Məhkəmə qərarları › İş №2(102)-5196/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5196/2022

19.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5196/2022 19.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ ( Açar sözlər: mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbi) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 4588/2022 nömrəli, 28 iyun 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şi kayətinə 19 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Cavabdeh ilə 09 yanvar 2018-ci il tarixdə nikaha daxil olmuş və sonuncunun mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Sulutupə yaşayış sahəsi, R.Allahverdiyev küçəsi, ev 13, 25 saylı mənzilə gəlin köçmüş və həmin mənzildə yaşamışdır.

2. Tərəflərin nikahından 08 may 2018-ci il təvəllüdlü X1 və 28 sentyabr 2020-ci il təvəllüdlü X2 anadan olmuşdur.

3. Tərəflərin arasında yaranmış ailə münaqişəsi zəminində iddiaçı mənzildən çıxarılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun cavabdehə məxsus mübahisəli mən zilə istifadə hüququnun tanınması və iki azyaşlı uşağı ilə birlikdə həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən əsaslandırmış və göstərmişdir ki, onun bütün cehiz əmlakları da mübahisəli mənzilə yığılmışdır və bu gün də həmin ünvandadır. 27 sentyabr 2021-ci il tarixdən cavabdeh ona hədə qorxular gələrək təhdid etmiş və yaşadığı evdən qovulmuşdur.

6. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq qeyd etmişdir ki, tərəflər arasındakı nikah pozulmayıb. Belə ki, tərəflər arasında nikahın pozulması barədə mülki iş əvvəl Binəqədi Rayon Məhkəməsinin icraatında olsa da, sonradan baxılması üçün Kürdəmir Rayon Məhkəməsinin icraatınd a olan işlə birləşdirilmişdir. Hazırda iddiaçı cavabdehin arvadıdır, buna görə mövcud qanunvericiliyin tələblərinə əsasən iddiaçının da cavabdeh kimi mübahisəli mənzildə yaşamaq hüquq vardır. İddiaçının başqa yaşayış yeri yoxdur. İddiaçının xəyanət etməsi məsələsi cavabdeh tərəfin səsləndirdiyi fikirdir və bu barədə cavabdehdə hər hansı bir sübut yoxdur.

7. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, onun iddiaçı ilə ailə münasibətlərinin dağılmasının səbəbi iddiaçının ona xəyanət etməsi olmuşdur. Bu halda iddiaçının onun mənzilində onunla birlikdə yaşaması qeyri-mümkündür

8. Məhkəmə iclasında cavabdehin vəkili cavabdehin izahatını müdafiə etmiş və əlavə olaraq bildirmişdir ki, tərəflərin ailəsinin dağılmasının səbəbi xəyanətdir. Boşanma məsələsi bir kənara, ortada daha ciddi və qəbuledilməz bir məsələ var. Belə olan halda hazırki iddianın təmin edilməsi xoşagəlməz hadisələrə zəmin yarada bilər. Tərəflər artıq bir ildir ki, ayrı yaşayırlar. Onların arasındakı münasibətlər gərgin olduğundan onların birlikdə yaşamaları qeyri-mümkündür.

9. Məhkəməyə təqdim edilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli, 2(001)-769/2022 saylı qərardadı ilə, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan Cavabdeh İddiaçı qarşı “nikahın pozulması, uşağın atanın himayəsində qalması və aliment” tələbinə dair 2(001)-769/2022 saylı mülki iş, İddiaçı Cavabdeh qarşı “uşaq” tələbi barədə Kürdəmir Rayon Məhkəməsinin icraatında olan 2(041)-2298/2021 saylı mülki işlə birlikdə baxılması üçün Kürdəmir Rayon Məhkəməsinə göndərilmişdir.

10. İşə əla və olunmuş Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin təhqiqatçısının 15 oktyabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı ilə İddiaçı ərizəsi əsasında toplanmış HK-1505 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən inzibati qaydada inzibati təsir tədbirlərin görülməsi ərazinin sahə inspektoruna həvalə edilmişdir.

11. İşə əlavə olunmuş Yasamal Rayon Prokurorunun köməkçisinin 18 noyabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı ilə İddiaçı özünü öldürməyə cəhd etməsi ilə əlaqədar rayon prokurorluğunda aparılmış 349-C-21 nömrəli araşdırma materialı üzrə cinayət işinin başlanması rədd olunmuşdur.

12. Bin əqədi Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, e-2(001)-1690/2022 nömrəli qətnaməsi ilə (hakim Fərid Hətəmzadə) iddia tələbi təmin edilərək, İddiaçı Cavabdeh məxsus Bakı şəhəri,111 mənzilindən istifadə hüququ tanınması və iddiaçının uşaqları - 08 may 2018-ci il təvəllüdlü X1 və 28 sentyabr 2020-ci il təvəllüdlü X2 ilə birlikdə həmin mənzilə köçürülməsi qət edilmişdir.

13. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, tərəflərin 2018-ci ildə rəsmi nikaha daxil olaraq mübahisəli mənzildə birlikdə yaşamaları işin mübahisə olunmayan halıdır. Bu isə o deməkdir ki, tərəflər arasında sözügedən mənzillə bağlı münasibətlər həmin tarixdən sonra yaranmaqla hazırki iddia tələbinə 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları baxımından qiymət v erilməklə mübahisə həll edilməlidir.

14. Məhkəmə iddia tələbinin maddi-hüquqi əsasları kimi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2-ci və Mülki Məcəllənin 27.2-ci maddələrini seçmiş, qeyd etmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci və 30.2-ci maddələrində ailə üzvlərinin yaşayış sahəsinə istifadə hüququnun yaranması üçün şəxsin mülkiyyətçinin ailə üzvü olması və ailə üzvünün mülkiyyətçi ilə birgə yaşaması əsas şərt kimi göstərilmişdir. Hazırki işdə iddiaçı da cavabdehin rəsmi nikahda olan arvadı olmaqla onun ailə üzvləri sırasına daxildir və onunla birgə mübahisəli evdə yaşamışdır. Ona görə də, Mənzil Məcəlləsinin tələbləri baxımından onun mübahisəli evdən istifadə hüququ yaranmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçın ın cavabdehə məxsus Bakı şəhəri,111 mənzilinə istifadə hüququ tanınmalı və iddiaçı uşaqları 08 may 2018-ci il təvəllüdlü X1 və 28 sentyabr 2020-ci il təvəllüdlü X2 ilə birlikdə həmin mənzilə köçürülməlidir.

15. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının qeyd etdiklərinə cavabdeh tərəfin təqdim etdiyi sübutlara nisbətən üstünlük verilməsi ilə tərəflərin bərabərlik prinsipi və məhkəmə araşdırmasının faktlar əsasında həyata keçirilməsi prinsipi pozulmuşdur. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, işin obyektiv həllinə kömək etmək üçün öz səlahiyyətləri daxilində araşdırmalar aparmamışdır. Tərəfindən təqdim olunan sübutlara məhkəmə tərəfindən obyektiv yanaşılmamış, qətnamənin əsasına işin halları və faktlarla uyğunlaşmayan fərziyyələr qoyulmuşdur. Tərəflər artıq bir ildir ki, ayrı yaşayırlar. Belə ki, məhkəmə halhazırda onların ailə üzvü olmadığını, tez bir zamanda nikahlarının pozulacağını, onun qətiyyən barışıq fikrinin olmadığını nəzərə almamışdır.

18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 28 iyun 2022-ci il tarixli, 2(103)4588/2022 nömrəli qətnaməsi ilə (hakimlər Q.A.Əsgərov ( sədrlik edən və məruzəçi), A.N.İmanov və F.Ş.Talışınski) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində ailə üzvlərinin yaşayış sahəsinə istifadə hüququnun yaranması üçün şəxsin mülkiyyətçinin ailə üzvü olması və ailə üzvünün mülkiyyətçi ilə birgə yaşaması əsas şərt kimi göstərilmişdir.

20. Məhkəmə kollegiyası, məhkəmənin həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmaması, işin obyektiv həllinə kömək etmək üçün öz səlahiyyətləri daxilində araşdırmalar aparmaması, tərəfindən təqdim ol unan sübutlara məhkəmə tərəfindən qərəzli, eyni zamanda obyektiv yanaşılmaması barədə cavabdehin dəlillərinə münasibət bildirərək qeyd etmişdir ki, cavabdeh bu halları təsdiq edən sübutları apelyasiya şikayətinə əlavə etməmiş, məhkəmə iclasında iştirak edərkən bunu əsaslandıran hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim еtməmişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd etmişdir ki, apelyasiya şikayətində göstərilən digər dəlillər də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas olmadığından, həmin dəlilərə münasibət bildirməyi zəruri hesab etmir.

21. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə isti nad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a)Kassasiya şikayətinin dəlilləri

22. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

23. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

25. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

26. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

27. Maddə 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Azərbaycan Respu blikasının Mülki Prosessual Məcəlləsi

28. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

32. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

33. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

34. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

35. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

36. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

38. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən olunmuş faktik hallarına görə, İddiaçı Cavabdeh ilə 09 yanvar 2018-ci il tarixdə nikaha daxil olmuş və sonuncunun mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Sulutupə yaşayış sahəsi, R.Allahverdiyev küçəsi, ev 13, 25 saylı mənzilə gəlin köçmüş və həmin mənzildə yaşamışdır. Tərəflərin nikahından 08 may 2018-ci il təvəllüdlü X1 və 28 sentyabr 2020-ci il təvəllüdlü X2 anadan olmuşdur. Tərəflərin arasında yaranmış ailə münaqişəsi zəminində iddiaçı mənzildən çıxarılmışdır. İddiaçı cavabdehin mənzilindən istifadə hüququnun tanınmasını və oraya köçürülməsinin xahiş edir.

39. İddia tələbinin hüquqi əsasını Mənzi l Məcəlləsinin 30.1 və 30.2-ci maddələri təşkil edir.

40. Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-cimaddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas... məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur.

41. İşə baxmış apellyasiya instansiyası məhkəməsi də işin hallarını Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin dispozisiya şərtləri əsasında təhlil etmiş və haqlı olaraq iddianı təmin etmişdir.

42. Kassasiya şikayətin in digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

43. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

44. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4588/2022 nömrəli, 28 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar