Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6585/2021 17.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: qanunsuz zəbt edilmiş əmlakdan çıxarılma ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1237/2021 nömrəli iş üzrə 01 iyul 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 17 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: ünvan 1 ünvanında yerləşən 25 kv.metr ölçüdə qeyri-yaşayış sahəsi (mağaza) mülkiyyət hüququ əsasında İddiaçı məxsus olmuş və 28 mart 2018-ci il tarixdə notariatda təsdiq olunmuş alqı-satqı müqaviləsinə əsasən həmin qeyri-yaşayış sahəsi Cavabdeh satılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2020-ci ilin sentyabr ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh sahəsi 25 kv.metr olan qeyri-yaşayış sahəsini (mağaza) satmasına baxmayaraq sonuncu tərəfindən mağazaya bitişik vəziyyətdə olan ona məxsus 22 kv.metr ölçüdə sahəni də zəbt edərək istifadə etməsini, həmin sahənin icarə haqqının ayda 250 manat təşkil etməsini, cavabdehin isə həmin sahədən 30 ay müddət ərzində istifadə etməsi, 22 kv. metr qeyri-yaşayış sahəsindən çıxmasını dəfələrlə tələb etməsinə baxmayaraq nəticəsiz qalmasını əsas göstərməklə cavabdehdən həmin sahədən istifadə etməyə görə 7500 manatın onun xeyrinə tutulması və eləcə də həmin qeyri-yaşayış sahəsindən çıxarılmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin 2(014)-77/2021 saylı, 23 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim: F.Nəsibov) iddia tələbi rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə İddiaçı apellyasiya şikayəti verərək cavabdehə yalnız sahəsi 25 kv.metr təşkil edən mağazanı satmasını, mağazaya bitişik vəziyyətdə olan 22 kv.metrdən ibarət qeyriyaşayış sahəsindən cavabdeh tərəfindən istifadə edilməsinin qanunsuz olmasını, qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1237/2021 saylı, 01 iyul 2021ci il tarixli qətnaməsi ilə (hakimlər – İ.H.Şükürov (sədrlik edən və məruzəçi), Ə.T.Məcidov və A.A.Mahmudov) apellyasiya şikayəti təmin edilməmiş, Ağdam Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2(014)-77/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə İddiaçı kassasiya şikayəti verərək ölçüsü 22 kv.metr olan torpaq sahəsinin Bələdiyyə mülkiyyətində olmaqla onun həmin torpaq sahəsinə görə Bələdiyyəyə pul ödəməsin i və həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsini öz vəsaiti hesabına tikdirməsini və s. əsas göstərməklə qətnamənin ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya kollegiyasının iclasında iddiaçı və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. Cavabdehin vəkili kassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 146.1 Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məh kəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. (146.2) Maddə 404.1 Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Maddə 646.1 Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi M addə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin po zulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətində qətnamənin ləğv edilməsi xahiş olunduğundan kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya inst ansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmalı, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Apellyasiya instansiyası məhkəməsi iddianın əsassız olması barədə nəticəyə gələrkən cavabdehə satılmış mağazaya bitişik vəziyyətdə olan 22 kv.metr torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsinə iddiaçının subyektiv hüquqa malik olmamasını, alqı-satqı müqaviləsini bağlayarkən iddiaçının təkcə 25 kv.metr sahəsi olan mağazanın hər hansı bir hissəsini deyil, mağazanın bütövlükdə, 22 kv.metr sahəsi olan qeyri-yaşayış sahəsi ilə birlikdə satmasını əsas göstərmişdir. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin həmin nəticəsi iş materiallarına və qanunun tələbinə uyğun olmadığından qətnamə qanuni və əsaslı sayıla bilməz. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə sahəsi 25 kv.metr təşkil edən mağaza satılmış və alıcı kimi cavabdehin məhz həmin sahəyə, yəni 25 kv.metr sahəsi olan mağazaya dair mülkiyyət hüququ qeydiyyata alınmışdır. Sahəsi 22 kv.metr təşkil edən qeyri-yaşayış sahəsi tərəflər arasında bağlanmış alqısatqı müqaviləsi ilə cavabdehə satılmamışdır və işdə bunu təsdiq edə biləcək heç bir sübut yoxdur. 22 kv.metr sahəsi olan qeyri-yaşayış sahəsinə iddiaçının mülkiyyət hüququ dövlət qeydiyyatına alınmadığından həmin sahə notariatda təsdiq olunmuş alqı-satqı müqaviləsinin predmeti ola bilməzdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrind ə ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. (146.2) Apellyasiya instansiyası məhkəməsi iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olmaması barədə qənaətini əsaslandırarkən mübahisəli 22 kv.metrdən ibarət qeyri-yaşayış sahəsinin iddiaçının mülkiyyəti kimi dövlət qeydiyyatına alınmamasını əsas göstərmişdir. İşin 50-ci səhifəsində olan Ağdaş Bələdiyyəsinin sədri tərəfindən təsdiq edilmiş və bələdiyyə sədrinin müavini, Rayon Torpaq və Xəritəçəkmə şöbəsinin müdiri, rayon İcra Hakimiyyətinin Tikinti və Memarlıq şöbəsinin müdiri, Bələdiyyənin mühəndisi və katibi tərəfindən İddiaçı ərizəsinə əsasən mübahisəli 22 kv.metr torpaq sahəsinə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, həmin torpaq sahəsi Bələdiyyəyə məxsus olmaqla boş istifadəsiz torpaq sahəsid ir və həmin torpaq sahəsinin İddiaçı mövcud mağazanın arxasında 22.0 kv.metr ölçüdə yardımçı tikili məqsədi ilə ayrılması məqsədəuyğundur. Həmin aktda N torpağın sxematik planına, akta, rəy tələblərinə və aidiyyəti rayon təşkilatlarına, o cümlədən rayon İcra Hakimiyyətinin Tikinti və Memarlıq şöbəsinin qanuni tələblərinə əməl etməklə tikinti işinə başlaması tapşırılmışdır. İşdən görünür ki, bundan sonra iddiaçı tərəfindən həmin ərazidə 22.0 kv.metr ölçüdə yardımçı sahə inşa olunmuşdur. İşin müəyyən olunmuş halları belə bir nəticəyə gəlməyə əsas verir ki, həmin sahə iddiaçının vəsaiti hesabına inşa edilmiş və həmin vaxtdan onun faktiki istifadəsində olmuşdur. İş üzrə cavabdehin izahatından da görünür ki, mübahisəli yardımçı tikiliyə iddiaçının mülkiyyət hüququ olmadığından o, iddiaçıya ra zılaşılmış 60.000 manatın 10.000 manatını ödəməmişdir. Göründüyü kimi cavabdeh özü də qanunun tələbinə müvafiq olaraq dəyərini ödəməklə almadığı tikilidən hər hansı bir qanuni əsas olmadan istifadə edir. İddiaçı isə, yuxarıda qeyd olunduğu kimi, vəsait sərf etməklə yardımçı sahə tikmiş, lakin torpaq sahəsinin və onun üzərində yerləşən tikilinin qanunun tələbinə müvafiq olaraq rəsmiləşdirilməsini təmin etməmişdir. Apellyasiya instansiyası məhkəməsi işin həmin hallarını lazımınca araşdırmadan, onlara müvafiq hüquqi qiymət vermədən iddiaçının 22 kv.metrdən ibarət yardımçı tikiliyə dair subyektiv hüquqa malik olmaması barədə nəticəyə gəlməsi əsaslı sayıla bilməz. Apellyasiya instansiyası məhkəməsi həmin əsasla gəldiyi nəticəni qanunun tələblərinə uyğun əsaslandırmamış, sübutların hərtərəfli və tam qiymətləndirilməsini təmin etməmiş, maddi və prosessual hüquq normalarının tələblərini pozmaqla qətnamə qəbul etmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1237/2021 nömrəli iş üzrə 01 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6585/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-6585/2021
17.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver