Məhkəmə qərarları › İş №2(102)-4191/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4191/2021

13.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4191/2021 13.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin verilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: sığorta hadisəsi, sığorta ödənişinin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 və vəkili Vəkil2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 fevral 2021-ci il tarixli, 2(103) 1616/2021 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 01 mart 2018-ci il tarixli, BA № 840625 saylı Daşınmaz Əmlakın İcbari Sığortası Şəhadətnaməsi ilə İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 01 mart 2018-ci il tarixdən 28 fevral 2019-cu il tarixədək, sığorta məbləği 15000 manat, azadolma məbləği isə 150 manat müəyyən olunmaqla Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən sığortalanmışdır. Sığorta müqaviləsi qüvvədə olduğu müddətdə sığortalanmış daşınmaz əmlakın yerləşdiyi ərazidə çökmə baş vermiş və əmlaka zərər vurulmuşdur. Belə ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti tərəfindən verilmiş 06 iyul 2018-ci il tarixli arayışa əsasən İddiaçı məxsus sahəyə baxış zamanı müəyyən olunmuşdur ki, cari il ərzində düşən atmosfer yağıntılarının və texnogen amillərin təsirindən qeyd olunan sahədə çökmə (oturma) (5,2 x 8,4 m – dərinliyi 3-5 sm) prosesi baş vermişdir. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 95.3-cü maddəsinə əsasən sığorta sahəsində yardımçı fəaliyyət göstərən müstəqil ekspertlərin reyestrinə daxil edilmiş X2 tərəfindən verilmiş 10 noyabr 2018-ci il tarixli Sığorta hadisəsinə dair arayışda qeyd edilmişdir ki, ünvan 1 ünvanında vətəndaş İddiaçı məxsus fərdi yaşayış evində 16 iyul 2018-ci il tarixdə təbii fəlakət hadisəsi nin baş verməsi müəyyən olunmuşdur. Baş vermiş sığorta hadisəsi nəticəsində mülkiyyətçiyə 30000 manat məbləğində zərər dəymişdir. İddiaçı sığorta ödənişinin verilməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət etmiş, lakin Şirkət sığorta ödənişini verməkdən imtina etmişdir. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 30 dekabr 2019-cu il tarixli rəyinə əsasən ünvan 1da yerləşən İddiaçı Məhəmməd qızına məxsus olan evdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti tərəfindən verilmiş 06 iyul 2018-ci il tarixli, 20/502 saylı arayışa əsasən, 30 mart 2018-ci il tarixdə İddiaçı Məhəmməd qızına məxsus sahəyə cari il ərzində düşən atmosfer yağıntılarının və texnogen amillərin təsirindən qeyd olunan sahədə çökmə prosesi baş vermiş və nəticədə baxış zamanı həmin yaşayış evində çatlar əmələ gəlmişdir. ünvan 1da yerləşən İddiaçı məxsus olan evin bünövrəsi texniki pasportun məlumatlarıma əsasən betondan olduğunu və eləcə də tədqiq olunan yaşayış evi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsi tərəfindən qeydiyyata alınaraq texniki pasport verildiyini nəzərə alaraq, həmin yaşayış evin çökməsi və zədələrin yaranması həmin tikilinin inşa edilməsi zamanı tikinti qaydalarına riayət edilməməsi səbəbindən yaranmamışdır. Tədqiq olunan yaşayış evində yaranmış qüsurların aradan qaldırılması üçün aparılmalı təmir-tikinti işlərinin hazırda mövcud olan bazar qiymətlərinə uyğun dəyəri təqribən 13815 manat məbləğində müəyyən olunur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 30000 manat sığorta ödənişinin, 20000 manat öhdəliyin icra edilməməsi ilə vurulan zərərin, 30 manat dövlət rüsumunun, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində, yəni 2000 manat məbləğində dəbbə pulunun, ümumilikdə 52030 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında İddiaçı məxsus fərdi yaşayış evi 01 mart 2018-ci il tarixində, bir il müddətinə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Q anununa əsasən yanğın, ildırım düşməsi, məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı, elektrik naqillərində baş verən qısa qapanma, buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı, su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma, hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri, yerüstü nəqliyyat vasitəsinin dəyməsi, təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi, üçüncü şəxslərin hərəkətləri risklərindən sığortalanmışdır. 16 iyul 2018-ci il tarixdə sözügedən daşınmaz əmlakın yerləşdiyi ərazidə təbii fəlakət hadisəsi baş vermiş və mülkiyyətçiyə 30000 manat məbləğində zərər dəymişdir. Qeyd olunan hadisə üzrə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə məlumat verilmiş, lakin sığorta şirkəti sözügedən sığorta hadisəsinin sığorta təminatına daxil olmaması qənaətinə gəlmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli, 2(006)3423/2020 nömrəli qətnaməsi ilə (hakim R.Ə.Səmədov) iddia qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 13665 manat sığorta ödənişinin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 15 manatı olmaqla, cəmi 13680 manat məbləğində pulun alınaraq, İddi açı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.8-ci maddəsinə, Mülki Məcəllənin 883.1, 922.1, 922.2, 926.3, 935.1.8 və 935.1.10-cu maddələrinə istinad edərək hesab etmişdir ki, sığorta şirkəti sığortalıya məxsus yaşayış evinə dəymiş zərərin həmin evin bünövrəsinin düzgün qurulmaması səbəbindən yarandığını təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə meliorator.az saytına istinadən qeyd etmişdir ki, torpağın sürüşməsi (çökməsi) dedikdə qruntun tədricən yamac boyunca aşağıya doğru yerini dəyişməsi prosesi başa düşülür. Sürüşmə (çökmə) prosesləri əksər hallarda dağ yamacları, dağ ətəkləri, çay, göl və dəniz sahilləri, iri kanalların yamacla rı üçün xarakterikdir. Nəticədə, tikililər, qurğular, körpülər, yollar, yaşayış evləri, kanallar və s. dağılaraq dövlətə böyük ziyan dəyir. Sürüşmə (çökmə) hallarının baş verməsinin əsas səbəbi kimi, həmin ərazilərdə rütubətin kəskin artması və yüksək olması göstərilir, odur ki, mübarizə tədbirləri kimi yeraltı və yerüstü axınlarının nizamlanmasının aparılması gərəkdir. Sürüşməyə (çökməyə) meylli ərazilərdə suvarma apararkən torpağın ancaq aktiv qatının mənimsəməsi üçün minimum suvarma norması tətbiq etmək lazımdır. Məhkəmə hesab etmişdir ki, iddiaçıya məxsus evin yerləşdiyi ərazidə çökmə prosesinin yaranması halı özündə torpağın sürüşməsi halını ehtiva edir ki, bu hal da “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.8-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edil ir. Belə olan halda, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən sığorta ödənişinin verilməsindən imtina edilməsi əsassız olmuşdur. Məhkəmə həmçinin hesab etmişdir ki, iddiaçı fərdi yaşayış evinə dəymiş zərərə görə 30000 manat pulu tələb etsə də, iş üzrə məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizası keçirilmiş və ekspert rəyindən görünür ki, tədqiq olunan yaşayış evində yaranmış qüsurların aradan qaldırılması üçün aparılmalı təmir-tikinti işlərinin hazırda mövcud olan bazar qiymətlərinə uyğun dəyəri təqribən 13815 manat məbləğində müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış 01 mart 2018-ci il tarixli, BA № 840625 saylı Daşınmaz Əmlakın İcbari Sığortası Şəhadətnaməsinin 4 və 5-ci bəndlərindən görünür ki, daşınmaz əmlakın sığorta məbləği 15000 manat, azad olma məbləği isə 150 manat təşkil edir. Belə olan halda, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 13665 manat sığorta ödənişinin əvəzi alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə iddia tələbinin “20000 manat öhdəliyin icra edilməməsi ilə vurulan zərər və hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində, yəni 2000 manat məbləğində dəbbə pulu tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı tələbinin həmin hissələrdə əsaslı olmasını təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli, 2(006)-3423/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 fevral 2021-ci il tarixli, 2(103)-1616/2021 nömrəli qətnaməsi ilə (hakim A.N.İmanovun sədrliyi və məruzəsi ilə, hakimlər Q.A.Əsgərovdan və V.N.Sadıqovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli, 2(006)3423/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə cavabdehə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, cavabdeh tərəf qeyd etdiklərini təsdiq edəcək hər han sı sübutu təqdim edə bilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 fevral 2021-ci il tarixli, 2(103)-1616/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, “İcbari Sığortalar haqqında” Qanunun 36-cı maddəsində qeyd olunmuş növ üzrə sığorta təminatının hansı hadisələrə verilməsi aç ıq aşkar sadalanmışdır. Hər iki instansiya məhkəməsi qətnamələrində fərdi yaşayış evində əmələ gəlmiş çatların çökmə nəticəsində əmələ gəlməsini qeyd etmiş və bu hal ümumiyyətlə mübahisələndirilməmişdir. Lakin hər iki qətnamədə meliorator.az saytına istinad olunaraq sürüşmənin çökmə ilə eyni olması qeyd olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi tərəfindən belə bir saytın yazısının mötəbər sübut kimi qəbul edilməsi yolverilməz olmuşdur. Müstəqil ekspert X2 tərəfindən verilmiş 10 noyabr 2018-ci il tarixli sığorta hadisəsinə dair arayışda fərdi yaşayış evində təbii fəlakət hadisəsinin baş verməsi qeyd olunsa da, konkret olaraq nə baş verdiyi qeyd olunmamışdır. Həmçinin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti tərəfindən verilmiş arayışda da cari il ərzində düşən atmosfer yağıntılarının və texnogen amillərin təsirindən qeyd olunan sahədə çökmə (oturma) prosesinin baş verməsi müəyyən edilmişdir. Bu arayışda da atmosfer yağıntılarının leysan, daşqın, sel və ya yağış olması qeyd olunmamışdır. Məlum olduğu üzrə bütün növ atmosfer yağıntılarından əmələ gələn zərərlərə belə sığorta təminatı verilməmişdir. İşə baxan məhkəmə heç bir mötəbər sübut olmadan çökmə (oturma) termini ilə sürüşmə terminini eyniləşdirdiyindən və bu sözləri sinonim hesab etdiyindən yekunda səhv nəticəyə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 və vəkili Vəkil2 kassasiya şikayətinin dəlill ərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəməyə gəlməmiş, vəkilinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının predmetini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalın ın müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığ orta müqaviləsində müəyyən edilir. 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 926.3-cü maddəsinə əsasən sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun: 36.1.8-ci maddəsinə əsasən təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi nəticəsində daşınmaz əmlakın zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217. 4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, tərəflər arasında daşınmaz əmlakın icbari sığortası müqaviləsindən irəli gələn hüquq münasibətlərinin mövcudluğu və həmin münasibətlər qüvvədə olduğu dövrdə iddiaçının mülkiyyətində olan sığortalanmış fərdi yaşayış evinə zərər dəyməsi işin mübahisəsiz hallarıdır. Hazırda cavabdeh tərəfindən mübahisələndirilən hal ondan ibarətdir ki, iddiaçının evinin zədələnməsi ilə nəticələn “çökmə” (torpağın oturması) anlayışı “İcbari sığortalar haqqında” Qanunun 36.1.8-ci maddəsi ilə nəzərdə tutulmuş “yer sürüşməsi” anlayışı ilə əhatə olunurmu və bununla da, baş vermiş hadisə sığorta hadisəsi hesab olunmalıdırmı? İşin faktiki hall arını araşdıran məhkəmələr iddianı qismən təmin edərkən hesab etmişlər ki, iddiaçıya məxsus evin yerləşdiyi ərazidə çökmə prosesinin yaranması halı özündə torpağın sürüşməsi halını ehtiva edir və sığorta hadisəsi hesab olunur. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda qeyd olunan maddi hüquq normaları düzgün tətbiq olunmuş və cavabdehin kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas ola bilməz. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən də qeyd olunduğu kimi, çökmə torpaq səthində baş verən geoloji proses olmaqla, qruntun tədricən yamac boyunca aşağıya doğru yerini dəyişməsi prosesi başa düşülür. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış icbari sığorta müqaviləsinin şərtləri apellyasiya instansi yası məhkəməsi tərəfindən Mülki Məcəllənin 404.1-ci maddəsinə uyğun şərh edilmiş və gəldiyi nəticə əsaslı olmuşdur. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 fevral 2021-ci il tarixli, 2(103)-1616/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar