Məhkəmə qərarları › İş №2(102)-4201/2024

Ali Məhkəmə Qərardad — İş №2(102)-4201/2024

10.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4201/2024 10.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdehə qarşı “əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair mülki iş üzrə QƏRARDADI Açar sözlər: qətnamədən kassasiya şikayəti vermək hüququnun olmaması, həmçinin nümayəndə və ya vəkil tərəfindən şikayətin imzalanmasına səlahiyyətin olmaması əsası ilə kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər İspəndiyar Əsəd oğlu Şəfiyev (məruzəçi), Əhməd Abbas oğlu Əhmədov və Vüqar Təvəkgül oğlu Həsənovdan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2024-cü il 11 sentyabr tarixli 2(107)-892/2024 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 (vəkil Nümayəndə) tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 (bundan sonra iddiaçılar) iddia ərizəsi ilə Göyçay Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh (bundan sonra cavabdeh) 125.000 manat məbləğdə əldən çıxmış faydanın və ödənilmiş 410 manat dövlət rüsumunun tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İŞ ÜZRƏ QƏBUL EDiLMiŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

2. Göyçay Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2024cü il 17 aprel tarixli e-2(046)-58/2024 nömrəli qətnaməsi il ə (hakim Elçin Qurbanov) iddianın təmin olunmaması qət edilmişdir.

3. İddiaçılar birgə apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

4. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2024-cü il 11 sentyabr tarixli 2(107)-892/2024 nömrəli qətnaməsi ilə (hakimlər Ələddin Məcidov (sədrlik edən və məruzəçi), Mahir Əsədli və Elçin Mehdiyev) iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən sаxlаnılması qət edilmişdir.

5. İddiaçılar (vəkil) birgə kassasiya şikayəti verərək, apellyasiya ins tansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin olunmamasını xahiş etmişlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

6. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

7. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər.

8. Maddə 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir.

9. Maddə 408.1.1. Kassasiya şikayəti bu Məcəllənin 402 və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

10. Maddə 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır.

11. Maddə

409. Apellyasiya instansiyası məh kəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

12. Məhkəmə kollegiyası kassasiya şikayətinin mümkünlüyünü araşdıraraq, aşağıdakılara əsasən hesab edir ki, İddiaçı2 (vəkil) tərəfindən birgə verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və geri qaytarılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

13. Belə ki, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti daxil olduqda onu vermiş şəxsin kassasiya şikayət i vermək hüququna malik olmasını (şikayət verilmiş qətnamənin MPM-nin 402.1-ci maddəsində nəzərdə tutulmuş kassasiya şikayəti verilməsi istisna edilmiş qətnamələr kateqoriyasına aid olub-olmamasını), kassasiya şikayətinin qanunla müəyyən olunmuş müddətdə verildiyini, kassasiya şikayətinin qanunla nəzərdə tutulmuş forma və məzmun tələblərinə cavab verdiyini yoxlamalı, həmin qaydalara riayət olunduğu halda kassasiya şikayətini baxılması üçün kassasiya instansiyasına göndərməli, göstərilən tələblərə cavab vermədiyi halda isə, kassasiya şikayətinin geri qaytarılması barədə əsaslandırılmış qərardad çıxarmalıdır.

14. Lakin hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsi İddiaçı2 münasibətdə bu tələblərə əməl etməmişdir.

15. Belə ki, kassasiya şikayətindən göründüyü kimi kassasiya şikayəti idd iaçıların vəkili tərəfindən 13 noyabr 2024-cü il tarixdə elektron qaydada imzalanmışdır. Lakin İddiaçı2 münasibətdə vəkil həmin tarixdə kassasiya şikayətini imzalamaq səlahiyyəti olmamış, qeyd olunan tarixə aid etibarnamə işə əlavə edilməmişdir.

16. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.3-cü maddəsinə əsasən şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir.

17. Bu halda apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayəti İddiaçı2 münasibətdə geri qaytarılmalı idi. Çünki Azərbaycan Respublikası MPM-nin 409cu maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir.

18. Kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olmaması (o cümlədən şəxsin kassasiya şikayəti vermək hüququna malik olması, şikayətin onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) tərəfindən imzalanmaması, nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməməsi) apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətinin geri qaytarılması kimi hüquqi nəticəyə sə bəb olur. Kassasiya şikayətinin geri qaytarılması apellyasiya instansiyasının səlahiyyəti olduğuna görə, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

19. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, iddiaçılar kassasiya şikayətinin “şikayəti verən şəxsin tələbi” hissəsində iddia tələbinin təmin olunmamasını xahiş etmişlər və iddiaçıların öz tələblərinin təmin olunmamasını tələb etməsi texniki səhv kimi nəzərə alınır.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir.

21. Həmin Məcəl lənin 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.

22. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı2 (vəkil) tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilməli, geri qaytarılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilməlidir.

23. Həmçinin apellyasiya instansiyası məhkəməsi İddiaçı2 kassasiya şikayətini geri qaytardıqdan sonra, mülki işi digər iddiaçılar tərəfindən birgə verilmiş kassasiya şikayətinə baxılması üçün Ali Məhkəməyə göndərməlidir.

24. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408 və 411-ci maddələrini rəhbər tutaraq, Qərara ald ı: Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2024-cü il 11 sentyabr tarixli 2(107)-892/2024 nömrəli qətnaməsindən İddiaçı2 (vəkil) tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti İddiaçı2 aid hissədə geri qaytarılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar