Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3424/2023 23.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin geri qaytarılması, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X2 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 iyul 2023-cü il tarixli, 2(103)3041/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə, sonradan isə Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, övladı X1 üçün hər ay tutulan qazancının dörddə bir miqdarında olan alimentin dəyişdirilməsi, aliment miqdarının hər ayda onun aylıq qazancının altıda biri miqdarında və ya ayda 220 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 fevral 2023-cü il tarixli, e2(005)-524/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir.
3. İddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etm işdir.
4. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 may 2023-cü il tarixli, 2(103)-3041/2023 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 fevral 2023-cü il tarixli, e-2(005)524/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
5. Qətnamədən iddiaçı kassasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 iyul 2023-cü il tarixli, 2(103)-3041/2023 nömrəli qərardadı ilə (hakim M.Ə.Rüstəmlinin sədrliyi və məruzəsi ilə, hakimlər A.Ə.İsgəndərovun və V.N.Sadıqovun iştirakları ilə) kassasiya şikayəti geri qaytarılmışdır.
6. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1, 408.1.1, 408.3-cü maddələrinə istinad edərək mövqeyini belə əsaslandırm ışdır ki, mülki işlər üzrə mübahisələndirilən hissədə əmlak xarakterli iddianın qiyməti beş min manatdan az olduğu təqdirdə, belə iddialarla bağlı apellyasiya məhkəməsinin qətnaməsi kassasiya məhkəməsinin baxış predmeti ola bilməz. İddiaçı birinci instansiya məhkəməsində işə baxılarkən aylıq gəlirinin 1200 manat təşkil etdiyini bildirmişdir. Həmin məbləğin 1/4 hissəsi 300 manat, 1/6 hissəsi isə 200 manat təşkil edir. Göründüyü kimi, alimentin aylıq qazancın bir hissəsinin tutulması ilə bağlı qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti 1200 manat təşkil edir (300 – 200 = 100 manat; 100 manat x 12 ay = 1200 manat). Alimentin aylıq 220 manat sabit pul məbləğində tutulması ilə bağlı qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti isə 960 manat (300 – 220 = 80 manat; 80 manat x 12 ay = 960 manat) təşkil edir. Qeyd olunan məbləğlər isə beş min manatdan azdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
7. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 iyul 2023-cü il tarixli, 2(103)-3041/2023 nömrəli qərardadının ləğv edilməsi, həmin məhkəmənin qətnaməsindən kassasiya şikayətinin mümkün sayılaraq, baxılması üçün Ali Məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 402.1, 408.1-ci maddələri pozulmuşdur. Belə ki, iddiaçıdan əvvəl tutulmuş aliment sabit pul məbləğində deyil, gəlirin hissəsindədir. Baxılan iddia tələblərində də alimentin gəlirin bir hissəsi formasında t utulması xahiş edilir. Yəni tələb qiymətləndirilə bilinmir. Məhkəmənin hesablama zamanı iddiaçının keçmiş müddət üçün təxmini bildirdiyi aylıq orta gəlirin miqdarına istinad etməsi doğru deyil. Çünki: 1) bu məbləğ təxminidir, 2) iddiaçının gəliri məhkəmənin özünün də qeyd etdiyi kimi qeyri-müntəzəmdir və əhəmiyyətli şəkildə dəyişir, 3) iddia keçmiş deyil, gələcək alimentlə bağlıdır. İddiaçının gələcək gəliri qeyri-müəyyən olduğuna görə onun miqdarının əvvəlcədən müəyyən edilməsi, yəni bu ehtimalla kassasiya şikayətinin verilə bilməməsi nəticəsinə gəlinməsi yanlışdır.
9. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
10. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq:
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.4-cü maddəsinə əsasən iddianın qiyməti iddiaçı tərəfindən göstərilir. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tər əfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, kassasiya şikayəti qaytarılır. 409-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxl ayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
12. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşır.
13. Belə ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsində kassasiya şikayətinə baxılmasının mümkünlüyü üçün ilk meyar iddianın qiyməti ilə bağlıdır. 14. “İddianın qiyməti” anlayışı qanunvericilikdə açıqlanmas a da, Mülki Prosessual Məcəllənin 112.1-ci maddəsində onun müəyyən edilməsi qaydaları öz əksini tapır. Həmin maddədə isə iddianın qiymətinin tələb olunan pulun məbləği, əmlakın dəyəri, ödəmələrin məcmusu ilə müəyyən olunması qeyd olunmuşdur. O cümlədən, MPM-in 112.1.3 və 112.1.6-cı maddələrində iddianın qiymətinin alimentin alınması haqqında iddialarda bir il ərzində ödəmənin məcmusu, ödəmənin azaldılması haqqındakı iddialarda - ödəmənin azaldıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə hesablanması müəyyən olunmuşdur.
15. Göründüyü kimi, mülki prosessual qanunvericiliyi ilə aliment, habelə alimentin azaldılması tələblərinin qiymətləndirilən iddialar olması təsbit olunmuşdur.
16. Nəzərə alınmalıdır ki, alimentin məbləğinin (ya da ki, ödəmənin azaldılması tələb olunan məbləğin ) iddia verilən və işə baxılan vaxtı konkret müəyyən etmək mümkün olmaması həmin tələbin qiymətləndirilməyən iddia olması anlamına gəlmir. Belə ki, hər bir halda, iddia maddi vəsaitin əldə edilməsinə (ödəməkdən azad olunmasına) yönəldilir. Bu halda isə MPM-in 112.4-cü maddəsinə əsasən iddianın qiymətinin göstərilməsi vəzifəsi iddiaçının üzərinə düşür.
17. Hazırki halda, iddiaçı iddiasının kassasiya qaydasında baxılmasını tələb etsə də, iddianın Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsində nəzərdə tutulmuş məbləğdən yuxarı olmasını sübut etməlidir.
18. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının tələbinin qanunla müəyyən olunmuş məbləğdən aşağı olması əsaslandırılmış və müəyyən edilmiş (bax bənd 6), iddiaçı isə buna qarşı hər hansı sübut verməmişdir.
19. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayətinin geri qaytarılmasına dair apellyasiya məhkəməsinin qərardadı qanuni və əsaslı olmuşdur. Kassasiya şikayətində göstərilən dəlillər apellyasiya məhkəməsinin qərardadının ləğvi üçün əsas ola bilməz. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır.
20. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 iyul 2023-cü il tarixli, 2(103)3041/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.