Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6750/2021 13.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: müqavilənin ləğvi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, İddiaçı, Cavabdeh və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı müqavilənin ləğv edilməsi və pul tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5154/2021 nömrəli iş üzrə 07 iyul 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassa siya şikayətinə dair işə 13 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı (bundan sonra – iddiaçı) ilə Cavabdeh (bundan sonra – cavabdeh) arasında 31.01.2018-ci il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrinin 4 saylı Ərazi İdarəsinin 06.02.2015-ci il tarixli, **********49 reyestr nömrəli, **********9 qeydiyyat nömrəli çıxarışına əsasən Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisində yerləşən 0,02 ha torpaq sahəsi üzərində cavabdehə məxsus icarə hüququnun alqı-satqısına dair ilkin müqavilə imzalanmışdır. Cavabdehin əvəzinə müqaviləni Bakı Şəhəri 52 saylı Notariat Kontorunda 27.01.2018-ci il tarixdə verilmiş 1303 reyestr nömrəli etibarnamə əsasında nümayəndəsi Şah id imza etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək aralarında bağlanmış 31.01.2018-ci il tarixli ilkin müqavilənin ləğv edilməsi, həmin müqavilə əsasında cavabdehə ödənilmiş 5000 manat məbləğində pulun və dövlət rüsumuna görə ödənilmiş 30 manatın, ümumilikdə 5030 manat məbləğində pulun cavabdehdən alının iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, müqavilədə göstərilən daşınmaz əmlakın icarə hüququnun satış qiyməti 10000 manat müəyyən edilmişdir. Aralarında olan razılaşmaya əsasən, bu məbləğin 5000 manatını iddiaçı nağd şəkildə müqavilə bağlanan anda qarşı tərəfə ödəmiş, qarşı tərəf isə gələcəkdə alqı-satqı müqav iləsi bağlanan zaman bu məbləğin nəzərə alınacağı barədə öhdəlik götürmüşdür. Müqaviləyə əsasən, cavabdeh istifadəsində olan daşınmaz əmlakın icarə hüququna dair Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın reyestrindən Çıxarışın, İcra Hakimiyyətindən özgəninkiləşdirilməyə razılıq məktubunun, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair (yüklülüklə bağlı dövlət reyestrindən) arayışın, onun özünün və səlahiyyətli nümayəndəsi tərəfindən alınaraq icarə hüququnun iddiaçıya satılması, alqı-satqı müqaviləsinin bağlanılması və həmin əmlakın iddiaçının mülkiyyətinə verilməsi barədə öhdəlik götürmüşdür. Lakin buna baxmayaraq, cavabdeh müqavilə üzrə götürdüyü öhdəlikləri icra etməmişdir. Birinci instansiya məhkəməsində cavabdeh izah atında göstərmişdir ki, torpaq sahəsi üzərində icarə hüququnun alqı-satqısına dair ilkin müqavilədən onun xəbəri olmamışdır. Belə ki, Şahid iddiaçının etibarından sui-istifadə etmiş, başqa əqdlərin rəsmiləşdirilməsi üçün verilmiş etibarnamədən istifadə etmiş və yuxarıda qeyd edilən əqdi onun məlumatı olmadan bağlamışdır. Müqavilə üzrə 5000 manat məbləğində pulu da Şahid mənimsəmişdir. Sonuncu ona qarşı da cinayət törətmiş, ondan 2000 manat məbləğində pulu alıb mənimsəmişdir. Baş verən hadisələrlə bağlı məlumat aldıqdan sonra Şahid verdiyi etibarnaməni ləğv etmişdir. İlkin müqavilədə müəyyən edilən şərtlərə uyğun olaraq əsas alqı-satqı müqaviləsi imzalanmadığından iddiaçı ona müraciət etmiş, 22.05.2020-ci il və 24.09.2020-ci il tarixlərində isə pretenziya məktubu göndərmişdir. Bundan sonra o, müəyyən etmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestrinin 4 saylı Ərazi İdarəsinin 06.02.2015-ci il tarixli, **********49 reyestr nömrəli, **********9 qeydiyyat nömrəli çıxarışına əsasən Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisində yerləşən 0,02 ha torpaq sahəsi faktiki mövcud deyil. Cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçı 5000 manat məbləğində pulu ondan deyil, Şahid istəməlidir. Məhkəmədən iddianın rədd olunmasını xahiş etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(011)-540/2021 nömrəli iş üzrə 15 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim Ə.Abbasova) iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi iddianı əsaslı sayaraq qənaətini onunla əsaslandırmışdır ki, tərəflər arasında imzalanmış ilkin müqavilə şər tlərinə uyğun olaraq cavabdeh Abşeron rayonu, Ramana Südçülük sovxozu ərazisində yerləşən 0,02 ha torpaq sahəsi üzərində icarə hüququnun alqı-satqısına dair müqavilə bağlamaq öhdəliyini üzərinə götürsə də, həmin öhdəliyi icra etməmişdir. Müqavilənin imzalandığı vaxtdan sonra iki ildən çox müddət keçsə də, cavabdeh tərəf ilkin alqı-satqı müqaviləsində nəzərdə tutulmuş sənədləri iddiaçıya təqdim etməmiş və tərəflər arasında torpaq sahəsi üzərində icarə hüququnun alqı-satqı müqaviləsi bağlanmamışdır. Digər tərəfdən, cavabdeh məhkəmə iclasında bildirmişdir ki, torpaq sahəsi üzərində icarə hüququnun alqı-satqısı faktiki olaraq mümkün deyil. Bununla da cavabdeh ilkin müqaviləni əhəmiyyətlə dərəcədə pozmuş, iddiaçı isə ona dəymiş zərər nəticəsində müqavilə üzrə haqqı çatanlardan məhrum olmuşdur. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında imzalanmış 31.01.2018-ci il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrinin 4 saylı Ərazi İdarəsinin 06.02.2015-ci il tarixli, **********49 reyestr nömrəli, **********9 qeydiyyat nömrəli çıxarışına əsasən Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisində yerləşən 0,02 ha torpaq sahəsi üzərinə icarə hüququnun alqı-satqısına dair ilkin müqavilə cavabdeh tərəfindən əhəmiyyətli dərəcədə pozulduğuna görə ləğv edilməlidir. 31.01.2018-ci il tarixli ilkin alqı-satqı müqaviləsi cavabdeh tərəfin həmin müqavilənin əhəmiyyətli dərəcədə pozması nəticəsində ləğv edildiyindən, iddiaçı müqavilə imzalandığı zaman ödənilmiş 5000 manat məbləğində pulun ödənilməsini tələb etməkdə haqlıdır. Cavabdehin etirazı ilə bağlı birinci instansiya məhkəməsi göstərmişdir ki, cava bdeh 31.01.2018-ci il tarixli ilkin alqı-satqı müqaviləsinin onun xəbəri və razılığı olmadan etibarnamə üzrə nümayəndəsi tərəfindən imzalandığını və pulu da həmin şəxsin alaraq mənimsədiyini bildirsə də, qeyd edilən halları təsdiq edəcək hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Odur ki, cavabdehin istinad etdiyi bu hallar mövcud olmayan hal kimi rədd edilməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 402.1, 421.1, 421.2, 424.2, 424.5, 442, 443.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1-ci maddələri ilə əsaslandırmışdır. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Cavabdeh apellyasiya şikayətini onunla əsaslandır mışdır ki, qətnamə qanunsuz və ədalətsiz olduğu üçün ləğv edilməli, onun birinci instansiya məhkəməsinə və Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə təqdim etdiyi dəlil və sübutlar layiqincə araşdırılmadığı üçün təkrar dəyərləndirilərək etiraz bildirişi, məhkəməyə vəsatət, istintaq şöbəsinə təqdim etdiyi dəlil və sübutlarla onun cavabdeh olmadığı, ilkin müqavilədə tərəf olmadığı, iddiaçını aldadan şəxsin o olmadığı, 5030 manat pulu ödəyəcək şəxsin də o olmadığı aydınlaşdırılmalıdır. Məhkəmə onun vəsatətdə qeyd etdiyi çox məsələləri diqqətə almamış, şübhəli məqamların üzərindən keçmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-5154/2021 nömrəli iş üzrə 07 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.İsgəndərov (sədrlik edən və məruzəçi), İ.Kərimli və E.Kazımov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı saymış və hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Qətnamədən cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçı larının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin faktiki hallarını tam və obyektiv araşdırmamış, sübutlara düzgün qiymət verməmiş, müqaviləni imzalamış nümayəndəni şahid qismində dindirməmiş, 5000 manat pulun cavabdehə verilibverilmədiyini aydınlaşdırmamış, nəticə etibarı mülki qanunvericiliyin müvafiq maddələrini düzgün tətbiq etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya instansiyası məhkəməsində işə baxılarkən kassator və və kili ayrı-ayrılıqda kassasiya şikayətinin məzmununa uyğun izahat verməklə, qətnamənin ləğv edilməsinə və kassasiya şikayətinin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etdilər. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən, MPM-in 67.1-ci maddəsinin tələbinə əsasən onun izahatı dinlənilmədi. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası m əhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 402.1. İlkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan di gər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 424.2. Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Maddə 424.5. Əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş di gər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. MPM Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasın a istinad etməyə yol verilmir (maddə 407.2). Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassator şikayətində apellyasiya instansiyası məhkəməsinin tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilmədiyini qeyd etsə də, bunun nədən ibarət olmasını göstərməmişdir. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5154/2021 nömrəli iş üzrə 07 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.