Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4867/2021 14.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, Ləğv prosesində olan Cavabdeh1 ASC-yə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ipotekaya xitam verilməsi, ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi, cavabdeh Ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedici si Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 aprel 2021-ci il tarixli, 2(103)-2917/2021 saylı qətnaməsindən cavabdeh Ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 14 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-524/2013 saylı, 16 fevral 2013- cü il tarixli qətnaməsinə əsasən "xxxx" MMC-dən "xxxx" ASC-nin xeyrinə 37.545,05 manat borcun tutulması, tələbin İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsində yerləşən 10 saylı evin 62 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılmas ı qət edilmişdir.
2. Həmin qətnamə üzrə verilmiş icra vərəqi Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə göndərilmişdir.
3. İpoteka predmeti olan İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsində yerləşən mənzil ilkin satış qiyməti 80.000 (səksən min) manat olmaqla açıq hərraca çıxarılmışdır.
4. İlkin hərrac baş tutmadığından mənzil 68.000 manata təkrar hərraca çıxarılmışdır. Təkrar hərracda da mənzili alan olmamışdır. Hərracın baş tutmaması barədə kütləvi informasiya vasitələrində məlumat dərc olunmuşdur. Eyni zamanda bu barədə hərraşın təşkilatçısı tərəfindən ipotekasaxlayana və İcra İdarəsinə 03.11.2017-ci il tarixli məktub göndərilmiş, ipoteka saxlayana ipoteka predmeti haqda qəbul etdiyi son qərarla hərrac təşkilatına məlumat verilməsi xahiş edilmişdir. İş üzrə qəbul edilmiş məh kəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehlər ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, ləğv prosesində olan Cavabdeh1 ASC-yə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Binəqədi rayon İcra və Probasiya Şöbəsi) Nəsimi Rayon Məhkəməsində iddia qaldıraraq, ona məxsus Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsində yerləşən 10 saylı evin 62 saylı mənzilinə dair Cavabdeh1 ASC-nin ipoteka yüklülüyünə xitam verilməsi və həmin mənzilə dair Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində Cavabdeh1 ASC-nin xeyrinə ipotekanın yüklülüyünə dair qeydiyyatın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan olunduqdan sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmədiyinə görə, “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinə əsasən ipotekaya xitam verilməlidir.
7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-941/2020 saylı, 07 yanvar 2020-ci il tarixli qətnaməsi ilə (hakim S.Mustafayeva) iddia tələbi qismən təmin edilmiş, İddiaçı mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında yerləşən 62 saylı mənzilə dair ipotekaya xitam verilməsi, həmin mənzil barəsində ipotekanın yüklülüyünə dair qeydiyyatın ləğv edilməsi vəzifəsinin ləğv prosesində olan Cavabdeh1 ASC-yə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi, iddianın digər hissədə təmin edilməməsi qət edilmişdir.
8. Məhkəmə toplanmış sübut lara hüquqi qiymət verərək qeyd etmişdir ki, "xxxx" MMC tərəfindən təkrar hərracın alıcı olmadığından baş tutmamış elan edildikdən sonra ipoteka müqaviləsi üzrə ipoteka saxlayan qismində çıxış edən "xxxx" ASC-yə 03.11.2017-ci il tarixli bildirişin göndərilməsinə və göndərilmiş bildirişdə ipoteka predmeti haqda qəbul etdiyi son qərarla hərrac təşkilatını tanış etmələrini xahiş etməsinə baxmayaraq, "xxxx" ASC ipoteka predmetini əldə etməmişdir. Beləliklə ipoteka saxlayanın təkrar hərrac baş tutmamış elan edildikdən sonra Qanunda müəyyən edilmiş 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməməsi, ipotekaya xitam verilməsinə əsas olmasına baxmayaraq ipoteka predmetini əldə etmək təklifi ilə müraciət etməmişdir. Belə olan halda ipoteka saxlayanın öz hüququndan vaxtında istifadə etməməsi, y əni ipoteka saxlayanın hərəkətsizliyi, qanunvericiliyin tələblərinə əsasən ipoteka qoyana ipotekaya xitam verilməsi imkanından istifadə etmək hüququnu yaradır.
9. Məhkəmə hesab etmişdir ki, iddia ərizəsindən göründüyü kimi tələb təkcə hüquqi şəxsə, yəni ləğv prosesində olan "xxxx" ASC-yə qarşı deyil, həmçinin onun ləğvedicisi, yəni qanuni nümayəndəsi kimi fəaliyyət göstərən Əmanətlərin Sığortalanması Fonduna qarşı irəli sürülmüşdür. Halbuki, ləğvedici yalnız bankın qanuni nümayəndəsi kimi onun işlərini idarə edir, onun adından məhkəmədə çıxış edir və onun məhkəmə qərarına əsasən gələcəkdə digər bir ləğvedici ilə əvəz olunması istisna olunmur. Əmanətlərin Sığortalanması Fondunun ləğv prosesində olan "xxxx" ASCnin qanuni nümayəndəsi (ləğvedicisi) olmasına baxmayaraq, onun öhdəlikləri üzrə məsuliyyət daşımır və onun üzərinə banka aid vəzifələr qoyula bilməz.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 60-cı maddəsinə və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununa istinadla əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat
11. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 iyun 2020-ci il tarixli, 2(103)3761/2020 nömrəli qətnaməsi ilə (hakimlər T.S.Səmədov (sədrlik edən və məruzəçi), İ.S.Şirinov və A.V.Tanrıverdiyev) cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondun səlahiyyətli nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hazırkı iş üzrə 07 yanvar 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi hazırkı mübahisəyə “İpoteka haqqında” Qanunun 15, 43, 48-ci maddələrini tətbiq edib, iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
13. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5297/2020 nömrəli iş üzrə 23.11.2020-ci il tarixli qərarı ilə (hakimlər A.Ə.Abbasov (sədrlik edən və məruzəçi), E.Y.Şamayev və V.T.Həsənov) cavabdeh Ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 iyun 2020-ci il tarixli 2(103)- 3761/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılmas ı qərara alınmışdır.
14. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, hərracın konkret olaraq hansı səbəbdən baş tutmaması qeyd edilən məktubla müəyyən edilmir. Əgər hərrac iki nəfərdən az alıcının gəlməsi və ya hərracın iştirakçısı olmaması əsası ilə baş tutmayıbsa, belə olan halda, cavabdeh bankın ləğvedicisinin hərrac barədə banka məlumat verilməməsi barədə dəlili əsaslı dəlil kimi araşdırılmalı, gəlinən nəticə də həmin halın araşdırlmasına əsaslanmalı idi. Lakin bu hal araşdırılmayıb.
15. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhkəmələr 25.08.2017, 08.09.2017, 29.09.2017 və 13.10.2017-ci il tarixli bildirişlərlə hərracın keçirilməsi barədə, tərəflərə, o cümlədən tələbkar banka məlumat verilməsini müəyyən etsələr də, həmin bildirişlərin bank tərəfindən alınması halını müəyyən etməmişlər. Məktubun göndərilməsi barədə bildirişin olması, həmin məktubun ünvan sahibinə çatdırılmasını təsdiq etmək üçün yetərli deyil. Həmçinin məhkəmələrin istinad etdiyi "xxxx" MMC-nin 03.11.2017-ci il tarixli, 01/3714 saylı məktubunun cavabdeh bank və ya bankın ləğvedicisi tərəfindən alınıb-alınmaması müəyyən edilməyib. Halbuki ipoteka predmetinin alınması barədə banka təklifin daxil olmaması barədə dəlillə bağlı bu xüsusat araşdırlmalı idi. d) Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat
16. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 aprel 2021-ci il tarixli, 2(103)2917/2021 saylı qətnaməsi ilə (hakimlər Q.A.Əsgərov (sədrlik edən və məruzəçi), R.M.Həsənov və V.N.Sadıqov) cavabdeh Ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əm anətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 yanvar 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Məhkəmə MPM-in 420-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsinin qərarında irəli sürdüyü hüquqi mövqeyi nəzərə alaraq qeyd etmişdir ki, 25.08.2017, 08.09.2017, 13.10.2017-ci il tarixli bildirişlərlə hərracın keçirilməsi barədə tərəflərə, o cümlədən tələbkar banka məlumat verilmiş və həmin bildirişlər bankın məsul işçisi tərəfindən poçt qəbzinə imza etməklə qəbul edilmişdir. (25.08.2017-ci il tarixli bildiriş bankın məsul işçisi Kərimov tərəfindən 25.08.2017ci il tarixdə, 08.09.2017-ci il tarixli bildiriş bankın məsul işçisi Kərimov tərəfindən 08.09.2017-ci il tarixdə, 13.10.2017- ci il tarixli bildiriş bankın məsul işçisi Kərimov tərəfindən 16.10.2017-ci il tarixdə qəbul edilmişdir.) Həmçinin hərracın baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin 03.11.2017ci il tarixli nömrəsində elanın dərc olunması və “İpoteka haqqında” Qanunun 43-cü maddəsinin müvafiq bəndlərinə uyğun olaraq, ipoteka saxlayana ipoteka predmeti haqda qəbul etdiyi son qərarla hərrac təşkilatının tanış edilməsi barədə 03.11.2017-ci il tarixli məktub cavabdeh banka göndərilmiş və həmin məktub 06.11.2017-ci il tarixdə bankın məsul işçisi Kərimov tərəfindən qəbul edilmişdir. Qeyd edilən xüsusatlar hazırki apelyasiya icraatı zamanı bankın nümayəndəsi tərəfindən etiraf edilmişdir. Lakin apelyator cavabdehin nümayəndəsi 03.11.2017-ci il tarixli məktubun ipoteka predmetinin banka təklif edilməsini özündə ehtiva etmədiyinə əsaslanaraq, şikayəti müdafiə etdiyini bildirmişdir. Bununla yanaşı Ləğv prosesində olan Cavabdeh1 ASC-nin apelyasiya məhkəməsinin sorğusuna verdiyi 06.04.2021-ci il tarixli cavab məktubunda 03.11.2017ci il tarixli məktubun Banka əmlakın alınmasına dair təklifi özündə əks etdirmədiyi bildirilmişdir.
18. Apellyasiya instansiyası məhkəməsi cavabdeh Ləğv prosesində olan Cavabdeh1 ASCnin məktubunda və onun nümayəndəsinin apellyasiya icraatında qeyd edilən mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, "xxxx" MMC 03.11.2017-ci il tarixli məktubunda “İpoteka haqqında” Qanunun 43-cü maddəsinə istinad edərək, həmin məktubu tərəflərə göndərmişdir. İpoteka saxlayan qeyd edilən Qanunun tələblərinə uyğun olaraq ipotekanı əldə etmək istəməsinə münasibət bildirməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
19. Cavabdeh Ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd olunması və ya işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, bank hərracın keçirilməsi barədə məlumatlı olmamışdır. Cavabdeh1 ASC-yə nə "xxxx" MMC tərəfindən nə də ki, Binəqədi rayon İcra və Probasiya şöbəsi tərəfindən hər hansı təklif məktubu daxil olmamışdır. Qeyd edilən hallar hazırki işə baxan məhkəmənin nəzərinə çatdır ılmış, lakin məhkəmə işə qeyri-obyektiv baxaraq qanunsuz qərar qəbul etmişdir. İddia irəli sürən tərəf iddia tələbini əsaslı və mötəbər sübutlarla əsaslandırmalıdır, lakin iddiaçı bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Qeyd olunan məsələlər məhkəmənin diqqətinə çatdırılaraq bildirilmişdir ki, kassatorun əmlakı əldə etməyə heç bir etirazı olmayıb və bununla bağlı qanuni prosedurlar həyata keçirilmişdir. Məhkəmə bu sübutları araşdırmamış və qətnamədə səhv nəticəyə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
22. Məhkəmə iclasında iştirak edən cavabdeh Ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil2 kassasiya şikay ətinin dəlillərini müdafiə edərək, təmin olunmasını xahiş etdi.
23. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq 24.Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə
60. Hüquqi şəxsin ləğvi haqqında qərar 60.3. Hüquqi şəxsin ləğv edilməsi haqqında qərar qəbul etmiş hüquqi şəxsin iştirakçıları və ya nizamnamə ilə buna vəkil edilmiş orqanı ləğv barədə qərar qəbul edildiyi tarixdən etibarən yalnız ləğvetmə prosesi çərçivəsində fəaliyyət göstərir. Ləğv edilən hüquqi şəxsin adından məh kəmədə ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) çıxış edir. 60.4. Ləğvetmə komissiyasının (təsviyəçinin, ləğvedicinin) təyin edildiyi andan hüquqi şəxsin işlərini idarə etmək səlahiyyətləri ona keçir. Ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) borcların ödənilməsi və qalıq gəlirin saxlanıla bilməsi üçün hüquqi şəxsin əmlakını iqtisadi cəhətdən səmərəli, qiymət baxımından sərfəli və tez bir zamanda satılması, borcların ödənilməsindən sonra qalan əmlakın iştirakçılar arasında bölüşdürülməsi, məqsədilə onun işini davam etdirir. Qeyrikommersiya təşkilatı ləğv edildikdə onun borclarının ödənilməsindən sonra qalan əmlakın hüquqi müqəddəratı bu Məcəllənin 114.3-cü, 116.3-cü və 117.7-ci maddələrinə uyğun olaraq həll edilir. 25. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
1. Əsas anlayışlar 1.0.1. ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur; 1.0.6. ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur Maddə 15.1. İpotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir. Maddə
15. İpotekanın dövlət qeydiyyatının ləğvi 15.1. İpotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir. Maddə
43. Hərracın baş tutmamış elan edilməsi 43.1. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın ba ş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində və özünün rəsmi internet saytında məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. 43.3. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 43.6. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş he sab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir.
26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə
417. Kassasiya instansiyası məhkə məsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə
418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
27. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və y axud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
28. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
29. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Laki n apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
30. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə cavabdeh Ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası hesa b edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. Kassasiya kollegiyası baxılan iş üzrə “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa və kassasiya instansiyası məhkəməsinin əvvəlki qərarında ifadə etdiyi hüquqi mövqeyə uyğun olaraq işə yenidən baxmış apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir.
33. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apellyasiya instan siyası məhkəməsi tərəfindən işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına və sübutlara düzgün hüquqi qiymət verilmədiyini qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır.
34. Məhkəmə kollegiyası kassatorun banka "xxxx" MMC tərəfindən nə də ki, Binəqədi rayon İcra və Probasiya şöbəsi tərəfindən hər hansı təklifin daxil olmadığı barədə dəlili ilə bağlı qeyd edir ki, ipoteka predmetinin qəbul edilməsi üçün bu cür “təklif”in verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. 35. “İpoteka haqqında” qanunun 43.7-ci maddəsinə görə hərrac baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini ala bilər. Bu normadan göründüyü kimi, ipoteka saxlayan ipoteka predmetini ala bilməsi üçün əsas, hərracın baş tutmamış elan edilməsidir.
36. Həmin normada hərracın baş tutmamasını elan edən subyekt kimi isə icra məmuru deyil, hərracın təşkilatçısı nəzərdə tutulmuşdur.
37. Qeyd olunmalıdır ki, hərrac zamanı əmlakın alınması barədə tələbkara icra məmuru tərəfindən təklif olunması qaydası “İcra haqqında” qanunun 53-cü maddəsində nəzərdə tutulmuşdir. Lakin həmin normada üzərinə həbs qoyulmuş əmlakın satılması üçün hərracın keçirilməsindən bəhs olunur və ipoteka predmetinin satılması qaydalarına bu norma ilə müəyyən olunan qaydalar tətbiq edilmir.
38. Çünki “İpoteka haqqında” qanunun preambulasına görə mülki hüquqi müqavilələrdən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi ilə bağlı ipotekanın yaranması əsaslarını, onun dövlət qeydiyyatı, təmin olunmuş borcun və digər mülki hüquqi öhdəliyin ipoteka hesabına ödənilməsi qay dalarını, tərəflərin hüquq və vəzifələrini müəyyən edir, habelə bu sahədə digər münasibətləri bu Qanun tənzimləyir.
39. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
40. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
41. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Cavabdeh Ləğv prosesində olan Cavabdeh1 ASC-ni n ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 aprel 2021-ci il tarixli, 2(103)-2917/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.