Məhkəmə qərarları › İş №2(102)-5295/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5295/2022

25.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5295/2022 25.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Erentürk Cumhura qarşı QƏRARİ Açar sözlər: pulun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Həsənov Vüqar Təvəkkül (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu, Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Erentürk Cumhura qarşı pul tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-727/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 25 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin h alları

1. İddiaçı Həşimov X9 Respublikasının vətəndaşı olan və Azərbaycan Respublikasında yaşayan Erentürk Cumhurla 2014-cü ildən alqı-satqı münasibətləri yaranmasını və bu münasibətlərdən cavabdehin 28.435,5 manat məbləğində borcunun yaranmasını göstərir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdeh Erentürk Cumhura qarşı pul tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehdən öhdəliyin icra edilməməsinə görə 28.345,5 manat məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

3. İddiaçı iddia tələbini əsaslandıraraq qeyd etmişdir ki, Türkiyə Respublikasının vətəndaşı olan və Azərbaycan Respublikasında yaşayan cavabdehlə 2014-cü ildən alqı satqı münasibətləri yaranmışdır. O, cavabdehə nisyə mal verirmiş, cavabdeh də malı satdıqdan sonra pulu ödəmişdir. Onunla cavabdeh Erentürk Cumhur arasında malın satılması haqqında razılaşmaya əsasən o, cavabdehə nəzərdə tutulmuş malları satmağı, cavabdeh isə aldığı malın müqabilində nəzərdə tutulmuş ödənişləri ödəməyi öhdəsinə götürmüşdür. Satılan malın qiyməti topdan satış fakturaları ilə müəyyən olunmuşdur. Cavabdehlə aralarında olan razılaşmaya əsasən 2019-2020-ci illərin müxtəlif tarixlərində yorğan, yastıq və s. kimi məhsullar topdan satışla cavabdehə verilmişdir. Razılaşmaya uyğun olaraq mallar satış fakturaları ilə cavabdehə təhvil verilmişdi

4. Cavabdeh Erentürk Cumhur məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul etmədi və izahatında göstərmişdir ki, o, alverə Azad adlı şəxslə başlamışdır. Həmin topdan satış mərkəzinin sahibi isə İlham olmuşdur. Daha sonra onun İlham, Hacı Taleh, Nurtay və Toğrul adlı şəxslərlə alqı-satqı münasibətləri yaranmışdır. İddiaçı ilə alqısatqı münasibətlərində olmamışdır. O, iddiaçının həmin şəxslərin qohumu kimi tanımışdır. Sonradan iddiaçı başqa işlə məşğul olmuşdur. Son vaxtlar onun qalıq borcuna faiz hesablandığından, o, qeyd olunan halnan razılaşmamışdır. Ona görə də aralarında narazılıq yaranmış və o, özündə olan malları qaytarmaq barədə Azada bildirmişdir. Ondan sonra Hacı Taleh adlı işçi gəlmiş onun işlədiyi mağazadan 2021-ci yanvar ayında 12.633 manat dəyərində, 2021-ci ilin aprel ayında 8.000 manat dəyərində mal götürmüşdür. Ondan başqa o, Hacı Talehə 2800 manat nağd pul vermişdir. Bu münasibət onunla Hacı Taleh arasında olmuşdur. Eləcə də, ona mal verilməsi də əksər hallarda Hacı Taleh tərəfindən təmin edilmişdir. O, pul göndərən zaman isə Toğrul, Azad və ilham adlı şəxslərlə əlaqə saxlamışdır. Həmin vaxt iddiaçının onunla heç bir ticarət əlaqəsi olmamışdır. Ona görə də iddiaçı ilə alış-veriş etməmişdir. İddiaçının oğlu Toğrulu da o, həmin topdan satış mərkəzinin işçisi kimi tanımışdır. X14 məhkəməyə gəlib şahidlik etmək istəmir. Çünki onunla iddiaçı arasında münasibətlər pozulmuşdur. Hesab edir ki, onunla iddiaçı arasında alqı-satqı münasibəti olmadığında, iddia əsassızdır. O, Hacı Talehdən götürdüyü malları da qaytarmışdır. Ona görə də o, heç kimə borcu qalmamışdır. Odur ki, məhkəmədən iddianın rədd edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Məhkəmə iclası zamanı iddiaçı tərəfin və satəti əsasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, o, iddiaçının oğludur, eyni zamanda onun mühasibi və anbardarı kimi işləmişdir. O, cavabdeh və iddiaçı arasında olan alqı-satqılar barədə hesabatı onların yazışmaları əsasında qeydə almışdır. O, cavabdehlə müntəzəm olaraq votsap sosial şəbəkəsi vasitəsilə əlaqə saxlamışdır. O, 2019-cu ilin oktyabr ayında iddiaçıya 30.507 manat borcu qalması barədə cavabdehə votsap vasitəsilə yazmış, lakin cavabdeh ona heç bir şey bildirməmişdir. İddiaçı işi təhvil verdikdən sonra o, Hacı Talehlə işləmişlər.

6. Məhkəmə iclası zamanı cavabdeh tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, o, cavabdehlə şərikli işləmişdir. İddiaçını da tanımışdır. 2014-2018-ci illərdə iddiaçı da onlarla əlaqə saxla mışdır. Sonradan eşitmişdir ki, iddiaçı oradan uzaqlaşmışdır. Ondan sonra onunla yalnız Hacı Taleh əlaqə saxlamışdır. O, malların Hacı Talehə məxsus olduğunu bilmişdir. Pandemiya dövründə alver getmədiyinə görə ödəniş edə bilməmişlər. Ondan sonra, yəni 2021-ci ilin yanvar ayında Hacı Taleh gəlib malları yığıb aparanda, o, etiraz etmişdir. Ondan sonra da cavabdehlə aralarında narazılıq yaranmışdır. Ona baxmayaraq, X16 markalı avtomaşınla mağazadan 2021-ci yanvar ayında 12.633 manat dəyərində, 2021-ci ilin aprel ayında 8.000 manat dəyərində mal götürmüşdür. Ondan başqa, 3000 manat da nağd pul istəmiş, lakin mağazada pul az olduğuna görə o, dostundan 1000 manat borc almış və Hacı Talehə 2800 manat nağd pul vermişdir. Ondan sonra onun və iddiaçının borcu bağlanmışdır.

7. Mingəçevir Şəhər Məhkə məsinin (X1) 2(051)-125/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.

8. Məhkəmə öz mövqeyini əsaslandıraraq qeyd etmişdir ki, işdə olan müxtəlif tarixli topdan satış fakturalarında (qaimələrdə) müxtəlif növdə malların qiymətləri və qalıq borc kimi 28.345,5 manat məbləğ göstərilmiş, lakin fakturalarında (qaimələrdə) təhvil verən və alan şəxslərin adları və imzaları qeyd edilməmişdir.

9. Ona görə də hazırkı mübahisə üzrə iddia ərizəsində göstərilən cavabdehin iddiaçı qarşısında pul öhdəliklərinin olması və onu yerinə yetirməməsi faktını sübutetmə yükü iddiaçının üzərinə düşməsini qeyd etmişdir. Belə ki, İddiaçı iddia ərizəsində cavabdeh Erentürk Cumhur ilə aralarında şifahi formada nisyə alqı-satqı müqaviləsi bağlandığını, cavabdehin həmin müqaviləyə əsasən öhdəli klərini lazımi qaydada icra etmədiyini göstərmişdir. Cavabdeh tərəf isə iddiaçının istinad etdiyi dəlilləri qəbul etməmişdir.

10. Məhkəmə qeyd etmişdir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Yalnız formal mülahizələrlə öz tələbini əsaslandırmaqla kifayətləndirmişdir. Bu da iddianın qanuni həll edilməsi üçün məhkəmənin yekun nəticəyə gəlməsi üçün yetərli olmamışdır.

11. Məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçı tələbini əsaslandırdığı topdan satış fakturalarını məhkəməyə təqdim etmiş, ancaq topdan satış fakturalarında müxtəlif növdə malların qiymətləri və qalıq borc kimi 28345,5 manat məbləğ göstərilmiş, təhvil verən və alan şəxslərin adları və imzaları qeyd edilməmişdir. Cavabdeh isə məhkəmə iclasında iddiaçı ilə alqı-sa tqı müqaviləsi bağlamadığını, əvvəllər Azad, sonradan isə İlham, Hacı Taleh, Nurtay və Toğrul adlı şəxslərlə nisyə alqı-satqı müqavilələri bağladıqlarını bildirmişdir. İddiaçı tərəf isə Hacı Taleh adlı şəxsin onun işçisi olduğunu, lakin şəriki olmadığını bildirmişdir. Bununla bağlı isə məhkəməyə heç bir rəsmi sənəd təqdim etməmişdir. Eləcə də, iddiaçı cavabdehə satılan malların topdan və yaxud pərakəndə satışı ilə məşğul olmasına, həmçinin həmin fəaliyyətini davam etdirməsinə dair sübut təqdim etməmişdir. Cavabdeh tərəf isə onunla müqavilə münasibətində olmadığını bildirməklə, iddiaçı tərəfin istinad etdiyi dəlilləri təkzib etmişdir.

12. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1, 406.1, 567, 600.1, 601.1, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 2 17.4-cü maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat

13. İddiaçı apellyasiya şikayəti verərək Mingəçevir Şəhər Məhkəməsinin 24 fevral 2022-ci il tarixli, 2(051)-125/2022 saylı qətnaməsinin tam ləğv edilərək, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mingəçevir Şəhər Məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki hallarını düzgün araşdırmamışdır. Aydın şəkildə görünür ki, məhkəmə tərəfindən səthi araşdırma aparılaraq və qanunvericiliyin tələblərinə əməl edilməyərək hazırki işin yuxarıda qeyd olunan hallarına düzgün hüquqi qiymət verilməmiş və bu azmış kimi Mülki Məcəllənin göstərişlərini də pozmuşdur.

15. Şəki Apellya siya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər X8 (sədrlik edən və məruzəçi), X7 və X4) 2(107)-727/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən qətnamə dəyişdirilmədən saxlanılmışdır.

16. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandıraraq qeyd etmişdir ki,işin faktiki hallarını araşdırmaqla iddiaçı ilə cavabdeh arasında öhdəlik münasibətinin yaranmasına, iddiaçının cavabdehə nisyə qaydada mal verməsinə, cavabdehin iddiaçıya borcunun qalmamasını və qaytarılmasının sübut edilməsi vəzifəsini iddiaçının üzərinə qoyulmalıdır. İddiaçı isə bu hallarla bağlı hər hansı sübutu işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim etməmişdir.

17. Kollegiya tərəfindən iddiaçı məhkəməyə dəvət olunmasına, iddia tələbini dəstəkləyən əlavə sübutların məhkəməyə təqdi m edilməsi təklif olunmasına baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmiş, əvvəlki sübutlar, o cümlədən təqdim olunmuş “Whatsapp” yazışması ilə dəlillərini əsaslandırmağa çalışmışdır. 18. “Whatsapp” səs yazışmasına gəldikdə kollegiya qeyd etmişdir ki, həmin yazışmada iddiaçı ilə cavabdeh arasında hər hansı nisyə müqavilənin, razılaşmanın olmasını, cavabdehin iddiaçıya borclu qalmasını müəyyən etmək olmur.

19. Məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, iddiaçı mülki qanunvericiliyin istinad edilən normalarını, habelə aralarında bağlanmış nisyə alqı-satqı müqaviləsinin şərtlərinə dair hər hansı sübut məhkəməyə təqdim etməmiş, apellyasiya şikayətini formal dəlillərlə əsaslandırılmağa çalışmışdır.

20. Məhkəmə öz mövqeyini əsaslandırarkən Mülki Məcəllənin 14, 21.2, 385, 386.1, 445.1, 5 67, 601.1, 601.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

21. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-727/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı (Vəkil1) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. Kassator kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, məhkəməyə təqdim edilmiş sübutlardan aydın şəkildə göründüyü kimi cavabdeh iddiaçıdan aralarında şifahi formada bağlanmış alqı-satqı müqaviləsi üzrə müəyyən edilən vəzifəsini icra etməyərək almış olduğu malın dəyərini razılaşdırılmış müddətdə qaytarmamış və buna görə iddiaçının ondan həmin məbləğin ödənilməsini tələb etmək hüququ yaranmışdır. Hesab edirik ki, təqdim olunan və məhkəmə tərəfindən tədqiq edilməyən sübutlarla iddiaçı tərəfindən cavabdehə qeyd olunan malların verilməsi öz təsdiqini tapdığından hazırki halda cavabdehin əməlləri heç bir hüquqi əsas olmadan başqa şəxsin hesabına əldə etmiş şəxs kimi qiymətləndirilməlidir.

23. Kassator qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırma hissəsində qeyd olunur ki, “iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmiş və yalnız formal mülahizələrə görə tələbini əsaslandırmışdır”. Apellyasiya Məhkəməsi tərəfindən də bu əsaslı hesab edilmişdir. Apellyasiya məhkəməsinə iddiaçının həmin fəaliyyətlə məşğul olması və məhkəmənin bu əsaslandırmasını istisna edən müvafiq vergi portalından çıxarış təqdim olunsa da, bu nəzərə alınma mışdır. Həmçinin məhkəmə iclasında cavabdeh özü də etiraf etdi ki, iddiaçı ailəvi münasibətləri olmuş və biri-birilərinin evinə qonaq kimi gedib-gəlmiş, iddiaçının əvvəllər bu işlə məşğul olduğunu bildirmişdir. Belə olan halda iddiaçının hansı işlə məşğul olmasını cavabdeh necə bilməyə bilərdi? Bundan əlavə iddiaçının hazırda həmin fəaliyyəti davam etdirməsinin hazırki iddia tələbinə nə aidiyyatı var? Hazırki iddia bir neçə il əvvəl tərəflər arasında baş vermiş münasibətlərlə bağlıdır.

24. Kassator daha sonra qeyd etmişdir ki, aydın şəkildə görünür ki, məhkəmə kollegiyası tərəfindən səthi araşdırma aparılaraq və qanunvericiliyin tələblərinə əməl edilməyərək hazırki işin yuxarıda qeyd olunan hallarına düzgün hüquqi qiymət verilməmiş və bu azmış kimi Mülki Məcəllənin yuxarıda qeyd olunan g östərişləri də pozmuşdur. Halbuki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Göründüyü kimi bu şəkildə işə səthi baxılaraq qəbul edilən qətnamə yalnız adamda bir təəssürat doğurur, sadəcə sübutların birtərəfli araşdırılması və cavabdeh tərəfin maraqlarına xidmət edən qətnamə qəbul edilməsi. Məhkəmə qeyd etdiyi hər bir hala və sübuta nəzərə alıb-almamasından asılı olmayaraq qiymət verməli olduğu halda, yuxarıda qeyd etdiyi hallara dair sadəcə bir bədii cümlə yazmaqla guya işin hallarına qiymət vermək vəzifəsini bitmiş he sab edib. Məhkəmə qətnaməsinin bəsit hala salınıb bu vəziyyətə gətirilməsi isə MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələrinin tələblərinin kobud şəkildə pozulmasıdır.

25. Kassator bundan başqa qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəyə faktlar əsasında baxmamış və cavabdehin tərəfin təqdim olunan sübutlara nisbətdə öz etirazını hansı dəlillərlə əsaslandırdığını aydınlaşdırmamışdır. Belə ki, apellyasiya şikayətində də qeyd etdiyimiz və məhkəmə tərəfindən qiymət verilməyən dəlillərimizi təkrarən qeyd etməyi zəruri hesab edir və məhkəmə kollegiyasının diqqətinə çatdırırq: İş üzrə tərəflərin hazırki mübahisə üzrə münasibətlərini və cavabdehin iddianı etiraf etməsini, eləcə də tərəflərin iradə ifadəsinin həqiqi məzmununu və hüquqi niyyətlərini müəyyən etməklə özündə ək s etdirən Whatsapp sosial şəbəkəsi üzərində yazışmalara (səs yazısına) dair CD disk (video formatda) məhkəməyə sübut qismində təqdim edilmişdir.Həmin təqdim olunan Whatsapp sosial şəbəkəsi üzərində yazışmalar cavabdehin istifadəsində olan mobil telefon nömrəsi ilə, iddiaçı tərəfindən isə onun işlərini faktiki idarə edən, eyni zamanda oğlu X2 istifadəsində olan mobil telefon nömrələri arasında aparılmışdır.

26. Kassator sonda qeyd etmişdir ki, işə baxan məhkəmə kollegiyası məhkəmə araşdırmasının tamlığı və hərtərəfliliyi prezumpsiyasını pozmaqla mübahisə üzrə verilən dəlillərinə qiymət verməmişdir. Belə olan halda məhkəmənin obyektiv qərar qəbul etməsi heç də mümkün deyildir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq ed ilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 28. 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 29. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 30. 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülkihüquq münasibətlərinin bütün iştirakçıları–fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu–pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor–borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. 31. 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavil ə olmalıdır. 32. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 33. 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 34. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 35. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 36. 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

37. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

40. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüqu q normalarına müvafiq olaraq qiymət verir.

41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

43. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticə lənsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

45. Hazırkı kassasiya şikayətində iddiaçı qətnaməni tam mübahisələndirdiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə k ollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

47. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, cavabdehin iddiaçı qarşısında pul öhdəliyi mövcud deyildir.

48. Kassator buna dair ol an dəlilləri ilə bağlı hər hansı sübutu ümumiyyətlə məhkəmələrə təqdim etməmişdir. Yalnız təqdim etdiyi şahid ifadəsinə, səsyazılarıa istinad edir ki, həmin sübutları məhkəmələr qiymətləndirmiş və iddianın təmin olunmasının əsasları olaraq qəbul olunmamışdır.

49. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə b ilməz.

50. Bu səbəbdən məhkəmə kollegiyası işin faktiki hallarına qiymət vermədən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından işdə olan sübutlarla əlaqəli olaraq qiymət verməklə düzgün nəticəyə gəlmişdir. Sübutların mahiyyətinə qiymətin verilməsi, işin hallarının düzgün müəyyən edilməməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

51. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

52. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

53. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 iyun 2022-ci il tarixli, 2(107)727/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar