Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3867/2019 04.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, ACnun katibliyi, iddiaçının vəkili X7, iddiaçının nümayəndəsi İM, cavabdehin nümayəndəsi X5, cavabdehin vəkili ƏMnun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 20 dekabr 2018-ci il tarixli qətnaməsindən cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 04 iyun 2019-cu il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 09 oktyab r 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim E.Rəhimov) iddia tələbləri qismən təmin olunmuş, Bakı şəhəri üzrə Təhsil İdarəsindən 2015-ci il üçün ödənilməmiş əmək haqqının aylar üzrə 1%-i qismində 7978,53 manatın; 2016-cı il üçün ödənilməmiş əmək haqqının aylar üzrə 1%-i qismində 2253,03 manatın, ATİAHİ-dən isə 01.09.2005-ci il tarixdən 2017-ci ilin mart ayınadək olan dövr üzrə əmək haqqından əsassız tutulmuş əmək haqqının 2%-i qismində 350,49 manatın tutularaq İddiaçı ödənilməsi, 120 manat ekspertiza tədqiqatı dəyərinin Bakı şəhəri üzrə Təhsil İdarəsindən və ATİAHİ-dən birgə qadada tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 20 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Həsənov (sədrlik edən, məruzəçi), X.Mərdanova və F.Babayev, 2(103)-13420/2018 sayl ı mülki iş) hazırki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-171/2018 saylı iş üzrə 09 oktyabr 2018-ci il tarixli qətnaməsi “01.09.2005-ci il tarixdən 2017-ci ilin mart ayınadək olan dövr üzrə əmək haqqından əsassız tutulmuş əmək haqqının 2%-i qismində 350,49 manatın tutularaq İddiaçı ödənilməsi” hissəsində dəyişdirilərək, Təhsil İşçiləri X1 X2 X3nın xeyrinə tutulmalı olan pul vəsaitinin 102,36 manat məbləğində müəyyənləşdirilməsi, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşin halları İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinə (Bakı şəhəri üzrə Təhsil İdarəsi) və Təhsil İşçiləri X8 (ATİAHİ) qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə iləməhkəməyə müraciət edərək, işə qəbul olunduğu gündən, yəni 01.09.2005-ci il tarixindən əmək haqqından hər ay qanunsuz tutulmuş 2%-in hesablanaraq ona ödənilməsi öhdəliyinin ATİAHİ-nin, 2015-ci, 2016-cı və 2017-ci illər ərzində əmək haqqının düzgün hesablanmaması və vaxtında ödənilməməsi nəticəsində qanunla müəyyən olunmuş hər gecikdirilmiş gün üçün azı 1 faiz məbləğində ödənc verilməsi öhdəliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin üzərinə qoyulması, cavabdehlərin qanunsuz və kobud hərəkətləri nəticəsində ona dəymiş zərərin, yəni hüquqi xidmətə çəkilmiş xərclərə görə 300 manatın, etibarnamənin yazılması üçün ödədiyi 11,50 manatın cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri Cavabdeh Bakı şə həri üzrə Təhsil İdarəsi apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X5, cavabdehin vəkili ƏM kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili X7, iddiaçının nümayəndəsi İM kassasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 01.0 9.2005-ci tarixdə Bakı şəhəri 225 nömrəli məktəbin ibtidai sinif müəllimi vəzifəsinə işə qəbul olunmaqla hazırda da orada işləyən və 2014-cü ildə müəllimlərin diaqnostik qimətləndirməsindən keçən İddiaçı, 2016-ci ildə əmək haqqlarının hər dəfə fərqli olması və əmək haqqının artmaması ilə əlaqədar Təhsil Nazirliyinə, eləcə də Bakı şəhəri üzrə Təhsil İdarəsinə müraciətlər etmiş, nəticədə diaqnostik qimətləndirmədən keçdiyi halda 2016-cı ildə mexaniki xəta səbəbindən oktyabr ayının 1dək əmək haqqının müvafiq artım hesablanmadan ödənildiyi, həmçinin işə qəbul olunduğu gündən, yəni 01.09.2005-ci il tarixindən hər ay əmək haqqının 2%-nin tutularaq həmkarlar ittifaqına köçürüldüyü müəyyənləşdirilərək əmək haqqının ödənilməsində yol verilmiş yanlışlıq aradan qaldırılmış, əmək haqqının əksik hesabl anmış hissəsi hesablanaraq 2017-ci ilin əvvəllərində iddiaçıya ödənilmiş, əmək haqqının yanlış hesablanmasında xətaya yol vermiş əməkdaşlar barədə qanunvericiliyə uyğun müvafiq tədbirlər görülmüşdür. İddiaçı bundan sonra da ödənişin səhv olması ilə bağlı təkrar şikayət vermiş, araşdırma nəticəsində şikayətinin əsaslı olduğu aşkarlanaraq əmək haqqının digər hissəsi də hesablanaraq ona ödənilmiş, bununla belə şikayətinin “həmkarlar ittifaqına tutulmuş məbləğlərin qaytarılması, həmçinin gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsi” hissələri təmin edilməmişdir; iddiaçı məhz bundan sonra hazırkı apellyasiya baxışının predmeti olan iddia tələbləri ilə məhkəmə müraciət etmişdir. İşə birinci instansiya məhkəməsində baxılarkən alınmış 13.08.2018-ci il tarixl i ekspert rəyində göstərilmişdir ki, “...İddiaçı 2005-2017-ci illər (2017-ci ilin mart ayına qədər) üzrə əlavə olaraq ödənilməli olan əmək haqqı məbləği, tarixləri, hər kecikdirilmiş günə görə 1% əlavə və 01.09.2015-ci il tarixdən 2017-ci ilin mart ayınadək əmək haqqından tutulmuş əmək haqqının 2%nin ümumi məbləği aşağıdakı kimi müəyyən olunur: 2015-ci il üçün (dekabr istisna olmaqla) onun əmək haqqına hər ay əlavə ödənilməlidir - 119,92 manat; 2015-ci ilin dekabr ayı üçün onun əmək haqqına əlavə ödənilməlidir - 199,92 manat; 2016-cı il üçün hər ay aylıq əmək haqqına əlavə ödənilməlidir - 116,98 manat; 2015-ci il üçün ödənilməmiş əmək haqqının aylar üzrə 1%-i 7978,53 manat; 2016-cı il üçün ödənilməmiş əmək haqqının aylar üzrə 1%-i 2253,03 manat; 01.09.2005-ci il tarixdən 2017-ci ilin mart ayınadək İddiaçı əmək haqqından tutulmuş əmək haqqının 2%-i 350,49 manat hesablanmışdır. İddiaçıya 2016-cı ilin oktyabr ayından başlayaraq hər ayın əmək haqqı qanunvericiliyə uyğun olaraq hesablanaraq ödənilmişdir”. Hazırkı mübahisənin obyektiv həlli üçün ilk növbədə bilavasitə Bakı şəhəri üzrə Təhsil İdarəsinə yönələn iddia tələbi (yəni, 2015-ci, 2016-cı və 2017-ci illər ərzində əmək haqqının düzgün hesablanmaması və vaxtında ödənilməməsi nəticəsində qanunla müəyyən olunmuş hər gecikdirilmiş gün üçün azı 1 faizi məbləğində ödənc verilməsi öhdəliyinin həmin idarənin üzərinə qoyulması tələbi) üzrə araşdırma aparmağı məqsədə müvafiq hesab edən məhkəmə kollegiyası həmin iddia ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddə sinin 1-ci bəndinə əsasən, aylıq əmək haqqı işçilərə, bir qayda olaraq iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə, əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir; 5-ci bəndinə görə isə, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. Maddənin qeyd hissəsində göstərilmişdir ki, “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzin də hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. İş üzrə əldə edilmiş ekspert rəyi ilə də iddiaçının əmək haqqına 2015-ci ilin dekabr ayı üçün əlavə olaraq 199,92 manat, 2015-ci ilin digər ayları (dekabr istisna olmaqla) üçün hər ay aylıq əlavə olaraq 119,92 manat, 2016-cı il üçün isə hər ay aylıq əlavə olaraq 116,98 manat ödənilməli olduğu halda ödənilmədiyi, beləlikdə də 2015-ci il üçün ödənilməmiş əmək haqqının aylar üzrə 1%-nin 7978,53 manat, 2016-cı il üçün ödənilməmiş əmək haqqının aylar üzrə 1%-nin isə 2253,03 manat təşkil etdiyi müəyyən olunmuşdu r. Bakı şəhəri üzrə Təhsil İdarəsi iddiaçının iddia müddətini ötürdüyü, ödənilməmiş əmək haqqına görə 1% ödəncin ekspert tərəfindən yanlış hesablanması arqumentləri ilə əsaslandırsa da, cavabdehin nümayəndəsinin izahatından onun (idarənin) faktiki olaraq 2015-ci il üçün aparılmış hesablama ilə razılaşmadığı aydın olmuşdur. Kollegiya, “2015-ci il üçün ödənilməmiş əmək haqqına görə 1% ödəncin ekspert tərəfindən yanlış hesablanması” arqumenti ilə bağlı qeyd etmişdir ki, 4 saylı region üzrə X4 mütəxəssisi də hesablama apararaq ekspertlə eyni nəticəyə gəlmişdir və belə olan halda rəydə gəlinən nəticənin düzgün olmadığı qənaətinə gəlmək mümkün deyildir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının Bakı şəhəri üzrə Təhsil İdarəsinə yönələn iddia tələbi (yəni, 2015-ci, 2016-cı və 2017-ci illər ərzində əmək haqqının düzgün hesablanmaması və vaxtında ödənilməməsi nəticəsində qanunla müəyyən olunmuş hər gecikdirilmiş gün üçün azı 1 faiz məbləğində ödənc verilməsi öhdəliyinin həmin idarənin üzərinə qoyulması) üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. İddiaçının Təhsil X1rşı yönələn iddia tələbi ilə əlaqədar isə məhkəmə kollegiyası hesab etmişdir ki, işə qəbul olunduğu 01.09.2005-ci il tarixindən etibarən iddiaçının əmək haqqından hər ay 2% vəsaitin tutularaq həmkarlar ittifaqına köçürüldüyü və həmin məbləğin 2017-ci ilin mart ayınadək 350,49 manat təşkil etdiyi mübahisə mövzusu deyildir; ATİAHİ bu faktı etiraf etmiş, eyni zamanda işin bu halı ekspert rəyi ilə təsdiq olunmuşdur. ATİAHİ bilavasitə özünə yönələn iddia tələbinə iddiaçının 2005 -ci ildə işə daxil olarkən məktəbin həmkarlar ittifaqı təşkilatına üzvlük barədə ərizə verdiyi, habelə iddia müddətini ötürdüyü arqumentləri ilə etiraz etmişdir; bununla belə həmin cavabdeh iddiaçının verdiyini iddia etdiyi ərizəsini sübut qismində təqdim edə bilməmiş, bunu ərizənin saxlanıldığı ATİAHİ-nın Yasamal rayon komitəsinin binasında güclü yanğın baş verdiyi və nəticədə orada saxlanılan sənədlərin məhv olması ilə əsaslandırmağa çalışmışdır. Birinci instansiya məhkəməsi sözügedən iddia tələbinə münasibətdə hüquqi mövqeyini “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci və 3-cü maddələrinin, Əmək Məcəlləsinin 175-ci maddəsinin 1-ci və 2-ci hissəsinin, habelə Azərbaycan Təhsil İşçiləri X6 Nizamnaməsinin 6-cı bəndinin tələblərinə istinadən əsaslandırmaqla belə qənaətə gəlmişdir ki, işçilərin Həmkarlar İttifaqına üzvlüyü könüllük prinsipi və işçinin ərizəsi (yazılı müraciəti) əsasında təmin olunmalıdır və əks qayda - yəni, işçinin iradəsinə zidd Həmkarlar İttifaqına üzv seçilməsi və hüquqi əsas olmadan əmək haqqından üzvlük haqqının tutulması qanunvericiliyin tələbinə ziddiyyət təşkil etmişdir. Apellyasiya instansiyası məhkəməsi həmçinin hesab etmişdir ki, 2005-ci ildən etibarən əmək haqqından müvafiq tutulmalar aparılan iddiaçının bu tutulmaların nə ilə bağlı olduğunu bilmədiyi, yaxud öyrənməyə cəhd etmədiyi ağlabatan mühakimə əsasında inandırıcı hesab oluna bilməz. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır; Əmək Məcəlləsi nin 296-cı maddəsinə görə isə, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab etmişdir ki, iddiaçının ATİAHİ-yə yönəlmiş tələbi yalnız iddia ilə məhkəməyə müraciət etdiyi gündən əvvəlki 1 illik müddəti əhatə edən dövr üçün təmin oluna bilə r. İş materiallarından aydın olmuşdur ki, həmin dövrdə (17.04.2016-17.04.2017-ci il) iddiaçının əmək haqqından həmkarlar ittifaqına ümumilikdə 102,36 manat pul tutulmuşdur və kollegiyanın qənaətinə görə müvafiq iddia tələbinin əsaslılığı yalnız bu məbləğin iddiaçıya geri qaytarılması ilə məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini “01.09.2005-ci il tarixdən 2017-ci ilin mart ayınadək olan dövr üzrə əmək haqqından əsassız tutulmuş əmək haqqının 2%-i qismində 350,49 manatın tutularaq İddiaçı ödənilməsi” hissəsində dəyişdirməklə, Təhsil İşçiləri X1 X2 X3nın xeyrinə tutulmalı olan pul vəsaitinin 102,36 manat məbləğində müəyyənləşdirməklə, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması nəticəsinə gəlməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 20 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3867/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3867/2019
04.06.2019 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver