Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4216/2022 10.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: aliment öhdəliyindən azad etmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı (üçüncü şəxs Yevlax rayon İcra və Probasiya şöbəsi olmaqla) aliment borcunun silinməsi tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-536/2022 nömrəli, 30 mart 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 10 oktyabr 2022-ci il tarixində Al i Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra – iddiaçı) ilə Cavabdeh (bundan sonra – cavabdeh) 2006-cı ildə rəsmi nikaha daxil olmuşlar.
2. Tərəflərin nikahından bir uşaqları - xx.xx.2006-cı il təvəllüdlü X2 doğulmuşdur.
3. Yevlax Rayon Məhkəməsinin 8 avqust 2008-ci il tarixli qətnaməsi ilə tərəflərin nikahları pozulmuş və xx.xx.2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün iddiaçının aylıq bütün qazancının 25 faizi miqdarında alimentin 11 avqust 2007-ci ildən başlayaraq cavabdehin xeyrinə tutulması qət edilmişdir.
4. Daha sonra hazırkı iş üzrə cavabdeh aliment məbləğinin artırılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Yevlax Rayon Məhkəməsinin 8 iyun 2021-ci il tarixli 2(039)1093/2 021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Yevlax Rayon Məhkəməsinin 18 sentyabr 2008-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2006-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 manat sabit pul məbləğində alimentin hazırkı iş üzrə iddiaçıdan alınaraq cavabdehə verilməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin əsassız olaraq ondan tələb etdiyi 5400 manat aliment borcunun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdeh daim rəsmi işlərdə işləmiş və a liment onun əmək haqqından tutulmuşdur. Hazırda iddiaçının 5400 manat aliment borcu tələb etməsi əsasızdır. Təqdim olunan arayışlardan və qəbzlərdən görünür ki, cavabdehin borcu yoxdur.
7. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək, bildirmişdir ki, 2007-ci ildən hesablanan aliment borcu əslində daha çox olub. Lakin icra məmuru tərəfindən iddiaçının barəsində inzibati xətaya dair protokol tərtib edilərkən, iddiaçı tərəfindən ödənilən və onun əmək haqqından tutulan məbləğlər nəzərə alınaraq borc 5400 manat göstərilmişdir.
8. Yevlax Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 18 noyabr 2021-ci il tarixli, 2(039)-2179/2021 saylı qətnaməsi ilə (hakim Ruslan Əlizadə) iddia tələbi rədd edilmişdir.
9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, aliment uşağın saxlanı lması üçün, onun gündəlik tələbatını və digər xərclərini ödəmək məqsədi daşıdığından yaranmış borcun silinməsi uşağın mənafeyinə ziddir. Həmçinin iddiaçı tərəfindən aliment üzrə yaranmış borcun silinməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslara (borcun xəstəliyi və digər üzrlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini, ailə və ya maddi vəziyyətində dəyişiklik olmasına) dair məhkəməyə sübut təqdim edilməmişdir. Həmçinin məhkəmə iclasından məlum olmuşdur ki, aliment qətnaməsi qət olunan gündən iddiaçı tərəfindən cəmi 2066.78 manat aliment ödənilmişdir. İcra məmurunun izahatı ilə də inzibati xəta haqqında protokol tərtib olunarkən həmin ödənilmiş pullar nəzərə alınaraq borcun 5400 manat göstərildiyi müəyyən edilmişdir.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.1, 77, 78.1, 107.2-ci, 112.1-ci, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 3, 5, 8, 19-cu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2-ci, 77.1-ci, 88-ci, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunmasını xahiş etmişdir.
12. Üçüncü şəxs Yevlax rayon İcra və Probasiya şöbəsinin icra məmuru Elmdar Rüstəmov apellyasiya baxışı zamanı verdiyi izahatında bildirmişdir ki, alimentin tutulması barədə icra sənədi onun icraatındadır. 16 aprel 2021-ci il tarixdə iddiaçının barəsində protokol tərtib olunarkən, on un tərəfindən edilən ödənişlər nəzərə alınmaqla borc 5400 manat qeyd edilmişdir.
13. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-536/2022 saylı, 30 mart 2022-ci il tarixli qətnaməsi ilə iddiaçının аpellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən sаxlаnılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
15. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını, işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişdir.
16. Kassasiya şikayəti apellyasiya şikayətin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, kifayət qədər əs aslar və sübutlar olduğu halda apellyasiya instansiyası məhkəməsi öz qətnaməsini tədqiq olunmuş sübutlarla düzgün əsaslandırmamış, nəticədə maddi və prosessual hüquq normalarını pozmaqla işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmayan qətnamə qəbul etmişdir. Cavabdeh ziddiyyətli şikayətlər və izahatlar vermiş, lakin məhkəmələr həmin halları nəzərə almamış, bundan başqa, məhkəmələr tərəfindən iddia ərizəsinə əlavə edilmiş aliment ödənişi ilə bağlı sənədlər qiymətləndirilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz göndərərək, qeyd etmişdir ki, iddiaçı müxtəlif arayışlar təqdim etsə də, borc məbləğinin 5400 manat olmamasını sübut edən hər hansı bir sənəd təqdim edə bilməmiş, kassasiya şikayəti ndə maddi və prosessual hüquq normalarının pozulduğu qeyd olunsa da, hansı normanın hansı formada pozulması öz əksini tapmamışdır. Cavabdeh apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Ailə Məcəlləsi
18. Maddə 76.1.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay bir uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur.
19. Maddə
77. Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.
20. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
21. Maddə 107.2. Məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzrlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər.
22. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Mülki Prosessual Məcəllə
23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutlar ı araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
26. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
27. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
28. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin fak tiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
29. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
30. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
31. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunma masını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
32. Kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmam ası halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. Kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd olunmalıdır ki, baxılan iş üzrə iddiaçı cavabdehə qarşı aliment öhdəliyindən azad edilmə barədə iddia qaldırmışdır. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 107.2 və 112.1-ci maddələri müəyyən üzrlü səbəblərdən tələbkarın aliment borcunu ödəməkdən tam və ya qismən azad edilməsi imkanını nəzərdə tutmuşdur. Lakin həmin normalara əsasən aliment öhdəliyindən azad olunmanı tələb edən şəxs bu halın xəstəliyi və digər üzrlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini, ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunu sübuta yetirməlidir.
35. Hazırkı i ş üzrə iddiaçı tərəfindən qeyd olunan hallara dair sübutlar təqdim olunmadığına görə məhkəmələr iddianı təmin etməmişlər.
36. Eyni zamanda Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, aliment borcunun icra məmuru tərəfindən düzgün müəyyən edilmədiyi, edilmiş aliment ödənişləri nəticəsində aliment borcunun əslində daha az olduğu halda aliment borcunun məbləği ilə bağlı mübahisə ayrıca iddia icraatının predmeti ola bilməz. Bu cür hallarda tələbkarın icra məmurunun alimentin məbləği ilə bağlı qərar və hərəkətlərindən icra icraatı qaydasında qətnamənin icrasına nəzarət edən məhkəməyə şikayət vermək hüququ vardır.
37. Qeyd olunanlara əsasən Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən sax lanılmalıdır.
38. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Mülki kollegiyasının 2(107)-536/2022 nömrəli mülki iş üzrə 30 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.