Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3357/2022 13.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı ilkin iddia tələbinə, Cavabdeh qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: maliyyə arayışının etibarsızlığı barədə iddia, iddianın yolverilməzliyi, müqavilənin ləğvi, müqavilənin etibarsızlığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı müqavilənin ləğvi və öhdəliklərə xitam verilməsi barədə ilkin, Cavabdeh mənzilin sahibliyə və istifadəyə verilməsi, mənzildən istifadə hüquqlarının həyata keçirilməsinə müdaxilə və maneçilik hərəkətlərinin qadağan edilməsi barədə qarşılıqlı iddia tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)10691/2021 nömrəli iş üzrə 08 dekabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Satıcı üidmində İddiaçı (bundan sonra – iddiaçı və ya MMC) ilə Cavabdeh (bundan sonra – cavabdeh) arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən, MMC Bakı şəhəri, Xətai rayonu ərazisində S.Orucov və N.Əliyev küçələrinin kəsişməsində tikilməkdə olan yaşayış binasının 3-cü mərtəbəsində 1 otaqlı, 60 kv.m-dən ibarət 103 nömrəli mənzili (bundan sonra – mübahisəli mənzil) alıcıya satmağı, alıcı isə həmin mənzili qəbul etməyi və mənzilin dəyəri olan 96000 manat pulu bu müqavilə ilə müəyyən edilmiş vaxtlarda ödəməyi öhdəsinə götürmüşdür.
2. MMC tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli maliyyə arayışında mübahisəli mənzilin cavabdehə məxsus olduğu və MMC-yə olan borc tam ödənildiyi qeyd edilmişdir.
3. Cinayət işi üzrə icraata xitam verilməsi haqqında Bakı Şəhəri Nərimanov Rayon Prokurorluğunun xx.xx.2019-cu il tarixli qərarı ilə X4 xx.xx.2017-ci il tarixdə özünü öldürməsi ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinın (CM) 125-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi üzrə icraata həmin faktda cinayət tərkibi olmadığına görə CM-in 39.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış X7 göstərmişdir ki, Fuad Ramazanov şikayətində ilkin olaraq oğlu Elvindən 159.000 ABŞ dolları və 405.000 manat tələb etmişdir. Lakin sonradan ona qarşılıqlı razılaşmaları əsasında dostu Babayev Vəliyullahdan Bakı şəhəri, Xətai rayonundakı qadınlar üçün 4 saylı CÇM-nin yaxınlığında inşa etdirdiyi yüksəkmərtəbəli binadan 96.000 manat dəyərində 1 otaqlı mənzili 78.000 manat alaraq Fuad Ramazanovun xahişi ilə hazırda adını xatırlamadığı qadının adına rəsmiləşdirmiş və qadına bununla bağlı müqavilə, protokoldan çıxarış və maliyyə arayışı verilmişdir.
4. Həmin qərara əsasən, istintaq zamanı şahid qismində dindirilmiş X1 göstərmişdir ki, 2015-ci ilin mart ayında direktoru olduğu MMC tərəfindən ünvan 1 ünvanında 19 mərtəbəli yaşayış binasının inşasına başladıqdan bir neçə ay sonra Əziz Əliyev ona müraciət edərək bi ldirmişdir ki, bacısı Nüşabə üçün həmin binadan bir ədəd bir otaqlı mənzil almaq istəyir, lakin pulunu yalnız 2 aydan sonra ödəyə biləcək. Etiraz etməyib Əziz Əliyevin dediyi Nüşabə adlı qadının adına MMC ilə həmin binanın 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 60 kv.m olan, bir otaqlı, 96.000 manat dəyərində mənzilin alqısatqısı barədə müqaviləni imzalayıb Əziz Əliyevə təqdim etmiş, Əziz də həmin müqaviləyə Nüşabəyə imza etdirərək bir nüsxəsini ona vermişdir. Aralarında mənzilin dəyərinin ödənilməsi barədə maliyyə arayışının pul ödənilən vaxt veriləcəyi razılaşdırılıb. Həmin vaxt binanın hələ özülünün bir hissəsi qazılmış olub. Həmin mənzilin dəyərinin tam ödənilməsi barədə maliyyə arayışını isə 2017-ci ilin sentyabr ayında imzalayaraq və möhürlə təsdiq edərək Əziz Əliyevə vermişdir. Əz iz Əliyevin intihar etmiş oğlunun yas mərasimində ona bildirmişdir ki, həmin bir otaqlı mənzilin dəyərini özü ödəyəcək və daha heç kimə verən deyil. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. MMC cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, MMC ilə cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, tərəflər arasında olan öhdəliklərə xitam verilməklə xx.xx.2016-cı il tarixli müqavilənin ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2016-cı il tarixli müqavilənin bağlanmasına əsas səbəb ondan ibarətdir ki, MMC-nin direktorunun çox yaxın dostu olan Əziz Əliyev onlara müraciət edərək oğlunun külli miqdarda borcunun olduğunu, həmin şəxslərin oğluna qarşı prokurorluq orqanına müraciət etdiyini, borcu qaytarmayacağı təqdirdə ona qarşı cinayət işinin başlanılacağını bildirərək, əvvəlki şərikliyi, dostluğu nəzərə alaraq, oğlunun azyaşlı övladının olmasını və həbsxanalara düşməməsi üçün ona köməklik göstərməyi xahiş etmişdir. Əziz müəllim cavabdehin şəxsiyyət vəsiqəsini xx.xx.2016-cı il tarixdə MMC-yə təqdim edərək cavabdehlə sahəsi 60 kv.m olan 1 otaqlı mənzilə dəyəri 96.000 manat olmaqla müqavilə bağlamalarını xahiş etmişdir. Əziz müəllimə müqavilə bağlanmasında hər hansı bir problemin olmadığını, lakin müqavilə üzrə vəsait ödənilmədiyindən maliyyə arayışı verə bilməyəcəklərini demişlər. Əziz müəllim hər şeyə hazır olduğunu, nəyin bahasına olursa olsun oğlunun həbsə girməyinə izin verməmələrini xahiş etmişdir. Əziz müəllimə olan inam və etibardan irəli gələrək cavabdehlə yuxarıda qeyd edilən mənzilin alqı-satqısına dair müqavilə imzalayaraq guya ki, 96.000 manat pulun ödənilməsi barədə (maliyyə arayışı verilmədən) müvafiq sənədləri Əziz müəllimə təqdim etmişlər. Əziz müəllim müvafiq sənədləri aparıb, dediyinə görə, borc sahiblərinə imzalatdırıb, MMC-yə təqdim etmişdir. Lakin xx.xx.2017-ci il tarixdə Əziz müəllim bir daha gələrək maliyyə arayışı olmadığı üçün oğlundan Bakı Şəhər Prokurorluğuna şikayət edildiyini bildirərək bir daha pulu vəziyyətdən çıxan kimi ödəyəcəyinə söz verərək maliyyə arayışı verilməsini xahiş etmişdir. Lakin Əziz müəllimin oğlu mərhum Elvin təzyiqlərə dözməyərək özünü asaraq intihar etmişdir. Bundan sonra dəfələrlə cavabdehə müraciət edərək mənzilin pulunun ödənilmədiyini və belə davam edəcəyi təqdirdə müqaviləni ləğv edəcəyini bildirsələr də, bu günə qədər cavabdehdən hər hansı bir cavab ala bilməmişlər. Cavabdehlə aralarında bağlanmış xx.xx.2016-cı il tarixli müqaviləyə məhz yuxarıda qeyd olunmuş səbəblərdən xx.xx.2017-ci il tarixdə maliyyə arayışı verilmişdir. Müqaviləyə əsasən 96.000 manat vəsait MMC-nin xəzinəsinə daxil olmadığına görə maliyyə arayışı yarımçıq qalmaqla mühasib tərəfindən imzalanmamışdır. Hesab edirlər ki, maliyyə arayışı yarımçıq olmaqla bərabər həm də etibarsızdır. 96.000 manat vəsaitin MMC-nin xəzinəsinə mədaxil olmadığı hər iki tərəfə ilk andan məlum olmuşdur. Müqavilə üzrə tərəf olaraq üzərilərinə düşən öhdəliyi yerinə yetirməyə, yəni mənzili cavabdehə təhvil verməyə bu gün də hazırlar. Həmin vəsait MMC-yə ödənilməyəcəyi halda cav abdehin öhdəliklərinə xitam verilməli və müqavilə ləğv edilməlidir. Yuxarıda qeyd etdikləri hal üzrə Bakı Şəhəri Nərimanov Rayon Prokurorluğunda 2018-ci ildə tarixdə cinayət işi açılmış və işin bütün halları öz hüquqi təsdiqini tapmışdır. Beləliklə, cavabdeh tərəfindən müqavilə üzrə qeyd edilən 60 kv.m-dən ibarət 1 otaqlı mənzilin haqqı MMC-yə ödənilmədiyinə və maliyyə arayışı tam imzalanmadığına görə etibarsız hesab edilməli və müqavilə üzrə tərəflər arasında olan öhdəliklərə xitam verilməlidir.
7. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi, mübahisəli mənzilin onun istifadəsinə verilməsi vəzifəsinin MMC-yə həvalə edilməsi və həmin mənzildən onun istifadə hüquqlarının həyata keçirilməsində müdaxilə və maneçilik hərəkətlərinin MMC-yə qadağ an edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
8. Cavabdeh tələbini onunla əsaslandırmışdır ki, onunla MMC arasında bağlanmış müqavilə imzalanan zaman mənzilin dəyəri tam ödənilmişdir və bu halı MMC-nin rəhbərliyi öz imzası ilə təsdiqləsə də, mənzilin dəyərinin ödənilməsinə dair mədaxil qəbzi və müvafiq maliyyə arayışı ona verilməmişdir. Bunu MMC-nin rəhbərliyi həmin zaman cəmiyyətin mühasibinin ofisdə olmaması ilə əlaqələndirmişdir. Uzun sürən tələblərindən sonra xx.xx.2017-ci il tarixdə maliyyə arayışı cəmiyyətin rəhbərliyi tərəfindən ona təqdim olunsa da, aralarında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilədən irəli gələn öhdəliklər iddiaçı tərəfindən 4 ildən çox vaxtdır ki, icra olunmur və bununla da, MMC aldığı mənzilə yaranmış sahiblik və istifadə hüquqlarından onu fak tiki məhrum etmişdir.
9. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, onun MMC-nin direktoru Vəli Babayevlə aralarında dostluq münasibətləri olmuşdur. Ümumiyyətlə, Cavabdeh adlı şəxsi tanımır. Vəli Babayevdən borc məqsədilə ev almış, lakin borcunu ödəməmişdir. X9 150.000 manat borcu qalmışdır.
10. Şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, MMC-də mühasib vəzifəsində işləyir. Maliyyə arayışına əsasən pul tam ödənilmədiyi halda o, imza çəkmir. Əgər o, maliyyə arayışına imza çəkməmişdirsə, deməli pul xəzinəyə daxil edilməmiş və dövlət vergisi də ödənilməmişdir.
11. Şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, MMC- nin direktoru Vəli Babayevi 30 ildən çoxdur ki, tanıyır. O, MMC-də icraçı vəzifəsində işləyir. Mənzilin satış proseduru belədir ki, müştəri gəlir, ofisə yaxınlaşır, ev almaq istədiyini bildirir. Həmin şəxsi Vəli müəllimə yönəldirlər. Satış işi ilə məşğul olan məhz Vəli müəllimdir. Vəli müəllim daha sonra ona zəng edir və müştərini mənzillərlə o, tanış edir. O, gələn müştərilərin hamısını tanıyır. Nüşabə adlı xanımı ümumiyyətlə görməmiş və tanımır. Sözügedən mənzil Sabit Orucov küçəsi Natiq Əliyev kəsişməsində yerləşir.103 nömrəli mənzilə dair açarı ondan istəyib tanış olmaq istəyən olmayıb. Həmin evdə heç kim yaşamır və təmir işləri getməyib.
12. Məhkəmədə tədqiq edilmiş, MMC tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubda xx.xx.2016-cı il tarixli müqavilə üzrə 96.000 manatın şirkətə ödənilməli olması, həmin məbləğ ödənilmədiyi halda isə, xx.xx.2016-cı il tarixli alqısatqı müqaviləsinin e tibarsız hesab olunacağı bildirilmişdir.
13. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-427/2021 nömrəli iş üzrə 09 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakim K.Əmirxanova) ilk iddia təmin edilməmiş, qarşılıqlı iddia təmin edilərək mübahisəli mənzilin cavabdehin istifadəsinə verilməsi vəzifəsi MMC-nin üzərinə qoyulmuş, həmin mənzildən cavabdehin istifadə hüquqlarının həyata keçirilməsinə müdaxilə və maneçilik hərəkətlərinin edilməsi MMC-yə qadağan edilmişdir.
14. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, MMC ilə cavabdeh arasında xx.xx.2016-cı il tarixli müqavilə bağlanılarkən mülki qanunvericiliyin tələblərinə əməl olunmuşdur və həmin əqdin etibarlılığına hər hansı şübhə yoxdur. xx.xx.2016-cı il tarixli müqavilənin nə subyekt t ərkibinin, nə müqavilənin iştirakçılarının iradə ifadəsinin, nə müqavilənin formasının, nə də ki, məzmununun qüsurlu olması müəyyən olunmamışdır. Tərəflər müqaviləni bağlayarkən məqsədləri mənzilin alqı-satqısı olmuş və həqiqi iradələri məhz buna yönəlmişdir.
15. Müqavilə üzrə pulun cavabdeh tərəfindən ödənilməməsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçının bu dəlili əsaslı hesab edilə bilməz. Tərəflər arasında bağlanmış müqavilədə (3.2-ci bəndi), həmçinin sonradan verilən maliyyə arayışında mənzilin dəyərinin cavabdeh tərəfindən tam ödənilməsi qeyd edilmişdir. İddiaçı həm müqavilədə, həm verilmiş maliyyə arayışında mənzilin dəyərinin tam ödənilməsini qeyd etdiyi üçün, o, hazırda müqavilə üzrə pulun ödənilməməsinə istinad edib verilmiş maliyyə arayışının etibarsız hesab edilməsini tələb etməkdə haqlı hesab edilə bilməz.
16. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı tərəfindən müqavilədə nəzərdə tutulmuş mənzil cavabdehə təhvil verilməmişdir. Eyni zamanda, cavabdehə mənzildən istifadə edilməsinə və mənzil üzərində sahibliyin həyata keçirilməsinə maneçilik törədilir.
17. Məhkəmə qeyd etmişdir ki, cavabdeh mənzilin mülkiyyətçisi olmasa da, onun həmin mənzil üzərində sahiblik və istifadə hüquqları var və bu səbəbdən həmin hüquqların həyata keçirilməsinin məhdudlaşdırılması mülki qanunvericiliyin tələblərinə ziddir. Bu səbəbdən, həmin hüquqların MMC tərəfindən pozulmasına son qoyulması tələbi əsaslıdır və ona görə də qarşılıqlı iddia təmin edilməlidir.
18. Məhkəmə cinayət işinin icraatına xitam verilməsinə dair qərara hüquqi qiymət verərək qeyd etmişdir ki, həmin qərarda ilk iddia tələbinin əsaslı olmasını təsdiq edən hər hansı fakt müəyyən edilməmişdir. Digər tərəfdən, həmin qərarda müqavilə üzrə mənzilin dəyərinin tam ödənilib-ödənilməməsi faktı araşdırılmamış və bununla bağlı hər hansı hüquqi fakt müəyyən olunmamışdır.
19. MMC tərəfindən əqdin etibarsızlığı ilə bağlı məhkəmədə iddia bir illik müddət keçdikdən sonra qaldırılmışdır. İddiaçı tərəfindən əqdin etibarsızlığı ilə bağlı tələb 1 il müddət keçdikdən sonra məhkəməyə verildiyindən, həmin tələb məhkəməyə müraciət etmək üçün müddətin keçməsi əsası ilə də təmin edilməməlidir.
20. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152, 157.4, 354, 375.2, 383, 389.1, 390.1, 337.1, 404.1, 421, 527.1, 527.2-ci maddələrinə istinadla əsaslandırmışdır b) Ap ellyasiya instansiyası məhkəməsindəki icraat
21. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermiş, şikayəti belə əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Cavabdeh müqavilə və maliyyə arayışının saxta olması barədə xəbərdar olsa da susmuşdur. İş materiallarında olan Ə.Əliyevin izahatından tam aydın olur ki, cavabdehin adına olan mənzilin satılmasına dair müqavilə məhz onun tərəfindən MMC-nin rəhbəri V.Babayevə təklif olunmuş, V.Babayev bu təklifi qəbul edərək başqa bir əqdi pərdələmək məqsədilə qeyd edilən əqdi imzalamışdır. Əslində, qeyd olunan epizodun əsas mahiyyəti mənzil alqı-satqısı deyil, hansısa borc münasibətində olan öhdəliyi icra etmək məqsədi daşımışdır. Cinayət işi üzrə icraata xitam verilməsi haqqında Nərimanov Rayon Prokurorluğunun xx.xx.2019-cu il tarixli qərarın da qeyd edilən xüsusatlar, V.Babayev və Ə.Əliyevin verdiyi ifadələr iddia ərizəsinin predmeti ilə tam eynilik təşkil etdiyindən, yuxarıda qeyd edilən müqavilənin saxta olması və tərəflərin iradə ifadəsini əks etdirməməsi tam sübut olunur.
22. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-10691/2021 nömrəli iş üzrə 08 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər - Ş.Məmmədova (sədrlik edən və məruzəçi), R.Eyvazov və M.Məmmədov) apellyasiya şikayəti təmin olunmuş, qətnamə ləğv olunmuş, ilk iddia təmin edilmiş, MMC ilə cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilənin əhəmiyyətsiz əqd olmaqla etibarsız sayılması, həmçinin, xx.xx.2017-ci il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, qarşılıqlı iddianı n rədd edilməsi qət olunmuşdur.
23. Apellyasiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, cavabdeh xx.xx.2016-cı il tarixli müqaviləyə və ona verilmiş xx.xx.2017-ci il tarixli maliyyə arayışına istinad edərək mübahisəli mənzilin dəyərinin tam ödədiyini bildirmişdir. Həmin maliyyə arayışı MMC-nin rəhbəri tərəfindən imzalanmış, lakin mühasibi tərəfindən imza edilməmişdir, ödənişə dair kassa-mədaxil qəbzi verilməmişdir. Bundan başqa, iş materiallarında olan MMC ilə cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilənin 3.2-ci bəndində qeyd olunmuşdur ki, mənzilin dəyəri alıcı tərəfindən tam ödənilmişdir. Lakin yuxarıda qeyd edildiyi kimi, mənzilin dəyərinin ödənilməsinə dair maliyyə arayışı təxminən 1 il 8 aydan sonra, yəni xx.xx.2017-ci il tarixdə verilmişdir. Bu ziddiyy əti cavabdeh xx.xx.2016-cı il tarixli müqavilə bağlanarkən mənzilin dəyəri ödənilsə də, həmin vaxt ofisdə mühasibin olmaması ilə izah etmişdir.
24. Apellyasiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilə MMC-nin həqiqi iradə ifadəsini əks etdirmir, Cavabdehin 96.000 manat pulu ödəməsi barədə xx.xx.2017-ci il tarixli maliyyə arayışı verilsə də, əslində mübahisəli mənzilə görə heç bir ödəniş olunmamışdır.
25. Məhkəmə qeyd etmişdir ki, hazırkı iş üzrə mübahisələndirilən müqaviləni tərəflərin imzalaması mübahisə predmeti olmamış, odur ki, mülki iş üzrə iddia tələbinin məhz həmin müqavilənin iddiaçı tərəfindən görünüş üçün bağlandığı, tərəflərin həqiqi hüquqi niyyətlərini əks etdirmədiyi səbəbindən etibarsız sayılması ilə bağlı olması nəzərə alınmalı, əqd iştirakçılarının iradə ifadələrinin həqiqi məzmununa hüquqi qiymət verilməlidir.
26. İddiaçı ilə cavabdeh arasında mənzilə dair bağlanmış xx.xx.2016-cı il tarixli müqavilə icra olunmamışdır.
27. Məhkəmə qarşılıqlı iddia tələbinə hüquqi qiymət verərək hesab etmişdir ki, mübahisəli mənzilə dair bağlanmış müqavilənin əhəmiyyətsiz əqd olması təsdiq olunduğu üçün, cavabdehin qarşılıqlı iddiası əsassızdır və rədd edilməlidir.
28. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticəni Mülki Məcəllənin 337, 354-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 78.1, 80, 81, 82.4, 217.4, 384.0.2-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarına istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
29. Cavabdeh kasasiya şikayəti verərək qətnamənin ləğv olunması, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
30. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsində müqavilənin görünüş üçün bağlanması barədə nə dəlillər, nə də əsaslar olmadığı halda, apellyasiya məhkəməsi irəli sürülmüş iddia tələbinə bu qaydada yanaşmış və hüquqi qiymət vermişdir. Bu isə, kobud prosessual pozuntu hesab edilməlidir. Buna görə də, apellyasiya məhkəməsinin qənaəti tələbdən kənara çıxma kimi qiymətləndirilm əlidir. Apellyasiya məhkəməsi müqavilə iştirakçıları arasında olan hüquq münasibətlərini və əqdin etibarlı olub-olmamasını tərəflərin bir-birinə qarşı olan münasibətlərinə uyğun hüquqi qiymətləndirməli idi. Eyni zamanda, məhkəmə iddiaçının cavabdeh tərəfindən aldadılıbaldadılmamasını və müqavilə üzrə pulun ödənilib-ödənilməməsini yoxlamalı idi. Lakin apellyasiya məhkəməsi bunların heç birini qiymətləndirməmiş və yoxlamamışdır. Kassasiya şikayətində Mülki Məcəllənin 337-340-cı, MPM-in 2.2, 14.1, 53, 218.3, 372.4, 418.1-ci maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
32. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibars ız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
33. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
34. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
35. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
36. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli s ürülə bilər.
37. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
38. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Prosessual Məcəllə
39. Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda m əhkəmədə iş başlanılır.
40. Maddə
53. İddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır (iddia ərizəsinin verildiyi dövrdə qüvvədə olmuş redaksiyada).
41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
43. Maddə 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür.
44. Maddə 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə g örə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə.
45. Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə.
46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
47. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillə rindən asılı olmayaraq yoxlanılmalıdır.
48. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
49. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
50. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxla maq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
51. Hazırkı kassasiya şikayəti əsasında apellyasiya instansiyası məhkəməsi aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
52. Baxılan iş üzrə ilkin iddia tələbi iki hissədən ibarətdir: MMC ilə cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi və tərəflər arasında olan öhdəliklərə xitam verilməklə xx.xx.2016-cı il tarixli müqavilənin ləğv edilməsi.
53. İlkin iddia tələbinin birinci hissəsi ilə bağlı qeyd olunmalıdır ki, M PM-in 5.1 və 151.1-ci maddələrinə əsasən məhkəmədə mülki işlərə hər hansı şəxsin hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün müraciət edildikdə başlanılır.
54. Bu baxımdan şəxs istənilən sənədin deyil, məhz onun hüquqlarına və ya qanunla qorunan mənafeyinə təsir edən, özü-özlüyündə hüquqi nəticələrə səbəb olan sənədin etibarsızlığı barədə iddia qaldırdıqda həmin iddia mümkün hesab edilə və məhkəmədə baxıla bilər.
55. Baxılan iş üzrə ilkin iddia ərizəsində iddiaçı özü tərəfindən təqdim edilmiş və maliyyə sənədi olan maliyyə arayışının etibarsız hesab olunmasını xahiş etmişdir. Həmin sənəd əslində hazırkı mübahisənin həlli üzrə sübutlardan biri olmaqla özü-özlüyündə (baxılan iş üzrə məhkəmənin qiymətləndirməsindən kənar) hüquqi nəticələr doğurmur.
56. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə tərəflərin öz tələblərini və ya etirazlarını təsdiq edən sübutlar qismində istinad etdiyi istənilən sənədin, o cümlədən özü- özlüyündə hüquqi nəticələrə səbəb olmayan, şəxsin hüquqlarına və ya qanunla qorunan mənafelərinə təsir etməyən (ziyan vurmayan) sənədin etibarsızlığı barədə tələb müstəqil iddianın predmeti ola və məhkəmədə baxılmalı ayrıca tələb kimi qəbul edilə bilməz.
57. Tərəflər həmin sənədləri öz tələblərini və ya etirazlarını təsdiq edən sübutlar kimi məhkəməyə təqdim etməli və məhkəmə həmin sübutları, yolverilənliyi, mümkünlüyü, aidiyyəti, mötəbərliyi və yetərliyi baxımından qiymətləndirməlidir.
58. Belə iddia ərizələrinin icraata qəbulundan iddianın yolverilməzliyinə görə MPM-in 153.2.1-ci maddəsinə əsasən imtina edilməli, əgər iddia artı q icraata qəbul edilibsə iş üzrə icraata həmin hissədə MPM-in 261.0.1-ci maddəsinə əsasən xitam verilməlidir.
59. Buna baxmayaraq işə baxmış məhkəmələr yolverilməz iddia tələbini icraata qəbul edərək, həmin tələbə mahiyyəti üzrə baxmaqla yuxarıda sadalanan prosessual hüquq normalarının tələblərini pozmuş və bu hal düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
60. İlkin iddia tələbinin ikinci hissəsi tərəflərin bağladığı müqavilənin ləğvi ilə bağlıdır. İddiaçı həmin tələbini onunla əsaslandırır ki, cavabdeh müqavilə üzrə pul ödəmək öhdəliyini yerinə yetirməmişdir. İddiaçı, həmçinin bildirir ki, cavabdeh bu gün də pul ödəməklə bağlı müqavilə öhdəliyini icra edərsə müqavilənin predmeti olan mənzili cavabdehə verməyə hazırdır.
61. Apellyasiya instansiyası məhkəməsi iddianı həmi n hissədə əsaslı hesab edərək təmin etmiş və müqaviləni etibarsız hesab etmişdir.
62. Nəzərə alınmalıdır ki, müqavilələrin ləğvi və etibarsızlığı mülki qanunvericilikdə ayrı-ayrı institutlar kimi müəyyən edilib. Bu tələblərin hər ikisi bağlanmış əqdin qüvvədən salınmasına yönəlsə də, əqd barəsində mübahisə etmək hüququna malik subyektlərin dairəsi, mübahisə etmə əsasları və qaydası, əqdin qüvvədən düşməsinin hüquqi nəticələri baxımından qeyd olunan institutlar biri-birindən ciddi fərqlənir.
63. Mülki qanunvericilik müqavilənin ləğvinin məhkəməyədək xüsusi qaydasını müəyyən etdiyi halda əqdlərin etibarsızlığı ilə bağlı belə məcburi qayda müəyyən edilməmişdir.
64. Əgər müqavilənin ləğvi mübahisənin hallarından asılı olaraq əsasən müqavilənin ləğvinədək yaranmış hüquq və vəzifələri aradan qal dırmırsa, barəsində mübahisə edilən etibarsız əqd bağlandığı andan etibarsız hesab olunur və onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur.
65. Baxılan iş üzrə ilkin iddia tələbinin ikinci hissəsində iddiaçı cavabdehlə aralarında bağlanmış müqavilənin məhz cavabdeh tərəfindən öhdəliyin icra edilmədiyi əsası ilə ləğvini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi isə mülki qanunvericiliyin etibarsızlıqla bağlı normalarına istinadla müqaviləni etibarsız hesab etmişdir.
66. Yuxarıda da qeyd olunduğu kimi müqavilənin ləğvi və etibarsızlığı ayrı-ayrı institutlar olduğundan, həmin iddiaların əsasları və təmin olunmasının hüquqi nəticələri fərqli olduğundan işə baxan apellyasiya instansiyası məhkəməsinin müqavilənin ləğvi tələbi əsasında onu etibarsı z hesab etməsi maddi hüquq normalarının pozuntusunu təşkil edir.
67. Qeyd olunanlarla yanaşı nəzərə alınmalıdır ki, müqavilənin ləğvi üçün qanunvericilikdə müəyyən edilmiş əsaslardan çıxış edərək həmin əqdin ləğvi tələbini irəli sürmüş tərəfin sonradan şifahi izahatlarında və apellyasiya şikayətində öz tələbini əsaslandırmaq üçün, həmçinin müqavilənin etibarsızlığı əsaslarına istinad etməsi də irəli sürülmüş iddianın müqavilənin etibarsız hesab edilməsi şəkilində təmin olunmasına əsas vermir.
68. Çünki MPM-in 53-cü maddəsinin iddia ərizəsinin verildiyi dövrdə qüvvədə olmuş redaksiyanı görə iddiaçı iddianın əsasını və ya predmetini məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi və bununla bağlı yazılı ərizə verməklə dəyişə bilərdi. İddiaçı tərəfindən birinci instansiya məhkəməsində işə baxıl arkən belə bir ərizə təqdim edilməmişdir.
69. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalıdır. İşə yenidən baxılarkən bu Qərarın əsaslandırıcı hissəsində istinad olunan maddi və prosessual hüquq normalarının tələblərinə cavab verən məhkəmə aktı qəbul edilməlidir.
70. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin olunsun. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10691/2021 nömrəli iş üzrə 08 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiy