Məhkəmə qərarları › İş №2(102)-3990/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3990/2023

29.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3990/2023 29.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “aliment borcunun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: aliment borcunun silinməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X1 ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 iyun 2023-cü il tarixli, 2(105)926/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. İddiaçı və Məmmədova (Əliyeva) Türkanə Salman qızı 23 may 2013-cü il tarixdə nikaha daxil olmuşlar.

2. Tərəflərin nikahda olduqları dövrdə 17 fevral 2013-cü il təvəllüdlü X4 adlı övladları anadan olmuşdur.

3. Abşeron Rayon Məhkəməsinin 18 yanvar 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı və Məmmədova (Əliyeva) Türkanə Salman qızı arasında 23 may 2013-cü il tarixdə bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş 17 fevral 2013-cü il təvəllüdlü X2 anası Məmmədova (Əliyeva) Türkanə Salman qızının yanında qalması müəyyən edilmiş, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay 137 manat sabit pul məbləğində aliment tutulub, Məmmədova (Əliyeva) Türkanə Salman qızına ödənilməsi, alimentin tutulmasının əvvəlinin 18 yanvar 2017-ci il tarixdən hesabl anması qət edilmişdir.

4. Qətnamənin qəbul edilməsinə baxmayaraq, sonrakı dövrdə tərəflərin ailə münasibətləri bərpa olunmuş və 18 oktyabr 2017-ci il tarixdə onların X5 adlı ikinci övladları anadan olmuşdur.

5. Tərəflərin münasibətləri yenidən pozulduğundan Abşeron Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh iddiası qismən təmin edilmiş, cavabdeh İddiaçı 17 fevral 2013-cü il təvəllüdlü X2 və 18 oktyabr 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 13 yanvar 2021-ci il tarixdən başlayaraq hər ay 175 manat sabit pul məbləğində alimentin iddiaçı Cavabdeh xeyrinə tutulması qət edilmişdir.

6. Sumqayıt Apellyasiya Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon M əhkəməsinin 26 aprel 2021-ci il tarixli qətnaməsi qismən ləğv edilmiş, qətnamə “cavabdeh İddiaçı 17 fevral 2013-cü il təvəllüdlü X2 və 18 oktyabr 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 13 yanvar 2021-ci il tarixdən başlayaraq hər ay 175 manat sabit pul məbləğində aliment iddiaçı Cavabdeh xeyrinə tutulsun” hissəsində ləğv edilmiş və iddia həmin hissədə təmin olunmamış, iddia qismən təmin edilmiş, qətnamə - “cavabdeh İddiaçı 18 oktyabr 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 13 yanvar 2021-ci il tarixdən başlayaraq hər ay 175 manat sabit pul məbləğində aliment iddiaçı Cavabdeh xeyrinə tutulsun, İddiaçı 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin və qətnamə alimentin tutulması hissədə dərhal icra olunsun” hissəsində dəyişdirilmədən saxlanılmışdır.

7. Abşeron Rayon Məhkəməsinin 04 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 18 yanvar 2017-ci il tarixli və 26 aprel 2021-ci il tarixli qətnamələri ilə müəyyən edilmiş alimentin məbləğləri artırılmış, 17 fevral 2013-cü il təvəllüdlü X2 və 18 oktyabr 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 193 manat, cəmi 386 manat sabit pul məbləğində alimentin cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh verilməsi, alimentin tutulmasının əvvəlinin bu qətnamə qanuni qüvvəyə minən gündən hesablanması qət edilmişdir.

8. Abşeron Rayon Məhkəməsinin 07 aprel 2022-ci il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahlarından 18 oktyabr 2017-ci ildə doğulmuş X3 Cavabdeh h imayəsində saxlanılması, İddiaçı 7500 manat pulun tutularaq Cavabdeh verilməsi qət edilmişdir.

9. Abşeron rayon İcra və Probasiya şöbəsinin 09 dekabr 2022-ci il tarixli məktubuna əsasən İddiaçı həmin tarixə 7063 manat aliment borcu vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18 oktyabr 2016-ci il tarixindən 20 iyul 2020-ci il tarixinədək hesablanmış aliment borcunun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehə qarşı nikahın pozulması, sonuncu isə qarşılıqlı olaraq alimentin tutulması barədə iddialarla məhkəməyə müraciət etsələr də, sonradan münasibətlərini davam etdirmək qərarına gəlmiş və bir müddət bi r yerdə yaşamışlar. Bundan sonra ikinci övladları 18 oktyabr 2017-ci il təvəllüdlü X5 anadan olmuşdur. Buna baxmayaraq, məhkəmə tərəfindən qətnamə çıxarılaraq, iddiaçıdan alimentin tutulması qət edilmişdir. Tərəflər arasında münasibətlər 2021-ci ildə yenidən korlanmış və Abşeron Rayon Məhkəməsində qeyd olunan qətnamələr qəbul edilmişdir. Tərəflər arasında olan məhkəmə mübahisələri zamanı müəyyən olunmuşdur ki, tərəflərin rəsmi münasibətləri pozulsa da, faktiki münasibətlər qalmışdır. Belə ki, tələbkar özü də qeyd etmişdir ki, tərəflər arasında barışıq baş tutmuş və onlar 2020-ci ilin iyul ayınadək bir yerdə yaşamışlar. 2016-ci ilin 18 oktyabr tarixindən 2020-ci ilin iyul ayının 20-dək birlikdə yaşadıqları üçün iddiaçı övladının bütün maddi tələbatlarını qarşılamışdır. Buna görə də həmin va xt ərzində hesablanılmış aliment borcundan azad olunmalıdır. Cavabdeh bilərəkdən iddiaçını çətin vəziyyətə salmaq üçün sonradan alimenti tələb etmiş və hazırda həmin borcun ondan tutulması üçün icra məmuru tərəfindən müvafiq olaraq məcburi icra tədbirləri görülməkdədir.

12. Abşeron Rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli, 2(012)-687/2023 nömrəli qətnaməsi ilə (hakim C.İ.Şəfiyeva) iddia təmin edilməmişdir.

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107.1, 107.2, 112-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.3 və 217.4cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

14. İddiaçı apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli, 2(012)-687/2023 nömrəli qətnaməsi nin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 iyun 2023-cü il tarixli, 2(105)-926/2023 nömrəli qətnaməsi ilə (hakim L.E.Rəhimlinin sədrliyi və məruzəsi ilə, hakimlər F.Ə.Məmmədovdan və İ.K.Dəmirovdan ibarət tərkibdə) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli, 2(012)687/2023 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq, iddianın qismən təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin 18 yanvar 2017-ci il tarixli, 2(012)-288/2017 nömrəli qətnaməsi əsasında 18 yanvar 2017-ci il tarixindən 20 iyul 2020-ci il tarixinədək İddiaçı hesablanmış aliment borcunun silinməsi, iddianın qalan hi ssədə təmin edilməməsi qət edilmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikasının Konstitusiyasının 17 və 34-cü, “Uşaq hüquqları haqqında” Konvensiyanın 27.2-ci, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü, Ailə Məcəlləsinin 107.2, 112.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.3, 217.4, 384.0.2, 385.1.1-385.1.4-cü maddələrinə istinad edərək izah etmişdir ki, qeyd olunan qanunvericilik aktların əsas istiqaməti ona yönəlmişdir ki, heç bir əsas valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi bor cu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir.

17. Apellyasiya instansiyası məhkəməsi ilk növbədə qeyd etmişdir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. İrəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərl əndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçının iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş aliment borcunun silinməsindən ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 107.2 və 112.1-ci maddəsi təşkil edir.

18. Qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırkı mübahisə üzrə iddiaçı, aliment borcundan azad edilməsini məhkəmə tərəfindən nikahlarına xitam verilməsi və birinci uşağa görə 137 manat aliment müəyyən edilməsi barədə qətnamə çıxarılmazdan əvvəl münasibətlərinin bərpa olunması, bundan sonra 4 il bir yerdə yaşamaları, hətta barışdıqdan sonra ikinci övladların 18 oktyabr 2017-ci il təvəllüdlü X3 anadan olmasına əsaslanmaqla tələb etmişdir.

19. İşin faktiki hallarını tədqiq edən və tərəflərin izahatlarını dinləyən apellyasiya məhkəməsi müəyyən etmişdir ki, 18 yanvar 2017 – 20 iyul 2020-ci illər ərzində tərəflər faktiki nikah münasibətlərində olmuş və həmin nikahdan doğulmuş uşaqlar hər iki valideynin himayəsində olmuşdur. Belə olan halda iddiaçının qeyd olunan müddət ərzində aliment öhdəli yinin yaranmasından və həmin məbləğin cavabdehə ödənilməsindən də söhbət gedə bilməz.

20. Ona görə də, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, şərh olunan diqqətəlayiq hallar nəzərə alınmalı, İddiaçı 18 yanvar 2017-ci il tarixdən 20 iyul 2020-ci il tarixə qədər hesablanmış aliment borcunu ödəməkdən və uşaqların onun himayəsində olduğu müddətdə aliment ödəməkdən azad olunmalıdır.

21. İş materiallarından da görünür ki, Abşeron Rayon Məhkəməsi tərəfindən tərəflər arasındakı nikahın pozulması və 1 uşağa görə aliment tutulmasına dair 18 yanvar 2017-ci il tarixdə qətnamə çıxarıldıqdan sonra 18 oktyabr 2017-ci tarixdə tərəflərin faktiki nikahından ikinci uşaqları X5 doğulmuşdur. Bundan başqa, iş materiallarında olan alimentin və müalicə xərclərinin tutulmasına dair Abşeron Rayon Məh kəməsinin 26 aprel 2021-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh iddiasında alimentin İddiaçı evi tərk edib uşaqları faktiki olaraq maddi təminatsız qoyduğu 20 iyul 2020-ci il tarixdən tutulmasını tələb etmişdir. Abşeron Rayon Məhkəməsinin 07 aprel 2022-ci il tarixli qətnaməsində də tərəflər arasında münasibətlərin 2020-ci ilin iyul ayından pisləşməsi öz təsdiqini tapmışdır. Abşeron Rayon İcra və Probasiya Şöbəsinin 06 iyun 2023-cü il tarixli məktubuna əsasən Abşeron Rayon Məhkəməsinin 18 yanvar 2017-ci il tarixli qətnaməsi üzrə icra sənədinin 28 yanvar 2022-ci il tarixdə verildiyi müəyyən olunur. Göründüyü kimi Cavabdeh da həmin müddət ərzində alimentin tutulmasının icrasını tələb etməmişdir. Qeyd olunanlara əsasən, apellyasiya məhkəməsi İddiaçı apellyasiya şikayətinin dəlillərini inandırıcı və əsaslı hesab etmişdir.

22. Bununla yanaşı məhkəmə hesab etmişdir ki, aliment borcunun silinməsi apellyasiya şikayətində tələb edildiyi qaydada deyil, uşaqların hər iki valideynin yanında yaşadıqları dövrü əhatə etməlidir. Başqa sözlə, nə qədər ki, uşaqlar ana və ataları ilə yaşayıb, onların bütün xərclərini qarşılıqlı şəkildə valideynləri qarşılayıb, həmin dövr üçün iddiaçının yaranmış aliment borcu silinməlidir. Bu müddət isə iddia tələbində göstərilən 18 oktyabr 2016-cı il tarixdən deyil, 18 yanvar 2017-ci il tarixdən hesablanmalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

23. Cavabdeh kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 iyun 2023-cü il tarixli, 2(105)-926/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin t əmin edilməməsi və ya işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsi qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 17-ci, “İcra haqqında” Qanunun 2.1-ci, Ailə Məcəlləsinin 107.2-cı, Mülki Prosessual Məcəllənin 76.1, 76.2, 88, 217.3, 217.4, 218.1, 218.2-ci maddələrinin tələblərini pozmuşdur.

25. Belə ki, apellyasiya məhkəməsi qanuni qüvvədə olan Abşeron Rayon Məhkəməsinin 18 yanvar 2017-ci il tarixli məhkəmə qətnaməsini və həmin qətnaməyə əsasən verilmiş icra sənədi nəzərə almamışdır. Cavabdeh həmin qətnamə üzrə icra sənədi əsasən aliment borcunun ödənilməsinin təmin edilməsini bir neçə dəfə şifahi qaydada tələb etmiş, ancaq borcun öd ənilməsinə müvəffəq olmamışdır. Apellyasiya məhkəməsi tərəflər arasında münasibətlərin bərpa olunmasını və 4 il bir yerdə yaşamaları qənaətini iddiaçının izahatına uyğun əsaslandırmış, cavabdehin və onun vəkilinin izahatını isə nəzərə almamışdır. Halbuki onların izahatlarına görə 2017-ci il tarixdən tərəflər cavabdehin anası gildə yaşamağa başlamış, uşaqlara cavabdehin anası baxmışdır. Tərəflər mütəmadi birgə yaşamamış, ayrılıb-barışmışlar. Tərəflərin barışmaqları formal olmuş, iddiaçı uşaqlarına baxmamışdır. İddiaçı izahatında etiraf etmişdir ki, tərəflərin münasibətlərində 2017-ci ildə qısa müddətdə barışıq olsa da, apellyasiya məhkəməsinin qeyd etdiyi kimi 4 il yox, bir neçə ay davam etmiş, sonra pozulmuşdur. Həmçinin, tərəflərin faktiki nikah münasibətlərində olmaları və nikahdan doğ ulmuş uşaqların hər iki valideyn himayəsində olmaları uşaqların maddi təminatının iddiaçı tərəfindən həqiqətən qarşılandığını sübut etmir. İddiaçı bununla bağlı dediklərini təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Apellyasiya məhkəməsi qətnamə qəbul edərkən tərəflərin izahatlarını bərabər qiymətləndirməmiş, iddiaçının izahatına üstünlük vermiş, cavabdehin izahatı isə ona maraqlı olmamışdır.

26. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

27. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

28. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelly asiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

29. Apellyasiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilsə də, iddiaçı kassasiya şikayəti vermədiyindən, hazırki kassasiya baxışının hədlərini apel lyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin cavabdehin kassasiya şikayətinin dəlilləri əsasında iddianın təmin olunan hissəsində yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

30. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.

31. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər.

32. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdi m etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız mə hkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqey i:

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin gəldiyi qənaəti əsaslı hesab edir.

34. Məhkəmə tərkibi cavabdehin kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddianın qanuni əsasını düzgün müəyyən etmiş və tam hüquqlu məhkəmə kimi səlahiyyətləri çərçivəsində işdə olan sübutları və tərəflərin izahatlarına ardıcıl və müfəssəl hüquqi qiymət verməklə, tərəflərin 18 yanvar 2017-ci il tarixd ən 20 iyul 2020-ci il tarixədək birgə yaşamaqla, xeyrinə aliment tutulan övladlarının onların hər ikisinin himayəsində olmasını, bu müddətdə həmin uşağın təminatının tərəflərin birgə vəsaitləri hesabına təmin olunmasını və bu səbəbdən də, qeyd olunan müddət üçün iddiaçının aliment öhdəliklərinin qalmamasını müəyyən etmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları müəyyən edilərkən sübutların qiymətləndirilməsi ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilməsi müəyyən olunmamışdır.

35. Kassasiya şikayətinin digər dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Abşeron Rayon Məhkəməsinin 18 yanvar 2017-ci il tarixli qətnaməsinin qüvvədə olması həmin qətnamə əsasında hesablanmış aliment borcunun qismən silinməsinə mane olmur. Belə ki, Ailə Məcəll əsinin 107.2-ci maddəsinin dispozisiyası məhz aliment ödənilməsi barədə qətnamə qəbul edildikdən və qüvvəyə mindikdən sonra həmin maddədə sadalanan halların baş verməsi halında aliment ödəməli şəxsin aliment borcunu ödəməkdən azad edilməsi mümkünlüyünü müəyyən etmişdir.

36. Cavabdehin kassasiya şikayətinin digər dəlilləri işin faktiki hallarının müəyyən edilməsi və iddianın sübut olunmaması ilə bağlıdır. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə isə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 4 07.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

37. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, işə baxılarkən gəlinən nəticənin uşaqların üstün mənafeyinə uyğun olduğu kifay ət qədər əsaslandırılmış, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas deyildir.

38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 iyun 2023-cü il tarixli, 2(105)-926/2023 nömrəli qətnaməsi iddianın təmin olunan hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar