Məhkəmə qərarları › İş №2(102)-4335/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4335/2021

23.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4335/2021 23.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdehlər Bakı şəhəri 6 və 9 saylı notariat ofislərinə qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: borc və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3137/2021 nömrəli iş üzrə 19.04.2021-ci il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş kassasiya şikayəti üzrə iş ə 23 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: ünvan 1 ünvanında yerləşən iki otaqlı mənzil 22 fevral 2008-ci il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən İddiaçı1 məxsus olmuşdur. 06 mart 2008-ci il tarixdə borc verən Maraqlı şəxs ilə borc alan İddiaçı1 oğlu arasında 40.000 manat məbləğində borcun verilməsi barədə müqavilə bağlanmışdır. Müqavilə notariatda təsdiq olunmuş və borcun qaytarılma müddəti 06 iyun 2008-ci il tarixədək müəyyən olunmuşdur. Borc müqaviləsi üzrə İddiaçı1 öhdəliklərinin təminatı kimi ona məxsus olan mənzil ipoteka ilə yüklü edilmiş və bununla əlaqədar onunla Maraqlı şəxs arasında ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsi notariatda təsdiq olunmuş və mənzil in ipoteka qoyulmasına mülkiyyətçinin əri X1 və ərinin qardaşı və bacısı İddiaçı3 və İddiaçı4 razılıq vermişlər. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 03 aprel 2009-cu il tarixli qətnaməsi ilə Maraqlı şəxs iddiası təmin edilərək mənzilin hərracdan satılması və əldə olunmuş pul vəsaiti hesabına borcun ödənilməsi qət edilmişdir. Həmin qətnamənin icrası ilə əlaqədar keçirilmiş hərracda həmin mənzil 28687,50 manata Maraqlı şəxs satılmışdır. Birinci instansiya məhkəməsində icraat 2020-ci ilin oktyabr ayında İddiaçı1, X1, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Bakı şəhəri 9 və 6 saylı dövlət notariat ofislərinə və Maraqlı şəxs qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müqavilələri təsdiq edən notariat kontorları tərəfindən onların məzmununun onlara izah olunmam asını və s. əsas göstərməklə 06 mart 2008-ci il tarixli borc və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi, 6 saylı notariat kontorunda təsdiq edilmiş yazılı razılıqların etibarsız hesab edilməsi və vəkilin xidmətinə görə ödənilmiş 200 manatın tutularaq onlara ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim V.Ş.Quliyev) iddia rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə iddiaçılar qətnamədən apellyasiya şikayəti verərək qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın təmin olunmasına dair qətnamə qəbul olunmasını xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər: E.C.Kazımov, A.Ə.İsgəndərov və İ.Ə.Kərimli) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin dəlilləri İş üzrə iddiaçılar kassasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Kassasiya baxışı iştirakçılarının izahatları Kassasiya kollegiyasının iclasında İddiaçı1 və vəkili kassasi ya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehlərin nümayəndələri məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 337.1 Bu məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 354.1 Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Maddə 354.2 Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağla nmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müə yyən edilmiş qüvvəsi yoxdur. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pro sessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətində qətnamənin ləğv edilməsi xahiş olunduğundan kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, hazırkı mübahisənin yaranmasına İddiaçı1 ilə Maraqlı şəxs arasında bağlanmış borc və ipoteka müqavilələri əsas olmuşdur. Borc müqaviləsi üzrə öhdəliklərini icra etmədiyi üçün İddiaçı1 Maraqlı şəxs xeyrinə 40.000 manat tutulmuş və tutma ipoteka predmetinə yönəldilməklə bu barədə olan məhkəmə qətnaməsi icra olunmuşdur. Borc və ipoteka müqavilələri 2008-ci ildə bağlandığı halda İddiaçı1 və qeyriləri 12 ildən artıq müddət keçdikdən sonra həmin müqavilələrin etibarsız sayılması barədə tələb irəli sürmüşlər. Həmin müqavilələrin etibarsız sayılmasını tələb edərkən iddiaçılar hər hansı bir tutarlı əsas göstərməmiş, iddia tələbini qanuna uyğun əsaslandırmamışlar. Müəyyən olunduğu kimi mübahisələndirilən müqavilələr tərəflərin iradəsinə uyğun bağlanmış, notariatda təsdiq olunmuş və müqavilənin etibarsız sayılması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-348-ci maddələrində nəzərdə tutulmuş əsaslar müəyyən olunmamışdır. Göstərilən vəziyyətdə iddianın rədd edilməsi qanuni və əsaslı olduğundan kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab e dir ki, kassasiya şikayəti təmin olunmadan, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 19 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar