Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3911/2022 18.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3911/2022 (Açar sözlər: ödənilməmiş əmək haqqı və mənəvi zərər tələbi, tələbin sübuta yetirilməsi) Bakı şəhəri, 18 iyul 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı qarşı “ödənilməmiş müavinət və mənəvi zərər tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)412/2022 nömrəli, 05 mart 2022-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətin ə 18 iyul 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra “iddiaçı”) ilə Cavabdeh MMC (bundan sonra “cavabdeh” və ya “MMC”) arasında xx.xx.2014-cü il tarixdə müddətli əmək müqaviləsi bağlanmış və iddiaçı həmin tarixdən etibarən cavabdeh müəssisədə əmək haqqı 240 manat olmaqla mühafizəçi vəzifəsinə işə qəbul edilmişdir.
2. Bir il müddətinə bağlanılmış xx.xx.2014-cü il tarixli əmək müqaviləsinə birinci müddətin sonunda xitam verilməmiş və beləliklə həmin müqavilə növbəti müddətə, daha sonra isə dəfələrlə uzadılmış, MMC-nin 118-k nömrəli, xx.xx.2021-ci il tarixli əmri ilə iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə uyğun olaraq, (işçinin təşəbbüsü əs asında) xx.xx.2021-ci il tarixdən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsin müraciət edərək, əmək haqqının düzgün ödənilmədiyi dövrlərə görə ona ödənilməmiş 30000 manat məbləğində müavinətin, ona və ailəsinə vurulmuş mənəvi zərərə görə 100000 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia ərizəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Bakı Şəhər İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs (bundan sonra “üçüncü şəxs”) qismində qoyulmuşdur.
5. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı cavabdeh MMC-də mühafizəçi vəzifə sində işləmişdir. İddiaçı 2014-cü ildən çalışdığı MMC-də iş vaxtından əlavə işə cəlb edildiyinə görə əmək haqqına əlavələrin edilməməsi və əmək haqqının düzgün hesablanıb ödənilməməsi, hətta gecikdirilməsi və s. qanun pozuntuları ilə qarşılaşmışdır. Bütün bunlardan da başqa, iddiaçı ödəniş cədvəlini və s. kimi sənədləri işəgötürəndən tələb etsə də, iddiaçıya heç bir sənəd təqdim edilməmişdir.
6. İddiaçı bu əsaslara dayanaraq Əmək Müfəttişliyi İdarəsinə müraciətlər etmiş və nəticədə onun haqlı olduğu ortaya çıxmışdır. Əmək Müfəttişliyinin araşdırması nəticəsində Cavabdeh MMC tərəfindən təqdim olunmuş əmək haqqı cədvəllərindən və iş vaxtının uşotu tabellərindən iddiaçının iş vaxtından əlavə işə cəlb edildiyinə görə əmək haqqına əlavələrin ödənilməməsi məlum olmuşdur. Əmək və məzuniyyət haqla rının hesablanmasında və ödənilməsində qanun pozuntusuna yol verildiyindən MMC-nin rəhbərləri barəsində İXM-nin 192.4-cü maddəsinin tələblərinə uyğun olaraq xx.xx.2020-ci il tarixli MN ******* saylı İnzibati xəta haqqında protokol tərtib edilmişdir. Ümumiyyətlə, 2014cü ildən başlayaraq iddiaçıya əmək haqqı düzgün ödənilməmişdir. Müraciətləri əsnasında hüququnu tələb etdikdə iddiaçı idarə rəhbərliyi tərəfindən təhqir və tənqidlərə məruz qalmışdır.
7. İddiaçı tələbinin hüquqi əsası kimi Əmək Məcəlləsinin 12, 16, 172, 192 və 290-cı maddələrinə istinad etmişdir.
8. Cavabdehin nümayəndəsi iddia müddətinin tətbiq edilməsi ilə bağlı məhkəməyə ərizə verərək, iddiaçının məhkəməyə müraciət etdiyi gündən, yəni xx.xx.2021-ci il tarixdə, onun aldığı əmək haqqının 1 il müddətində hesabatı təqdim etmiş v ə qismən qəbul etməklə aşağıdakıları bildirmişdir: - iddiaçı xx.xx.2014-ci il tarixdə MMC-yə işə qəbul edilmiş və öz təşəbbüsü ilə onunla bağlanmış əmək müqaviləsi xx.xx.2021-ci il tarixdə ləğv edilmişdir. ƏM-nin 157.3-cü, 157.4-cü və 157.5-ci maddələrinə əsasən əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Tarif maaşı - əmək haqqının əsas hissəsidir, əmək haqqına əlavə - əmək şəraiti ilə əlaqədar əvəz ödəmək və ya həvəsləndirmək məqsədilə ilə işçinin tarif (vəzifə) maaşına müəyyən edilən əlavə ödəncdir; - belə ki: 2021-ci ilin mart ayı üzrə iddiaçının əmək haqqı 680 manat olub (təsdiq olunmuş 2021-ci ilin mart ayı üçün iş vaxtının norması və istehsalat təqvimi 135 saat olmuş), iddiaçının vəzifə maaşı 317.50 manat təşkil etdiyinə görə onun vəzifə ma aşı 317.50 manat: 135-ə bölünərək= 2.35 manat - 1 iş saatı müəyyən edilib. Mart ayı üzrə iddiaçı 180 saat işləmiş, 180-135=45 saat x 2.35=105.7 manat əlavə işə çıxdığı üçün bu məbləğ ƏM-nin 165.1-ci maddəsinin 1-ci abzasına əsasən 2-yə vurularaq (ikiqat)=211.4 manat təşkil edib. Mart ayı üzrə ƏM-nin 97-ci maddəsinə əsasən gecə vaxtı 64 saat işlədiyinə görə və AR NK qərarına əsasən bu, 56 x 2.35=150.4 manat, bu məbləğin 40%-i 60.2 manat təşkil edir, bayram vaxtı 48 saat işlədiyi üçün x 2.35=112.8 manat, beləliklə, vəzifə maaşı 317.50 + əlavə işlədiyi 211.4 manat + gecə vaxtı işlədiyi 60.2 + bayram vaxtı işlədiyi 112.8 manat = 317.50 + 211.4 + 60.2 + 112.8 = 702 manat əmək haqqı təşkil edib, bu məbləğdən gəlir vergisi tutulub, VM əsasən fiziki şəxslərdən 200 manat gəlir vergisi tutulmur, id diaçı müharibə veteranı olduğuna görə bu məbləğə 400 manat əlavə olunub və 702 manatdan - 600 manat çıxılmaqla 102 manatdan 14% gəlir vergisi = 14,3 manat, 21.07 manat məcburi dövlət sosial sığorta haqqı, 3.51 manat işsizlikdən sığorta haqqı və 14.05 manat icbari tibbi sığorta haqqı tutularaq ümumulikdə 52.94 manat vergilər tutulmuş, əmək haqqı 2021-ci iln mart ayı üzrə 649 (702 - 52.94) manat təşkil etmişdir; - 2020-ci ilin aprel ayı üzrə əmək haqqı 490 manat təşkil etmiş (təsdiq olunmuş 2020ci ilin aprel ayı üçün iş vaxtının norması və istehsalat təqvimi 176 saat olmuş) və iddiaçının vəzifə maaşı 317.50 manat təşkil etdiyinə onun vəzifə maaşı 317.50: 176-ya bölünərək = 1.80 manat - 1 iş saatı müəyyən edilib. Aprel ayı üzrə iddiaçı 168 saat işləmiş, 176 – 168 = 8 saat (vəzifə maaşından) 317.50 manatdan 8 x 1.80 =14.4 manat çıxılır və 2020-ci ilin aprel ayı üzrə vəzifə maaşı 317.50 -14.4 =303.1 manat təşkil edib. Aprel ayı üzrə ƏM-nin 97-ci maddəsinə əsasən gecə vaxtı 56 saat işlədiyinə görə və AR NK qərarına əsasən 56 x 1.80 = 100.8 manat, bu məbləğin 40%-i 40.3 manat təşkil edib, bayram iş saatı olmayıb, işləməyib, dəniz əmsalı hesablanaraq 63.50 manat, beləliklə, vəzifə maaşı 303.1 + əlavə işlədiyi saatlar yoxdur - işləməyib + gecə vaxt işlədiyi 40.3 manat = 303.1 + 40.3 + 63.50 (dəniz əmsalı) = 406 manat əmək haqqı təşkil edib, bu məbləğdən ondan gəlir vergisi tutulayıb (600 manatdan az olduğuna görə), 12.21 manat məcburi dövlət sosial sığorta haqqı 2.03 manat işsizlikdən tibbi sığorta haqqı vergiləri tutularaq aprel 2020-ci il tarix ayı üzrə əmək haqqı 392.7 manat təş kil etmişdir; - xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək iddiaçıya verilən vəzifə maaşına əlavələr, bu məbləğdən vergilərin tutulması və ona verilən əmək haqqının məbləği 6.328 manat iddiaçın "xxxx" ASC-də hesab nömrəsinə köçürüb (cədvəllər təqdim olunur); - iddiaçı ona verilən əmək haqqının düzgün ödənilmədiyinə görə 2021-ci ilin fevral ayında DƏMX-nə müraciət etmiş və yoxlama nəticəsində xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək 170.96 manat ona ödənilmədiyi üçün MMC-nin direktoru AR İXM-nin 192.4-ci maddəsinə əsasən DƏMX-nin "xxxx" qərarı ilə cərimə edilmişdir; - 08.04.2021-ci il tarixdə MMC-nin direktoruna ailə vəziyyəti ilə əlaqədar maddi yardım göstərilməsi ilə bağlı etdiyi müraciət ərizəsinə əsasən iddiaçıya 750 manat pul (minimum əmək haqqının 3 misli) əmək haqqı kartına köçürülmüşd ür; - iddiaçı ona mənəvi ziyan dəyməsi ilə bağlı məhkəməyə Əmək Məcəlləsinin 290-cı maddəsinə əsasən heç bir sübut təqdim etməmişdir.
9. Üçüncü şəxsin nümayəndəsi iddiaya münasibət bildirib göstərmişdir ki, iddiaçının MMC-də iş vaxtından əlavə işə cəlb edildiyinə görə əmək haqqına əlavələrin edilməməsi və iş yerinin yaşadığı əraziyə yaxın olan yerlə dəyişilməsinə köməklik göstərilməsi ilə bağlı müxtəlif instansiyalara ünvanladığı müraciətlərə aidiyyəti üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Bakı şəhər İdarəsində baxılması ilə əlaqədar MMC tərəfindən təqdim olunmuş əmək haqqı cədvəllərindən və iş vaxtının uçotu tabellərindən iddiaçının iş vaxtından əlavə işə cəlb edildiyinə görə əmək haqqına əlavələrin ödənilməməsi məlum olmuşdur. B u səbəbdən də, əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində qanun pozuntusuna yol verildiyindən MMC-nin rəhbəri barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cı maddəsinin tələblərinə uyğun olaraq xx.xx.2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Eyni zamanda, MMC tərəfindən təqdim olunmuş məktubda Pirallahı rayonunun ərazisində yerləşən obyektin mühafizəsi ləğv edildiyindən iddiaçıya Suraxanı rayonu, Qum adasında dislokasiya olunmuş komandanın tərkibində işləmək təklif olunmuş və iddiaçı razılıq vermişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddiaçıya xx.xx.2020-ci ildən xx.xx.2021-ci il tarixədək hesablanmış əmək haqqına dair cədvəllər araşdırılmış və həmin müddət ərzində iş vaxtından əlavə işə cəlb edildiyinə görə iddiaçının əmək haqqına 170,96 manat əlavə edilmədiyi müəyyən edilmişdir ki, həmin fərq iddiaçıya ödənilməlidir.
10. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009-1153/2021 saylı, 24 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı qismən təmin edilmiş, iş vaxından əlavə işlədiyi saatlara görə cəmi 170,96 (yüz yetmiş manat doxsan altı qəpik) manatın cavabdeh MMCdən tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, qalan hissədə iddia təmin edilməmişdir. (hakim Mədinə Bağırova)
11. Birinci instansiya məhkəməsi iddiaçının cavabdehlə əmək münasibətlərində olduğu bütün müddət ərzində (xx.xx.2014-cü il tarixdən xx.xx.2021-ci il tarixədək) iş vaxtından əlavə işlədiyi müddətin pulunu tələb etmiş olsa da, cavabdehin nümayəndəsinin iddia müddətinin tətbiqi ilə bağlı verdiyi ərizəni d ə nəzərə alaraq qeyd etmişdir ki, yalnız son 1 il üçün iddiaçının iş vaxtından əlavə işləyib-işləmədiyinin araşdırılmalıdır.
12. Birinci instansiya məhkəməsi vurğulamışdır ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırı lmasına xidmət göstərir, tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.
13. Birinci instansiya məhkəməsi MMC-dən tələb edilərək iş materiallarına əlavə olunmuş, aprel 2020-ci il tarixindən mart 2021-ci il tarixinə qədər olan dövrü əhatə edən əmək haqqının hesablama məlumatlarına əsasən müəyyən edib ki, həmin dövr üzrə iddiaçıya əmək haqqı düzgün hesablanıb verilməmiş, 6499,33 manat əmək haqqı ödənilməli olduğu halda, iddiaçıya 6328,37 manat əmək haqqı ödənilmişdir.
14. Birinci instansiya məhkəməsi işi müəyyən edilmiş hallarına və iddia müddətinin tətbiqi barədə ətizəyə əsasən belə nəticəyə gəlmişdir ki, aprel 2020-ci il tarixindən mart 2021-ci il tarixinə qədər olan dövr üçün iddiaçının əmək haqqının düzgün hesablanmaması nəticəsində iddiaçıya ödənilməmiş 170,96 manat pul vəsaiti cavabdehdən alınıb iddiaçıya ödənilməlidir.
15. Birinci instansiya məhkəməsi Əmək Məcəlləsinin 290-cı maddəsinin 2 və 3cü hissələrinə istinad edərək iddiaçının ona və ailəsinə vurulmuş mənəvi zərərə görə 100000 manat məbləğində pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulması tələbini, sübut edilməməsinə görə əsaslı hesab etməmişdir.
16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 290-cı maddəsinin 2, 3-cü hissələri, 296-cı maddəsinin 4-cü hissəsinə, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. İddiaçı apellyasi ya şikayəti verərək, iş üzrə məhkəmə ekspertizası təyin edilməklə, post və davamiyyət jurnalları və post cədvəli araşdırılmaqla qətnamənin dəyişdirilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayətinin dəlilləri: - iş üzrə yeni qətnamə qəbul olunmalıdır. Birinci instansiya məhkəməsində iddiaçının təqdim etdiyi maddi sübutlara baxış keçirilmədi; - dəfələrlə vəsatət qaldıraraq ekspertiza tələbi irəli sürsə də məhkəmə vəsatəti rədd etmişdir; - mənəvi zərərin ödənilməsi ilə bağlı məhkəməyə disk təqdim etməyinə baxmayaraq, qiymət verilməyib (həmin diskdə idarə tərəfindən onun şərəf və ləyaqətini alçaldacaq əməllər olmuş və kəskin ərazi dəyişikliyi üzündən qorxudan ailəsində şəkər xəstəliyinə tutulan olmuşdur)
19. Apellyasiya instansiyası məhkəməsi məhkəmə-mühasibatlıq ekspertizası təyin etmişdir. Ekspertiza təyini haqqında qərardadda ekspert qarşısında xx.xx.2014-cü il tarixdən 16 aprel 2021-ci il tarixə kimi, yəni iddia olunan dövr üzrə iddiaçının əmək haqqı və digər ödənişlər düzgün hesablanıb ödənilibmi? Düzgün hesablanmadığı təqdirdə iddiaçıya ödənilməmiş əmək haqqı və digər ödənişlər hansı məbləğ təşkil edir? (Cədvəl tərtib edilməklə hər bir illər və aylar üzrə göstərilməklə)” sualları qoyulmuşdur.
20. Apellyasiya instansiyası Məhkəməsi 29 sentyabr 2021-ci il tarixli qərardadla iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş, ekspertiza qarşısında 04 mart 2014-cü il tarixdən 16 aprel 2021-ci il tarixinədək olan dövr üzrə iddiaçını əmək haqqı və digər ödənişlərin düzgün hesablanaıb ödənilməsi barədə müvafiq suallar qoyulmuşdur.
21. Məhkəmə Ekspertizası Mərkəzinin 18 yan var 2022-ci il tarixli, 9/7411 saylı Ekspertiza Rəyinə əsasən Mərkəzə xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il xx.xx.2021-ci il tarixlərdə əlavə sənədlər daxil olmuşdur. Təqdim olunan əlavə sənədlər xx.xx.2014 -xx.xx.2021-ci il tarixli dövrü deyil, yanvar 2017-dən aprel 2021-ci ilədək olan dövrü əhatə edir. Həmçinin xx.xx.2021-ci il tarixdə DƏMX-nin Bakı şəhəri üzrə əmək müfəttişi eksperiza tədqiqatında iştirak etmişdir. Rəyin tədqiqat hissəsində göstərilənlərə və iş materiallarında olan sənədlərə əsasən iddiaçıya yanvar 2017-ci il tarixdən aprel 2021-ci il tarixədək olan dövr üzrə 143,45 manat əmək haqqının hesablanıb ödənilməməsi müəyyən edimişdir.
22. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-412/2022 saylı mülki iş üzrə 05 mart 2022-ci il tarixli qətnaməsi i lə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Şərafət Məmmədova (sədrlik edən və məruzəçi), İlham Kərimli, Rafael Eyvazov)
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmış və şikayətin dəlilləri ilə bağlı qeyd etmişdir ki, əvvəla iddiaçının apellyasiya şikayətində istinad etdiyi və iş materiallarının 172-208-ci vərəqlərində olan post jurnalları kserosurətdir, həmin kserosurətlərin əsli mövcud deyildir və ümumiyyətlə iddiaçının özü tərəfindən (əlyazma ilə) təqdim olunmuş həmin kserosurətləri cavabdeh qəbul və təsdiq etmir. Məhkəmə-mühasibatlıq ekspertizası zamanı da təqdim olunan bu sənədlər ciddi mühasibat sənədləri olmadığından tədqiqat predmeti olmayıb. Ekspertiza ilə yanvar 2017-ci ildən aprel 2021-ci ilədək olan dövr üzrə iddiaçıya 143,45 manat əmək haqqının hesablanıb ödənilməməsi təsdiq edilib.
24. Apellyasiya instansiyası məhkəməsi iddiaçının birinci instansiyası məhkəməsinə disk təqdim etməsi barədə apellyasiya şikayətinin dəlillərinə qiymət verərək göstərmişdir ki, belə sübut iş materiallarında müəyyən olunmamış və təqdim olunmamışdır. İş materiallarında 72-74-cü səhifədə iddiaçının “Etizaz”ına qoşmada təhqir edilməsinə dair maddi sübutlar və səs yazıları qeyd edilsə də, bu materialların mövcudluğu iş materiallarından və məhkəmə iclas protokollarından görünmür. Həmçinin, bu barədə protokola qeydlər də verilməmişdir.
25. Apellyasiya instansiyası məhkəməsi həmçinin Əmə k Məcəlləsinin 102-ci maddəsinə də istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
26. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
27. Şikayət belə əsaslandırılıb: - məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş sənədləri kserosurət olduğundan qəbul etməkdən imtina etmiş və əsas olaraq Əmək Məcəlləsinin 102-ci maddəsinə istinad etmişdir. Əmək Məcəlləsinin göstərilən maddəsi ilə işəgötürənin üzərinə hər bir işçinin iş vaxtının və iş vaxtından artıq işlənmiş saatlarının dəqiq, dürüst uçotunu aparması öhdəliyi, o cümlədən iş vaxtının uçotunun aparılması forması və qaydasını müəyyən etmək öhdəliyi qoyduğundan, apellyasiya instansiyası məhkəməsi həmin sənədləri, o cümlədən post jurnallarının əslinin təqdim edilməsini tələb etməli idi. Məhz həmin sənədlərin, o cümlədən post jurnallarının təqdim olunması və öyrənilməsi nəticəsində iddiaçının artıq vaxt ərzində işləməsi və artıq işləmənın saatları müəyyən olunacaqdı; - iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş Dövlət Əmək Müfəttişliyi məhkəmə gedişində yalnız cavabdehin mövqeyini dəstəkləmiş və iddia ərizəsinin təmin edilməməsi barədə vəsatətlər vermişdir. Halbuki, vətəndaşların əmək hüquqlarını qoruyan orqan olaraq, qərəzlilikdən uzaq mövqe nümayiş etdirməklə iddianın həlli dövlət orqanı tərəfindən məhkəmənin səlahiyyətinə buraxılmalı idi. - məhkəmə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin etsə də, nə iddiaçının vəsatətinə qiymət vermiş, nə də ki, öz təsəbbüsü ilə MPM-in 14.1-ci maddəsinin tələbləri əsasında işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış və iddiaçıya onun prosessual hüquqlarının həyata keçirməsinə kömək etməmişdir. b)
28. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Əmək Məcəlləsi Maddə
102. İş vaxtının uçotu 1. İşəgötürən, faktiki olaraq hər bir işçinin iş vaxtının və iş vaxtından artıq işlənmiş saatlarının dəqiq, dürüst uçotunu aparmağa borcludur.
2. İş vaxtının uçotunun aparılması forması və qaydası işəgötürən tərəfindən müəyyən edilir. Maddə 290. 2-ci hissə. İşçinin hüquqlarını və qanuni mənafelərini pozmuş işəgötürən fərdi əmək mübahisəsinin həlli nəticəsində məhkəmə tərəfindən mü əyyən edilmiş işçiyə dəyən maddi ziyanı tam məbləğdə ödəməlidir. Maddə 290. 3-cü hissə. İşəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. Maddə 296. 4-cü hissə. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər.İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hall arın aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadınıqismən ləğv edə və yatamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkə mə təcrübəsinin vahidliyinin pozulmasıapellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
29. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
30. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyi üçün məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.
31. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.
34. İddia tələbi əmək haqqının ödənilməsi barədədir. İddiaçı tələbinin faktiki əsası kimi iş vaxtından əlavə işlərə cəlb edilsə də, əmək haqqının düzgün hesablanıb ödənilməməsinə istinad etmişdir.
35. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilən halına görə aprel 2020-ci il tarixindən mart 2021-ci il tarixinə qədər olan dövrü əhatə edən əmək haqqının hesablama məlumatlarına əsasən həmin dövr üzrə iddiaçıya əmək haqqı düzgün hesablanıb verilməmiş, 6499,33 manat əmək haqqı ödənilməli olduğu halda, iddiaçıya 6328,37 manat əmək haqqı ödənilmişdir.
36. İşin apellyasiya məhkəməsi tərəfindən ekspert rəyi ilə müəyyən edilən hallardan isə görünür ki, yanvar 2017-ci ildən aprel 2021-ci ilədək olan dövr üzrə iddiaçıya 143,45 manat əmək haqqının hesablanıb ödənilməməsi təsdiq edilib.
37. Göründüyü kimi, apellyasiya instansiyası işin müəyyən edilmiş halına uyğun olaraq iddianı qismən təmin edən birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilən hissədə dəyişdirmədən saxlamaqla düzgün nəticəyə gəlmişdir. Çünki iddiaçının tələbi yalnız təmin edilən hissədə təsdiqini tapmışdır.
38. Məhkəmə kollegiyası iddia tələbi və apellyasiya şikayəti üzrə apellyasiya məhkəməsinin hazırki qərarın 23-24-cü bəndilərində əks olunan mövqeyi ilə razılaşır. Həmin bəndlərdə əks olunanlardan görünür ki, apellyasiya məhkəməsi iddiaçının iddia tələbinin və apellyasiya şikayətinin dəlillərini tam aydınlaşdırmaqla onlara Əmək Məcəlləsinin tələbləri baxımından düzgün hüquqi qiymət verib, iddiaçının vəsatəti əsasında mühasibatlıq ekspertizası təyin edib, hətta ekspert rəyi ilə iddiaçıya 143,45 manat əmək haqqının hesablanıb ödənilməməsini təsdiq edilib. (birinci instansiya məhkəməsində isə bu rəqəm 170,96 manat müəyyən edilib.)
39. Apellyasiya instansiyası məhkəməsi sübutları, o cümlədən ekspertizanın rəyini Mülki Prosessual Məcəllənin 88 və 103.1-ci maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir.
40. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməni maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul etməsi barədə şikayətin dəlilləri əsassızdır.
41. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gə lir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
42. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-412/2022 nömrəli, 05 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.