musayeva, Fuad Babayev).

18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mülki qanunvericilik qanuni nümayəndə və təsisçinin üzərinə hüquqi şəxsin iştirak etdiyi müqavilə üzrə icra edilməyən öhdəliyə görə məsuliyyət qoyulmasını istisna edir. Hüquqi şəxsin öhdəliyi üçün onun təmsil edən şəxsin və ya təsisçisinin üzərinə öhdəlik qoyulmasını mümkün edən istənilən əsaslandırma yolverilməz hesab edilir.

19. Məhkəmə kollegiyası əlavə etmişdir ki, iddiaçının mübahisələndirdiyi podrat müqaviləsi MMC ilə bağlanılmış, müqavilə üzrə öhdəliklər də məhz həmin cəmiyyət tərəfindən po zulmuşdur. Apellyator həmin mübahisə predmetini təşkil edən müqaviləni cəmiyyətin adından, onun qanuni təmsilçisi və nümayəndəsi olaraq imzalamışdır. Başqa sözlə, Cavabdeh1 müqavilənin tərəfi olmamış və müqavilədə ona münasibətdə hər hansı hüquq və vəzifələr müəyyən edilməmişdir. O, bu münasibətlərdə cəmiyyəti təmsil etmiş və onun adından hərəkət etmişdir. Bu baxımdan qeyd edilən müqavilə üzrə yaranmış öhdəliklərin cəmiyyət tərəfindən icra edilməməsinə görə həmin şəxs məsuliyyət daşıya bilməz. Həmin müqavilə üzrə iddiaçı tərəfindən aparılmış ödənişləri təsdiq edən kassa mədaxil orderləri də bu şəxs tərəfindən yenə də cəmiyyətin qanuni təmsilçisi (direktoru) kimi imzalanmış və nəticədə cəmiyyətin möhürü ilə təsdiq edilmişdir.

20. Bununla yanaşı məhkəmə kollegiyası tutulmuş pulun məbləğinin birinci instansiya məhkəməsi tərəfindən düzgün müəyyən edilməməsi və iş üzrə ekspertiza keçirilməsinin labüdlüyü ilə bağlı dəlillərə münasibətdə qeyd edir ki, iddia tələbi artıq apellyatora münasibətdə əsassız hesab edildiyindən və ümumiyyətlə apellyatorun iddiaya cavab verməli şəxs olmadığı qənaətinə gəlindiyindən həmin dəlillərə ayrıca hüquqi qiymət verilməsinə hər hansı zərurət qalmır. Hüquqi nəticə etibarı ilə tutulmuş pulun məbləği müqavilənin tərəfi olan və müqavilə üzrə öhdəlik daşıyan MMC tərəfindən mübahisələndirilə bilər. Cavabdeh1 öz adından bu dəlillərdən ümumiyyətlə çıxış edə bilməz.

21. Məhkəmə kollegiyası mövqeyini Mülki Məcəllənin 43.1, 49.2, 52.1, 52.2, 87.1, 359.1, 385, 390.1, 442, 448.1, 448.2, 752.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.1, 217.3, 217. 4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

23. Kassasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda tərtib edilmiş, əlavə olaraq qeyd edilmişdir ki, Cavabdeh1 əlbəəl-nağd formada aldığı pulları MMC-nin hesabına köçürməsinə dair hər hansı sübut təqdim etməsə də, məhkəmə kollegiyası işin bu halına Mülki Prosessual Məcəllənin 9.1-ci maddəsinin tələbinə uyğun qiymət verməmişdir. Kassasiya şikayətində MM-nin 752.1, 753.1, 385.1, 448.1, 448.2-ci, MPM-nin 77.1-ci maddələrinin pozulduğu göstərilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

25. Maddə 43.1. Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır.

26. Maddə 49.2. Hüquqi şəxs öz iştirakçıları, habelə təmsilçiləri vasitəsilə mülki hüquqlar əldə edə bilər və öhdəsinə mülki vəzifələr götürə bilər.

27. Maddə 52.1. Hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir.

28. Maddə 52.2. Bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir.

29. Maddə 87.1. Bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

30. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

32. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunu b-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

33. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

34. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri mübahisələndirilən qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

35. İşdən görünür ki, apellyasiya baxışının predmeti olan hissə iddianın cavabdeh "xxxx" MMC-nin təsisçisi və qanuni təmsilçisi olan Cavabdeh1 qarşı təmin edildiyi hissə olmuşdur. Apellyasiy a şikayətinin dəlilləri kassasiya şikayətinin dəlilləri ilə eyni olmuş və apellyasiya instansiyası məhkəməsi həmin dəlillərə düzgün hüquqi qiymət verilmişdir.

36. Apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayəti ilə razılaşaraq qeyd etmişdir ki, hazırkı halda iddiaçının pul tələbi "xxxx" MMC ilə bağlanmış podrat müqaviləsindən irəli gəldiyindən, MMC olan hüquqi şəxsin borcunun müştərək qaydada eyni zamanda təsisçi və direktordan tutulması MM-nin 52.1 və 87.1-ci maddələrinin tələblərinə ziddir.

37. Kassatorun Cavabdeh1 ondan nağd formada aldığı pulların MMC-nin hesabına köçürməsinə dair işdə sübut olmadığına dair dəlillə bağlı kollegiya qeyd edir ki, podrat müqaviləsinin 4.2-ci bəndində müqavilə üzrə hesablaşmaların nağd qaydada həyata keçirilməli olduğu nəzərdə tutulduğun dan məhkəmə müəyyən etmişdir ki, ödənişlərin direktor tərəfindən nağd olaraq qəbul edilməsi hüquqi şəxslə bağlanmış müqavilə şərtinə uyğun olduğundan direktorun iddiaçı qarşısında hər hansı öhdəliyi yaranmamışdır. Məhkəmə tərəfindən sübutların qiymətləndirilməsi zamanı prosessual pozuntuya yol verilməmişdir.

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisə üzrə tətbiq edilməli maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.

39. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

40. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən kassasiya şikayəti tə min edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2962/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar