Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2940/2023 05.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 Fehmi oğlu və Cavabdeh2 Abdullah oğluna qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və paylı mülkiyyətə hüququn tanınması tələbinə dair mülki iş üzrə Açar sözlər: iddiadan imtina Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Sarıyev Xəyal Əjdər ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı, Cavabdeh1 Fehmi oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Fehmi oğlu və Cavabdeh2 Abdullah oğluna qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və paylı mülkiyyətə hüququnun tanınması tələbinə dair iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, 2(005)-1004/2022 nömrəli qətnaməsindən iddiaçı və Cavabdeh1 Fehmi oğlunun verdiyi apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT
1. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Fehmi oğlu tərəfindən nikah dövründə satılmış, dəyəri ******* manat məbləğdə Bakı şəhəri Nərimanov rayonu Kazım Kazımzadə küçəsi, 30 nömrəli evin 224 nömrəli mənzilinin dəyərinin ½ -ni, yəni ******* manat pulun Cavabdeh1 Fehmi oğlundan tutularaq İddiaçı Heydərovnaya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, 2(005)- 1004/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı Heydərovnanın Bakı şəhəri Nərimanov rayonu 802-803-cü məhəllə Kazım Kazımzadə küçəsi ev 30, 224 nömrəli mənzilin satışından əldə edilmiş gəlirə 1/2 hissədə payı müəyyən edilmiş və 150000 manat məbləğdə pul vəsaitinin Cavabdeh1 Fehmi oğlundan tutularaq İddiaçı Heydərovnaya verilməsi qət edilmişdir.
3. Qətnamə ilə razılaşmayan iddiaçı və cavabdeh ondan şikayətlər verərək, iddiaçı qətnamə ilə tutulmuş məbləğin dəyişdirilərək ******* manat müəyyən edilməsi, cavabdeh qətnamənin ləğv edilib, iddianın rədd edilməsini xahiş etmişdir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNDƏ BİRİNCİ İCRAAT
4. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 iyul 2022-ci il tarixli, 2(103)- 4402/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, qətnamə ləğv edilmiş, İddiaçı Heydərovnanın cavabdehlər Cavabdeh1 Fehmi oğlu və Cavabdeh2 Abdullah oğluna qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və paylı mülkiyyətə hüququnun tanınması tələbinə dair iddiası rədd edilmiş, iddiaçıya mənzilə dair aparılmış qeydin düzəldilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edə bilməsi izah edilmişdir.
5. İddiaçı qətnamədən kassasiya şikayəti verərək, ləğv edilib, işə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmasını xahiş etmişdir.
KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNDƏ İCRAAT
6. İşə kassasiya instansiyası məhkəməsində baxılarkən iddiaçı ərizə ilə müraciət edərək, iddiadan imtina etdiyini bildirib, iş üzrə icraat xitam verilməsini xahiş etmişdir.
7. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 17 yanvar 2023-cü il tarixli, 2(102)-45/2023 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
8. İddiadan imtina ilə bağlı kassasiya instansiya məhkəməsinin qərarı onunla əsaslandırılmışdır ki, iddiadan imtina barədə ərizəyə əlavə edilmiş, notarial qaydada təsdiq edilən barışıq sazişinin məzmunundan görünür ki, həmin saziş yalnız hazırkı iş üzrə mübahisənin həll edilməsi ilə deyil, o cümlədən digər daşınmaz əşyalarla, mənzildən istifadə hüququ ilə, aliment öhdəlikləri ilə, uşaqların himayəyə verilməsi ilə bağlı tərəflərin razılığa gəldiyi şərtlərdən ibarətdir. Həmçinin barışıq sazişinin məzmunundan görünür ki, tərəflərin bu məsələlərlə razılığa gəldiyi şərtlər bir-birindən asılı şərtlərdir. Bundan başqa iddiadan imtina barədə ərizə notarial qaydada təsdiq edilməmişdir və vizual baxışla iddiaçının həmin ərizədəki imzası ilə barışıq sazişindəki imzanın eyni şəxs, yəni İddiaçı tərəfindən icra edilməsi şübhə doğurur. Qeyd edilən halların isə yazılı icraatda araşdırılması mümkün olmadığından məhkəmə kollegiyası hesab etmişdir ki, İddiaçı iddiadan imtina barədə ərizəsinin sonuncunun iradə ifadəsini əks etdirib etdirməməsi və həmin imtinanın işə baxan məhkəmə kollegiyası tərəfindən qəbul edilib-edilməməsi məsələləri işə şifahi icraat qaydasında baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən həll edilməlidir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNDƏ İCRAAT
9. İddiaçı iddiadan imtina barədə ərizənin onun tərəfindən imzalandığını, iddiadan imtana etmənin hüquqi nəticələrinin ona aydın olduğunu bildirdi və məhkəmədən imtinanın qəbul olunaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi.
10. Cavabdeh1 Fehmi oğlu iddiadan imtinanın qəbul olunaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.4. iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.5. Birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.
12. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarında qeyd olunmuşdur ki, ... Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında vurğulamışdır ki, dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunur. Bu prinsipə əsasən hakim deyil, yalnız tərəflər mülki prosesin başlanması, onun predmetinin dairəsi və mülki prosesin yekunlaşdırılması barədə qərar qəbul edir. Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Belə ki, iş yalnız şəxsin ərizə və ya şikayəti əsasında başlanır (Mülki Prosessual Məcəllənin 5.1-5.3-cü maddələri). İddiaçı iddiadan imtina edə bilər, cavabdeh iddianı etiraf edə bilər, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla tamamlaya bilər (Mülki Prosessual Məcəllənin 5.4, 52.1-52.3-cü maddələri). Bununla belə nəzərə almaq lazımdır ki, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
13. Kassasiya instansiyası məhkəməsinin qərarında iddiadan imtina ilə bağlı 2 xüsusat qeyd olunmuşdur: tərəflər arasında bağlanmış, notarial qaydada təsdiq edilən barışıq sazişi yalnız hazırkı iş üzrə mübahisənin həll edilməsi ilə deyil, o cümlədən digər daşınmaz əşyalarla, mənzildən istifadə hüququ ilə, aliment öhdəlikləri ilə, uşaqların himayəyə verilməsi ilə bağlı tərəflərin razılığa gəldiyi şərtlərdən ibarətdir; İddiadan imtina barədə ərizə notarial qaydada təsdiq edilməmişdir və vizual baxışla iddiaçının həmin ərizədəki imzası ilə barışıq sazişindəki imzanın eyni şəxs, yəni İddiaçı tərəfindən icra edilməsi şübhə doğurur.
14. Hazırkı iş üzrə icraata xitam verilmənin əsasını barışıq sazişinin təsdiq olunması deyil, iddiadan imtinanın məhkəmə tərəfindən qəbul olunması təşkil edir, Barışıq sazişi tərəflər üçün öhdəliklər yaradır və iddiadan imtina olunarkən barışıq sazişinin şərtlərinin müzakirə olunması mülki prosessual qanunvericiliyin dispozitivlik prinsipinə ziddir.
15. Bundan İddiaçı şəxsən məhkəmə iclasında iştirak edərək ərizənin onun tərəfindən imzalandığını bildirməsi onun iradə iafdəsinin mövcudluğunu təsdiq edir.
16. Məhkəmə kollegiyası iddiadan imtinanı iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, imtina qanunauyğun olduğu və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul edilməli, qətnamə ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir.
17. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
İddiaçı iddiadan imtinası qəbul edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, 2(005)- 1004/2022 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 Fehmi oğlu və Cavabdeh2 Abdullah oğluna qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və paylı mülkiyyətə hüququnun tanınması tələbi barədə iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Fərrux Qasımov
Fuad Abdıyev
Xəyal Sarıyev