Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-364/2022 10.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı X1 Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: birgə nikah dövründə əldə edilmiş əmlaka payın müəyyən edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-5427/2021 nömrəli iş üzrə 10 avqust 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 10 yanvar 2022-ci il tarixdə Ali M əhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı X4 ilə Cavabdeh arasında 2 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsində 27 avqust 2014-cü il tarixdə nikah bağlanmışdır. Birgə münasibətdən 01 may 2014-cü il təvəllüdlü X2 və 04 may 2018-ci il təvəllüdlü X5 anadan olmuşdur. Tərəflərin arasındakı nikah məhkəmə qətnaməsi ilə pozulmuşdur. “Kia Optima” markalı **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəflərin birgə nikah dövründə əldə edilmiş və 20 fevral 2020-ci il tarixli nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsi əsasında cavabdeh tərəfindən iddiaçının razılığı olmadan 18300 manata üçüncü şəxsin xeyrinə özgəninkiləşdirilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli 2(011)-2710/2020 saylı qətnaməsi ilə “Kia Optima” minik markalı, **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh ilə X3 arasında 20 fevral 2020-ci il tarixdə bağlanmış nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. Avtomobilin alğı-satqısı zamanı üçüncü şəxs avtomobilin əldə edilməsində vicdanlı alıcı olduğu üçün müqavilə məhkəmənin qətnaməsi ilə etibarsız hesab edilsə də, avtomobil üçüncü şəxsin mülkiyyətində saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin mülkiyyətində olmuş “Kia Optima” markalı, **-HP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin satılması nəticəsində əldə edilmiş ümumilikdə 18300 manat pul vəsaiti üzərində onun ½ hissəsinə payının müəyyən olunaraq, 9150 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli avtomobil onların birgə nikahı dövründə əldə edilmiş, cavabdeh avtomobili özgəninkiləşdirərkən onun razılığı alınmamışdır. İddiaçı hesab edir ki, avtomobil onların birgə nikahı dövründə əldə edildiyindən onun satışından əldə edilmiş pul vəsaiti də birgə mülkiyyətdir, həmin pulun yarısı ona verilməlidir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Aygün Həsənova) 18 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddianın hüquqi əsasını təşkil edən hal tərəflərin birrgə nikah dövründə əldə etdikləri əmlakın satışından əldə olunmuş vəsaitin bölünməsidi r. İddiaçı mübahisələndirdiyi əmlakın birgə nikah dövründə əldə edilməsini və üçüncü şəxsin xeyrinə özgəninkiləşdirilməsinin iddiaçının xəbəri olmadan həyata keçirildiyini, buna görə də həmin alğı-satqı müqaviləsinə əsasən əldə olunmuş vəsaitin ½ hissəsinə hüququnun tanınmasını tələb etmişdir. Məhkəmə qeyd etmişdir ki, “Kia Optima” minik markalı, **-HP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi birgə nikah dövründə birgə vəsait hesabına əldə olunmuşdur, onun satılmasından əldə olunan pul vəsaiti də tərəflər arasında bərabər şəkildə bölünməlidir. Məhkəmə cavabdehin pul məbləğini iddiaçıya verməsinə dair dəlilinə qiymət verərək qeyd etmişdir ki, məhkəmə iclasında iştirak edən cavabdeh öz izahatında qarşı tərəfə 8000 manat pul ödədiyini, iddiaçının pulu ondan aldığını bildirsə də, bu hal ı təsdiq edəcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmiş, məhkəmə tərəfindən bu hal aşkarlanmamışdır. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh qeyd edilən avtomobilin satışından əldə olunmuş puldan iddiaçıya 8000 manat pul ödəmiş, iddiaçı isə həmin pulu götürərək Rusiyaya getmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Emin Mehdiyev - sədrlik edən və məruzəçi, Xəyal Sarıyev, Namiq Cəfərov) 10 avqust 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi qeyd et mişdir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, cavabdeh apellyasiya şikayətində iddiaçıya 8000 manat pul verdiyini təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Həmin halın sübuta yetirilmədiyi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş avtomobilin alqı-satqısı müqaviləsinin etibarsız hesab edilməsinə dair 30 oktyabr 2020-ci il tarixli 2(011)-2710/2020 saylı qətnaməsində də öz əksini tapmışdır. Beləliklə, “Kia Optima” minik markalı, **-HP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi birgə nikah dövründə birgə vəsait hesabına əldə olunduğu üçün onun satılmasından əldə olunan pul vəsaiti üzərində tərəflərin bərabər payları müəyyən edilməli, həmin pulun yarısı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Əsasları apellyasiya şikayətinin əsasları ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəm ə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) mü əyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qətnamədən kassasiya şikayəti verən cavabdeh qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 225.1. Ərlə-arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Maddə 36.1. Ər-arvadın ümumi əmlakının bölünm əsi, nikah dövründə, eləcədə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən edilməsi məhkəmə qaydasında həyata keçirilir Maddə
37. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyi nə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əs as yoxdur. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM -nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-5427/2021 nömrəli iş üzrə 10 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.