Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-382/2020 21.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və X6 ibarət tərkibdə, Əliyeva Fidan Namiq qızının katibliyi, Cavabdeh, onun nümayəndələri Səfiyev Vaqif Elxan oğlunun, X2 və vəkili X1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim F.Hüseynov, iş № 2(002)-xxx/19)İddiaç ı Cavabdeh qarşı aliment tələbinə dair iddiası qismən təmin edilərək, xx xxx 2019-cu il tarixdən başlayaraq 08.05.2012-ci il təvəllüdlü X3 və 05.01.2014-cü il təvəllüdlü Səfiyev Vaqif Elçin oğlunun yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 100 (yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişlər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Ş.Məmmədova-sədrlik edən və məruzəçi, V.Həsənov və X.Sarıyev, iş № 2(103)-xxx/19)apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. C avabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsinin dəyişdirilməsini və alimentin miqdarının hər ay hər uşağa görə 55 manat, cəmi 110 manat müəyyən olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı cavabdeh X8 qarşı aliment tələbi barədə iddia arizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, övladları 08.05.2012-ci il təvəllüdlü X4 və 05.01,2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək cavabdeh X5 hər ay bir uşağa görə 160 manat olmaqla, iki uşağa görə cəmi 320 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh X10 ilə 01.10.2011-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuş və birgə nikahdan iki uşaqları (08.05.2012-ci il təvəllüdlü X9 və 05.01.2014-cü il təvəllüdlü X11) anadan olmuşdur. Birgə yaşadıqları dövrdə problemləri olmamış, lakin sonradan münasibətləri pozulmuşdur. Hazırda uşaqlar iddiaçının himayəsindədir, iddiaçı müəllimə işləsə də, uşaqların tələbatlarını təkbaşına ödəyə bilmir. Cavabdeh isə uşaqların saxlanılınası üçün heç bir maddi yardım göstərmir. Halbuki, uşaqlardan biri (X9) xroniki astma xəstəliyindən əziyyət çəkir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması və həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. Cavabdeh, onun n ümayəndələri və vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da üzrlü səbəb olmadan məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, cavabdehin, onun nümayəndələrinin və vəkilinin izahatlarını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab ed ir ki, kassasiya şikayəti təmin edilməməli və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 15 avqust 2019-cu il tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası birinci instansiya məhkəməsinin iddia tələbinin qismən əsaslı olması ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq həmin qətnaməni dəyişdirilmədən saxlayarkən aşağıdakıları nəzərə almışdır. Cavabdehin birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayətinin məzmunundan görünür ki, o, apellyasiya şikayətində qətnamənin ləğv edilməsini, alimentin miqdarının iki uşaq üçün aylıq qazancının, yəni ayda aldığı 110 manat sosial müavinətin 1/3 hissəsində müəyyən edilməsini xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, o, 3-cü qrup əlil olmaq la heç yerdə işləmir, ayda aldığı 110 manat sosial müavinatdan başqa heç bir gəliri yoxdur. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, tərəflər 01 oktyabr 2011-ci il tarixdə rəsmi nikaha daxil olmuş və bu nikahdan 08.05.2012-ci il təvəllüdlü Çingiz və 05.01.2014-cü il təvəllüdlü Vaqif adlı iki uşaqları vardır. İddiaçı hazırda Bakı şəhəri Qaradağ rayonu üzrə 321 saylı tam orta məktəbdə müəllimə işləyir, ona hesablanmış aylıq əmək haqqı 523.33 manat, ödənilən əmək haqqı isə 449.27 manat məbləğindədir. İş materiallarında olan tibbi sənədlərə əsasən azyaşlı Çingiz xroniki bronxial astma xəstəliyindən əziyyət çəkir. Ailə Məcəlləsinin78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borcl u olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Alimentin məbləği ilə bağlı olaraq isə ilk növbədə nəzərə alınmalıdı r ki, Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında” Qanuna görə yaşayış minimumu uşaqlar üçün 160 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur. Qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi bu qənaətə gəlmişdir ki, qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutan birinci instansiya məhkəməsiuşağın xəstəliyini, iddiaçının iş yerinə və gəlirə malik olması ilə bağlı xüsusatları nəzərə almaqla cavabdehdən hər uşaq üçün sabit pul məbləğində hər ay 100 manatın tutulmasınıhaqlı olaraq ağlabatan hesab etmişdir. İşləməməsi ilə əlaqədar cavabdehin irəli sürdüyü arqumentlə bağlı apellyasi ya instansiyası məhkəməsi qeyd etmişdir ki, bu hal onu uşağının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitinin təmin edilməsinə görə məsuliyyət daşıyırlar. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətb iq olunmaması barədəki dəlillərini əsassız sayır. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı aliment tələbinə dair iddiası məhkəmə tərəfindən qismən edilərkən yuxarıda sadalanan qanunvericilik normalarının tələbləri, eləcə də yetkinlik yaşına çatmamış uşaqlarınmənafeyi, onların böyüdükcə artan tələbatı, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması şərtləri və İddiaçı azyaşlı uşaqların daim artan tələbatlarını təkbaşına ödəyə bilməməsi nəzərə alınmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericilklə müəyyən edilmiş minimum dolanacaq xərclərində n az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları məhkəməsi tərəfindən təmin olunan hissədə sübuta yetirsə də, cavabdeh həmin tələbə qarşı etirazını əsaslandırdığı faktları sübut edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yox dur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə gü vənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları qiymətləndirərkən yuxarıda göstərilən tələblərə əməl etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiya sı məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələblərinə cavab verir. Qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2019-cu il tarixli, 2(103)-xxx/19 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-382/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-382/2020
21.01.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver