Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5921/2022 19.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh "xxxx" X6 Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5921/2022 (Açar sözlər: əmək münasibətləri üzrə mübahisə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" X6 Cəmiyyətinə qarşı “əmək haqqı” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-29/2022 nömrəli, 17 fevral 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 19 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi İşin halları:
1. İddiaçı (bundan sonra – iddiaçı) "xxxx" X6 Cəmiyyətinin (bundan sonra – ATSC və ya Müəssisə) 24 noyabr 1978-ci il tarixli, 177 saylı əmri ilə Müəssisəyə “elektro mexanik vəzifəsinə təyin edilmiş və 3 aprel 2006-cı il tarixədək vəzifələrdə işləmişdir. 2. 31 mart 2006-cı il tarixli 8 saylı əmrlə iddiaçı qeyri-müəyyən müddətə ödənişsiz məzuniyyətə göndərilmişdir və mübahisə başlananadək həmin məzuniyyətdə hesab edilmişdir.
3. Mingəçevir Şəhər Məhkəməsinin 27 fevral 2018-ci il tarixli qərarı ilə Müəssisənin idarə heyətinin sədri X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1500 manat cərimə edilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilərək, cərimə məbləği 1000 manata endirilmişdir. Həmin qərarlarla Müəssisə rəhbərinin inzibati xətaya dair məsuliyyətə cəlb olunmasına əsas o olmuşdur ki, Müəssisədə xx.xx.2006-cı ildə iddiaçının məzuniyyət hüququ pozularaq, razılıq olmadan qeyri-müəyyən müddətə ödənişsiz məzuniyyətə göndərilmiş, ona əmək haqqı və digər ödənişlər ödənilməmiş, əmək müqaviləsi bildirişi elektron informasiya sisteminə daxil edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Müəssisəyə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 01 aprel 2006-cı il tarixinə ödənilməyən 714 manat (2005-ci və 2006-cı illərin əmək haqqı), 03 aprel 2006-cı il tarixdən 30 dekabr 2017-ci il tarixədək (11 il 8 ay 23 gün) və 1 yanvar 2018-ci il tarixdən 31 may 2019-cu il tarixinədək hesablanacaq əmək haqlarının, 01 aprel 2006-cı il tarixinə ödənilməyən 714 manat üçün hər gecikən günə 1% miqdarında penyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi işin faktiki hallarına uyğun əsaslandırılmaqla qeyd edilmişdir ki, cavabdeh tərəfindən əmək hüquqları pozulmuş, onun müraciəti əsasında əmək haqqı ödənilmədiyinə görə Müəssisənin rəhbəri cərimə edilmişdir.
6. Mütəxəssis qismində mülki işə cəlb olunmuş Azərbaycan Respublikası Sosial Müdafiə Nazirliyi yanında X4 Xidməti Mingəçevir regional ərazi şöbəsinin nümayəndəsi, baş əmək müfəttişi X1 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Müəssisənin mühasi batlıq sənədlərində 1 aprel 2006-cı il tarixə əmək haqqı üzrə 626, təhtəlhesab üzrə isə 88 manat olmaqla, cəmi 714 manat borc qalığı yaranmış və ödənişi təmin edilməmişdir. Əmək haqqı və digər ödənclərin ödənilməsinə dair Müəssisə tərəfindən sənədlər təqdim edilməmiş və göstərilənlərə əsasən iddiaçının əmək hüquqlarının pozulması aşkar edilmiş, bununla əlaqədar Müəssisənin rəhbəri inzibati xətaya dair məsuliyyətə cəlb olunmuşdur.
7. Mingəçevir Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(051)-55/2020 saylı mülki iş üzrə 07 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin ediliş, cavabdehdən 01 aprel 2006-cı il tarixinə ödənilməyən 714 manat əmək haqqının (2005-ci və 2006-cı illərin əmək haqqı), 03 aprel 2006-cı il tarixdən 31 may 2019cu il tarixinədək hesab lanacaq 9562,39 manat əmək haqqının və 01 aprel 2006-cı il tarixinə ödənilməyən əmək haqqına görə 956 manat miqdarında penya olmaqla, cəmi 11232,39 manat pulun alınaraq iddiaçıya verilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır.
8. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Sosial Müdafiə Nazirliyi yanında X4 Xidməti Mingəçevir regional ərazi şöbəsi tərəfindən təqdim edilən sənədlər əsasında hesablama aparılmış və iddiaçının illər üzrə işlədiyi aylar və minimum əmək haqqı nəzərə alınmaqla, 2006-cı ildən 2019-cu il sentyabr ayının 1-ə kimi illər üzrə hesablanmış əmək haqqı cəmi 9562,39 manat təşkil etmişdir. 1 aprel 2006cı il tarixinə ödənilməyən 714 manat üçün hər gecikən günə 1% miqdarında penyanın isə illər üzrə hesablanma nəzərə alınmaqla hes ablanmış 9562,39 manat məbləğinin 10 % miqdarında, yəni 956 manat hesablanması məqsədə müvafiqdir. İddiaçı uzun illər əmək haqqı almamış və bununla da onun əmək hüquqları pozulmaqla ona ziyan dəymişdir. Buna görə də, dəymiş zərərə görə cavabdeh tərəfindən iddiaçıya müvafiq ödənclər ödənilməlidir.
9. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 21.1, 1096.1, 1096.2, 1097.1 və 1108.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclasının vaxtı və yeri barədə onlara məlumat verilməmiş, çəkişmə prinsipi hüququ məhkəmə tərəfindən pozulmuş, işə birtərəfli baxılaraq, iş üzrə cavabdehin maraqlarına zidd qətnamə qəbul edilmişdir. Müəssisə 2011-2019-cu illər ərzində öz fəaliyyətini dayandırmışdır. Belə olan halda, həmin illər üzrə müəssisədə hər hansı işçiyə əmək haqqının hesablanmasından söhbət belə gedə bilməzdi. Bundan əlavə, Müəssisə 2006-2011-ci illər və 2016-cı ildən sonra öz fəaliyyətini dayandırmışdır. Bu barədə vergi orqanlarına müvafiq bildiriş göndərilmişdir. Müəssisə işləmədiyinə görə işçilərə də əmək haqqı hesablanmamış, onlar öz hesablarına məzuniyyətə buraxılmışlar. İddiaçı ötən 15 il ərzində əmək haqqının alınması və əmək hüquqlarının pozulması barədə məhkəməyə müraciət etməməklə qəsdən cavabdehin vəziyyətini ağırlaşdırmış və ondan artıq pul qoparmaq məqsədi güdmüşdür. Belə olan halda, cavabdehdən dəbbə pulu, penyanın tutulması barədə tələb də əsassızdır.
12. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-29/2022 nömrəli, 17 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Mahir Əsədli (sədrlik edən və məruzəçi), Ələddin Məcidov və Ayaz Mahmudov) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilmiş, iş üzrə yeni qətnamənin qəbul edilərək, iddia qismən təmin edilmiş, cavabdehdən 9382,39 manat pulun alınaraq iddiaçıya verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
13. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi qətnaməni əsaslandırarkən, düzgün maddi hüquq n ormalarına istinad etməmişdir. Tərəflər arasında yaranmış mübahisə əmək mübahisəsi olmaqla, ödənilməmiş əmək haqqı ilə bağlıdır. Lakin qətnamə birini instansiya məhkəməsi tərəfindən əsaslandırılarkən Mülki Məcəllənin 21.1-ci, 1096.1, 1097.1 və 1108.1-ci maddələrinə istinad edilmişdir. Həmin maddələrin məzmunundan görünür ki, onlar dəymiş ziyanın ödənilməsi, mülki hüquq pozuntusu və yüksək təhlükə mənbəyi ilə bağlı fəaliyyətdən irəli gələn zərərlə bağlıdır.
14. Eyni zamanda, iş materiallarından görünür ki, mülki iş üzrə məhkəmə baxışı iclası 07 oktyabr 2020-ci il tarixə saat 09:55-ə təyin edilmiş, ancaq cavabdeh tərəf məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş və işə onun iştirakı olmadan baxılmışdır. Bu hal isə şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır.
15. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı 2006-cı ildə ərizəsi olmadan yəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra – Əmək Məcəlləsi) 138-ci maddəsinin tələblərinə zidd olaraq birtərəfli qaydada işəgötürən tərəfindən işçiyə öz hesabına qeyri-müəyyən müddətə əmək məzuniyyəti verilmişdir.
16. Məhkəmə hesab etmişdir ki, Müəssisənin gəlirinin az olması və ya ümumiyyətlə olmaması işəgötürəni işçiyə əmək haqqı ödəməkdən azad etmir.
17. Bununla yanaşı, iddiaçıya verilmiş 6 aylıq ödənişsiz məzuniyyət əmək qanunvericiliyinə uyğun olmuşdur. Yəni iddia tələbi ilk altı aya münasibətdə təmin edilə bilməz. Bu səbəbdən, 6 ay üçün nəzərdə tutulan əmək haqqı yəni 180 manata (6 ay x 30 manat = 180 manat) dair hissədə iddia tə ləbi təmin edilə bilməz. Azərbaycan Respublikası Sosial Müdafiə Nazirliyi yanında X4 Xidməti Mingəçevir regional ərazi şöbəsi tərəfindən təqdim edilən sənədlər əsasında hesablama aparılmış və iddiaçının illər üzrə işlədiyi aylar və minimum əmək haqqı nəzərə alımaqla illər üzrə əmək haqqı hesablanmış və 2006-cı ildən 2019-cu ilin sentyabr ayının 1-ə kimi əmək haqqı cəmi 9562,39 manat müəyyən edilmişdir. Ona görə də, iddianın təmin edilən hissəsi 9562,39 manat – 180 manat = 9382,39 manat təşkil etmişdir.
18. Məhkəmə ödənilməyən əmək haqqına görə penyanın tutulmasına münasibətdə hesab etmişdir ki, Müəssisənin fəaliyyətində dayanmalar və müəyyən maliyyə çatışmamazlıqları olmuşdur. Hazırda tələb edilən penya məbləğinin tutulması cavabdehin vəziyyətini daha da ağırlaşdıra bilər. Bu səbəbdən, cav abdehdən iddiaçının xeyrinə əlavə olaraq dəbbə pulunun tutulması məqsədəuyğun deyil.
19. Məhkəmə öz mövqeyini Əmək Məcəlləsinin 129 (1), 129 (2), 138 (1) və 138 (2)-ci, Mülki Məcəllənin 21.1-ci, 462.1, 462.3 və 467-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv və iddia tələbinin tam rədd edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir.
21. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, işçilərə verilmiş 6 aylıq ödənişsiz məzuniyyət əmək qanunvericiliyinə uyğun olmuşdur. Belə ki, ödənişsiz məzuniyyət lər Əmək Məcəlləsində nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. İddiaçı kassasiya şikayətinə yazılı etiraz göndərərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi
23. Maddə 129 (1). Ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir.
24. Maddə 129 (2). İşəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər.
25. Maddə 138 (1). Bütün növ məzuniyyətlərin verilməsi işçinin ərizəsi əsasında işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilir. Əmrdə (sərəncamda, qərarda) işçinin adı, atasının adı və soyadı vəzifəsi (peşəsi), verilən məzuniyyətin növü, müddəti, müvafiq iş ili, məzuniyyətin başlandığı, qurtardığı və məzuniyyət müddəti bitdikdən sonra işçinin işə başlamalı olduğu il, ay, gün göstərilməlidir.
26. Maddə 138 (2). Məzuniyyətin verilməsi barədə əmr (sərəncam, qərar) məzuniyyətin başlanmasına azı beş gün qalmış verilir və işçi onunla tanış edilir.
27. Maddə 146 (1). Kollektiv müqavilələrdə, belə müqavilələr bağlanmadığı hallarda əmək müqavilələrində nəzərdə tutulan şərtlərlə və qaydalarda, işin normal ahəngini pozan amillər - təbii fəlakət, istehsalat qəzaları və operativ surətdə qarşısı alınmayan digər hallar mövcud olduqda, işəgötürənin təqsiri olmadan istehsalın, axın xəttinin və işin dayandırılması ilə əlaqədar olaraq işçilər qrup halında ödənişli, yaxud ödənişsiz məzuniyyətə buraxıla bilərlər. Bu halda ödənişsiz məzuniyyətin müddəti, işçinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada müəyyən edilmiş əsas məzuniyyətinin iki illik müddətinin cəmindən çox olmamalıdır.
28. Maddə 146 (2). İşəgötürənin təqsiri üzündən istehsalın, axın xəttinin və işin dayandırıldığı hallarda işçilərin qrup halında ödənişsiz məzuniyyətə buraxılması yolverilməzdir. Bu hal işəgötürənin təqsiri üzündən boşdayanma hesab edilir və işçilərə bu Məcəllənin 169-cu maddəsində nəzərdə tutulmuş məbləğdə əmək haqqı ödənilir.
29. Maddə 169 (1). Boşdayanmanın başlanması haqqında işçi işəgötürənə və ya iş yer i üzrə rəhbərinə (briqadirə, ustaya, digər vəzifəli şəxslərə) xəbərdarlıq etdikdə, işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (bundan sonra – MPM)
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əs aslı olmalıdır.
34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
35. Maddə 217.4 Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır
36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
38. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
39. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instan siya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
41. Hazırkı icraat üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehin kassasiya şikayəti əsasında iddianın təmin edilmiş hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəm əsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
43. Kassasiya şikayətinin dəlilləri əsasən apellyasiya şikayətinin dəlilləri ilə eynidir, Məhkəmə kollegiyası maddi və prosessual hüquq normalarının tətbiqinə dair apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır.
44. Məhkəmə kollegiyası, həmçinin qeyd etməyi zəruri hesab edir ki, Əmək Məcəlləsinin 146-cı maddəsinin ikinci hissəsində işəgötürənin təqsiri üzündən istehsalın, axın xəttinin və işin dayandırıldığı hallarda işçilərin qrup halında ödənişsiz məzuniyyətə buraxılması qadağan edilmiş və bu hal işəgötürənin təqsiri üzündən boşdayanma hesab edilmişdir. Belə halda işçilərə Əmək Məcəlləsinin 169-cu maddəsində nəzərdə tutulmuş məbləğdə əmək haqqı ödənilməlidir.
45. Məcəllənin 169-cu maddəsinin birinci hissəsi nəzərdə tutur ki, boşdayanmanın başlanması haqqında işçi işəgötürənə və ya iş yeri üzrə rəhbərinə (briqadirə, ustaya, digər vəzifəli şəxslərə) xəbərdarlıq etdikdə, işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir.
46. Baxılan iş üzrə iddiaçının xx.xx.2006-cı ildə razılığı olmadan qeyri-müəyyən müddətə ödənişsiz məzuniyyətə göndərildiyi və ötən dövr ərzində ona əmək haqqı və digər ödənişlərin ödənilmədiyi inzibati xətaya dair iş üzrə qanuni qüvvəyə məhkəmə aktları ilə müəyyən edilmiş və bu hallar işə baxılması zamanı cavabdeh tərəfindən mübahisələndirilməmişdir.
47. İş üzrə cəlb olunmuş mütəxəssis tərəfindən ötən dövr üzrə əmək haqqı Əmək Məcəlləsinin 169-cu maddəsinin 1-ci hissəsinin tələbləri nəzərə alınmaqla hesablanmışdır (i.v.113, İ cild).
48. Eyni zamanda mülki işə baxılarkən cavabdeh tərəfindən mübahisəyə iddia müddətinin tətbiqi barədə ərizə verilmədiyindən iddiaçının iddianı gec qaldırılması barədə kassasiya şikayətinin dəlilinə mülki və əmək qanunvericiliyinin iddia müddətlərinə dair normaları baxımından qiymət verilməsi mümkün deyildir.
49. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
50. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh "xxxx" X6 Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-29/2022 nömrəli mülki iş üzrə 17 fevral 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.