Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3869/2020 15.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkkül oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı və vəkili X1 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)1541/2020 saylı qətnaməsindən İddiaçı kasasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(009)-3023/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim İ.Ş.Rüstəmov) İddiaçı Cavabdeh qarşı “mənzilin təmirinə sərf edilmiş 26.560 manat pul tələbinə dair” iddiası qismən təmin edilərək, iddiaçı tərəfindən Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi, 45 saylı evin 52 saylı mənzilinin təmirinə sərf edilmiş 13.280 manat pulun cavabdehdən tutulub iddiaçıya verilməsi qət edilib. İddiaçı qətnamədən apelyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)1541/2020 saylı qətnaməsi ilə (hakimlər A.N.İmanov sədrlik edən, məruzəçi, A.Q.Hüseynov və V.N.Sadıqov) apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə iddiaçıya münasibətdə dəyişdirilmədən saxlanılıb. İddiaçı qətnamədən kasasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehə qarşı iddia qaldıraraq, onun tərəfindən Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi, 45 saylı evin 52 saylı mənzilinin təmirinə sərf edilmiş 26.560 manat pulun cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kasasiya şikayəti onunla əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin tam həcmdə təmin edilməsi barədə yeni qərar qəbul e dilməsi xahiş olunub. Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında İddiaçı və vəkili Əlibaba Rzayev kasasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədiyi üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kasasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kasasiya şikayəti təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilən hissədə iddiaçıya münasibətdə dəyişdirilmədən saxlayarkən, iddianın qismən əsaslı olmasına, iddianı qismən təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad edib və hüquqi mövqeyini Mülki Məcəllənin 157.2, 225.1, 225.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, xx xxxxxx 2015-ci il tarixdə tərəflər rəsmi nikah əsasında ailə qurublar və onların birgə nikahından uşaqları olmayıb. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 20 19-cu il tarixli qətnaməsi ilə Cavabdeh tələbinə əsasən onunla İddiaçı arasında xx xxxxxx 2015-ci il tarixdə bağlınmış nikah pozulub. Bundan sonra İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq, sonuncunun mülkiyyətində olan Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 45 saylı evin 52 saylı mənzilinin onların ümumi birgə mülkiyyəti hesab edilməsini xahiş edib və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia sözügedən mənzilin tərəflərin birgə mülkiyyəti hesab edilməsinə əsas olmadığından rədd edilib. Hazırda iddiaçı, cavabdehin qarşılıqlı razılığı ilə nikahadək sözügedən mənzildə öz şəxsi vəsaiti hesabına 26.560 manat dəyərində təmir işləri apardığını göstərib, həmin məbləğin cavabdehdən tutulub ona ödənilməsini iddia edir. Cavabdeh isə mənzilin təmirini iddi açı ilə faktiki nikahda olduğu dövrdə öz şəxsi vəsaiti hesabına apardığını göstərib iddia tələbinə etiraz edir. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, işə əlavə edilmiş sübutları tədqiq edib, kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlillərini araşdırıb, qanuni qüvvəyə minmiş məhkəmə aktlarında müəyyən edilmiş faktiki halları nəzərə alıb müəyyən etmişdir ki, tərəflər ailə qurarkən sözügedən mənzil normal təmirli olub. Mənzildə təmir işləri tərəflərin birgə nikahı dövründə ümumi gəlirləri hesabına aparılıb. “Mübahisəli mənzilin tərəflərin birgə mülkiyyəti hesab edilməsi” iddiasının rədd edilməsinə dair 2(009)-260/2019 saylı mülki iş üzrə verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliy i Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli ekspert rəyinə görə Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 45 saylı evin 52 saylı mənzilində xx xxxxxx 2015-ci ildən xx xxxxxxxx 2018-ci il tarixədək aparılmış təmir işləri cari təmir işlərinə aiddir və həmin təmir işlərinin ümumi dəyəri 26.560 manat təşkil edir. Göründüyü kimi sözügedən mənzildə bütövlükdə təmir işlərinin cavabdehlə nikaha girənədək yalnız iddianın vəsaiti hesabına aparılması mülki iş materialları, eləcə də ekspertin rəyi ilə istisna olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər -arvadın hər birinin əmlakıdır). Həmin Məcəllənin 32.1-ci maddəsinə görə nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2-32.2.2-ci maddələrində göstərilir ki, ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.), habelə ərarvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan p aylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 36.1-ci maddəsinə görə ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Həmin Məcəllənin 36.3-cü maddəsinə görə mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 37.1-cü maddəsinə görə ər-arvad arasındakı müqavilədə başqa hal n əzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Eləcə də Mülki Məcəllənin 225.1-ci maddəsinin mənasına görə ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa onların ümumi birgə mülkiyyəti sayılır. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 1; 5 və 12-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın ümumi birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: birincisi, əmlakın ər-arvadın nikah müddətində əldə olunması; ikincisi, əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşıb haqlı olaraq qeyd etmişdir ki, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayıldığından və sözügedən mənzildə təmir işləri bütövlükdə nikahadək deyil, tərəflərin birgə yaşadıqları xx xxxxxx 2015-ci il tarixdən xx xxxxxxxx 2018-ci il tarixədək aparıldığından, iddia olunan 26.560 manat təmir xərcləri ayrıca iddiaçının mülkiyyəti sayıla bilməz. Ona görə də mənzilin təmirinə xərclənmiş 26.560 pul vəsaitinin bölünməsi zamanı bu pul vəsaitində tərəflərin paylarını bərabər hesab etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib və sadalanan maddələrin tələ blərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. İddiaçı kasasiya şikayətində mənzilin təmirini cavabdehlə rəsmi nikaha girənədək apardığını və bu səbəbdən də təmir xərclərinin onun ayrıca mülkiyyəti sayıldığını və sair göstərsə də, tələblərinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir mötəbər yazılı sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Əksinə, mülki iş materiallarından, ekspertin rəyindən görünür ki, mənzildə bütövlükdə təmir işləri tərəflərin faktiki nikaha girmələrinədək deyil, xx xxxxxx 2015-ci ildən xx xxxxxxxx 2018-ci il tarixədək aparılıb və təmir işləri cari təmir işlərinə aiddir. Ona görə də kasasiya instansiyası məhkəməs i kasatorun kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apelyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kasasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)-1541/2020 saylı qətnaməsi kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar
Məhkəmə qərarları › İş №2(102)-3869/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3869/2020
15.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver