Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4259/2023 04.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: ər-arvadın əmlak bölgüsü Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı nikahın pozulması, uşağın ananın yanında saxlanılması, aliment və əmlak tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2971/2023 nömrəli, 24 iyun 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati bin asında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra – iddiaçı) ilə Cavabdeh (bundan sonra – cavabdeh) 25 iyul 2016-cı il tarixdə rəsmi nikaha daxil olmuşlar.
2. Birgə nikahdan 10 avqust 2017-cı il tarixdə X2 anadan olmuşdur. 3. ünvan 1 ünvanında yerləşən 46 nömrəli mənzil (bundan sonra – mənzil) xx.xx.2016-cı il tarixdə cavabdehin adına qeydiyyata alınmışdır. 4. "MERCEDES BENZ E-240" markalı **-DS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi (bundan sonra – avtomobil) xx.xx.2021-ci il tarixdə cavabdehin adına qeydiyyata alınmış, xx.xx.2022-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi il ə məhkəməyə müraciət edərək, nikahın pozulması, birgə nikahdan anadan olmuş uşağın onun yanında saxlanılması, övladının yetkinlik yaşına qədər saxlanılması üçün cavabdehdən 193 manat sabit pul məbləğində alimentin tutulması, birgə nikah dövründə əldə edilmiş mənzilin 1/2 hissəsinə pay hüququnun tanınması, birgə nikah müddətində əldə edilmiş avtomobilin dəyərinin 1/2 hissəsinin cavabdehdən alınaraq ona verilməsi, vəkilin göstərdiyi hüquqi yardıma görə 500 manat, 55 manat mediasiya xərcinin, 50 manat məbləğindən ödənilmiş dövlət rüsumunun, 20 manat məbləğində notariat qaydasında çəkilmiş xərclər və 30 manat daşınmaz əmlakın müəyyən edilməsi ilə köçürülmüş məbləğin cavabdehdən tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ai lələri artıq dağılıb və bərpası mümkün deyil, nikahları formal xarakter daşıyır. Məcbur qalaraq 2021-ci ilin sentyabr ayından birgə nikah dövründə əldə etdikləri mənzildən çıxaraq övladı ilə birlikdə valideynlərinin yaşadığı Göyçay rayonuna köçməli olmuşdur. Həmin vaxtdan halhazıradək faktiki olaraq ayrı yaşayırlar. Cavabdeh birgə nikahdan doğulmuş uşağının maddi təminatının ödənilməsinə heç bir köməklik göstərmir. Eyni zamanda, birgə nikah dövründə cavabdehin adına avtomobil qeydiyyata alınmış, alqı-satqı müqaviləsi əsasında qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirilmişdir.
7. Məhkəmə iclasında cavabdeh iddia tələbi ilə qismən razı olduğunu, lakin tələbin avtomobillə bağlı hissəsi ilə razı olmadığını bildirmiş, qeyd etmişdir ki, avtomobili 11.000 manata öz qardaşına satmış və satışdan əld ə etdiyi pul vəsaiti onların birgə nikah dövründəki borclarına sərf olunmuşdur.
8. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X1 bildirmişdir ki, cavabdehin dostudur. Cavabdeh ondan dörd min manat pul almışdır. Maşınını satdıqdan sonra onun pulunu ödəmişdir.
9. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(010)-148/2023 nömrəli, 30 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakim T.Məmmədov) iddia tələbi qismən təmin edilmiş, tərəflər arasında xx.xx.2016-cı il tarixdə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş Humayın anasının (iddiaçının) yanında saxlanılması, cavabdehdən xx.xx.2022-ci il tarixdən hesablanmaqla uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat məbləğində alimentin tutularaq iddiaçıya öd ənilməsi, tərəflərin birgə nikah dövründə əldə etdiyi mənzilə 1/2 hissədə pay hüququnun müəyyən edilməsi, cavabdehdən birgə nikah dövründə əldə edilmiş və xx.xx.2022-ci il tarixdə 11.000 manata satılmış avtomobilin dəyərinin yarısı olan 5500 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, iş üzrə ödənilmiş 50 manat dövlət rüsumunun, mediasiya prosesi ilə əlaqədar ödənilmiş 55 manatın, vəkil tərəfindən hüquqi xidmətin göstərilməsi ilə əlaqədar 300 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, qətnamənin alimentə aid hissədə dərhal icra edilməsi qət olunmuşdur.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddia tələbi mənzilə 1/2 hissədə pay hüququnun müəyyən edilməsi hissəsində əsasl ıdır. İşin hallarından və tərəflərin izahatından aydın olur ki, mənzil məhz tərəflərin birgə nikahda olduqları dövrdə əldə edilmişdir. Bunun əksini sübut edəcək hər hansı dəlil yoxdur. Cavabdeh də izahatında qeyd edilən əmlakın birgə nikah dövründə əldə edildiyini bildirmişdir.
11. İddia tələbi cavabdehdən birgə nikah dövründə əldə edilmiş və özgəninkiləşdirilmiş avtomobilin dəyərinin yarısının tutularaq iddiaçıya ödənilməsi hissəsində də əsaslıdır. İş materialları və tərəflərin izahatından aydın olmuşdur ki, həmin avtomobil tərəflərin birgə nikahı dövründə əldə edilmiş və daha sonra cavabdeh həmin avtomobili 11.000 manat məbləğinə özgəninkiləşdirmişdir. Şahidin cavabdehlə dostluq münasibətləri vardır və şahid ifadəsi sübut əhəmiyyəti baxımından iddia tələbinin mübahisələndirilən hissəsinə münasibətdə əhəmiyyətli halı müəyyən etmir. Yəni, həmin avtomobilin məhz ailə xərclərinin qarşılanması üçün satıldığı və satış pulunun da bu məqsəd üçün istifadə edildiyi müəyyən edilmir. Avtomobil tərəflərin birgə nikah dövründə əldə olunduğundan iddiaçının həmin avtomobilə pay hüququ mövcuddur.
12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra – Ailə Məcəlləsi) 20.1, 20.2, 22.1, 22.2.1, 22.2.2, 32.1, 32.2, 32.2.2, 75, 78.1, 100.2ci, «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 saylı qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarına, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3, 13-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Cavabdeh apellyasiya şikayəti verərək, iddia tələbinin mənzilə ½ hissədə pay hüququnun müəyyən edilməsi və avtomobilin dəyərinin yarısının (5500 manat məbləğində pul vəsaitinin) tutulması hissəsində qətnamənin ləğv olunmasını xahiş etmişdir.
14. Apellyasiya şikayətində qeyd olunmuşdur ki, iddiaçı tərəfindən cavabdehlə nikaha daxil olduqdan sonra 4 ay müddətində ümumi gəlirlər hesabına mənzil alınmasını sübu t edən mötəbər faktlar məhkəməyə təqdim olunmamışdır, iddiaçının yeganə arqumenti mənzilin nikaha daxil olduqdan sonra əldə edilməsidir. Avtomobilin satılmasından iddiaçının məlumatı olmuş, iddiaçı şifahi razılıq bildirmiş, həmin vaxt onlar birlikdə yaşamışlar.
15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-2971/2023 nömrəli, 24 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – R.Eyvazov (sədrlik edən və məruzəçi), C.Musayeva və F.Babayev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, cavabdehin etirazına görə, mənzilin dəyərinin böyü k hissəsini (20000 manat hissəsini) valideynləri tərəfindən verilmiş pul hesabına ödəmiş, qalan 5000 manat hissəsini isə birgə nikah dövründə ümumi qazancları hesabına ödəmişlər. Göründüyü kimi, hətta cavabdehin bildirdiklərinə görə, mənzilin dəyərinin bir hissəsi tərəflərin birgə qazancı ilə ödənilmişdir ki, bu halın özü əmlak üzərində ümumi birgə mülkiyyətin yaranmasına kifayət edir.
17. İddiaçı isə birgə nikah dövründə alınmış mənzilin dəyərinin bir hissəsinin həm onun, həm də cavabdehin valideynləri tərəfindən onlara verilmiş pul hesabına ödənildiyini, qalan 5000 manat pulun isə birgə nikah dövründə ümumi qazancları hesabına ödənildiyini bildirmişdir. Belə olan halda, tərəflərin özləri birgə nikah dövründə əldə edilmiş mübahisəli mənzilin dəyərinin bir hissəsinin valideynləri tərəfin dən onlara verilmiş pul vəsaiti hesabına ödənildiyini bildirirlər. Bu halın özü əmlakın tərəflərin ümumi birgə mülkiyyəti sayılmasını istisna etmir. Çünki, əksi sübut olunmayınca, ər-arvadın valideynləri tərəfindən birgə nikah dövründə əldə olunmuş əmlakın alınmasına görə köməklik məqsədilə ailəyə hədiyyə olunmuş pul vəsaiti ailənin ümumi gəlirlərinə daxil olur.
18. Nəqliyyat vasitəsinin tərəflərin birgə nikahı dövründə əvəzli qaydada əldə olunması, beləliklə ər-arvadın ümumi birgə mülkiyyəti olması işin mübahisələndirilməyən halıdır. Həmçinin, işin mübahisə olunmayan digər halına əsasən həmin nəqliyyat vasitəsi cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında 11.000 manata satılaraq, özgəninkiləşdirilmişdir. Cavabdehin etirazına (apellyasiya şikayətinin dəlilinə ) əsasən, həmin avtomobil birgə yaşadıqları dövrdə iddiaçının şifahi razılığı ilə satılmış, əldə olunan pul vəsaiti hesabına borcları ödənilmiş, bir hissəsi isə ailə ehtiyaclarına xərclənmişdir.
19. İddiaçı bu halı təkzib edərək, bildirmişdir ki, aralarında olan ailə münasibətləri ilk vaxtlardan soyuq olmuş, 2021-ci ilin təqribən oktyabr ayından isə münasibətləri kəskinləşmiş, 2022-ci ilin yanvar ayının 7-də evdən çıxmış, ayrı yaşamışlar. Cavabdehin avtomobili satmasından məlumatı olmamış, yalnız hazırkı iddia ilə bağlı vəkilin sorğusundan sonra bilmiş, cavabdeh əldə olunmuş pul vəsaitini ailəyə sərf etməmişdir.
20. Cavabdeh etirazının əsası, yəni avtomobil satıldığı vaxtı iddiaçı ilə birlikdə, bir ailə kimi yaşamasının sübutu kimi məhkəməyə Whatsapp yazışmalarını təqdim etsə də, həmin yaz ışmalar 05 yanvar 2022-ci il tarixədək olmuşdur. Belə olan halda isə, iddiaçının evi 07 yanvar 2022-ci il tarixdə tərk etməsi ilə bildirdikləri həmin sübutlarla təkzib olunmur. Bu və işin digər halları cavabdehin birgə nikah dövründə əldə olunmuş avtomobili iddiaçının razılığı və məlumatı olmadan birtərəfli qaydada özgəninkiləşdirməsi nəticəsinə gəlməyə əsas verir.
21. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 225.1, Ailə Məcəlləsinin 32.1, 32.3, 37.1-ci, MPM-in 14.2, 77.1, 81ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. Cavabdeh (vəkili Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
23. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
25. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Ailə Məcəlləsi
26. Maddə 32.1 və 32.3. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) də ümumi əmlak üzərində hüquqa malik dir.
27. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Mülki Prosessual Məcəllə
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarş ılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
35. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalar ının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
36. Hazırkı kassasiya icraatı üzrə birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayəti əsasında yoxlamış apellyasiya instansiyası məhkəməsinin aktı həmin tərəfin kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.
40. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
41. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
42. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2971/2023 nömrəli, 24 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.