Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-45/2023 17.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Heydərovnanın cavabdehlər Cavabdeh1 Fehmi oğlu və Cavabdeh2 Abdullah oğluna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: birgə nikah dövründə əldə edilmiş əmlaka pay hüququnun tanınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4402/2022 nömrəli, 13 iyul 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Heydərovna cavabdehlər Cavabdeh1 Fehmi oğlu və Cavabdeh2 Abdullah oğluna qarşı əvvəlcə iddia ərizəsi, sonra isə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Fehmi oğlu tərəfindən nikah dövründə satılmış, dəyəri ******* manat məbləğində olan Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsi, 30 saylı evin 224 saylı mənzilinin dəyərinin ½ hissəsinin, yəni ******* manat pulun Cavabdeh1 Fehmi oğlundan tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı bildirir ki, mübahisəli mənzil cavabdehlə birgə nikah dövründə əldə edildiyindən mənzilin dəyərinin yarısı ona verilməlidir.
3. Cavabdeh1 Fehmi oğlu bildirir ki, alqı-satqı müqaviləsindən əldə edilmiş gəlir birgə nikah dövrün də yaranmış ailənin banka olan borclarına sərf edilmişdir.
4. Cavabdeh2 Abdullah oğlu bildirir ki, o, vicdanlı alıcı olmaqla, qanuna uyğun olaraq bağlanmış alqı-satqı müqaviləsi əsasında evi almışdır.
5. İşin mübahisəsiz hallarına görə, İddiaçı Heydərovna ilə Cavabdeh1 Fehmi oğlu xx.xx.2013-cü il tarixdə ailə quraraq rəsmi nikaha daxil olmuşlar.
6. Bakı şəhəri, ünvan 1 Cavabdeh1 adına xx.xx.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 7. xx.xx.2017-ci il tarixli ipoteka müqaviləsinə əsasən, ipoteka ilə təmin edilən öhdəlik İpoteka saxlayanla (ASC “Xalq” Bankı) ipoteka qoyan (Cavabdeh1) arasında bağlanmış xx.xx.2017-ci il tarixli **********27017 nömrəli kredit xətti müqaviləsindən irəli gələn pul tələbləridir. Müqavilənin 3.5-ci bəndinə göstərilmişdir ki, “R oveks Konmark” Konsaltinq qiymətləndirmə şirkətinin xx.xx.2017-ci il tarixli 170166 XB saylı ekspert rəyinə əsasən, ipoteka predmetinin (Bakı şəhəri, ünvan 1) bazar qiyməti ******* manat, likvid qiyməti isə ******* manat məbləğində müəyyən edilmişdir.
8. İddiaçı tərəfindən notarial qaydada verilmiş xx.xx.2019-cu il tarixli ərizəyə əsasən, əri Cavabdeh1 məxsus Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzilin satılmasına etiraz etmir.
9. Cavabdeh1 (satıcı) ilə Cavabdeh2 (alıcı) arasında bağlanmış xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, satıcı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsi, ev 30, 224 saylı mənzili satıcıya 300.000 manat qiymətə satmağı, alıcı isə müvafiq əmlakı həmin qiymətə almağı öz üzərinə götürmüşdür. İş üzrə qə bul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsindəki icraat
10. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, 2(005)1004/2022 nömrəli qətnaməsi ilə (hakim G.Əsədova) iddia qismən təmin edilmiş, İddiaçı Heydərovnanın Bakı şəhəri, Nərimanov rayonu, 802-803-cü məhəllə Kazım Kazımzadə küçəsi, ev 30, 224 saylı mənzilin satışından əldə edilmiş gəlirə 1/2 hissədə payının müəyyən edilməsi və 150.000 manat məbləğində pul vəsaitinin Cavabdeh1 Fehmi oğlundan tutularaq İddiaçı Heydərovnaya verilməsi, qalan hissədə iddianın təmin olunmaması qət edilmişdir.
11. Məhkəmə qeyd etmişdir ki, əmlak tərəflərin birgə nikahı dövründə əldə olunduğundan və iddiaçının razılığı ilə satıldığından, alqı-satqıdan əldə edilmiş 300.000 manat məbləğin yarısı iddiaçıya məxsusdur. İddiaçın ın həmin mənzilin dəyərinin ******* manat məbləğində olması ilə bağlı arqumenti inandırıcı deyil. Belə ki, mülkiyyətçi əmlakını satarkən onun satış məbləği ilə bağlı sərbəstdir, əmlakın dəyərini tərəflər müəyyən edir.
12. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 213.2, 213.5, 225.1, Ailə Məcəlləsinin 31.1, 31.2, 32.1.1, 32.2.2, 36.1, 36.3, 37.1, 37.2 və Mülki Prosessual Məcəllənin 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli əmlak kredit müqaviləsi üzrə təminat qismində çıxış edir, məhkəmə tərəfindən əmlakın ipotekada olması məsələsinə toxunulmamışdır. Əmlakın satışından əldə olunan gəlir 300000 manat təşkil edir və bu gəlir kredit limiti ******* manat təşkil edən ipoteka kreditinin bir hissəsini ödəmək üçün istifadə edilib, ipoteka kreditini ödəmək öhdəliyi birgə öhdəlik olduğu üçün birgə nikah dövründə əldə edilmiş əmlakın satılmasından əldə olunan pul da birgə nikah dövründə banka olan kredit borcunu ödəməyə sərf olunmuşdur.
15. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və onun xeyrinə tutulmalı olan məbləğin dəyişdirilərək ******* manat müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, evin satılması üçün onun xx.xx.2019-cu il tarixli ərizəsi ilə verdiyi razılıqdan cavabdeh sui-istifadə etmişdir. Həmin ərizə v erilən ərəfədə münasibətləri çox yaxşı olmuş və birgə təsərrüfat aparmışlar, lakin mənzil həmin vaxt satılmamışdır. Evin satılması üçün razılıq 3 ilə yaxın müddət əvvəl alınmış, birgə təsərrüfat aparmadıqları, boşanmaq ərəfəsində olduqları dövrdə isə satılmışdır. Evin real dəyərindən aşağı qiymətə satılmasının onun hüquqlarının pozulmasına gətirib çıxardığı və onun iradəsi ziddinə olduğu açıq şəkildə görünür.
17. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4402/2022 nömrəli, 13 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – V.Sadıqov (sədrlik edən və məruzəçi), X.Mərdanova və E.Həsənov) apellyasiya şikayətləri qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia rədd edilmiş, iddiaçıya izah edilmişdir ki, mənzilə dair aparılmış qeydin düzəldi lməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edə bilər.
18. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mənzilin alqı-satqı müqaviləsində göstərilmiş 300000 manata satılması inandırıcı və ağlabatan hesab edilmir. Çünki, mənzilin dəyəri ilə bağlı bu qədər yüksək məbləğdə fərq olması inandırıcı olmamaqla, müqavilədə əks olunmuş məbləğin real olmasını şübhə altına almağa əsas verir.
19. Apellyasiya instansiya məhkəməsinin mövqeyinə görə, mübahisəli mənzilin alqısatqısına dair bağlanmış müqavilə uydurma əqd olmaqla əhəmiyyətsizdir. Həmin mənzil birgə nikah dövründə əldə edilmiş əmlakdır və Cavabdeh1 həmin əmlakı mümkün bölgüdən yayındırmaq məqsədilə iddiaçının razılığı olmadan formal olaraq Cavabdeh2lə müqavilə bağlayaraq sonuncunun ad ına özgəninkiləşdirmişdir. Razılıq ərizəsi iradə ifadəsinin bəyanıdır, iddiaçı tərəfindən isə həmin ərizə 2019-cu il tarixdə, yəni birgə nikah dövründə olduqları dövrdə verilmiş və iradə ifadəsini bildirmişdir. Mənzilin satılması ilə bağlı müqavilə isə faktiki nikah münasibətləri pozulduqdan sonra 2021-ci il tarixdə bağlanmış və birgə nikah dövründə mənzilin satılması ilə bağlı iddiaçı tərəfindən verilmiş razılıq ərizəsinin ailə münasibətləri faktiki olaraq pozulduqdan sonra mənzilin satılmasına verilmiş razılıq kimi qəbul edilə bilməz. Qeyd olunanlara əsasən, xx.xx.2021-ci il tarixli müqavilə uydurma əqddir. Uydurma əqd də əhəmiyyətsiz olmaqla, hər hansı hüquqi nəticə yaratmır. Cavabdeh2 Abdullah oğlunda xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq müəyyən olunmamışdır, aşkardır ki, o ö zü də müqavilənin formal olaraq yalnız görünüş üçün bağlanmasından məlumatlı olmuşdur. Ona görə, hər hansı restitusiyadan söhbət gedə bilməz. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, qətnamənin ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilmisini xahiş etmişdir.
21. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi çıxardığı qətnamənin “qət etdi” hissəsində iddiaçıya izah etmişdir ki, mənzilə dair aparılmış qeydin düzəldilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1saylı Bakı Ərazi İdarəsi nə müraciət edə bilər. Halbuki, belə vəziyyətdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin həmin qətnamə əsasında qeydiyyat hərəkətlərini aparacağı inandırıcı deyildir. Belə olan halda, məsələnin həlli ilə bağlı çıxarılan qətnamə qeyri-dəqiq hesab edilməlidir, çünki iddiaçının hüquqları hələ də pozulmaqda davam edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
23. Maddə 223.3. Ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır.
24. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı raz ılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi
25. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
26. Maddə 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir.
27. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
33. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
34. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
35. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliy inin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
36. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
37. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri
38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
39. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyinə görə məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
41. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı o lmamaqla, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır.
42. Apellyasiya instansiyası məhkəməsi mübahisə predmeti olan mənzilin ipoteka müqaviləsində göstərilmiş qiymətilə alqı-satqı müqaviləsindəki qiymət arasındakı fərqə istinad edərək hesab etmişdir ki, alqı-satqı müqaviləsindəki qiymət inandırıcı və ağlabatan deyildir.
43. Eyni zamanda, apellyasiya instansiyası məhkəməsi Konstitusiya Məhkəməsinin Plenumunun 12 aprel 2021-ci il tarixli qərarına əsaslanmaqla hesab etmişdir ki, mübahisə predmeti olan mənzilə dair bağlanmış əqd əhəmiyyətsiz əqd olduğundan həmin əqd hüquqi nəticələr doğurmur və qeyd edilən hala görə həmin əqd üzrə mənzilə xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 mülkiyyətinə keçsə də, mənzil idd iaçının sabiq əri olan Cavabdeh1 mülkiyyətində qalmaqda davam edir və ona görə də, iddiaçı pozulmuş hüququnu daşınmaz əmlakın dövlət reyestrindəki qeydin düzəliş edilməsi yolu ilə aradan qaldıra bilər.
44. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
45. Əvvəla, işin mübahisə edilməyən hallarından göründüyü kimi, iddiaçı tələbini dəyişməklə apellyasiya instansiya məhkəməsinin əhəmiyyətsiz əqd hesab etdiyi xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi və onun doğurduğu hüquqi nəticələri mübahisələndirməmiş, mənzilin Cavabdeh2 mülkiyyətində qalmasına etiraz etməməklə həmin mənzilin bazar dəyərinin yarısını onu qanunsuz olaraq bazar dəyərindən aşağı qiymətə özgəninkiləşdirən sabiq əri T.Mustafadan tələb etmişdir.
46. İkincisi, məhkəmə kollegiyası Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarının qətiliyi, onların başqa qaydada şərh və təfsir edilməsinin yolverilməzliyi prinsipini əsas tutmaqla, qeyd etməyi zəruri hesab edir ki, daşınmaz əşyalarla bağlı əqdlər mülki hüquqi dövriyyənin əhəmiyyətli hissəsini təşkil etməklə və sərbəst bazar iqtisadiyyatının inkişafına rəvac verməklə hər bir dövlətin iqtisadi göstəricilərinə təsir edən amillərdən biridir.
47. Ona görə də, bu münasibətlərdə mülki dövriyyənin sabitliyini və stabilliyini təmin etmək üçün qanunverici bu əqdlərin bağlanmasının və bu əqdlər əsasında əmələ gələn mülkiyyət hüquqlarının qeydiyyata alınmasının xüsusi qaydasını müəyyən etmişdir.
48. Nəzərə alınmalıdır ki, qanunverici qanunda nəzərdə tutulan hər hansı bi r əqd (alqısatqı, bağışlama, vərəsəlik) əsasında, yaxud yeni yaranmış əmlaka mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınan hər bir şəxsi tam hüquqlu mülkiyyətçi statusunda tanıyır və Mülki Məcəllənin 140-cı maddəsinə əsasən verdiyi zəmanətlə həmin şəxslərdən alınmış əmlaklara münasibətdə üçüncü şəxslərin hüquqlarının qorunmasına təminat verir.
49. Bu qaydadan istisnanı isə qanunverici yalnız o halda mümkün sayır ki, alqı-satqı müqaviləsinin bağlandığı an daşınmaz əmlakın dövlət reyestrindəki satıcının mülkiyyət hüququ barədə qeydə dair etiraz olsun və ya alıcı bu qeydin dəqiq olmadığı barədə məlumatlı olsun.
50. Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsinin Plenumunun 12 aprel 2021-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqe qanunvericinin yuxarıda qeyd edi lən göstərişlərinə zidd olmamaqla onu ehtiva edir ki, əqdin əhəmiyyətsizliyinin onu imzalayan tərəflər tərəfindən qəbul edilməsi və ya qəbul edilməməsi halında isə bununla bağlı qaldırılmış mübahisə əsasında məhkəmə tərəfindən əqdin əhəmiyyətsizliyinin təsbit edilməməsi halında həmin əqd əsasında qeydə alınmış mülkiyyət hüququ heç bir əhəmiyyət kəsb etməməklə əmlak əvvəlki mülkiyyətçinin (satıcının) mülkiyyətində qalmaqda davam edir.
51. Göründüyü kimi, hazırkı işdə belə bir hal baş verməmiş, iddiaçı tələbini dəyişməklə Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış əqdin əhəmiyyətsizliyinin təsbit edilməsini tələb etməmiş, əqd əsasında evə mülkiyyət hüququnun sonuncunun adında qalmasına etiraz etməməklə həmin əqdi bəyənmiş, yalnız həmin evin əsl dəyərinin ½ hissəsinin T.Mustafadan alınaraq on a verilməsini xahiş etmişdir.
52. Qeyd edilən halları nəzərə almayan apellyasiya instansiyası məhkəməsi irəli sürülmüş tələbi düzgün müəyyənləşdirməmiş, buna görə də mübahisə predmeti üzrə düzgün araşdırma aparmamışdır.
53. Məhkəmə kollegiyası hesab edir ki, əmlakın alqı-satqı müqaviləsində göstərilən qiymətinin həmin əımlakın real dəyərini əks etdirməməsi və əmlakın bölgüdən yayınmaq məqsədilə özgəninkiləşdirilməsi qənaətinə gələn apellyasiya instansiyası məhkəməsi mübahisəli əmlakın dəyərini müəyyən edərək iddia tələbinə müvafiq hüquqi qiymət verməli idi.
54. Bu halda, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi işdəki sübutları düzgün qiymətləndirməmiş, prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, qətnaməni iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamış, qanuni və əsaslı olmayan qətnamə çıxarılmışdır.
55. Qeyd edilənlərlə yanaşı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən verilmiş kassasiya şikayəti Ali Məhkəməyə daxil olduqdan sonra iddiaçı onunla Cavabdeh1 arasında bağlanmış 20 sentyabr 2022-ci il tarixli barışıq sazişinə əsaslanmaqla iddiadan imtina edilməsi barədə ərizə ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə müraciət etmişdir.
56. Azərbaycan Respublikası MPM-in 261.0 və 261.0.4-cü maddələrinə görə iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir.
57. Məhkəmə kollegiyası aşağıda qeyd edilən əsaslara görə hesab edir ki, iddiaçının iddiadan imtina barədə ərizəsinin qəbul edilib-edilməməsi məsələ sinə kassasiya icraatında baxılmamalı və müzakirə edilməsi üçün mülki işlə birlikdə apellyasiya məhkəməsinə göndərilməlidir.
58. Əvvəla iddiadan imtina barədə ərizəyə əlavə edilmiş, notarial qaydada təsdiq edilən barışıq sazişinin məzmunundan görünür ki, həmin saziş yalnız hazırkı iş üzrə mübahisənin həll edilməsi ilə deyil, o cümlədən digər daşınmaz əşyalarla, mənzildən istifadə hüququ ilə, aliment öhdəlikləri ilə, uşaqların himayəyə verilməsi ilə bağlı tərəflərin razılığa gəldiyi şərtlərdən ibarətdir. Həmçinin barışıq sazişinin məzmunundan görünür ki, tərəflərin bu məsələlərlə razılığa gəldiyi şərtlər bir-birindən asılı şərtlərdir.
59. Bundan başqa iddiadan imtina barədə ərizə notarial qaydada təsdiq edilməmişdir və vizual baxışla iddiaçının həmin ərizədəki imzası ilə barışıq sazişindəki imzanın eyni şəxs, yəni İddiaçı tərəfindən icra edilməsi şübhə doğurur.
60. Qeyd edilən halların isə yazılı icraatda araşdırılması mümkün olmadığından məhkəmə kollegiyası hesab edir ki, İddiaçı iddiadan imtina barədə ərizəsinin sonuncunun iradə ifadəsini əks etdirib etdirməməsi və həmin imtinanın işə baxan məhkəmə kollegiyası tərəfindən qəbul edilib-edilməməsi məsələləri işə şifahi icraat qaydasında baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən həll edilməlidir.
61. Buna görə də, işə yenidən baxarkən apellyasiya instansiyası məhkəməsi ilk növbədə həmin ərizə ilə bağlı araşdırma aparmalı, MPM-in 261.0.4-cü maddəsinə tələbinə uyğun olaraq ərizəyə münasibət bildirməlidir.
62. Göstərilənlərə əsasən və MPM-in 416, 417, 418 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4402/2022 nömrəli, 13 iyul 2022-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.