Məhkəmə qərarları › İş №2(102)-3411/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3411/2022

30.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3411/2022 30.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sübutetmə yükü, özgənin qanunsuz sahibliyində olan əşyanın geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Xəlilov İsmayıl Kamil oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “cehiz və hədiyyə verilmiş zinət əşyalarının, şəxsi və uşağa məxsus əşyaların qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(10 3)588/2022 nömrəli, 25 yanvar 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı əvvəlcə iddia ərizəsi, sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin nənəsinin mənzilində saxlanılan və həmin mənzildə faktiki yaşayan cavabdehlərin istifadəsində olan, iddia ərizəsinin təsviri hissəsində qeyd olunan ümumi dəyəri 42.900 (qırx iki min doqquz yüz) manat təşkil edən, iddiaçıya məxsus və ona hədiyyə verilmiş qızıl-zinət əşyalarının cavabdehlərdən alınaraq iddiaçıya qaytarılması, qaytarılması mümkün olmadığı halda, dəyərinin ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İşin mübahisə edilməyən hallarına görə, İddiaçı ilə (bundan sonra – iddiaçı) Cavabdeh2 (bundan sonra – cavabdeh) 23 oktyabr 2014-cü il tarixdə rəsmi nikaha daxil olmuş, xx.xx.2019-cu il tarixli məhkəmə qətnaməsi ilə onlar arasındakı nikah pozulmuşdur.

3. İddiaçı bildirir ki, cavabdehlə 2018-ci ilin oktyabr ayında ailə münasibətləri faktiki pozulan vaxt cavabdehin nənəsinin mənzilindən məcburi çıxarılmış, bu zaman özü ilə heç bir əşyasını götürə bilməmişdir.

4. Cavabdeh etiraz edərək bildirir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi qızıllar iddiaçının özündədir. Belə ki, iddiaçı evdən atasının xəstə olması və ona baxması bəhanəsiylə evdən onun icazəsi ilə getmişdir. Sonradan, iddiaçının atası qızı Ülkərin onun valideynlərindən ayrı evdə yaşamaq istədiyini bildirərək, əgər bu şərtə əməl etməsə, iddiaç ının məndən boşanacağı bildirmişdir. Həmin ərəfədə iddiaçının bacısının uşağı dünyaya gəlmişdir. Ülkər uşağın xəstəxanadan çıxması ilə bağlı qonaqlıq keçiriləcəyini və həmin qonaqlıqda qızıllarını istifadə edə bilməsi üçün qızıllarını ona göndərməyini ondan istəmişdir. O, qızılların şəkillərini çəkib iddiaçıya göndərmiş, iddiaçı isə hansı qızıl lazımdırsa onları seçmişdir. İddiaçı qeyd etdiyi qızılları ümumi qızıl qutusuyla birgə Mətin adlı qohumu vasitəsilə ona göndərmişdir. İddiaçı özünə məxsus olmayan qızılları yenidən Mətinlə ona geri qaytarmışdır. İddiaçı ona irad tutaraq həmin vaxt nişan üzüyünü göndərmədiyini bildirdikdən dərhal sonra nişan üzüyünü də Mətin vasitəsilə iddiaçıya göndərmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

5. Bakı şə həri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2491/2021 nömrəli iş üzrə 01 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakim C.Musayeva) iddia təmin edilməmişdir.

6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının tələb etdiyi qızıl-zinət əşyalarının bir qisminin ona cavabdeh tərəfindən hədiyyə verilməsi, bir qisminin isə nikaha daxil olmamışdan əvvəl özünə məxsus olması, yəni iddiaçının həmin əşyaların mülkiyyətçisi olması işin mübahisələndirilməyən halıdır. Mübahisələndirilən hal cavabdeh tərəfindən həmin əşyaların üzərində iddiaçının faktiki sahiblikdən məhrum edilibedilməməsi və cavabdehin həmin əşyalara faktiki sahiblik edib-etməməsidir.

7. Məhkəmə qeyd etmişdir ki, mübahisələndirilən hal üzrə sübut etmə yükünü iddiaçı daşıyır. İddiaçı sübut etməlidir ki, o, cavabdehlərin qanunsuz hərəkətl əri nəticəsində mülkiyyət hüququ ilə ona mənsub olan əşyalardan məhrum olmuş və həmin əşyalar məhz cavabdehin faktiki sahibliyindədir. Bu hallar sübut edildiyi təqdirdə sübut etmə vəzifəsi (əşyaların iddiaçıya qaytarılması üzrə) mülkiyyətçinin xeyrinə cavabdehə keçəcəkdir. İddiaçı öz tələbini sübut etmək üçün bir sıra fotoşəkilləri və “WhatsApp” yazışmaları təqdim etmişdir. Belə ki, təqdim edilən fotoşəkillərdə qızıl-zinət əşyalarının iddiaçının üzərində və mücrüdə olduğu aydındır. Lakin, bu şəkillər həmin əşyaların iddiaçıdan alındığını və cavabdehdə olduğunu sübut etmir. “WhatsApp” yazışmalarına əsasən isə iddiaçının öz əşyalarının qaytarılmasını xahiş etdiyi, cavabdehin isə bu əşyaları artıq göndərdiyinə dair məlumat verdiyi müəyyən edilmişdir.

8. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, işə baxılan zaman məhkəmə tərəfindən iddiaçının cavabdehlər Cavabdeh3 və Cavabdeh4 münasibətdə məhkəmədə irəli sürdüyü iddia tələbləri üzrə cavabdehlik daşımadığı müəyyən edilmişdir. Belə ki, onlar mübahisəli əmlakın qanunsuz olaraq saxlanması güman edilən mənzilin mülkiyyətçiləri deyillər. Cavabdeh3 və Cavabdeh4 göstərilən mənzildə qeydiyyatda olması isə mübahisəli qızılzinət əşyalarının onların qanunsuz istifadəsində və sahibliyində olmasına dəlalət etmir. Beləliklə, Cavabdeh3 və Cavabdeh4 hazırkı iş üzrə cavabdeh qismində cəlb edilməsinə əsas olmadığından iddia onlara münasibətdə bu səbəbdən rədd edilməlidir.

9. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 157.2, eləcə də, Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instan siyası məhkəməsindəki icraat

10. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-588/2022 nömrəli mülki iş üzrə 25 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Q.Əsgərov (sədrlik edən və məruzəçi), A.İmanov və V.Sadıqov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi iş üzrə sübuta yetirilməli olan hallarla bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən məlumat və sübutları lazımi şəkildə araşd ırmaqla, onlara hüquqi qiymət verməklə, iddia tələbinin rədd edilməsi barədə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

13. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

14. Kassator şikayətini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi sübutetmə yükünün iddiaçıya məxsus olması qənaətinə gəlməklə yanlış nəticəyə gəlmişdir. Belə ki, cavabdehlər iddiaçının evi tərk edərkən mübahisəli qızıl-zinət əşyalarını aparmasını qeyd etsələr də, həmin əşyaların qaytarılmasına dair məhkəməyə hər hansı sübut təqdim etməmişlər. b) Kassasiya şikayətinə qarşı etir azın dəlilləri

15. Cavabdehin vəkili Vəkil2 kassasiya şikayətinə qarşı yazılı etiraz göndərərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

16. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

17. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu va xtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.

18. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.

19. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

22. Maddə 76.2. Bu məlumatl ar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

26. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmaması na, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

27. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

28. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

29. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası mə hkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

30. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

31. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri

32. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

33. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyinə görə məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

35. Belə ki, apellyasiya insansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır.

36. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 157.2-ci maddəsini nəzərdən keçirsə də, həmin normanın dispozisiya şərtlərini işin halları baxımından düzgün qiymətləndirməmişdir.

37. Mülkiyyətin müdafiəsini təmin edən həmin normanın mənasından aydın olur ki, iddiaçının həmin tələblə çıxış edə bilməsi üçün üç şərtin gerçəkləşməsi zəruridir: iddiaçının əşyanın mülkiyyətçisi olması, əşyanın cavabdehin sahibliyində olması, cavabdehin əşyaya sahibliyinin qa nunsuz olması.

38. Hazırkı iş üzrə cavabdeh birinci instansiya məhkəməsində verdiyi izahatında göstərmişdir ki, iddiaçının evdən getdiyi ərəfədə bacısının uşağı dünyaya gəlmişdir. İddiaçı uşağın xəstəxanadan çıxması ilə bağlı qonaqlıq keçiriləcəyini və həmin qonaqlıqda qızıllarını istifadə edə bilməsi üçün qızıllarını ona göndərməyini ondan istəmişdir. O, qızılların şəkillərini çəkib iddiaçıya göndərmiş, iddiaçı isə hansı qızıl lazımdırsa onları seçmişdir. İddiaçı qeyd etdiyi qızılları ümumi qızıl qutusuyla birgə Mətin adlı qohumu vasitəsilə ona göndərmişdir. İddiaçı özünə məxsus olmayan qızılları yenidən Mətinlə ona geri qaytarmışdır. İddiaçı ona irad tutaraq həmin vaxt nişan üzüyünü göndərmədiyini bildirdikdən dərhal sonra nişan üzüyünü də Mətin vasitəsilə iddiaçıya göndərmişdir (cild 1, səh. 196).

39. Göründüyü kimi, cavabdeh öz izahatı ilə iddiaçının evdən gedərkən qızıl-zinət əşyalarını götürmədiyini, həmin əşyaların onda qalmasını etiraf etmişdir.

40. Lakin, məhkəmələr sübutların araşdırılmasından irəli gələn həqiqətin müəyyən edilməsi üçün cavabdehin izahatında bildirdiyi Mətin adlı şəxsi şahid qismində məhkəməyə çağırılmasının bunu iddia edən şəxsə yəni cavabdehə təklif etməmiş, nəticədə Mətin adlı şəxsi şahid qismində dindirməmiş və eyni zamanda, sübutetmə yükünün iddiaçının üzərinə düşməsi barədə ziddiyyətli nəticəyə gəlmişdir.

41. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

42. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının tələb etdiyi əşyaların mülkiyyətçisi olması işin mübahisəsiz halıdır. Belə ki, həmin hal cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Həmçinin, cavabdeh öz izahatı ilə iddiaçı evi tərk etdikdən sonra sonuncuya məxsus qızıl-zinət əşyalarının onda qalmasını etiraf etmişdir.

43. Məlum olduğu kimi, mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur.

44. Məhkəmə kollegiyası bildirir ki, məhkəmə hansı halların sübuta yetirilməli olduğunu təsbit etdikdən sonra həmin halların sübut edilməsi yükünün kimin üzərinə düşdüyünü müəyyən etməlidir.

45. Hazırkı iş üzrə iddiaçı qızıl-zinət əşyalarını evi tərk edərkən götürmədiyini, cavabdeh isə qızıl-zinət əşyalarını iddiaçının evi tərk etməsindən sonra ona göndərdiyini bildirdiyinə görə həmin əşyaların həqiqətən iddiaçıya qaytarılması halını sübutetmə yükü cavabdehin üzərinə düşür.

46. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iddianın qanuni əsasını təşkil edən normanın dispozisiya şərtləri üzrə sübuta yetirilməli olan hallarla bağlı sübutetmə yükünü tərəflər arasında düzgün bölüşdürməmiş, işdəki sübutları düzgün qiymətləndirməmiş, aidiyyəti maddi hüquq normasını tətbiq etməmiş, qətnaməni iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışdır. Bununla da, qanuni və əsaslı olmayan qətnamə çıxarılmışdır. 47. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraa tı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdikləri sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.

49. Ona görə də, kassasiya kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, işə yenidən baxılarkən apellyasiya instansiyası məhkəmə, hazırkı qərarda şərh edilən göstərişlərə uyğun olaraq Mətin adlı şəxsi şahid qismində dindirməklə və irəli sürülən tələbə tərəflərin təqdim e tdikləri sübutlara MPM-nin 88-ci maddəsinə uyğun olaraq qiymət verməklə, mübahisəni həll etməlidir.

50. Göstərilənlərə əsasən və MPM-in 416, 417, 418 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-588/2022 nömrəli, 25 yanvar 2022-ci il tarixli qətnaməsi ləğv olunsun, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar