Məhkəmə qərarları › İş №2(102)-681/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-681/2022

24.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-681/2022 24.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: borcun ödənilməsi, faktın yazılı etirafı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun ödənilməsi, mənzilin açıq hərracdan satılaraq borcun ödənilməsinə yönəldilməsi və mənzilin boşaldılması tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5935/2021 nömrəli iş üzrə 24 avqust 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 24 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı (bundan sonra – iddiaçı) ilə Cavabdeh2 (bundan sonra – borcalan) arasında 29 mart 2016-cı il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən, iddiaçı borcalana 3.520.000 manat məbləğində (həmin günün ekvivalentinə əsasən 2.000.000 avro) və 3.280.200 manat məbləğində (həmin günün ABŞ dollarının ekvivalentinə əsasən 2.130.000 ABŞ dolları) pul borc vermişdir. Borcalan krediti 29 mart 2018-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsinin təminatı olaraq iddiaçı ilə Cavabdeh1 arasında 29 mart 2016-cı il tarixdə ipoteka müqaviləsi b ağlanmış, ipoteka qoyan xüsusi mülkiyyətində olan 1) 0,39 ha torpaq sahəsi və üzərində yerləşən xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 79C ünvanında yerləşən ümumi sahəsi 622,05 m² olan bağ evini (bundan sonra – bağ evi) ipoteka ilə yüklü etmişdir. Həmçinin, kreditin təminatı olaraq, iddiaçı ilə borcalan arasında da eyni tarixdə ipoteka müqaviləsi bağlanmış, borcalan özünə məxsus olan 2) 0,01658 ha torpaq sahəsi və üzərində yerləşən xüsusi mülkiyyətindəki Bakı şəhəri, Nərimanov rayonu, X5 prospekti, 30C ünvanında yerləşən ümumi sahəsi 298,6 m², yaşayış sahəsi 125,8 m², yardımçı sahəsi 172,8 m² olan 5 otaqlı fərdi yaşayış evini (bundan sonra – fərdi ev) ipoteka ilə yüklü etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı borcalana və Cavabdeh1 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək borcalandan 2.000.000 avro və 2.130.000 ABŞ dolları məbləğində pul vəsaitinin alınaraq ona ödənilməsi, borcalanın mülkiyyətində olan fərdi evin açıq hərracdan satılması, Cavabdeh1 mülkiyyətində olan bağ evinin açıq hərracdan satılması, satışdan əldə olunmuş məbləğin borcun ödənilməsinə yönəldilməsi və həmin əmlakların boşaldılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, borcalan aldığı pulu 29 mart 2018-ci il tarixədək qaytarmalı olsa da, hal-hazıra kimi həmin pulu qaytarmamışdır. Borcalandan dəfələrlə borcun qaytarılmasını tələb etsə də, o, hər dəfə müxtəlif bəhanələrlə ondan vaxt istəmiş və buna baxmayaraq, bu günədək pulunu g eri qaytarmamışdır. Məhkəmənin qərardadına əsasən "xxxx" MMC tərəfindən 12 may 2020-ci il tarixdə verilmiş QXM/315M nömrəli qiymətləndirmə rəyinə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, X5 prospekti 30C ünvanında yerləşən fərdi yaşayış evinin bazar dəyəri 2.300.000 manat müəyyən edilmişdir. Məhkəmənin qərardadına əsasən "xxxx" MMC tərəfindən 12 may 2020-ci il tarixdə verilmiş QXM/315M-2M nömrəli qiymətləndirmə rəyinə əsasən, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 0,39 ha torpaq sahəsi və üzərində yerləşən 79C ünvanında yerləşən bağ evinin bazar dəyəri 4.550.000 manat müəyyən edilmişdir. İddiaçının təqdim etdiyi “X2” MMC tərəfindən 06 noyabr 2020-ci il tarixdə tərtib edilmiş 063/20 nömrəli qiymətləndirmə rəyinə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, X5 prospekti 30C ünvanınd a yerləşən fərdi yaşayış evinin bazar dəyəri 900.000 manat müəyyən edilmişdir. İddiaçının təqdim etdiyi “X2” MMC tərəfindən 06 noyabr 2020-ci il tarixdə tərtib edilmiş 064/20 nömrəli qiymətləndirmə rəyinə əsasən, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi 79C ünvanında yerləşən bağ evinin bazar dəyəri 2.000.000 manat müəyyən edilmişdir. Məhkəmənin qərardadına əsasən “X3 Services” MMC tərəfindən 11 fevral 2021-ci il tarixdə tərtib edilmiş qiymətləndirmə rəyinə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, X5 prospekti 30C ünvanında yerləşən fərdi yaşayış evinin hazırkı orta bazar dəyəri 1.950.000 manat, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi 79C ünvanında yerləşən bağ evinin hazırkı orta bazar dəyəri 4.530.000 manat təşkil edir. Cavabdehin təqdim etdiyi "xxxx" MMC tərəfindən 17 noyabr 2021 -ci il tarixdə tərtib edilmiş ƏEM/N 81-668/20 nömrəli qiymətləndirmə rəyinə əsasən, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi 79C ünvanında yerləşən bağ evinin hazırkı orta bazar dəyəri 3.840.000 manat təşkil edir. Cavabdehin təqdim etdiyi "xxxx" MMC tərəfindən 17 noyabr 2021-ci il tarixdə tərtib edilmiş ƏEM/N 82-669/20 nömrəli qiymətləndirmə rəyinə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, X5 prospekti 30C ünvanında yerləşən fərdi yaşayış evinin hazırkı orta bazar dəyəri 2.877.000 manat təşkil edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmə tərəfindən təyin edilmiş ekspertiza əsasında ekspert rəyləri ilə razılaşdıqlarını və iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlərin vəkili X1 məhkəmə tərəfindən təyin edilmiş ekspertiza əsasında ekspert rəylərini və onlar tərəfindən təqdim edilmiş ekspert rəylərini nəzərə alaraq əmlakların qiymətləndirilməsini və kredit müqaviləsi üzrə götürülən məbləğ manatla olduğundan pul məbləğinin manatla qaytarılmasının nəzərə alınmasını xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-117/2021 nömrəli iş üzrə 01 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim V.Quliyev) iddia qismən təmin edilmiş, borcalandan 3.520.000 manat və 3.280.200 manat olmaqla, ümumilikdə 6.800.200 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, tutmanın ipoteka predmetlərinə (bağ evi və fərdi ev) yönəldilməsi, həmin daşınmaz əmlakların açıq hərracdan satılması, satı şdan əldə olunan vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi, bağ evinin hərracda ilkin satış qiymətinin 4.530.000 manat, fərdi evin hərracda ilkin satış qiymətinin 1.950.000 manat müəyyən edilməsi, satışdan götürülən və ya əldə olunan məbləğlər borc məbləğindən artıq olduqda qalan məbləğlərin cavabdehlərə qaytarılması qət olunmuş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında 29 mart 2016-cı il tarixdə bağlanmış kredit müqaviləsi üzrə cavabdeh aldığı borcu 29 mart 2018-ci il tarixədək qaytarmalı olsa da, hal-hazıra kimi həmin pulu qaytarmamışdır. Odur ki, borcalandan müqavilə üzrə 3.520.000 manat və 3.280.200 manat olmaqla, ümumilikdə 6.800.200 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Eyni za manda, müqavilənin 1-ci bəndinə əsasən, cavabdehə borc məbləği manatla verilmişdir. Alınan məbləğin xarici valyutada ekvivalenti qeyd edilsə də, öhdəliyin icrası anında pul məbləğinin xarici valyutada qaytarılması ilə bağlı razılaşma nəzərdə tutulmamışdır. Kredit müqaviləsi üzrə pulun manatla verilməsi isə məhkəmə iclasında mübahisələndirilməmişdir. Ona görə də, iddia tələbində pul məbləğinin xarici valyutada tutulması xahiş olunsa da, tələb həmin hissədə əsaslı hesab edilə bilməz. Məhkəmə, həmçinin qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilədən irəli gələn öhdəliklər borcalan tərəfindən yerinə yetirilmədiyindən, iddiaçı tələbin girova yönəldilməsi proseduruna başlamaq hüququna malik olmuşdur. Məhkəmə tərəflərin izahatlarını, təqdim edilmiş sübutları, məhkəmə tərəfin dən əmlakın qiyməti ilə bağlı təyin edilmiş ekspert rəylərini və tərəflərin təqdim etdiyi qiymətləndirmə hesabatlarını nəzərə alaraq hesab etmişdir ki, 10.11.2020-ci il tarixli qərardadla təyin olunmuş əmlakın təkrar qiymətləndirilməsi ekspertizası əsasında “X3 Services” MMC tərəfindən 11 fevral 2021-ci il tarixdə tərtib edilmiş qiymətləndirmə rəyi əsas götürülməli, ipoteka predmetləri olan fərdi evin hərracda ilkin satış qiyməti 1.950.000 manat, bağ evinin hərracda ilkin satış qiyməti 4.530.000 manat müəyyən edilməlidir. İddiaçının ipoteka predmeti olan əmlakların boşaldılması tələbini məhkəmə əsassız etmiş və bununla bağlı qeyd etmişdir ki, iddiaçı ipoteka predmetinə hərrac vasitəsilə əmlak hüququ əldə etmədən onun qeyd edilən tələbi təmin oluna bilməz. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 269.1, 269.2, 279, 295, 296.1, 317.1, 385.1, 386.1, 389.1, 390.1, 439.1, 439.2, 442, 443.1, 443.5, 739.1, 739.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3, 220.4-cü, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “İpoteka haqqında” Qanun) 34.1.1, 39.1, 39.3.3, 42.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat İddiaçı şikayətini iddia ərizəsində göstərilən dəlillərlə əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, məhkəmə iş materiallarında olan kredit müqaviləsini tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Belə ki, 29.03.2016-cı il tarixli kredit müqaviləsində qeyd olunmuşdur ki, borcverən borcalana 3.520.000 manat məbləğində pul borc verir, həmin gün avronun ekvivavlentinə əsasən (1 euro=1.76), yəni 2.000.000 avro və 3.280.200 manat məbləğində, həmin gün ABŞ dollarının ekvivalentinə əsasən (1 ABŞ dolları = 1.54 manat), yəni 2.130.000 ABŞ dolları borc verir. Burada anlaşılmayan heç bir müddəa və ifadə yoxdur. Cavabdeh tərəfindən borcun ona xarici valyutada verilməsi mübahisələndirilməmişdir. Mülki Məcəllənin 739.1-ci maddəsinin tələbi baxımından kredit müqaviləsində borcun məhz xarici valyutada qaytarılmasını əks etdirməyə ehtiyac yoxdur. Çünki qeyd olunan normanın tələbinə görə, digər iştirakçı (borc alan) aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Apellyasiya baxışı zamanı cavabdeh apellyasiya şikayətinə yazılı etiraz təqdim edərək, borcun məbləğinin azaldılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-5935/2021 nömrəli iş üzrə 24 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – Q.Əsgərov (sədrlik edən və məruzəçi), A.İmanov və V.Sadıqov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi 29.03.2016cı il tarixli kredit müqaviləsinə əsasən borcalandan 3.520.000 manat və 3.280.200 manat olmaqla, ümumilikdə 6.800.200 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbinin təmin olunması barədə iş üzrə yeni qətnamə qəbul olunmuş, iddia çı ilə borcalan arasında bağlanmış 29.03.2016cı il tarixli kredit müqaviləsinə əsasən borcalandan 2.000.000 avro və 2.130.000 ABŞ dolları (ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş avronun və ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla) alınaraq iddiaçıya verilməsi qət olunmuş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı kredit müqaviləsinin şərtlərinə düzgün qiymət verməmiş və Mülki Məcəllənin 439 və 739-cu maddələrinin göstərişlərini səhv təfsir etmişdir. Belə ki, 29.03.2016-cı il tarixli kredit müqaviləsindən göründüyü kimi, borcverən borcalana 3.520.000 manat məbləğində pul borc verir, həmin gün avronun ekvivalentinə əsasən (1 Euro=1.76 manat) yə ni, 2.000.000 və 3.280.200 manat məbləğində, həmin gün ABŞ dolların ekvivalentinə əsasən (1 ABŞ dolları = 1.54 manat) yəni, 2.130.000 ABŞ dolları borc verir. Cavabdeh tərəfindən borcun ona xarici valyutada verilməsi mübahisələndirilməmişdir. Mülki Məcəllənin 739.1-ci maddəsinin tələbi baxımından kredit müqaviləsində borcun məhz xarici valyutada qaytarılmasını əks etdirməyə ehtiyac yoxdur. Qeyd olunan normanın tələbinə görə digər iştirakçı (borc alan) aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Qeyd edilənlərdən görünür ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün təfsir etməmişdir. Qətnamədən borcalan kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlill əri a) Kassasiya şikayətinin dəlilləri Borcalan (Vəkil2) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və ondan kredit müqaviləsinə əsasən 3.520.000 manat və 3.280.200 manat olmaqla, ümumilikdə 6.800.200 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Mülki Məcəllənin 739.1-ci maddəsini səhv təfsir etmiş, düzgün olmayan nəticəyə gəlmişdir. Kredit müqaviləsinin 1-ci bəndindən görünür ki, borc məbləği manatla verilmişdir, bu hal məhkəmədə mübahisələndirilməmişdir, lakin iddiaçı ərizəsində nədənsə borcun xarici valyuta ilə qaytarılmasını xahiş etmiş, apellyasiya şikayətində də eyni mövqedən çıxış etmişdir. Halbuki müqavilədə borcun xaric i valyuta ilə qaytarılması nəzərdə tutulmamışdır. Mülki Məcəllənin 739.1-ci maddəsinin tələbi baxımından, iddiaçı kredit məbləğini manatla verdiyi üçün, borcalan da krediti manatla qaytarmalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin fakti ki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya icraatı üzrə birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayəti əsasında borcun manatla tutulması hissəsində yoxlamış apellyasiya instansiyası məhkəməsinin aktı borcalanın kassasiya şikayəti əsasında tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (739-cu maddə). MPM Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər (maddə 10.8-1). Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir....faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir (maddə 106.3). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir (maddə 407.2). Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini y oxlayır (maddə 416.1). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilinə münasibətdə qeyd olunmalıdır ki, iddiaçı apellyasiya şikayəti ndə məhz pulun xarici valyutada verildiyini mübahisələndirmiş və pulun xarici valyutada tutulmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı borclunun nümayəndəsi və vəkili məhkəməyə təqdim etdiyi etirazında iddiaçı tərəfindən təmsil etdiyi şəxsə borcun məhz müvafiq olaraq ABŞ dolları və avro ilə verildiyi faktını yazılı etiraf etmiş, hətta pulun xarici valyutada verildiyini təsdiq edən sübutun (borcun alınması və qaytarılması şərtləri barədə razılaşma aktının surətinin) işə əlavə olunmasını xahiş etmişdir. MPM-in 106.3-cü maddəsinə əsasən borcalanın səlahiyyətli nümayəndəsinin yazılı etirafı iddiaçını bu faktı sübut etmə vəzifəsindən azad etdiyi üçün apellyasiya instansiyası məhkəməsi qətnaməni qismən ləğv edərək borcu müvafiq olaraq ABŞ dolları və avro ilə (tutulduğu gün manata olan məz ənnə ilə) tutmaqla qanuni və əsaslı nəticəyə gəlmişdir. Eyni zamanda borcalan birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermədiyi üçün apellyasiya instansiyası məhkəməsi işə apellyasiya baxışının hədləri çərçivəsində baxaraq, borcun məbləğinin azaldılması barədə etirazın dəlillərini nəzərə almamaqda haqlı olmuşdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5935/2021 nömrəli iş üzrə 24 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar