Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4747/2023 28.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 “qızıl-zinət əşyaları, cehiz əmlakı və birgəyaşayış dövründə əldə edilmiş mənzildə payların müəyyən edilməsi” tələbinə dair iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi, müəyyən olunmuş məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X1 (məruzəçi), Şamayev Elşad Yaquboviç və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2023-cü il 14 sentyabr tarixli, 2(106)-1242/2023 nömrəli qətnaməsindən Cavabdeh1 və vəkili və nümayəndəsi Vəkil2 Babaəli oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinin mümkünlüyünü Ali Məhkəmənin inzibati binasında yoxlayaraq, aşağıdakı qərardadı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları
1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qızıl-zinət əşyaları, cehiz əmlakı və birgəyaşayış dövründə əldə edilmiş mənzildə payların müəyyən edilməsi və mediasiya xərclərinə görə 55 manatın, dövlət rüsumuna görə 328 manatın cavabdehlərdən tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Daha sonra iddiaçının vəkili və nümayəndəsi Vəkil1 iddianın həcmini azaldılması barədə ərizə verərək yalnız qızıl-zinət əşyalarını və 2500 manat dəyərində cehiz əm lakını, eləcə də mənzilə payların müəyyən edilməsini xahiş etdi.
3. Lənkəran Rayon Məhkəməsinin 2(049)-328/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim M. Aslanov) iddianın rədd edilməsi qət olunmuşdur.
4. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir.
5. Şirvan Apellyasiya Məhkəməsinin (hakim C. İmanov) 2023-cü il 14 sentyabr tarixli, 2(106)-1242/2023 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Lənkəran Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, 2(049)-328/2023 saylı qətnaməsinin cavabdehlərdən qızıl-zinət əşyaların alınmasının və mənzildən payın müəyyən edilməsinin təmin edilməməsinə dair hissələrdə ləğv edilməsi və həmin hissələrdə yeni qətnamə qəbul edilməsi, iddia qismən təmin edilməsi, 585 əyarlı, 7,55 qram çəkidə olan qızıl üzü k- qiyməti 755 manat; 585 əyarlı, çəkisi 8,71 qram olan qızıl qolbaq- qiyməti 855 manat; 750 əyarlı, çəkisi 19,85 qram 1 ədəd boyunbağı (18K)- qiyməti 1910 manat; 750 əyarlı, çəkisi 17,47 qram olan 1 cüt qızıl sırğa (18 K)- qiyməti 1580 manat; qolbaq İtalyan qızılından düzəldilmiş bantiçkalı 750 əyarlı, çəkisi 10 qram- qiyməti 950 manat; adi qızıl üzük 585 əyyarlı, 2 qram, 200 manat dəyərində olan qızıl-zinət əşyalarının, onlar olmadığı təqdirdə onların dəyərinin Cavabdeh1 alınaraq İddiaçı verilməsi, seriya RX ******* mülkiyyət hüququ ilə Cavabdeh1 adına qeydiyyata alınmış Lənkəran şəhəri, X2 küçəsi ev 78/10, 23 nömrəli mənzildə İddiaçı ½ hissədə payının müəyyən edilməsi qət edilmişdir.
6. Həmin qətnamədən Cavabdeh1 və nümayəndəsi və vəkili Vəkil2 kassasiya şikayəti vermiş və kassasiya şik ayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
7. Maddə 112.1.2. Pul vəsaitin alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğ ilə müəyyən edilir.
8. Maddə 407.4. Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. 9. 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır:... 408.1.3. kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə;. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu
10. Maddə 1.1. Dövlət rüsumu - dövlət orqanları tərəfin dən hakimiyyət səlahiyyətlərinin icrası zamanı göstərilən və hüquqi nəticələrin yaranmasına səbəb olan xidmətlərə və hüquqi hərəkətlərə görə (sənədlərin tərtibi, qeydiyyatı, razılıqların verilməsi və s.) ödənilən haqdır (ödənişdir).
11. Maddə 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində dövlət rüsumu tutulmalıdır.
12. Maddə 8.6. Apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu tutulur. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
13. Məhkəmə kollegi yası kassasiya şikayətinin mümkünlüyünü araşdıraraq belə hesab edir ki, Cavabdeh1 kassasiya şikayəti qeyri mümkün hesab edilməli və geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
14. Cavabdeh1 tərəfindən kassasiya şikayəti verilkərkən prosessual normaların tələblərinə tam əməl olunmayıb. Belə ki, iddia ərizəsinə əsasən cavabdehə yönəlmiş iddianın qızıl-zinət əşyaları və cehiz əmlak tələbinə dair hissədə qiyməti 101268 manatdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.4 və 8.6-cı maddələrinin tələbinə uyğun olaraq kassasiya şikayəti verilərkən iddianın göstərilən qiymətinə müvafiq hesablanmalı olan dövlət rüsumunun məbləği 195,63 manat (101268100000=1268; 1268x 0,1% =1.26; 390+1,26=391,26; 391,26x50%=195,63) təşkil et diyi halda, cəmi 41 (qırx bir) manat (qəbz N:**********) məbləğində dövlət rüsumu ödənilmişdir.
15. Beləliklə, Cavabdeh1 tərəfindən kassasiya şikayəti verilməsi ilə əlaqədar qanunla müəyyən olunmuş məbləğdə dövlət rüsumunun ödənilməsi müəyyən olunmur. Yəni MPM-in 407.4-cü maddəsinin tələbinə tam əməl olunmamışdır.
16. Göstərilən halda apellyasiya instansiyası məhkəməsi, Cavabdeh1 tərəfindən kassasiya şikayətinə müəyyən olunmuş məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə edilməməsini araşdırmaqla, kassasiya şikayətini geri qaytarmalı idi.
17. Nəzərə alınmalıdır ki, kassasiya qaydasında işə baxmaq üçün prosessual əsasların olmaması apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətinin geri qaytarılması kimi hüquqi nəticəyə səbəb olur. Yuxarıda göstərilən halda kassa siya şikayətinin geri qaytarılması apellyasiya instansiyasının səlahiyyəti olduğuna görə, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
18. Beləliklə, Cavabdeh1 tərəfindən kassasiya şikayəti verilərkən müəyyən olunmuş məbləğdə dövlət rüsumu ödənilmədiyinə görə kassasiya şikayəti icraata qəbul edilə bilməz.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir.
20. Həmin Məcəllənin 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayəti nin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.
21. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadığına görə Cavabdeh1 kassasiya şikayəti qeyri-mümkün hesab edilməli, geri qaytarılması üçün mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməlidir.
22. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1-ci maddəsini rəhbər tutaraq, Qərara aldı: Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2023-cü il 14 sentyabr tarixli, 2(106)-1242/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və kassasiya şikayəti qaytarılması üçün mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndə rilsin. Qərardad qətidir və qəbul edildiyi andan qüvvəyə minir.