Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4449/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının "xxxx" MMC-nin X qarşı iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsi üzrə borc tələbi 30.09.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1994/2021 nömrəli iş üzrə 23 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdeh X tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 30 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında ba xaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarından görünür ki, "xxxx" MMC ilə X arasında bağlanmış 30 noyabr 2017-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən sonuncu ümumi dəyəri 7424 manat olan “İphone 7 plus” markalı mobil telefonu, “Apple iMac 21.5” MNDY2 markalı kompüteri 800 manat ilkin ödəniş edərək 24 ay müddətinə ayda 276 manat ödəmək şərti ilə əldə etmişdir. 2. 21 avqust 2019-cu il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, X müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirmədiyindən onun iddiaçıya 4140 manat əsas borc, 993 manat dəbbə pulu olmaqla ümumilikdə 5133 manat məbləğində borcu yaranmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 3. "xxxx" MMC X qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 4140 manat əsas borc, 993 manat dəbbə pulu olmaqla ümumilikdə 5133 manat məbləğində borcun və dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 30 manat məbləğində pulun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 4. "xxxx" MMC ilə X arasında bağlanmış 30 noyabr 2017-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən sonuncu ümumi dəyəri 7424 manat olan “İphone 7 plus” markalı mobil telefonu, “Apple iMac 21.5” MNDY2 markalı kompüteri 800 manat ilkin ödəniş edərək 24 ay müddətinə ayda 276 manat ödəmək şərti ilə əldə etmiş, müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirmədiyindən 4140 manat əsas borc, 993 manat dəbbə pulu olmaqla ümumilikdə 5133 manat məbləğində borcu yaranmışdır.
5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 oktyabr 2019-cu il tarixli 2(001)6 906/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh X 4140 manat əsas borc, 100 manat dəbbə pulu olmaqla, ümumilikdə 4240 manat məbləğində pulun tutularaq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, X müqaviləyə əsasən "xxxx" MMC-dən aldığı əşyanın dəyərini ödəməyi öhdəsinə götürsə də, öhdəliyi tam icra etməmişdir.
7. Bundan başqa tərəflər arasında bağlanmış müqavilədə borcun ödənilməsinin gecikdirilməsi üçün cərimə nəzərdə tutulsa da 4140 manat məbləğində əsas borca münasibətdə 993 manat dəbbə pulunun hesablanması tənasübsüz surətdə yüksəkdir.
8. Ona görə də 993 manat dəbbə pulu azaldılaraq 100 manat məbləğində müəyyən edilməlidir.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəll ənin 427.3, 442, 462.1, 465.2, 467, 567, 600.1, 601.1-ci Mülki Prossesual Məcəllənin 119.1, 216-220, 227, 358-360, 362-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir.
11. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1994/2021 nömrəli iş üzrə 23 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – İ.Kərimli (sədrlik edən və məruzəçi), A.İsgəndərov və E.Kazımov) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 oktyabr 2019-cu il tarixli 2(001)- 6906/2019 saylı qətnaməsi cavabdehin apelyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Cavabdeh müqaviləyə ə sasən "xxxx" MMC-dən aldığı əşyaların dəyərini ödəməyi öhdəsinə götürsə də, öhdəliyi tam icra etməmişdir.
13. Cavabdeh apelyasiya şikayətində iddiaçı təşkilatdan aldığı mallara görə 3800 manat məbləğində ödəniş etdiyini göstərsə də, buna dair məhkəməyə heç bir sübut təqdim etməmiş, apellyasiya qaydasında işə baxılarkən iddiaçı təşkilata borcu olmasını etiraf etmişdir.
14. Bundan əlavə, Cavabdeh borcun məbləğinin müəyyən edilməsi üçün ekspertiza keçirilməsinin zəruriliyini əsaslandırmamışdır.
15. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməməsi barədə apelyasiya şikayətinin dəlili əsassızdır. Belə ki, birinci instansiya məhkəməsində işə baxılarkən cavabdehin rəsmi qeydə alındığı ünvana məhkəmə iclaslarının yeri və vaxtı barədə bildirişlər göndərilmiş, lakin cavabdeh rəsm i qeydə alındığı ünvanda yaşamadığına görə məhkəmə bildirişlərini ona çatdırmaq mümkün olmamışdır. Lakin cavabdehin istifadəsində olan mobil telefon nömrəsinə məhkəmə iclaslarının yeri və vaxtı barədə AZEMİS vasitəsilə bildirişlər çatdırılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
16. Cavabdeh X kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kass asiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
20. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin f aktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
21. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
22. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pro sessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
23. Hazırkı kassasiya şikayətində iş üzrə cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə
24. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. (maddə 427.3)
25. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. (maddə 442)
26. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. (maddə 462.1)
27. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. (maddə 465.2)
28. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. (maddə 467)
29. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.. (maddə 567)
30. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzər də tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. (maddə 600.1)
31. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. (maddə 601.1) Mülki Prossesual Məcəllə
32. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)
33. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
34. Məhkəmə sübutlar a obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
35. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)
36. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)
37. Ka ssasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız o lduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
40. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
41. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh X tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1994/2021 nömrəli iş üzrə 23 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.