Məhkəmə qərarları › İş №2(102)-3723/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3723/2021

26.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3723/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: Sığorta ödənişi 26.08.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2225/2021 nömrəli iş üzrə 17 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 26 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxa raq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarından görünür ki, X markalı ** NP *** dövlət qeydiyyat nişanlı minik avtomobili İddiaçı mülkiyyətindədir.

2. Həmçinin iş materiallarından görünür ki, "xxxx" ASC ilə "xxxx" MMC arasında sığorta müqaviləsi bağlanaraq X markalı ** NP *** dövlət qeydiyyat nişanlı minik avtomobili (faydalanan şəxs İddiaçı) 24.05.2019-cu il tarixdən 24.05.2020-ci il tarixədək 27000 manat məbləğində tam sığortalanmışdır. Sığorta müqaviləsinə əsasən ümumi sığorta haqqı 1026 manat 6 ay ərzində 171 manat ödənilməlidir.

3. Müqavilə üzrə 31.05.2019-cu ildə 171 manat və 30.07.2019-cu ildə 171 manat sığorta ödənişi edilmişdir.

4. Hunday servis tərəfindən tərtib olunmuş 14 noyabr 2019-cu il tarixli qüsur aktından görünür ki, X markalı ** NP *** dövlət qeydiy yat nişanlı minik avtomobilinə 24941 manat ziyan dəymişdir. 5. "xxxx" ASC-nin 26.08.2019-cu il tarixli məktubundan görünür ki, "xxxx" Şirkəti sığorta ödənişinin verilməsindən imtina etmişdir.

6. İmtina onunla əsaslandırılmışdır ki, sığorta müqaviləsi üzrə sığorta haqqı 1026 manat məbləğində müəyyən edilmiş və 171 manat olmaqla 6 hissəyə bölünməklə 29.05.2019-cu ildən başlayaraq növbəti hər ayın 24-ü ödənilməsi razılaşdırılmışdır. Sığorta haqqının ilk hissəsi sığorta müqaviləsinin şərtlərinə müvafiq olaraq ödənilmiş, 2-ci hissə 24.06.2019-cu il tarixində ödənilməli olduğu halda gecikdirilərək 30.07.2019-cu il tarixində ödənilmiş, lakin 3-cü və 4-cü hissələrinin ödəniş tarixləri 24.07.2019 və 24.08.2019-cu il olduğu halda bu günə kimi ödənilməmişdir. 7. “Azərbaycan Respublikası Ədliyyə Nazir liyinin Məhkəmə Ekspertiza Mərkəzinin 29 sentyabr 2020-ci il tarixli ekspert rəyindən görünür ki, 2012-ci il buraxılışlı X markalı ** NP *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin təmir-bərpa xərci köhnəlmə faizi tətbiq edilməklə təxminən 19420 manat müəyyən edilmişdir. 8. "xxxx" ASC-nin "xxxx" MMC ünvanladığı 04.09.2019-cu il tarixli məktubundan görünür ki, xxxx; xxxx; xxxx; xxxx; xxxx; xxxx; xxxx; xxxx; xxxx; xxxxx sığorta müqavilələrinə sığorta haqları razılaşdırılmış qaydada ödənilmədiyinə görə MM-nin 919.1.7-ci maddəsinə və “Avtomobillərin tam sığortası” Qaydalarının 30.1.5-ci maddəsinə əsasən 04.09.2019-cu il tarixdən xitam veriləcək. 9. "xxxx" ASC-nin "xxxx" MMC ünvanladığı 02.10.2019-cu il tarixli məktubundan görünür ki, xxxx saylı sığorta şəhadətnaməsi üzrə ödənilmiş 342 A ZN sığorta məbləği müqaviləyə xitam verildiyindən 12 sentyabr 2019-cu il tarixdə geri qaytarılacaq.

10. İş materiallarında olan arayışdan görünür ki, 30.07.2019-cu il tarixdə MVC00193-19 saylı sığorta şəhadətnaməsi üzrə 171 manat "xxxx" ASC-nin hesabına daxil olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən onun xeyrinə 24941 manat məbləğində sığorta ödənişinin, mənəvi zərərə görə 10.000 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X ilə aralarında bağlanmış 24.05.2019-cu il tarixli sığorta müqaviləsi üzrə sığorta haqqı 1026 manat məblə ğində məyyən edilmişdir və 171 manat olmaqla 6 (altı) hissəyə bölünmüşdür. Sığorta haqqının ilk hissəsi 29.05.2019-cu il tarixdə, ikinci hissəsi 24.06.2019-cu il tarixdə ödənilməli olduğu halda 30.07.2019-cu il tarixində ödənilmişdir. 15.08.2019-cu il tarixdə saat 06:00 radələrində sığortalanmış X markalı ** NP *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə Bakı - Şamaxı yolunda dəymiş maddi zərərlə bağlı X əməkdaşı hadisə yerinə ezam olunmuş və bununla bağlı X şirkəti tərəfindən müvafiq araşdırma aparılmışdır. Araşdırmanın nəticəsi kimi X məktub göndərərək "Avtomobillərin tam Sığortası" qaydalarının 28.3-cü və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 935.1.9-cu maddələrinə uyğun olaraq müqavilə üzrə sığorta haqqı razılaşdırılmış qaydada ödənilmədiyi üçün hadisə üzrə sığorta ödənişin in verilməsi mümkün olmadığını bildirmişdir. Belə ki, ikinci ödəniş 24.06.2019-cu il tarixdə aparılmayaraq 30.07.2019-cu il tarixdə ödənilmişdir. Belə olduğu halda ikinci ödəniş aparılarkən artıq müqavilə qüvvədən düşmüş hesab olunmalı idi və ikinci ödəniş qəbul olunmamalı idi. Lakin 2-ci ödəniş 24.06.2019-cu il tarixdə aparılmayaraq 30.07.2019-cu il tarixdə aparılsa da, həmin ödəniş X tərəfindən qəbul olunmuşdur. Bundan başqa, müqavilə qüvvədən düşmüş hesab olunmuşdursa, niyə sığorta şirkətin əməkdaşı 15 avqust 2019-cu il tarixdə hadisə yerinə ezam olunurdu, niyə araşdırma aparılırdı. Ona görə ki, sığorta müqaviləsi qüvvədə idi və yalnız hadisə zamanı avtomobilə xeyli ziyan dəyməsi müəyyən olunduğundan, sığorta şirkəti bu ziyanı qarşılamaq öhdəliyindən yayınmaq istəmişdir. Qanunvericilikd ə müqaviləyə xitam vermək qaydası dəqiq olaraq imperativ şəkildə müəyyən olunmuşdur. Sığorta şirkəti müqavilənin qüvvədən düşmüş hesab etmək və müqaviləyə xitam vermək üçün qanunvericilikdə qeyd olunan qaydaya uyğun olaraq sığortaçını yazılı qaydada xəbərdar etməli idi. Bununla bağlı cavabdehə pretenziya məktubu təqdim edilmişdir və baxmayaraq ki, cavabdeh bildirmişdir ki, onunla bağlanmış müqaviləyə xitam verilmişdir, sistemdə ödəniş portalında həmin müqavilə əks olunmaqda qalmış və hətta portalda 12 sentyabr 2019-cü il tarixdə ödəniş aparmış və cavabdeh də həmin ödənişi qəbul etmişdir. Ödəniş portalında müqavilənin silinməməsi, hətta müqavilə üzrə ödəniş aparılması və cavabdeh tərəfindən həmin ödənişin qəbul edilməsi isə o deməkdir ki, sözügedən müqavilə qüvvədə qalmışdır. Bununla yanaşı cavabdehlə aralarında digər avtomobillər üzrə sığorta müqaviləsi mövcud idi və cavabdeh 04 sentyabr 2019-cü il tarixli məktubla qeyd olunan müqavilələr üzrə sığorta ödənişləri aparılmadığıdan müqavilələrə cavabdeh tərəfindən xitam verildiyini və baş verə biləcək hadisələrə görə hər hansı sığorta təminatının mövcüd olmadığını bildirmişdir. Yəni cavabdeh özü də təsdiq edir ki, müqaviləyə xitam verilməsi üçün tərəfə xitamla bağlı xəbərnamə göndərilməlidir. Beləliklə, məlum olur ki, cavabdeh sığorta ödənişini aparmamaq məqsədilə qanunsuz əsaslara istinad edərək, ödəməli olduğu sığorta ödənişini bilərəkdən ödəməkdən yayınmaq istəyir. Hyundai Şirkətinin Servis Departamentinin qüsür aktına əsasən avtomobilə 24941 manat məbləğində zərər dəydiyi müəyyən edilmişdir. Həmin məbləğə mühərrik və çiling ər işləri daxil edilməmişdir.

13. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim Ş.Süleymanova, iş № 2(009)-916/20) iddia qismən təmin edilərək cavabdeh "xxxx" ASC-dən İddiaçı xeyrinə 19420 (on doqquz min dörd yüz iyirmi) manat sığorta ödənişinin tutulması, keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası xərci, 120 manat məbləğinin 80 manatının "xxxx" ASC-dən, 40 manatının İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22) ödənilməsi, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 20 manatının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, 10 manatının isə iddiaç ının özünə aid edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

14. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən ödəniş vaxtında aparılmadığı üçün sığorta müqaviləsi qüvvədən düşmüş hesab edilməli olduğu halda "xxxx" ASC tərəfindən 30.07.2019-cu il tarixdə iddiaçı tərəfindən edilmiş ödəniş qəbul edilməməklə sığortalıya müqavilənin vaxtından əvvəl xitam verilməsi barədə yazılı bildiriş göndərilməli idi. Lakin, "xxxx" ASC bunu etməyib ödənişi qəbul etmiş və 15.08.2019-cu il tarixdə baş verən hadisə zamanı "Hyundai Azera" markalı ** NP *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın ödənilməsindən “Avtomobillərin tam sığortalanması” Qaydalarının 28.3-cü bəndinə və MM-nin 935.1.9-cu maddəsinə istinad edərək im tina etmişdir.

15. İddianın mənəvi zərər hissəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, “Mənəvi zərərin ödənilməsi barəsində qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli qərarının 2-ci bəndinə görə: “Azərbaycan Respublikasının qanunvericiliyi, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın” müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından mənəvi zərər anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlığının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qan unsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır”. Bununla bağlı iddiaçı hər hansı sübut təqdim etmədiyindən təmin edilməməlidir.

16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1, 445.2.1, 883.1, 903.1, 903.4, 922-ci, “Avtomobillərin tam sığortalanması” Qaydalarının 28.3, 31.2-ci, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 88, 119.1, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir.

18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2225/2021 nömrəli iş üzrə 17 fevral 2021-ci il tarixli qət naməsi ilə (hakimlər A.İsgəndərov (sədrlik edən və məruzəçi), İ.Kərimli və E.Kazımov) cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin iş üzrə 17 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

19. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Mülki Məcəllənin 935.1.9-cu maddəsi cavabdehə sığorta haqqının növbəti hər hansı bir hissəsinin müqavilədə nəzərdə tutulmuş ödənilməsi müddəti başa çatdıqdan 15 gün sonra, sığorta hadisəsinin baş verməsi halında sığorta haqqının müvafiq hissəsi ödənilməmiş olduqda sığortaçı olaraq sığorta ödənişindən imtina etməsi üçün əsas versə də, bu imtina bütövlükdə sığorta institutunun mahiyyətinə zidd olmaqla ədalətli hesab edilə bilməz. Bu cür münasib ət ayrı-ayrı şəxslər tərəfindən sığorta institutuna və sığortaçı təşkilatlara olan inamın və etibarın itirilməsi ilə nəticələnə bilər. Nəticədə isə, bu inamın və etibarın itirilməsindən ən çox sığorta təşkilatları zərər çəkə bilər. Belə ki, iş materialları ilə də təsdiq olunur ki, iddiaçının sığorta hadisəsi baş verən günədək qrafik üzrə bir aya görə gecikdirilmiş sığorta haqqı qalmış, cavabdeh tərəfindən bu barədə iddiaçıya hər hansı bir formada xəbərdarlıq edilməmişdir. Bu azmış kimi, sığorta hadisəsi baş verdikdən 15 gün əvvəl – 30.07.2019-cu il tarixdə iddiaçı tərəfindən sığorta haqqı qismində ödəniş edilmiş və ödəniş də cavabdeh tərəfindən qəbul edilmişdir.

20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehin iddiaçıya sığorta ödənişi verməkdən imtina etməsi sığorta hüququnun ümumi prinsiplərinə zidd olmuşdur. Çünki, iddiaçının güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd cavabdehin hüququnu həyata keçirməsi və aralarında yaranmış və davam edən əvvəlki mülki hüquq münasibətlərini ümumiyyətlə nəzərə almaq istəməməsi yalnız və yalnız hüquqdan sui-istifadə kimi qiymətləndirilə bilər. Əks halda, cavabdeh apellyasiya şikayətində bu hallara, yəni, iddiaçının sığorta haqqını gecikdirdiyini gördüyü və bildiyi halda buna reaksiya verməməsinin, həmçinin sığorta hadisəsi baş verdikdən sonra gecikdirilmiş sığorta haqqını qəbul etməsinin səbəblərinin izahı barədə nə isə göstərərdi. Göründüyü kimi, cavabdeh bu halları izah etmək üçün hər hansı bir arqument gətirməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

21. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 935.1.9-cu maddəsinə hüquqi qiymət verməmişdir. Həmin maddəyə əsasən sığorta haqqının növbəti hər hansı bir hissəsinin müqavilədə nəzərdə tutulmuş ödənilməsi müddəti başa çatdıqdan 15 gün sonra, bu Məcəllənin 903.5-ci maddəsində nəzərdə tutulmuş halda isə sığortaçının müəyyən etdiyi müddətin başa çatmasından 3 gün sonra sığorta hadisəsinin baş verməsi halında sığorta haqqının müvafiq hissəsi ödənilməmiş olduqda “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nə zərdə tutulmamışdırsa, sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. Hazırkı halda da sığorta ödənişi iddiaçı tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş vaxtda ödənilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

24. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri

25. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətind ə işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

26. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin v ə ya nəticələnə bilsin (maddə 418.3).

27. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

28. Hazırkı kassasiya şikayətində iş üzrə cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə

29. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. (maddə 385.1)

30. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. (maddə 386.1)

31. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. (maddə 442)

32. Öhdəliyi ni icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. (maddə 443.1)

33. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. (maddə 883.1)

34. Sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir. (maddə 903.1)

35. Müqavilədə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsindən sonra qüvvəyə minir. (maddə 903.4)

36. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. (maddə 922.1)

37. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. (maddə 922.2)

38. Sığorta haqqının növbəti hər hansı bir hissəsinin müqavilədə nəzərdə tutulmuş ödənilməsi müddəti başa çatdıqdan 15 gün sonra, bu Məcəllənin 903.5-ci maddəsində nəzərdə tutulmuş halda isə sığortaçının müəyyən etdiyi müddətin başa çatmasından 3 gün sonra sığorta hadisəsinin baş verməsi halında sığorta haqqının müvafiq hissəsi ödənilməmiş olduqda “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. (maddə 935.1.9)

39. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. (maddə 560.2)

40. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə hesab edilir. (maddə 560.3.4) 41. “Avtomobillərin tam sığortalanması” Qaydaları 42. sığorta haqqının sığorta müqaviləsi ilə müəyyən olunmuş növbəti hissəsi sığorta müqaviləsində həmin hissənin ödənilmə tarixi kimi müəyyən edilə n tarixdən sonrakı 15 gün müddətində ödənilmədikdə, sığorta müqaviləsi həmin müddətin başa çatması ilə qüvvədən düşmüş hesab olunur. (28.3-cü bənd)

43. Sığorta müqaviləsinə bu Qaydaların 30.1.7-ci yarımbəndinə uyğun olaraq, sığortalının və ya sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verilərkən bu barədə bir tərəf digərinə ən azı 30 gün əvvəl (sığorta müqaviləsi 3 aydan az müddətdə bağlanmış olduqda isə 5 iş günü əvvəl) yazılı bildiriş göndərməlidir. (31.2-ci bənd) Mülki Prossesual Məcəllə

44. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)

45. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)

46. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan son ra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

47. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. (maddə 106.1)

48. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)

49. Kassasiya instansiyası mə hkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)

50. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

51. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir.

52. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıların qeyd edilməsini zəruri sayır və qeyd edir ki, həmin dəlillər apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.

53. İşin mübahisə edilməyən halları ilə müəyyən edilir ki, sığorta müqaviləsi üzrə sonuncu ödəniş 30 iyul 2018-ci ildə edilmiş, sığorta hadisəsi isə ödəniş edildiyi tarixdən sonrakı gün götürülməklə hesablandıqda sonuncu ödənişin edildiyi tarixdən 14 gün sonra baş vermişdir.

54. Cavabdeh sığorta hadisəsi baş verən vaxta qədər sığorta ödənişinin vaxtında edilməməsinə görə MM-nin 935.1.9-cu maddəsinə əsasən iddiaçı qarşısında olan öhdəliklərinə xitam verildiyini bildirməməklə müqavilə üzrə tərəflərin hüquq və vəzifələrinin əvvəlki qaydada davam etdiyini nümayiş etdirmişdir.

55. Cavabdehin bu davranışı nümayəndəsini sığorta hadisəsi baş verən yerə göndərməsi və hadisənin baş verm əsi səbəblərini araşdırması ilə təsdiq edilir.

56. Ona görə də məhkəmə kollegiyası cavabdehin "xxxx" MMC-yə ünvanlandığı sığorta ödənişi vaxtında ödənilmədiyindən müqaviləyə xitam veriləcəyi barədə sığorta hadisəsi baş verdiyi tarixdən 20 gün sonra yazdığı 04 sentyabr 2019-cu il tarixli məktubu, o cümlədən sığorta ödənişinin geri qaytarılacağı barədə 02 oktyabr 2019-cu il tarixli məktubu özünümüdafiə kimi tərtib edilən sübut kimi qəbul edir.

57. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, sonuncu sığorta ödənişi cavabdeh tərəfindən şərtsiz qəbul edildiyindən və sığorta hadisəsi bu ödəniş qəbul edildikdən sonra 15 gün ərzində baş verdiyindən cavabdehin MM-nin 935.1.9-cu maddəsinə istinad etməklə sığorta ödənişini verməkdən imtina etməsi qanuni və əsaslı deyildir.

58. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

59. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2225/2021 nömrəli iş üzrə 17 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar