Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3719/2020 21.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xxxx saylı qətnaməsindən İddiaçı kasasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xxxx saylı qətnaməsi ilə (sədrlik edən, hakim R.Ə.Səmədov) İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “əmlakların bərpa edilməsi və ya ə vəzinin ödənilməsi” barədə iddiası rədd edilib. İddiaçı qətnamədən apelyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 fevral 2020-ci il tarixli, 2(103)606/2020 saylı qətnaməsi ilə (hakimlər V.N.Sadıqov sədrlik edən, məruzəçi, A.Q.Hüseynov və A.N.İmanov) apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. İddiaçı qətnamədən kasasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdeh təşkilata qarşı iddia qaldıraraq, BA 502228, AS 006506 və AS 006507 saylı 30 iyun 2015-ci il tarixli sığorta müqavilələrində qeyd olunan əmlakların eyni vəziyyətdə bərpa edilib ona təhvil verilməsi və ya onların əvəzinin ödənilməsi barədə qətnamə qəbul edilməsini x ahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kasasiya şikayəti onunla əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunub. Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ İddiaçı, vəkili xx və cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti məhkəmə iclasının vaxtı və yeri haqqın da lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kasasiya instansiyası məhkəməsi məruzəçini dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kasasiya şikayəti təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apelyasiya şikayətini təmin edilmədən saxlayarkən, iddianın əsassız olmasına, iddianı rədd etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad edib və hüquqi mövqeyini Azərbaycan Respublikası MPM-nin 82.3, 233.3-cü maddələrinin tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, işdə, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, hazırda iddiaçı iddia edir ki, qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsi Mü lki Kollegiyasının 19 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 aprel 2016-ci il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməklə, İddiaçı ilk iddiası rədd, Dövlət Sığorta Kommersiya Şirkətinin qarşılıqlı iddiası təmin olunaraq, tərəflər arasında bağlanmış BA 502228, AS 006506 və AS 006507 saylı 30 iyun 2015-ci il tarixli sığorta müqavilələrinin etibarsız hesab edilməsi qət edilib. Sonradan həmin işə kasasiya qaydasında baxılaraq qətnamə dəyişdirilmədən saxlanılıb. Sözügedən məhkəmə aktları ilə müəyyən olunub ki, “həm sığortalının, həm də sığortaçı şirkətin əməkdaşlarının əməllərində pozuntularının olması mübahisəsizdir və bu barədə istintaq orqanının müvafiq qərarı” vardır. Belə ki, Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən aparılmış daxili audit yoxlaması zamanı İddiaçı iddia etdiyi avadanlıqların həqiqi dəyərini əks etdirən sənədləri araşdırmadan sığorta müqaviləsi bağladığına görə, Şirkətin Gədəbəy filialının direktoru X1 Məcəlləsinin 186-ci maddəsinin “b” bəndinə əsasən “şiddətli töhmət” verilib, eyni zamanda filialın baş mühasibi Z.Məmmədovaya “xxxx” edilmişdir. Yuxarıda qeyd olunanlar Dövlət Sığorta Kommersiya Şirkətinin işçisi tərəfindən bir sıra mülki qanunvericilik normalarının onun qanunla qorunan hüquqlarının pozulmasını təsdiq edir və törədilmiş bu mülki hüquq pozuntusu (delikt) nəticəsində ona ziyan və zərər vurmuşlar. Dövlət Sığorta Kommersiya Şirkətinin Gədəbəy filialının direktoru Fəxrəddin İbrahimov və filialın baş mühasibi Z.Məmmədova Azərbaycan Respublikası Mülki Məcəlləsinin 914.1 və 914. 2-ci maddələri və “İcbari sığortalar haqqında” Qanunun 23.1.1 və 23.1.2-ci maddələri ilə müəyyən olunmuş vəzifələrini icra edərkən əmək funksiyasını tam və ya qismən yerinə yetirmiş, keyfiyyətsiz yerinə yetirmiş və nəticədə müəyyən olunmuş qaydalara və vəzifələrinə tam əməl etməməklə cinayət və mülki qanunvericilik normalarını pozmuşlar. Dövlət Sığorta Kommersiya Şirkətinin işçiləri tərəfindən əmək və icra intizamının pozulmasına görə, Əmək Məcəlləsinin 186-ci maddəsinə əsaslanaraq işçilərinə intizam tənbehi vermişdir. Sığortalı olaraq o, əmin idi ki, Dövlət Sığorta Kommersiya Şirkətində işin təşkili, əmək və icra intizamı yüksək səviyyədədir və həmin Şirkətlə bağladığı müqavilələr onu tam sığortalayır. Lakin, Dövlət Sığorta Kommersiya Şirkətinin işçiləri tərəfindən vəzifə borclarının tam icra edilməməsi məhkəmə prosesində fakt kimi müəyyən edilib və nəticədə onunla bağlanmış sığorta müqavilələri etibarsız hesab edilib və o, sığorta hadisəsi nəticəsində sığorta ödənişini almaqdan məhrum olub. Cavabdeh tərəf isə iddia tələbləri ilə razılaşmır və hesab edir ki, iddiaçı ilə bağlanmış sığorta müqavilələri qanıni qüvvəyə minmiş məhkəmə aktları ilə etibarsız sayıldığından, iddiaçıya dəymiş ziyana görə cavabdeh təşkilat mülki hüquqi məsuliyyət daşımır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, işə əlavə edilmiş sübutları, o cümlədən kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlillərini araşdırıb müəyyən etmişdir ki, qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası nın 19 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə Dövlət Sığorta Kommersiya Şirkətinin apelyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 aprel 2016-cı il tarixli qətnaməsi ləğv edilib, iş üzrə yeni qətnamənin qəbul edilərək, İddiaçı ilk iddiası rədd, Dövlət Sığorta Kommersiya Şirkətinin qarşılıqlı iddiası təmin edilərək, tərəflər arasında bağlanmış BA 502228, AS 006506 və AS 006507 saylı 30 iyun 2015-ci il tarixli sığorta müqavilələrinin etibarsız hesab edilməsi qət edilib. Sonradan həmin işə kasasiya qaydasında baxılaraq Ali Məhkəmənin Mülki Kollegiyasının 12 iyul 2017-c il tarixli Qərarı ilə sözügedən qətnamə dəyişdirilmədən saxlanılıb. Apelyasiya instansiyası məhkəməsi qanuni qüvvəyə minmiş sözügedən məhkəmə aktlarına əsaslanaraq qeyd etmişdir ki, tərəflər ara sında sığorta müqavilələrində qeyd olunan əmlakların və ya onlarının əvəzinin ödənilməsi ilə bağlı artıq məhkəmə mübahisəsi olmuş və İddiaçı ilk iddiası rədd, Dövlət Sığorta Kommersiya Şirkətinin qarşılıqlı iddiası təmin edilərək, tərəflər arasında öhdəlik hüquq münasibətlərinin əmələ gəlməsinə əsas olmuş müqavilələr etibarsız sayılmışdır və bununla əlaqədar olaraq artıq qanuni qüvvəyə minmiş məhkəmə aktları mövcuddur. Yəni həmin məhkəmə aktlarında artıq hazırki məhkəmə baxışının predmeti ilə sıx bağlı olan sığorta müqavilələrininin qanuniliyinə hüquqi qiymət verilmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən olunur ki, həm sığortalının, həm də sığortaçı şirkətin əməkdaşlarının əməllərində pozuntuların olması mübahisəsizdir. Eyni zamanda həmin məhkəmə aktlarında qeyd edilmişdir ki, cavabdeh təşkilatın iddiaçıdan aldığı sığorta haqqı elə cavabdeh təşkilatın özü tərəfindən də iddiaçıya geri qaytarıldığından, məhkəmə tərəfindən etibarsız hesab edilmiş əqdlər üzrə etibarsızlığın nəticələrinin tətbiqinə də gərək qalmamışdır. Mövcud mübahisənin həlli və apelyasiya şikayətinin dəlilləri ilə bağlı apelyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası MPM-nin 82.3cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə ki, başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır. Həmin Məcəllənin 233.3-cü ma ddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Eyni zamanda, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləc ə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinin şərh edilməsinə dair 23 fevral 2016-cı il tarixli Qərarı). Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə də preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun “Q.Məmmədova və digərlərinin şikayəti üzrə” 15 iyul 2015ci il tar ixli Qərarı). Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslanlırma ilə razılaşır və hesab edir ki, aşağıdakı maddi hüquq normalarının tələbləri baxımından da kasasiya şikayətinin dəlilləri ilə razılaşmaq olmaz. Belə ki, Mülki Məcəllənin 337.4cü maddəsinin mənasına görə, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bü cür əqd bağlandığı andan etibarsızdır. Eləcə də həmin Məcəllənin 21.1-ci maddəsində göstərilir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. İddiaçı, iddiasında, kasasiya şikayətində cavabdeh təşkilatın təqsiri, törətmiş olduğu mülki hüquq pozuntusu nəticəsində sığorta müqavilələrində göstərilən əmlaklardan məhrum olduğunu və nəticədə ona maddi zərər dəydiyini iddia etsə də, tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPMnin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Bu baxımdan kasasiya inst ansiyası məhkəməsi kasasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara sadalanan maddi və prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kasasiya instansiyası məhkəməsi kasatorun kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apelyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kasasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xxxx saylı qətnaməsi kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3719/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3719/2020
21.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver