Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6044/2021 21.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: Raziyeva Sevinc Həbib qızının cavabdeh “Azəriqaz” İB qarşı iş üzrə QƏRARİ iş № 2(102)-6044/21 (Açar sözlər: mənəvi zərərin əvəzinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: Raziyeva Sevinc Həbib qızının vəkili Vəkil1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 iyun 2021-ci il tarixli, 2(103)5649/2021 saylı qətnaməsindən iddiaçı Raziyeva Sevinc H əbib qızının kassasiya şikayəti üzrə işə 21 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı Raziyeva Sevinc Həbib qızı məhkəmədə cavabdeh “Azəriqaz” İB qarşı iddia qaldıraraq, cavabdehdən ona dəymiş mənəvi zərərə görə 1.000.000 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim P.M.Zamanlı) iddia qismən təmin edilərək, cavabdehdən mənəvi zərərə görə 1.000 manat pulun tutulub iddiaçıya ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, qanuni qüvvəyə minmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 may 2011-ci il tarixli hökmü ilə cavabdehin işçisi olmuş Rasif Məmmədov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Rasif Məmmədov ona görə təqsirləndərilib ki, o, “Qaz Təchizatı 2.08.0887 Tikinti Norma və Qaydaları” nın 4.7 və 4.22 “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın 1.1 və 9.1-ci bəndlərinin, habelə “Azəriqaz” İB baş direktorunun Regionlar üzrə qaz istismar idarəsinin və Bakı şəhəri X2 rəislərinə ünvanlanmış 30 mart 2010-cu il tarixli, ƏH -04-4312/4 saylı direktiv göstəriş məktubunun və “Binəqədi rayon X3 Yaşayış yerlərində qaz xətlərinə və məişət qaz cihazlarına nəzarət xidmətinin ustasının vəzifə təlimatı”nın tələblərini pozub və ehtiyatsızlıqdan iddiaçının qohumlarının ölümü ilə nəticələnən səhlənkarlıq edib. Belə ki, mənəvi ziyan məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz və bu mənada iddiaçının tələb etdiyi mənəvi ziyan məbləği də ağlabatan deyil. Mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər, məhkəmələrin zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borclu olduqları tövsiyə edilib, bununla həm də zərər məbləğinin müəyyənləşdirilməsinin meyarları təsbit edilib. Şərh olunanların məcmusuna əsaslanmaqla dəymiş mənəvi ziyanın iddiaçıya daha artıq məbləğdə müəyyən olunması işin hallarına uyğun deyil. Xüsusilə nəzərə alınmalıdır ki, iddiaçının qardaşının və ailə üzvlərinin ölümünə görə cinayət işi üzrə zərərçəkmişin hüquqi varisi qismində tanınmış iddiaçının atası X1 xeyrinə mənəvi zərər qismində 100.000 manat pul tutulub. İddiaçı hazırki tələblə 10 ilə yaxın vaxt keçəndən sonra müraciət edib. Ona görə də iddia qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 1099.1, 1099.2- ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər F.F.Babayev sədrlik edən, məruzəçi, X.A.Mərdanova və E.M.Həsənov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 1099.1, 1099.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. İddiaçı kassasiya şikayətini belə əsaslandırıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçı Sevinc Raziyevanın vəkili Vəkil1 kassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. İddiaçı Sevinc Raziyeva və cavabdeh “Azəriqaz” İB məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna mali k olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsində göstərilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını poza n) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquqi məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərər vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə göstərilir ki, məhkəmə, yalnız tərəflərin təqdim etdikləri sübu tları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüqu qi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsin in qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətlərinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin maddi zərərin əvəzinin ödənilməsi hissəsində gəldiyi nəticə və hüququ əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi bu hissədə işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Ona görə də qətnamə maddi zərərin əvəzinin ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı, kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozulduğunu, iddianın tam təmin edilməsi ü çün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin mübahisə olunmayan hallarına görə, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 29 may 2011-ci il tarixli hökmü ilə cavabdehin işçisi olmuş Rasif Məmmədov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Rasif Məmmədov ona görə təqsirləndərilib ki, o, “Qaz Təchizatı 2.08.08-87 Tikinti Norma və Qaydaları” nın 4.7 və 4.22 “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın 1.1 və 9.1-ci bəndlərinin, habelə “Azəriqaz” İB-nin baş direktorunun Regionlar üzrə qaz istismar idarəsinin və Bakı şəhəri X2 rəislərinə ünvanlanmış 30 mart 2010-cu il tarixli, ƏH -044312/4 saylı direktiv göstəriş məktub unun və “Binəqədi rayon X3 Yaşayış yerlərində qaz xətlərinə və məişət qaz cihazlarına nəzarət xidmətinin ustasının vəzifə təlimatı”nın tələblərini pozub və ehtiyatsızlıqdan iddiaçının qohumlarının ölümü ilə nəticələnən səhlənkarlıq edib. Mülki qanunvericiliyə görə, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkənin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Ümumiyyətlə, mülki qanunvericilikdə mənəvi zərərin miqdarının müəyyən edilməsi üçün konkret kriteriyalar müəyyən edilməyib. İnkişaf etmiş ölkələrdə həmin məsələ müzakirə predmeti olan ən aktual mövzulardan biridir. Qeyd olunan problemə müxtəlif ölkələrin hüquqşünasları müxtəlif yanaşma sərgiləyirlər. Məsələn: Fransada və İtaliyada mənəvi zərərin miqdarının müəyyən edilməsi üçün konkret olaraq zərərə dair qrafik müəyyənləşdirilir. Müəyyən kateqoriya zərərlər üçün kompensasiya məbləğləri müəyyən edilir. Almaniyada ümumiyyətlə mənəvi zərər anlayışı mövcud deyil. Onlar tələb olunan məbləği “ağrıya görə pul” adlandırırlar. Alman məhkəmələri belə hesablamaları analoji işlər üzrə mə hkəmə praktikasının toplusunun dərc olunması yolu ilə müəyyən edir və həmin işlər üzrə statistik rəqəmləri nəzərə alırlar. İngiltərədə hadisə nəticəsində baş vermiş zərərin kataloqu tərtib olunur və hər bir zərərə görə mənəvi zərərin məbləği müəyyən edilir. Qonşu Rusiyanın məhkəmə təcrübəsində isə mənəvi zərərin miqdarının müəyyən edilməsi ilə bağlı konkret mövqe yoxdur və bu məsələ ilə əlaqədar mütəmadi müzakirələr aparılır. Amma, həmin ölkənin Mülki Məcəlləsində xüsusi olaraq 151-ci maddə mövcuddur. Həmin normada da mənəvi ziyanın miqdarının müəyyən edilməsinin ümumi prinsipləri nəzərdə tutulub. Normada deyilir ki, məhkəmələr mənəvi zərərin miqdarını şəxsə yetirilmiş mənəvi və fiziki sarsıntının dərəcəsindən, zərər yetirənin təqsirindən asılı olaraq müəyyən etməlidirlər. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Eyni zamanda, mənəvi zərərin miqdarı mülki hüquq pozuntusu (delikt) törətmiş şəxsin təqsiri və ya zərərçəkənin subyektiv vəziyyəti nəzərə alınmadan obyektiv əsaslara görə müəyyən edilir. Mənəvi təzminatın əsas məqsədi zərərin kompensasiyası olduğundan, gələcəkdə baş verəcək zərərin qarşısının alınması üçün yüksək məbləğdə zərər tələb edilə bilməz. İztirab və sarsıntının nəticəsi olan zərər, zərərçəkənin hiss etdiyi fiziki və ya psixoloji ağrı şəklində ortaya çıxdığına görə təzminat bu ağrının dərəcəsinə mütənasib olmalıdır. Ağrının şiddəti obyektiv faktorlara görə dəyərləndirilir. Belə obyektiv faktorlara, törədilən hüquqazidd əməlin növü, ölçüsü, şiddəti, davam etdiyi müddət, zərərçəkən şəxsdə mənfi fiziki və psixoloji təsiri misal göstərmək olar. Zərərin ağırlığının çox olması təzminat miqdarının yüksək olmasını, zərərin ağırlığının az olması isə təzminat miqdarının aşağı olmasını şərtləndirir. Məsələn: şəxsin avtomobil qəzasında vəfat etməsi ilə şəxsə qəsdən ağır xəsarət yetirilməsi nəticəsində onun məruz qaldığı mənəvi zərərin miqdarı fərqləndirilməlidir. Habelə, təzminatın miqdarının çox aşağı olmaması vacib olduğu kimi, onun miqdarının çox yüksək olmaması da nəzərə alınmalıdır. Əks təqdirdə zərərçəkənə şişirdilmiş bir məbləğin verilməsi əsassız varlanmaya gətirib çıxarmış olar. İztirab və sarsıntının ağırlıq dərəcəsinə təsir göstərən faktorlardan biri də ölən və ya cismani zərərə məruz qalanın yaxınlarının mənəvi təzminat tələb etmələri halında onların zərərçəkmiş şəxslə qohumluq dərəcəsi və şəxsi münasibətlərinin xarakteridir. Yaxınla ra ödəniləcək mənəvi təzminatın miqdarında qohumluq dərəcəsindən asılı olmayaraq mövcud olan şəxsi münasibətlərin xarakteri də əhəmiyyət kəsb edir. Mənəvi təzminatın miqdarına təsir edən ünsürlərdən biri də zərərçəkənin maddi vəziyyətidir. Bu hal həm məhkəmə təcrübəsi, həm də hüquq nəzəriyyəçiləri tərəfindən birmənalı olaraq qəbul edilir. Çünki hər kəsin qane olma səviyyəsi eyni deyildir. Maddi vəziyyəti aşağı olan şəxsə çox gələn bir məbləğ, maddi vəziyyəti yüksək olan başqasına az gələ bilər və bu da qane edici olmaz. Həmçinin, təqsirli tərəfin maddi vəziyyəti mənəvi zərərin miqdarının müəyyən edilməsində əhəmiyyətli faktorlardan biri hesab olunur. Təsadüfi deyil ki, Avropa Məhkəməsinin təcrübəsində mənəvi zərərin miqdarı məsələsi həll edilərkən, ölkələrin sosial-iqtisadi durumu, insan ların yaşayış səviyyəsi nəzərə alınır (Məhkəmənin cavabdeh dövlətdə qurbanları iqtisadi inkişaf səviyyəsinə uyğun olaraq ayırd etdiyi mübahisə olunur (Basarba OOD Bolqariyaya qarşı 20 yanvar 2011-ci il tarixli qərar). Məsələn: məhkəmə “əsas mükafatın” əlaqədar ölkədəki yaşayış səviyyəsinə görə azaldıla biləcəyinə qərar verib (Apicella İtaliyaya qarşı iş üzrə 29 mart 2006-cı il tarixli qərar. “Ərizəçinin daha zəngin və ya kasıb bir ölkədə yaşamasından asılı olmayaraq eyni pozuntu üçün oxşar məbləğlər verməyi mənasızdır. Çünki pulun dəyəri fərqli və həqiqətən yerli iqtisadi inkişafdan və alıcılıq qabiliyyətindən asılıdır”). Mülki hüquq pozuntusu (delikt) törətmiş şəxsin təqsirinin dərəcəsi də təzminatın miqdarının müəyyən edilməsində əhəmiyyət kəsb edir. Çünki ehtiyatsızlıqla cinayət törətmi ş şəxsdən tutulan zərərin məbləği, qəsdən cinayət törətmiş şəxsdən tutulan zərərinin məbləğindən fərqləndirilməlidir. Ona görə ki, ehtiyatsızlıqla cinayət törədən şəxs həmin əməlin ictimai-təhlükəli nəticələrini ya görmür, və yaxud arzu etmir, amma qəsdən cinayət törədən şəxslər əksinə, ictimai-təhlükəli nəticəni görür, arzu edirlər (daha təhlükəli əməl). Mənəvi zərər- bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Hadisədən uzun müddət keçdikdən sonra mənəvi zərərin təsirinin azalması da labüddür. Eyni zamanda, mənəvi zərərin həcminin müəyyənləşdirilməsi zamanı üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır (Mülki Məcəllənin 21.1, 21.2, 1096.1, 1097.1, 1097.2-ci maddələri). Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, mənəvi zərər bir tərəfdən hüquqa zidd əməl nəticəsində şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalmadırsa, digər tərəfdən onun meydana gəlməsi üçün şəxsin bu azalmanı hiss etməsi, psixoloji sarsıntı və iztirab keçirməsidir. Mənəvi zərər anlayışına şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalma kimi yanaşma ona dəlalət edir ki, bəzi hallarda baş vermiş faktın özü mənəvi zərərin vurulmasının dəlili kimi qəbul edilir və bu faktın başqa dəlillərlə sübuta ehtiyacı olmur. Ona görə də kassasiya instansiyası məhkəməsi, iddiaçıya dəymiş mənəvi zərərin məbləği ilə bağlı apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni ədalətli hesab edir və be lə qənaətə gəlir ki, cavabdehin işçisinin təqsiri üzündən iddiaçıya dəymiş mənəvi zərərin bütövlükdə 1.000 manat məbləğində qiymətləndirilməsi onun keçirdiyi mənəvi, fiziki sarsıntı və iztirablar üçün ağlabatan kompensasiya hesab edilir. Belə ki, yuxarıda sadalanan maddi hüquq normalarının mənasına görə, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsb və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri, habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Mülki Məcəllənin 1099.1 -ci maddəsinə görə, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Xüsusilə nəzərə alınmalıdır ki, iddiaçının qardaşının və ailə üzvlərinin ölümünə görə cinayət işi üzrə zərərçəkmişin hüquqi varisi qismində tanınmış iddiaçının atası X1 xeyrinə mənəvi zərər qismində 100.000 manat pul tutulub. Eyni zamanda, iddiaçı hazırki tələblə 10 ilə yaxın vaxt keçəndən sonra müraciət edib. Kassasiya instansiyası məhkəməsi, işin yuxarıda müəyyən edilmiş hallarını nəzərə alıb hesab edir ki, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq duzgün hüquqi qi ymət verildiyi üçün həmin dəlilləri yenidən müzakirə etməyə lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı Raziyeva Sevinc Həbib qızının kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 iyun 2021-ci il tarixli, 2(103)-5649/2021 saylı qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6044/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-6044/2021
21.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver