Məhkəmə qərarları › İş №2(103)-4402/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4402/2022

13.07.2022 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə - Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4402/2022 13.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil1, Cavabdeh1 Fehmi oğlunun iştirakı ilə, İddiaçı Heydərovnanın cavabdehlər Cavabdeh1 Fehmi oğlu və Cavabdeh2 Abdullah oğluna qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və paylı mülkiyyətə hüququnun tanınması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1004/2022 saylı 13 aprel 2022-ci il tarixli qətnaməsindən iddiaçı və Cavabdeh1 Fehmi oğlu tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Heydərovna cavabdehlər Cavabdeh1 Fehmi oğlu və Cavabdeh2 Abdullah oğluna qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Fehmi oğlu tərəfindən nikah dövründə satılmış, dəyəri ******* manat məbləğində Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsi, 30 saylı evin 224 saylı mənzilinin dəyərinin ½ hissəsnin, yəni ******* manat pulun Cavabdeh1 Fehmi oğlundan tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə 28 noyabr 2013-cü ildə nikaha daxil olmuşlar, iddiası əsasında nikahın pozulması ilə bağlı Xəzər Rayon Məhkəməsində başlanılmış iş üzrə icraat davam edir. Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsi, 30 saylı evin 224 saylı mənzili birgə nikahda olduqları xx.xx.2017-ci il tarixdə cavabdehin adına qeydiyyatdan keçmiş, mənzil birgə nikahda olduqları dövrdə əldə edilməklə onların ümumi birgə mülkiyyəti olmuşdur. Lakin DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli **********79 nömrəli məktubundan da göründüyü kimi, həmin mənzil 29 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 40-1029 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən Cavabdeh2 adına özgəninkiləşdirilmişdir. Cavabdeh boşanma ərəfəsində, ona hər hansı daşınmaz əşya qalmamasını təmin etmək üçün, mənzili satmaq niyyəti olmasa da, xx.xx.2021-ci il tarixli 40-1029 reyestr nömrəli alqı-satqı müqaviləsi ilə formal olaraq dostu Cavabdeh2 satmışdır. Bunu edərkən cavabdehin əsas məqsədi rəsmiyyətdə adına daşınmaz olmamasını təmin etmək, bununla da həmin mənzili tərəflərin ümumi birgə mülkiyyəti kateqoriyasından çıxarmaq olmuşdur. Nəticə etibarilə, nə Cavabdeh1 həmin mənzili satmaq niyyəti, nə də Cavabdeh2 almaq niyyəti olmamış, sadəcə həqiqi hüquqi vəziyyəti pərdələmək məqsədi ilə uydurma əqd bağlanmışdır. Bu səbəbdən həmin alqısatqı müqaviləsi əsasında Cavabdeh2 DƏDRX-dən çıxarış verilsə də, bu çıxarış qanunsuzdur və ləğv edilməlidir. Digər tərəfdən birgə mülkiyyətdə olan daşınmaz əmlak arvadın (ərin), indiki halda onun razılığı olmadan özgəninkiləşdirilə bilməzdi. Cavabdeh ondan başqa məqsədlər üçün aldığı etibarnamədən istifadə etmiş və mənzili tələm-təsəlik dostu Cavabdeh2 satmışdır. O, cavabdehin boşanma niyyətini öyrəndikdən sonra dərhal etibarnaməni ləğv etdirmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1004/2022 saylı 13 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı Heydərovnanın Bakı şəhəri, Nərimanov rayonu, 802-803-cü məhəllə Kazım Kazımzadə küçəsi, ev 30, 224 saylı mənzilin satışından əldə edilmiş gəlirə 1/2 hissədə payının müəyyən edilməsi və 150.000 manat məbləğində pul vəsaitinin Cavabdeh1 Fehmi oğlundan tutularaq İddiaçı Heydərovnaya verilməsi, qalan hissədə iddianın təmin olunmaması qət edilmişdir. Qətnamədən iddiaçı və Cavabdeh1 Fehmi oğlu tərəfindən apelyasiya şikayəti verilmişdir. İddiaçı apelyasiya şikayətində qətnamə ilə onun xeyrinə tutulmalı olan məbləğin dəyişdirilərək ******* manat müəyyən edilməsini xahiş etmişdir. İddia ərizəsi ilə eyni məzmunlu apelyasiya şikayətində göstərilmişdir ki, evin satılması üçün onun xx.xx.2019cu il tarixli ərizəsi ilə verdiyi razılıqdan cavabdeh sui-istifadə etmişdir. Həmin ərizə verilən ərəfədə münasibətləri çox yaxşı olmuş və birgə təsərrüfat aparmışlar, lakin mənzil həmin vaxt satılmamışdır. Evin satılması üçün razılıq 3 ilə yaxın müddət əvvəl alınmış, birgə təsərrüfat aparmadıqları, boşanmaq ərəfəsində olduqları dövrdə isə satılmışdır. Evin real dəyərindən aşağı qiymətə satılması onun hüquqlarının pozulmasına gətirib çıxardığı və onun iradəsi ziddinə olduğu açıq şəkildə görünür. Cavabdeh1 Fehmi oğlu apelyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, mübahisəli əmlak kredit müqaviləsi üzrə təminat qismində çıxış edir, məhkəmə tərəfindən əmlakın ipotekada olması məsələsinə toxunulmamışdır. Əmlakın satışından əldə olunan gəlir 300000 manat təşkil edir və bu gəlir kredit limiti ******* manat təşkil edən ipoteka kreditinin bir hissəsini ödəmək üçün istifadə edilib, ipoteka kreditini ödəmək öhdəliyi birgə öhdəlik olduğu üçün birgə nikah dövründə əldə edilmiş əmlakın satılmasından əldə olunan pul da birgə nikah dövründə banka olan kredit borcunu ödəməyə sərf olunmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili öz apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini, Cavabdeh1 Fehmi oğlunun apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Həmçinin qeyd etdi ki, mübahisəli mənzil tərəflərin həqiqi yaşayış yeri olmuş, davamlı olaraq ailə həmin mənzildə yaşasışdır (göstərilən xüsusatı təsdiq edən çəkilişə dair CD təqdim etdi). Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 Fehmi oğlu öz apelyasiya şikayətini müdafiə edərək, iddiaçının apelyasiya şikayətinin əsassız olduğunu bildirdi. Qeyd etdi ki, mübahisəli ev heç vaxt onların olmamışdır, 2013-cü ildə Şirkətin sahibi Ahmetin adına alınmış, formal olaraq 2017-ci ildə onun adına qeydiyyata alınmışdır. Ev 2017-ci ildən kreditin təminatı olaraq girovda olmuşdur. Kredit borcu Şirkətin borcu olmuşdur. Ev də Şirkətin sahibi Ahmetin olmuşdur. Ev boşanmadan əvvəl təhvil-təslim edilmişdir. 2021-ci il oktyabr ayında faktiki olaraq iddiaçı ilə ayrılmışlar. Həmin evdə əməliyyat olunduqdan sonra 1-2 ay yaşamışlar. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq digər cavabdeh məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6 maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məcəlləsinin 372.7 maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası izahatları dinləyib, apelyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi rədd edilməlidir. İşin müəyyən edilmiş hallarına əsasən İddiaçı Heydərovna ilə Cavabdeh1 Fehmi oğlu xx.xx.2013-cü il tarixdə ailə quraraq rəsmi nikaha daxil olmuşlar. Cavabdeh1-satıcı ilə Cavabdeh2 qızı-alıcı arasında bağlanmış AN-İ seriyalı ******* nömrəli, xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən və məzmunundan görünür ki, satıcı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsi, ev 30, 224 saylı mənzili satıcıya 300.000 manat qiymətə satmağı, alıcı isə müvafiq əmlakı həmin qiymətə satmağı öz üzərinə götürmüşdür. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, **********79 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsi, ev 30, 224 saylı mənzil xx.xx.2017-ci il tarixdə Cavabdeh1 adına qeydiyyatdan keçmişdir, lakin 29 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 4Ə-1029 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 adına özgəninkiləşdirilmişdir. Cavabdeh1 Fehmi oğlunun adına respublika üzrə qeydiyyatdan keçmiş digər daşınmaz əmlak aşkar edilməmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, **********64 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsi, ev 30, 224 saylı mənzil xx.xx.2017-ci il tarixdə Cavabdeh1 adına qeydiyyatdan keçmişdir, lakin 29 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 4Ə-1029 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 adına özgəninkiləşdirilmişdir. X2 və İddiaçı Heydərovnanın adlarına Bakı şəhərində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Reyestrdə 8İ-157 nömrəli Bakı şəhəri 7 saylı notariat ofisində tərtib etdiyi İddiaçı tərəfindən xx.xx.2019-cu il tarixli ərizəsindən görünür ki, əri Cavabdeh1 məxsus Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzilin satılmasına etiraz etmir. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, alqı-satqı müqaviləsi bağlanarkən qanunvericiliyin normaları pozulmamışdır. Lakin əmlak tərəflərin birgə nikahı dövründə əldə olundugundan və iddiaçının razılığı ilə satıldıgından, alqı-satqıdan əldə edilmiş 300.000 manat məbləgin yarısı iddiaçıya məxsusdur. İddiaçının həmin mənzilin dəyərinin ******* manat məbləğində olması ilə bağlı arqumenti inandırıcı deyil. Belə ki, mülkiyyətçi əmlakını satarkən onun satış məbləgi ilə bağlı sərbəstdir, dəyərini tərəflər müəyyən edir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanunsuz və əsassız olmuşdur. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (maddə 337.1). Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir (maddə 337.3). Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (maddə 337.4). Beləliklə, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin predmetinin, habelə forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Göstərilən tələblərə cavab verməyən əqd etibarsızdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 12 aprel 2021-ci il tarixli Qərarında göstərmişdir: «Qeyd edilməlidir ki, yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, məhkəmələr məcburetmə və s. bu kimi əsaslardan dolayı əqdin etibarsızlığı ilə bağlı işlərə baxarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmununu və hüquqi niyyətlərini müəyyən etməlidirlər. Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun hüquqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmçinin, Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərar). Lakin işə baxan məhkəmələr N.Əsədovanın iddia tələbinin təmin edilməməsini onunla əsaslandırmışlar ki, mübahisələndirilən alğı-satqı müqaviləsi formal tələblərə əməl edilməklə bağlanmış, ərizəçinin mənzilində qeydiyyatda olan ailə üzvləri mənzilin satılmasına razılıq ifadə edən yazılı ərizələri imzalamış və həmin ərizələr notariat orqanı tərəfindən təsdiq edilmişdir. Halbuki, mübahisələndirilən müqaviləni tərəflərin imzalaması və onun notariat qaydasında təsdiqlənməsi mübahisə predmeti olmamış, mülki iş üzrə iddia tələbinin məhz həmin müqavilənin məcburetmə nəticəsində bağlanması səbəbindən etibarsız sayılması ilə bağlı olması nəzərə alınmamış, əqdin məcburetmə nəticəsində bağlanıbbağlanmaması məsələsinə hüquqi qiymət verilməmişdir.» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2021-ci il tarixli Qərarında göstərilmişdir ki, «... Hazırkı iş üzrə məhkəmələr mübahisəli mənzilin alğı-satqı müqaviləsinin yalan əqd olubolmamasının müəyyən edilməsi üçün araşdırma aparmamış, satıcı X.Mirzəliyevin mübahisəli müqavilənin bağlanmasından sonra 4 ilə yaxın müddət ərzində əvəzsiz olaraq həmin mənzildə yaşaması, alıcının müqavilədən yalnız beş ay müddət keçdikdən sonra mənzilə mülkiyyət hüququnu rəsmiləşdirməsi, müqavilə üzrə mənzilin dəyərinin həmin dövr üçün mənzilin likvid dəyərindən xeyli aşağı göstərilməsi kimi işin əhəmiyyətli hallarını, iddiaçının cavabdehlə aralarında borc müqaviləsinin bağlanması, mənzilin alğı-satqı müqaviləsinin isə görünüş məqsədli olması, əslində məhz borc öhdəliyinin icrasının təminatı olaraq bağlanmasına dair ifadələrini nəzərə almadan, yalnız forma tələblərinə riayət olunduğuna əsaslanmaqla müqavilənin etibarlı olduğu qənaətinə gəlmişlər. Lakin mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (Konstitusiya Məhkəməsi Plenumunun B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr, N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarları).” Göründüyü kimi, mənzil İddiaçı Heydərovna ilə Cavabdeh1 Fehmi oğlunun birgə nikahı dövründə əldə edilmişdir. Mənzil 2017-ci il tarixdə ipoteka müqaviləsinə əsasən kredit müqaviləsinin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. Həmin ipoteka müqaviləsi bağlanarkən iddiaçı tərəfindən razılıq verilmişdir. İddiaçı Heydərovna xx.xx.2019-cu il tarixdə mənzilin satılmasına etirazının olmamasına dair notarial qaydada ərizə vermiş, həmin vaxt birgə nikahda olmuşlar və ev satılmamışdır. 2021-ci ilin oktyabr ayında faktiki nikah münasibətləri pozulmuş və ayrılmışlar. Bir neçə gün sonra Cavabdeh1 xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 300.000 manata Cavabdeh2 adına özgəninkiləşdirilmişdir. Həmin müqavilə bağlanarkən iddiaçı tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli razılıq ərizəsi təqdim edilmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, ipoteka ilə təmin edilən öhdəlik İpoteka saxlayanla (ASC “Xalq” Bankı) ipoteka qoyan (Cavabdeh1) arasında bağlanmış xx.xx.2017-ci il tarixli **********27017 nömrəli kredit xətti müqaviləsindən irəli gələn pul tələbləridir. Müqavilənin 3.5-ci bəndinə əsasən “Roveks Konmark” Konsaltinq qiymətləndirmə şirkətinin xx.xx.2017-ci il tarixli 170166 XB saylı ekspert rəyinə əsasən ipoteka predmetinin bazar qiyməti ******* manat, likvid qiyməti isə ******* manat məbləğində müəyyən edilmişdir. Belə olan halda, mənzilin alqı-satqı müqaviləsində göstərilmiş 300000 manata satılması inandırıcı və ağlabatan hesab edilmir. Çünki mənzilin dəyəri ilə bağlı bu qədər yüksək məbləğdə fərq olması inandırıcı olmamaqla, müqavilədə əks olunmuş məbləğin real olmasını şübhə altına almağa əsas verir. Cavabdeh apelyasiya baxışı zamanı mənzilin onlara məxsus olmadığını, əslində Şirkətin sahibinə məxsus olduğunu, formal olaraq onun adına qeydiyyata alındığını və alqı-satqı müqaviləsinin də məhz mənzilin əsl sahibinə qaytarılması məqsədi ilə bağlandığını bildirmişdir. Qeyd etmişdir ki, mənzildə yalnız 1-2 yaşamamışlar. İddiaçı tərəfindən isə Kollegiyaya mübahisəli evdə yaşamaqlarını göstərən fotoşəkillər və CD disk təqdim edilmişdir. Apelyasiya baxışı zamanı həmin fotoşəkillərə və CD diskdə olan videogörüntülərə baxış keçirilmiş və müəyyyən edilmişdir ki, iddiaçı uşaqları ilə bərabər mübahisəli evdə davamlı olaraq yaşamışlar (həm yay, həm də qış geyimində əks olunmuşlar). Mülki Məcəllənin 340.1-ci maddəsinin tələbinə görə, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Göründüyü kimi, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti ilə deyil, yalnız görünüş üçün bağlanır. Bu əqdi bağlamaqla tərəflər başa düşür və dərk edirlər ki, həmin əqd üzrə hər hansı hüquqi nəticə, yəni onlar üçün hüquq və vəzifələr əmələ gəlmir. Əqd iştirakçıları bununla hüquqi görünüş yaradaraq tamam başqa məqsəd güdürlər, özü də bu məqsəd, adətən, hüquqazidd xarakter daşıyır. Kollegiya hesab edir ki, mübahisəli mənzilin alqı-satqısına dair bağlanmış AN-İ seriyalı ******* nömrəli, xx.xx.2021-ci il tarixli müqavilə uydurma əqd olmaqla əhəmiyyətsizdir. Həmin mənzil birgə nikah dövründə əldə edilmiş əmlakdır və Cavabdeh1 həmin əmlakı mümkün bölgüdən yayındırmaq məqsədilə iddiaçının razılığı olmadan formal olaraq Cavabdeh2lə müqavilə bağlayaraq sonuncunun adına özgəninkiləşdirmişdir. İddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş razılıq ərizəsi ilə bağlı Kollegiya qeyd edir ki, razılıq ərizəsi iradə ifadəsinin bəyanıdır, iddiaçı tərəfindən isə həmin ərizə 2019-cu il tarixdə, yəni birgə nikah dövründə olduqları dövrdə verilmiş və iradə ifadəsini bildirmişdir. Mənzilin satılması ilə bağlı müqavilə isə faktiki nikah münasibətləri pozulduqdan sonra 2021-ci il tarixdə bağlanmış və birgə nikah dövründə mənzilin satılması ilə bağlı iddiaçı tərəfindən verilmiş razılıq ərizəsinin ailə münasibətləri faktiki olaraq pozulduqdan sonra mənzilin satılmasına verilmiş razılıq kimi qəbul edilə bilməz. Qeyd olunanlara əsasən xx.xx.2021-ci il tarixli müqavilə uydurma əqddir. Uydurma əqd də əhəmiyyətsiz olmaqla, hər hansı hüquqi nəticə yaratmır. Kollegiya qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında göstərilmişdir ki, «… Fərdi-müəyyən əşyalar (daşınmaz əşyalar, hüquqi statusuna görə daşınmaz əşyalara bərabər tutulan daşınar əşyalar – avtomobil, gəmi və s., habelə digər daşınar əşyalar – telefon, kompüter və s.) üzərində hüquqi əsas olmadan hər hansı bir hüquq əldə edilə bilməz. Belə əşyalar yalnız onlara xas əlamətləri ilə digərlərindən fərqləndiyi üçün əldə edənin əmlakına qarışmır və bu səbəbdən də hüquqi əsas olmadan əldə edənin mülkiyyətinə keçmir. Odur ki, əhəmiyyətsiz əqd arzu olunan heç bir hüquqi nəticələrə səbəb olmadığından, belə əqd üzrə fərdi-müəyyən əşya olan daşınmaz əşyaya dair dövlət reyestrində müvafiq şəxsin adına aparılmış qeydiyyat da əsassız sayılacaqdır. Bu halda isə xeyrinə qeydiyyat aparılmış şəxs daşınmaz əşyaya dair hüquq əldə etməyəcək, həmin əşya əqd əsasında özgəninkiləşdirənin mülkiyyətində qalmaqda davam edəcəkdir. Mülki Məcəllənin 141-ci maddəsinə uyğun olaraq, daşınmaz əmlakın dövlət reyestrinin məzmunu həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ pozulmuş şəxs tərəfindən müvafiq düzəlişin aparılması tələb edilə bilər.» Konstitusiya Məhkəməsinin formalışdırdığı hüquqi mövqeyə görə, əvəz edilməyən fərdi-müəyyən əşyalar (o cümlədən mənzil) barəsində bağlanan əhəmiyyətsiz əqd nəticəsində həmin əşya əldə edənin əmlakına qarışmır və bu səbəbdən də hüquqi əsas olmadan əldə edənin mülkiyyətinə keçmir. Odur ki, həmin əşya barəsində aparılmış qeydiyyat da əsassızdır, xeyrinə qeydiyyat aparılmış şəxs daşınmaz əşyaya dair hüquq əldə etmir, həmin əşya əqd əsasında özgəninkiləşdirənin mülkiyyətində qalmaqda davam edir. Mənzilin alqı-satqısı barədə xx.xx.2021-ci il tarixli müqavilə əhəmiyyətsiz əqd olmaqla hüquqi nəticəyə səbəb olmadığından dövlət reyestrində Cavabdeh2 adına aparılmış qeydiyyat da əsassız sayılacaqdır. Mübahisəli mənzilin statusuna dair alqı-satqı müqaviləsi bağlanmazdan əvvəl mövcud olan hal qüvvədədir, yəni, mənzil İddiaçı Heydərovna ilə Cavabdeh1 Fehmi oğlunun birgə nikah dövründə əldə edilmiş əmlak olmaqla onların birgə mülkiyyətidir. Kollegiya Cavabdeh2 Abdullah oğlunun vicdanlı əldə edən olub-olmaması ilə bağlı isə aşağıdakıları qeyd edir. “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il taraixli Qərarında göstərilmişdir ki, “vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan hüquqi qeyri-müəyyənlik mülki dövriyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin bir-birinə olan inamının da azalmasına gətirib çıxarardı.” Kollegiyanın qənaətinə görə, Cavabdeh2 Abdullah oğlunda xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq müəyyən olunmamışdır, aşkardır ki, o özü də müqavilənin formal olaraq yalnız görünüş üçün bağlanmasından məlumatlı olmuşdur. Ona görə hər hansı restitusiyadan söhbət gedə bilməz. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, qətnamə ləğv edilməklə, iddia tələbi rədd edilməlidir. İddianın rədd olunması onunla izah olunur ki, mənzil İddiaçı Heydərovna ilə cavabdehlər Cavabdeh1 Fehmi oğlunun birgə mülkiyyətində qalmaqda davam edir, belə vəziyyətdə isə iddiaçı T.Mustafadan mənzilin dəyərinin yarısını tələb edə bilməz, birgə mülkiyyətdə olan əmlakın bölünməsinin hüquqi əsasları başqadır. Eyni zamanda iddiaçıya izah edilməlidir ki, əhəmiyyətsiz əqdin nəticələrinin tətbiqi ilə bağlı müvafiq qeydiyyat orqanına, yəni hazırki halda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etməklə mübahisəli mənzillə bağlı aparılmış qeydə dair müvafiq düzəlişin aparılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apelyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1004/2022 saylı iş üzrə 13 aprel 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Heydərovnanın cavabdehlər Cavabdeh1 Fehmi oğlu və Cavabdeh2 Abdullah oğluna qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və paylı mülkiyyətə hüququnun tanınması tələbinə dair” iddiası rədd edilsin. İddiaçıya izah edilsin ki, mənzilə dair aparılmış qeydin düzəldilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edə bilər. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar