Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6147/2021 13.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh “Azəriqaz” İB-nə qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: mənəvi zərər tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4440/2021 nömrəli iş üzrə 17 iyun 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 13 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçının övladları 22.01.2007-ci il təvəllüdlü X10 və 20.10.2008-ci il təvəllüdlü X11 30.11.2015-ci il tarixdə Abşeron rayonunda dəm qazının toksik təsiri səbəbindən ölmüşdürlər. Abşeron Rayon Məhkəməsinin 15.04.2016-cı il tarixli 1(012)-120/2016 saylı hökmündən görünür ki, X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib və ona 2 il müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutması hüququndan məhrum edilməklə, 02 il, 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, X4 cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəli X3 məntəqə tipli cəzaçəkmə müəssisəsində qey diyyata alındığı vaxtdan hesablanması, X4 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılması, iş üzrə təhlükəsizlik texnikası ekspertizasına xərclənmiş 100 manat məbləğində pul vəsaiti X2 tutularaq dövlət büdcəsinə keçirilməsi, hökmün icrası X3 yaşayış yeri üzrə icra məmuruna həvalə edilməsi hökm olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh “Azəriqaz” İB-nə qarşı – cavabdehdən onun xeyrinə 2 azyaşlı övladının vəfatı ilə bağlı 700.000 manat məbləğində mənəvi ziyana görə kompensasiyanın tutulub ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Babayev X12 Qaz İstismar sahəsinin əməkdaşının səhlənkarlığı nəticəsində 2 övladını itirmişdir. İddiaçı övlad itkisinin nə qədər ağır olmasını onu yaşamayandan başqa kimlərinsə hiss edə bilmədiyini düşünür. Həm də bu ölümün hansısa adi qaydada deyil, evdə bir göz qırpımında dəm qazından iki körpə uşağının eyni zamanda boğulması ilə baş vermişdirsə bunun sarsıntısını bir atanın çəkməsinin asan olmaması iddiaçının zənnincə başa düşüləndir. Abşeron rayon məhkəməsinin 1(012)-120/2016 saylı, 15.04.2016-cı il tarixli hökmündən görünür ki, X1 Qaz İstismarı sahəsinin 4 saylı yaşayış yerlərində qaz xətlərinə və məişət qaz cihazlarına nəzarət xidmətinin qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri (nəzarətçisi) vəzifəsində işlədiyi müddət ərzində Abşeron QİS-nin rəisi tərəfindən təsdiq olunmuş təlimata əsasən, Qİ S-nin vəzifəli şəxsi olmaqla xidməti vəzifəsinin icrası zamanı Abşeron rayonu, Qobu qəsəbəsi, Qarayev küçəsi, 57 saylı evin vanna otağına texniki baxış keçirilərkən vanna otağında qazla işləyən axarlı suqızdırıcı quraşdırıldığına, həmin suqızdırıcısı vanna otağında quraşdırıldığı halda, vanna otağının həcmi (7,16m3) tələb olunan həcmdən (7,5m3-dan) az olduğuna, həmin otağın qapısında dəliklər (boşluq) yaradılmadığına, tüstü borusu qızdırıcının çıxış borusuna kip oturmadığı kimi qüsurlar müəyyən etdiyi və qaz cihazından istifadə edilməsinin qarşısını almaq üçün zəruri tədbirlər görməli olduğu halda işə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməyib həmin vanna otağında quraşdırılmış su qızdırıcısına qazın verilməsini normativ aktların tələblərinə uyğun olaraq qaz ciha zı istismar olunan qaz şəbəkəsindən bağlayıcı polad qat qoymaqla ayırması üçün xidmətin rəhbərliyinə məlumat vermədiyinə və tərtib olunmuş aktda nöqsanların olmadığı kimi qeydiyyat apararaq AZ DNT 2.13-1 saylı “Qaz təchizatı Layihələndirmə normalarının” 8.39, 8.45, “Qaz təsərrüfatında təhlükəsizlik qaydalarının” 3.81, 3.96, 3.97 və 3.8.5, 3.8.8-ci bəndlərinin tələblərini pozması nəticəsində 29.11.2015-ci il tarixdə, saat 21 radələrində həmin hamam otağında çimən 22.01.2007-ci il təvəllüdlü X10 və 20.10.2008-ci il təvəllüdlü X9 dəm qazından zəhərlənərək ehtiyatsızlıqdan ölmələrinə səbəb olan səhlənkarlıq cinayəti törətmişdir. Abşeron rayon məhkəməsinin 1(012)-120/2016 saylı, 15.04.2016-cı il tarixli hökmünə əsasən X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.2 maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 il müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilmişdir. Bu baş vermiş hadisə ilə əlaqədar Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə cinayət işinin ibtidai istintaqı aparılmış və cinayət işi məhkəməyə göndərilmiş, iş üzrə Abşeron Rayon Məhkəməsinin 15.04.2016-cı il tarixli hökmü çıxarılmış və qanuni qüvvəsini almışdır. Cinayət işi üzrə təyin edilmiş ekspertizaların rəylərindən görünür ki, hadisə "Azəriqaz” X7 X13 nəzarətçi-çilingər işləyən əməkdaşı X3 təqsiri ucbatından baş vermişdir. Cavabdeh orqanın məsul vəzifədə çalışan əməkdaşının qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətləri və baş verən hadisə nəticəsində iddiaçıya və ailəsinə maddi və mənəvi ziyan dəymişdir. Baş vermiş cinayət hadisəsi nəticəsində azyaşlı oğlanlarının ölməsi ilə bağlı iddiaçının və digər ailə üzvlərinin mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və bu hadisə nəticəsində və ondan sonrakı prosseslər zamanı yaşanan stresslər, əzab və əziyyətlər ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə hüquqları vardır. Qanunverici isə bu halda mənəvi ziyanın pul məbləğində ifadə olunmasını mümkün sayır. Əlavə olaraq iddiaçı bildirir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.3-ci maddəsinə əsasən şikəstlik, səhhətə digər xəsarətlər yetirilməsinə və ya ailəni dolandıranın ölümü nəticəsində dəyən ziyanın ödənilməsi barəsində iddialar üzrə - iddiaçılar məhkəmədə iddia qaldırarkən dövlət rüsumunun ödəməkdən azad edilmişdir. İddiaçı 2 azyaşlı uşağının ölümü nəticəsində keçirdiyi stress, narahatlıq, məyusluq, mənəvi sarsıntı və s. kimi halları nəzərə alaraq 700000 manat məbləğində mənəvi zərər tam həcmdə cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azəriqaz” İstehsalat Birliyindən alınaraq iddiaçıya ödənilməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Lalə Rəhimli) 2(011)-619/2021 saylı, 12 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, “Azəriqaz” İstehsalat Birliyindən mənəvi zərərə görə 30.000 manat məbləğində pul vəsaitinin alınaraq, İddiaçı ödənilməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən qanuni qüvvəsini almış məhkəmə hökmünə əsasən müəyyən edilmişd ir ki, iddiaçının övladlarının cavabdehin işçisinin səhvi nəticəsində dəm qazından zəhərlənərək ölmüşdür. Məhkəmə hesab etmişdir ki, iddiaçının öz övladlarını itirməsi onda mənəvi sarsıntılar, şüurunda mənfi hallar, ümidsizlik, yaşamaq eşqinin azalması və s. kimi hallar yaratmışdır. Çünki onların arasında uzun illər ərzində formalaşmış ailə münasibətlərindən irəli gələn mənəvi bağlılıq mövcud olmuşdur. Övladlarının ölməsi nəticəsində iddiaçının çəkdiyi mənəvi ağrının hər hansı pul vəsaiti ilə azaldılması və uşaqlarının həyata qaytarılması mümkün olmasa da, mövcud şəraitdə pul kompensasiyası vasitəsi ilə o, təsəlli ala bilər. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.1, 1099.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-619/2021 saylı, 12 fevral 2021-ci il tarixli qətnaməsinin qismən iddia tələbinin təmin edilməmiş hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırmışdır. Həmçinin cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-619/2021 saylı, 12 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələblərinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaçının keçirdiyi mənəvi sarsıntını əsaslandıra bilmədiyi arqumentləri ilə əsaslandırmışdır. Apelyasiya instansiyası məhkəməsi ndəki icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Şeyda Məhərrəmova - sədrlik edən və məruzəçi, Məmməd Məmmədov və Vəfaddin İbayev) 17 iyun 2021-ci il tarixli 2(103)4440/2021 nömrəli qətnaməsi ilə cavabdeh “Azəriqaz” İB-nin apellyasiya şikayəti təmin edilməmiş, İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)619/2021 saylı, 12 fevral 2021-ci il tarixli qətnaməsi “Azəriqaz” İstehsalat Birliyindən mənəvi zərərə görə 30.000 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı ödənilməsi” hissələrində dəyişdirilmiş, Azəriqaz” İstehsalat Birliyindən mənəvi zərərə görə alınaraq İddiaçı ödənilməli pul vəsaitinin məbləği 50.000 (əlli min) manat müəyyən edilmişdir. Apellyasiya şikayətlərinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rü sumları onu ödəmiş tərəflərə aid edilmişdir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının mənəvi sarsıntı keçirdiyi nəticəsinə gəlməkdə haqlı olsa da, bunun üçün ödənilməli olan kompensasiya məbləği düzgün müəyyən etməmişdir. İddiaçıya keçirdiyi mənəvi sarsıntının kompensasiyası əvəzində ödənilən məbləğin 50.000 manat müəyyən edilməsi daha ədalətli və ağlabatandır. Cavabdeh “Azəriqaz” İB-nin vəkili və nümayəndəsi Vəkil tərəfindən kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 iyun 2021-ci il tarixli 2(103)- 4440/2021 nömrəli qətnaməsinin ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kas sasiya şikayətinin dəlilləri Kassasiya şikayətində qeyd edilmişdir ki, məhkəmə mənəvi zərərə görə təzminat müəyyən edərkən iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmamışdır. Belə ki, məhkəmə qətnamə qəbul edərkən Mülki Prossesual Məcəllənin 9cu maddəsinin normalarına riayət etməyərək ədalət mühakiməsinin faktlar əsasında həyata keçirilməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 9-cu maddəsinin tələblərinə əməl etmədən qərar qəbul etməklə maddi normaların tələbini pozmuşdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, onlar məh kəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 21.1-21.3. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı həmin şəxsin ad i mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərər çəkənin onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1115. Zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublika sı Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2012-ci il tarixli qərarında göstərilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Zərər yetirmə şəxsin və ya təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarı: -Qanunvericiliyin, «İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından verilən anlayışa görə, mənəvi zərər - insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. 2-ci bənd. Zərər çə kən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəm ə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkənin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli qərarı: Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yax ınları, o cümlədən ailə üzvləri keçirdikləri mənəvi sarsıntı və iztirabın dərəcəsinə, zərərçəkmiş şəxsə yaxınlıq dərəcəsinə və s. amillərə müvafiq olaraq birgə və ya ayrı-ayrılıqda təzminat almaq hüququna malikdirlər. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınlarından, o cümlədən ailə üzvlərindən birinin mənəvi zərərə görə təzminat almış olduğu halda, digərlərinin təzminat tələbi bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq işə baxan məhkəmə tərəfindən həll edilməlidir. Məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqa zidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. -Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) m üəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. - Ana və atanın uşaqlarının, nənə və babanın nəvələrinin ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində zərərçəkmişin tək uşaq (nəvə) olması, valideynlərin yenidən uşaq dünyaya gətirəcək yaşda olub-olmamaları kimi amillər də diqqətə alınmalıdır. Uşaqların ana və atalarının ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində onların ata və analarına möhtac yaşda olmaları, fiziki və ya əqli məhdudiyyətli olmalar ı əsas götürülməlidir. Hüquqa zidd hərəkətdən zərərçəkmiş qardaş və ya bacıların mənəvi təzminat tələbinə baxılarkən onlar arasında doğmalıq və sevgi hislərinin, mütəmadi və sıx ünsiyyətlərinin olub-olmaması kimi məqamlar nəzərdən keçirilməlidir. Həmçinin qeyd etmək lazımdır ki, həqiqətən mənəvi sarsıntı keçirmiş hər bir şəxs keçirdiyi mənəvi iztirabın və zərərçəkmişlə yaxınlıq dərəcəsinə müvafiq olaraq digər iddiaçılarla birgə və ya ayrı-ayrılıqda təzminat almaq hüququna malikdir. Yəni bu halda təzminat hər bir iddiaçıya ayrıayrılıqda da müəyyən edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təq ibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsin in qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayəti əsasında apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası nın mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hazırki işdə kassasiya şikayətinin dəlilləri əsasında vurulmuş mənəvi ziyanın məbləği ilə bağlı dəyərləndirmə apararaq aşağıdakıları qeyd edir. Yuxarıda qeyd olunan (Ali Məhkəmənin Plenumunun) qərarda deyilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman m ənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkənin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mənəvi zərərin məbləği təqsirli şəxsin təqsiri və ya zərərçəkənin subyektiv vəziyyəti nəzərə alınmadan obyektiv əsaslara görə müəyyən edilir. Mənəvi təzminatın əsas məqsədi zərərin kompensasiyası olduğundan, gələcəkdə baş verəcək zərərin qarşısının alınması üçün yüksək məbləğdə zərər tələb edilə bilməz. İztirab və sarsıntının nəticəsi olan zərər, zərərçəkənin hiss etdiyi fiziki və ya psixoloji ağrı şəklində ortaya çıxdığına görə təzminat bu ağrının dərəcəsinə mütənasib olmalıdır. Ağrının şiddəti obyektiv faktorlara görə dəyərləndirilir. Belə obyektiv faktorlara, törədilən hüquqazidd əməlin növü, ölçüsü, şiddəti, davam etdiyi müddət, zərərçəkən şəxsdə mənfi fiziki və psixoloji təsiri misal göstərmək olar. Zərərin ağırlığının çox olması təzminat miqdarının yüksək olmasını, zərərin ağırlığının az olması isə təzminat miqdarının aşağı olmasını şərtləndirir. Məsələn, bir şəxsin avtomobil qəzasında vəfat etməsi ilə şəxsin qəsdən həyatdan məhrum edilməsinin məruz qoyduğu mənəvi zərərin məbləği fərqləndirilməlidir. Təzminatın miqdarının çox aşağı olma ması vacib olduğu kimi, miqdarın çox yüksək olmaması da nəzərə alınmalıdır. Əks təqdirdə zərərçəkənə şişirdilmiş bir məbləğin verilməsi əsassız varlanmaya gətirib çıxarmış olar. İztirab və sarsıntının ağırlıq dərəcəsinə təsir göstərən faktorlardan biri də ölən və ya cismani zərərə məruz qalanın yaxınlarının mənəvi təzminat tələb etmələri halında onların zərərçəkmiş şəxslə qohumluq dərəcəsi və şəxsi münasibətlərinin xarakteridir. Yaxınlara ödəniləcək mənəvi təzminatın miqdarında qohumluq dərəcəsindən asılı olmayaraq mövcud olan şəxsi münasibətlərin xarakteri də əhəmiyyət kəsb edir. Sağlığında şəxslər arasında münasibətlərin qənaətbəxş olmaması halında mənəvi təzminat tələbi rədd edilə bilər. Məsələn, ölən şəxslə çox yaxşı münasibəti olan və daimi şəkildə onun yanında qalan əmisi oğluna öd əniləcək mənəvi təzminatın miqdarı, münasibətləri pis olan və uzun zaman ərzində atasını görməyən, onunla maraqlanmayan oğula ödəniləcək təzminat miqdarından çox ola bilər. Mənəvi təzminatın məbləğinə təsir edən ünsürlərdən biri də zərərçəkənin iqtisadi vəziyyətidir. Bu hal həm məhkəmə təcrübəsi, həm də hüquq ədəbiyyatları tərəfindən birmənalı olaraq qəbul edilir. Çünki hər kəsin qane olma səviyyəsi eyni deyildir. Maddi vəziyyəti aşağı olan şəxsə çox gələn bir məbləğ, maddi vəziyyəti yüksək olan başqasına az gələ bilər və bu da qaneedici olmaz. Təsadüfi deyil ki, Avropa Məhkəməsinin təcrübəsində mənəvi zərərin məbləği məsələsi həll edilərkən ölkələrin sosial-iqtisadi durumu, insanların yaşayış səviyyəsi nəzərə alınır (Məhkəmənin cavabdeh dövlətdə qurbanları iqtisadi inkişaf səviyyəsinə uyğ un olaraq ayırd etdiyi mübahisə olunur (Basarba OOD Bolqariyaya qarşı 20 yanvar 2011-ci il tarixli qərar). Məsələn, məhkəmə “əsas mükafatın” əlaqədar ölkədəki yaşayış səviyyəsinə görə azaldıla biləcəyinə qərar verib (Apicella İtaliyaya qarşı iş üzrə 29 mart 2006-cı il tarixli qərar. “Ərizəçinin daha zəngin və ya kasıb bir ölkədə yaşamasından asılı olmayaraq eyni pozuntu üçün oxşar məbləğlər verməyi mənasızdır. Çünki pulun dəyəri fərqli və həqiqətən yerli iqtisadi inkişafdan və alıcılıq qabiliyyətindən asılıdır”). Təqsirkarın təqsirinin dərəcəsi də təzminatın miqdarının müəyyən edilməsində əhəmiyyət kəsb edir. Çünki ehtiyatsızlıqla cinayət törətmiş şəxsdən tutulan zərərin məbləği, qəsdən cinayət törətmiş şəxsdən tutulan zərərin məbləğindən fərqləndirilməlidir. Ona görə ki, ehtiyatsızlıqla c inayət törədən şəxs həmin əməlin ictimai-təhlükəli nəticələrini ya görmür, və yaxud arzu etmir, amma qəsdən cinayət törədən şəxslər əksinə, ictimai-təhlükəli nəticəni görür, arzu edir(daha təhlükəli əməl). Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Hadisədən uzun müddət keçdikdən sonra mənəvi zərərin təsirinin azalması da labüddür. Beləliklə də, kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilmiş hissəsində qətnamə qəbul edərkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosess ual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas deyildir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4440/2021 nömrəli iş üzrə 17 iyun 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6147/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-6147/2021
13.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver