Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5133/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X3 qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: alqı-satqı müqaviləsinin ləğvi) 05.10.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (məruzəçi), Xəlilov İsmayıl Kamil oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh X4 qarşı “torpağa dair alqı-satqı müqaviləsinin ləğvi, alqı-satqı müqaviləsi üzrə ödənilmiş 11000 manat pulun qaytarılması və vurulmuş zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-499/2022 nömrəli 19 may 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən ver ilmiş kassasiya şikayətinə 05 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Tərəflər arasında bağlanmış, notariat kontorunda təsdiq edilmiş 3 avqust 2018-ci il tarixli alqı-satqı müqaviləsi ilə cavabdeh X1 şəhərində yerləşən, mülkiyyətində olan 0,0495 ha torpaq sahəsini İddiaçı 11000 manata satmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, torpağa dair alqı-satqı müqaviləsinin ləğvi, alqı-satqı müqaviləsi üzrə ödənilmiş 11000 manat pulun qaytarılması və vurulmuş zərərin ödənilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı maklerlər vasitəsi ilə cavabdehin Mingəçevir şəhər mərkəzində “Univermaq” deyilən yerə yaxın ərazidə 495 kv.m torpaq sahəsini 18000 manata satmasını bilib həmin torpaq sahəsini almağa razılaşmışdır. Cavabdeh torpaq sahəsini ona göstərmiş, həmin torpaq sahəsinin X.Əliyev küçəsində yerləşdiyini bildirmişdir. İddiaçı aralarında alqı-satqı müqaviləsi bağlanana qədər cavabdehə 7000 manat, notariat kontorunda müqavilə bağlanan zaman isə 11000 manat pul vermişdir. Aralarında alqı-satqı müqaviləsi bağlanmış, sonra iddiaçı torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən Çıxarış almışdır. Tikinti işlərinə başlamaq istədikdə Mingəçevir şəhər İcra Hakimiyyətinin memarlıq şöbəsinin işçiləri tikinti işlərinin dayandırılmasını tələb edərək bildirmişlər ki, həmin ərazi Mingəçevir şəhər İcra Hakimiyyətinin balansındadır. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə müraciət edərkən məlum olmuşdur ki, cavabdehin ona satdığı torpaq sahəsi şəhərin Az.DRES adlanan ərazisində yerləşir.
4. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1612/2021 nömrəli iş üzrə, 18 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim: M.Kərimova) iddia rədd edilmişdir.
5. Məhkəmə qətnaməsini onunla əsaslandırmışdır ki, iddiaçı alqı-satqı müqaviləsində göstərilənlərlə razılaşaraq müqaviləni imzalamışdır. Alqı-satqı müqaviləsi bağlandıqdan sonra cavabdeh müqavilədə göstərilən torpaq sahəsinə dair sənədləri iddiaçıya vermiş, bundan sonra da iddiaçı həmin müqavilə əsasında almış olduğu torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən Çıxarış almışdır.
6. Birinci instansiya məhkəməsi mövqeyini əsaslandırarkən Mülki Məcəllənin 21.2, 567, 568.1, 646-cı maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
7. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-499/2022 nömrəli iş üzrə 19 may 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər: Mahir Əsədli – sədrlik edən və məruzəçi, Ələddin Məcidov, Ayaz Mahmudov) birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
9. Məhkəmə kollegiyası öz mövqeyini Mülki Məcəllənin 390.1, 421.1, 421.2, 423, 567, 568, 647, 648-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
10. İddiaçı kassasiya şikayəti verərək qətna mənin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilməsini əsas göstərməklə ləğv edilməsi, mülki işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Cavabdeh etiraz göndərərək, kassasiya şikayətinin əsassız olduğu üçün təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
12. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
13. Maddə
394. Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək ba rədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir.
14. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
15. Maddə 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır.
16. Maddə 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqa viləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.
17. Maddə
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
18. Maddə 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
19. Maddə 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür.
20. Maddə 646.2 Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, d aşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
24. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
25. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olun mamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
26. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
27. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı ins tansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
28. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. 31. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
32. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq no rmalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.
34. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-499/2022 nömrəli 19 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.