Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3788/2020 24.08.2020 ALİ MƏHKƏMƏ İddiaçı: İddiaçı Cavabdehlər: Cavabdeh1 və X3 İddia tələbi: cehiz əmlakının və qızıl-zinət əşyalarının qaytarılması Açar sözlər: cehiz və qızıl-zinət əşyaları, sübut etmə yükü Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-3895/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdehlər tərəfindən birgə verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxar aq, aşağıdakı qərarı qəbul etdi. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh1 və X2 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 9156 manat manat dəyərində olan cehiz əmlakının, eləcə də çəkisi 30 qram, əyarı 585, dəyəri 1650 manat olan qızıl tros sepin (rus qızılı), çəkisi 20 qram, əyarı 585, dəyəri 1100 manat olan biləziyin (rus qızılı), çəkisi 18 qram, əyarı 585, dəyəri 1500 manat olan Komplektin (rus qızılı), çəkisi 19 qram, əyarı 585, dəyəri 1650 manat olan ikisi brilyant qaşlı, biri isə adi qaşlı olan 3 ədəd üzüyün (rus qızılı), həmçinin rüsum kimi ödədiyi 30 manatın və müalicə olunmağına xərclədiyi 3000 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, nikahları o, yetkinlik yaşına çatmadığı üçün rəsmiləşdirilməmişdir. Toy günü ona qeyd etdiyi qızıl-zinət əşyaları və cehiz əşyaları verilmişdir. Toyun sabahı qızıl-zinət əşyaları cavabdehlər tərəfindən ondan alınmış, cavabdehlərlə yaşadığı dövrdə fiziki təzyiqlərə məruz qalmış, xx xxxx 2018-ci il tarixdə özünün xahişi ilə atası tərəfindən valideynlərinin yaşadığı evə aparılmışdır. Cavabdeh1 ona ağır dəri-zöhrəvi xəstəliyi keçmiş, müalicəyə təxminən 3000 manat xərci çıxmışdır. Cavabdehlər onun qızıl-zinət və cehiz əşyalarını qaytarmaqdan imtina edirlər. Cavabdeh2 İmralı qızı izahatında qızıl-zinət əşyalarının hamısının iddiaçının özündə olduğunu, ümumiyyətlə onun həmin qızıldan xəbərinin olmadığını, cehiz əşyalarının isə bir hissəsinin onun evində qaldığını bildirmişdir. Cavabdeh1 nümayəndəsi iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, iddiaçıya məxsus cehiz əşyalarının bir qismi Göygöl rayonu, Çaykənd kəndində yerləşən evdədir, lakin iddiaçı evdən gedərkən qızıl-zinət əşyalarını özü ilə aparmışdır. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı tərəfin təqdim etdiyi şahidlər iddiaçının münaqişəli formada cavabdehlərin evindən valideynlərinin evinə gətirildiyini, bu zaman özü ilə heç nə götürmədiyini, cavabdeh tərəfin təqdim etdiyi şahidlər isə iddiaçının söz-söhbət yaradaraq evi tərk etdiyini, lakin gedərkən özünə məxsus qızıl-zinət əşyalarını götürdüyünü bildirmişlər. Göygöl Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(066)780/2019 nömrəli iş üzə xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim R.Məmmədov) iddia qismən təmin edilmiş, cavabdehlərdən 01 ədəd “İndeks A” markalı soyducu 956 manat dəyərində, 01 ədəd “Elektroluks” markalı paltaryuyan maşın 980 manat dəyərində, 01 ədəd “Hoffman” markalı ütü 100 manat dəyərində, 01 ədəd kofemolka 50 manat dəyərində, 02 dəst postel 132 manat dəyərində, 03 ədəd məhrəba dəsti 140 manat dəyərində, 01 ədəd çəngəl, bıçaq, qaşıq dəsti 320 manat dəyərində, 01 ədəd xrustal gül qabı 130 manat dəyərində, 01 ədəd xalça 900 manat dəyərində, 01 ədəd örtük 256 manat dəyərində, 01 ədəd skater 63 manat dəyərində, 01 ədəd boşqab dəsti 240 manat dəyərində, 02 ədəd gül səbətləri 60 manat dəyərində, 01 ədəd nahar çay dəsti olan serviz 920 manat dəyərində, 01 dəst ləpə qabı 40 manat dəyərində, 01 ədəd qazan dəsti 520 manat dəyərində, 01 ədəd mərtəbəli dolab 26 manat dəyərində, 06 ədəd bakal dəsti 650 manat dəyərində və 130 manat dəyərində olan 06 ədəd ədviyyat qablarından ibarət cehiz əşyalarının naturada, onlar olmadıqda göstərilən dəyərlərinin, eləcə də iddia üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən iddiaçı apelyasiya şikayəti vermişdir. Apelyasiya baxışında iddiaçının atası X5 şahid qismində dindirilmiş, qızıl-zinət əşyalarının dəyəri ilə bağlı mütəxəssis rəyi alınmışdır. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(104)-3895/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – F.Mehtiyev (sədrlik edən və məruzəçi), L.Süleymanov və A.Bayramov) iddi açının apelyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - iddianın qızıl-zinət əşyaları barədə təmin edilməməsi hissəsində ləğv edilmiş və həmin hissədə iddia tələbi qismən təmin edilərək cavabdehlərdən dəyəri 1600 manat olan 1 ədəd 30 qram 585 əyarlı qızıl “Tros sep”, dəyəri 1150 manat olan 1 ədəd 20 qram 585 əyarlı qızıl qolbağı, dəyəri 1400 manat olan 1 ədəd 18 qram qızıl komplekt və dəyəri 1600 manat olan (ikisi brilyant, biri isə sadə qaşlı) 585 əyarlı 19 qram olan 3 ədəd qızıl üzüyün naturada, bu mümkün olmazsa cəmi dəyəri 5750 manatın alınıb iddiaçıya verilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət olunmuşdur. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı qızıl-zinət əşyaları hissəsində təmin etməməkdə haqlı olmamışdır. Məhkəmə iş materialları və şahid ifadələri əsasında müəyyən etmişdir ki, iddiaçı cavabdehlərin evindən döyülərək, atasının köməyi ilə çıxmış, özü ilə heç bir əşya götürməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 225.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 77.1-ci maddələrinə istinadla belə qənaətə gəlmişdir ki, iddia tələbi qızıl-zinət əşyaları hissəsində qismən təmin edilməli, onların dəyəri iş üzrə verilmiş mütəxəssis rəyi əsasında müəyyən edilməlidir. Məhkəmə, həmçinin hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini qalan hissədə təmin etməməklə qanuni və əsaslı nəticəyə gəlmişdir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştira kı və izahatları Cavabdehlər (vəkil X4) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin qismən təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır, apelyasiya instansiyası məhkəməsi işi ədalətli araşdırmamış, iş üzrə səhv nəticəyə gəlmişdir. İddiaçı məhkəməyə ərizələr göndərərək kassasiya şikayətinə etiraz etmiş, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı və cavabdehlər hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə ko llegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməl idir. Hazırkı kassasiya şikayəti yalnız cavabdehlər tərəfindən verildiyindən apelyasiya instansiyası məhkəməsinin aktı iddia tələbinin qızıl-zinət əşyaları tələbinin təmin olunmuş hissəsində yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (maddə 157.2). Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir (maddə 225.2). Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi həd iyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır (maddə 666.1). MPM Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilmə si üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İmralı qızı tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiy a Məhkəməsi Mülki kollegiyasının 2(104)-3895/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə - qızıl-zinət əşyaları tələbinin təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3788/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3788/2020
24.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver