Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-789/2023 16.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ İş № 2(102)-789/2023 (Açar sözlər: pul tələbi) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Vəliyeva Elşanə Rafiq qızının (məruzəçi hakim), Şamayev Elşad Yaquboviç və X2 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 oktyabr 2022-ci il tarixli 2(103)-6632/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 16 mart 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Cavabdeh ilə 23 mart 2009-cu ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş, birgə nikahdan iki övladları anadan olmuşdur. Nikah 17 avqust 2021-ci il tarixində məhkəmə qaydasında pozulmuşdur.
2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli qərardadı ilə, tərəflər arasında bağlanmış barışıq sazişinə əsasən əmlakları bölünmüşdür.
3. Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında xx.xx.2012-ci il tarixli qarışıq müqavilədən və hesabdan çıxarışdan görünür ki, həmin müqavilə “X9” Azərbaycan QSC ilə İddiaçı arasında bağlanmış, sonuncuya 3500 manat limitli kredit xətti ayrılmış və iddiaçı hal-hazırda həmin müqavilə üzrə xx.xx.2021-ci il tarixə 3191,03 manat məbləğində borc yaranmışdır. (xx.xx.2021-ci il tarixə isə dövri borcun məbləği 3460,19 manat təşkil edirdi). 4. xx.xx.2020-ci il tarixli, BRSP1799537A142 saylı Kredit müqaviləsi və ödəniş kartı üzrə çıxarışdan görünür ki, həmin müqavilə "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış, müqaviləyə əsasən sonuncuya 15000 manat həddində kredit xətti açılmış, sonuncu dəfə həmin kredit xətti üzrə xx.xx.2021-ci il tarixdə əməliyyat aparılmış və xx.xx.2022-ci il tarixə 3600 manat məbləğində borc yaranmışdır. 5. xx.xx.2020-ci il tarixli, 11/1026-2020 saylı X7 Müqaviləsindən görünür ki, həmin müqavilə BOKT "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış və müqaviləyə əsasən dəyəri 21500 manat olan Kia Sportage minik markalı avtomobil lizinq obyekti olaraq sonuncuya 36 ay müddətinə lizinqə vermişdir. Həmin müqavilənin 11.1-ci bəndində göstərilmişdir ki, “... bu müqavilə imzalandı ğı gündən 5 gün ərzində Lizinq verənin hesablaşma hesabına müqavilənin dəyərinin 10%-i həcmində olmaqla 1240 manat məbləğində xidmət haqqı və 9100 manat ilkin ödənişi, lizinq obyektinin ümümi dəyərinin 42,33% ödəməyi öhdəsinə götürür”. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
7. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən belə əsaslandırılmışdır ki, tərəflərin birgə nikahı dövründə banklardan evlərinin təmiri üçün kreditlər götürülmüş və həmin borclar ödənilməmiş qalmışdır. Belə ki, "xxxx" ASC-dən iddiaçıya xx.xx.2020-ci il tarixdə 15.000 manat kredit xətti açılmış və xx.xx.2021-ci il tarixədək tərəflərin 3600 manat məbləğində borcu yaranmı şdır. Eyni zamanda “YapıKredi” bankdan kart vasitəsi ilə pul çıxarılmış və ümumi təsərrüfata xərclənmiş və qalıq borc 3.191,03 manat təşkil etmişdir. Lakin cavabdeh iddiaçı ilə ayrılmış və borcu ödəməkdən imtina etmişdir ki, borc iddiaçının üzərində qalmışdır. Bundan başqa birgə nikahda olarkən "xxxx" BOKT-dan 4516/2020 nömrəli lizinq müqaviləsi ilə **-PT-*** dövlət qeydiyyat nişanlı “KİA Sportage” avtomobil əldə edilmiş və həmin avtomobil cavabdeh tərəfindən idarə olunur. Həmin avtomaşın lizinq müqaviləsi əsasında Cavabdeh adına götürülmüş və ilkin ödəniş kimi 13.000 manat ödənilmişdir, onun da 6500 manatı, eyni zamanda boşanana kimi maşının krediti də ödənilmişdir ki, həmin pulun yarı dəyəri, yəni 2.555 manatı iddiaçıya qaytarılmalıdır. Avtomaşına dair iddiaçıya sənədləri kredit təşkilat ı verməkdən imtina edir. Qeyd olunanlara əsasən iddiaçı Cavabdeh ümumilikdə 12445 manat məbləğində pulun onun xeyrinə tutulmasını məhkəmədən xahiş etmişdir.
8. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında məhkəməyə bildirmişdir ki, cavabdehlə onun arasında bütün əmlaklar bölünmüş, üstəlik cavabdeh kifayət qədər yüksək aliment alır. O isə hal-hazırda ciddi maddi sıxıntılar içindədir. Belə ki, cavabdehlə birgə nikahda yaşadıqları müddətdə onlar ipotekaya ev götürmüş və danışmışlar ki, digər mənzili satıb əldə edilmiş vəsait hesabına ipotekanı ödəyəcəklər. Eyni zamanda, mənzilin təmir edilməsi üçün kreditlər götürülmüşdür. Hal-hazırda isə satılmalı olan mənzil barışıq sazişinə əsasən cavabdehə keçmiş, kredit borcları da ödənilməmiş vəziyyətdə onun üzərində qalmışdır. İndi o, həm alimen t ödəməli, həm də ki, ipoteka və digər kredit öhdəliklərini bağlamalıdır. Cavabdeh avtomobili faktiki olaraq satmamış, avtomobil başqa şəxsin adına keçsə də, hal-hazırda onun istifadəsindədir. Həmin avtomobilə görə nə qədər ilkin ödəniş etdikləri dəqiq yadında deyil, amma on min manatdan yuxarı məbləğ idi. Hesab edir ki, həmin məbləğin yarısı cavabdehdən alınıb ona verilməlidir.
9. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında məhkəməyə bildirmişdir ki, iddiaçı tərəfindən birgə nikah dövründə alınmış kreditlərdən onun xəbəri yoxdur. İddiaçının onları nə məqsədlə götürüb və hara xərclədiyini bilmir. Lizinqə götürülmüş avtomobilə gəldikdə, həmin avtomobilin ilkin ödənişini o, şəxsən özü, anasına məxsus avtomobili satmaqla ödəmişdir. Sonradan avtomobil xarab oldu və təmiri çox pul aparac aqdı deyə, o, avtomobili başqa şəxsə verdi. Həmin şəxs sırf insanlıq xatirinə ona etibarnamə verdi ki, Bakıda olmadığı vaxtda o, avtomobildən istifadə edə bilsin. İddiaçının tələbləri tamamilə əsassızdır və rədd edilməlidir.
10. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(001)-3101/2022 saylı 02 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim Nigar Nəbizadə) iddianın qismən təmin edilməsi, 8565,52 (səkkiz min beş yüz altmış beş manat əlli iki qəpik) manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun 88,10 (səksən səkkiz manat on qəpik) manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun 39,90 manat hissəsinin iddiaçının özünə aid edilməsi qət edilmişdir.
11. Məhkəmə öz mövqeyini belə əsaslandırmışdır ki, iş materiallarından göründüyü kimi, hazırkı iş üzrə iddiaçının tələbləri iki hissədən ibarətdir: 1. iddiaçı tərəfindən birgə nikah dövründə götürülmüş və ailənin ehtiyacları üçün xərclənməsi iddia edilən iki kredit müqaviləsi üzrə yaranmış və hal-hazırda mövcud olan borcların bölünməsi; 2. xx.xx.2020ci il tarixli, 11/1026-2020 saylı X7 Müqaviləsi üzrə icra edilmiş ilkin ödənişin və kredit ödənişlərinin yarısının cavabdehdən alınıb iddiaçıya verilməsi.
12. Məhkəmə birinci hissəyə münasibətdə qeyd etmişdir ki, kredit xətlərinin birgə nikah dövründə açılması və pulun tərəflərin birlikdə təsərrüfat apardığı dövrdə məxaric edilməsi müvafiq hesabdan çıxarışlarla təsdiq olunur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-1703/22 saylı qərarında xüsusi olaraq qeyd olunmuşdur ki, “... müəyyən edilmişdir ki, iddiaçı (*Cavabdeh) hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra da tərəflər bir ünvanda yaşamağa və birlikdə təsərrüfat aparmağa davam etmiş, cavabdeh (*X3) bu müddət ərzində azyaşlı uşaqların bütün xərclərini ödəmişdir. Tərəflər yalnız birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edildikdən sonra (*xx.xx.2021-ci il) ayrı yaşamağa başlamışlar”. Cavabdeh kredit götürülmüş pulların ailənin ehtiyaclarına sərf edilməməsini qeyd etsə də, buna dair hər hansı sübut məhkəməyə təqdim etməmişdir.
13. İkinci hissəyə gəldikdə məhkəmə müəyyən etmişdir ki, tərəflər birgə nikah dövründə xx.xx.2020-ci il tarixli, 11/1026-2020 saylı X7 Müqaviləsinə əsasən Kia Sportage minik markalı avto mobil almış, müqavilə bağlanarkən 1240 manat xidmət haqqı və 9100 manat ilkin ödəniş edilmiş, tərəflər arasındakı nikah pozulduqdan sonra avtomobil cavabdehin istifadəsində qalmış; sonradan həmin müqavilə üzrə öhdəlilklər (*8911 manat məbləğində borc) X1 və “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan göründüyü kimi, sonuncu xx.xx.2022-ci il tarixdə Cavabdeh nəqliyyat vasitəsinə dair sərəncam hüququ barədə etibarnamə vermişdir. Cavabdeh avtomobilə görə ilkin olaraq ödənilmiş pul məbləğlərini anasına məxsus avtomobilin satışından əldə edilməsini bildirsə də, buna dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdehin anasına məxsus avtomobilə dair müqavilə bağlanan dövrdə etibarnamələrin verilməsi, ilkin ödənişin avtomobilin satışından əldə edilmiş pul vəsaiti hesabına icra edilməsinə dəlalət etmir. Həmin müqavilə üzrə icra edilmiş kredit ödənişlərinin bölünməsinə münasibətdə isə qeyd olunmalıdır ki, ödənişlərin hansı müddət kəsiyində və kim tərəfindən edilməsinə dair iş materiallarında hər hansı sübut mövcud deyil.
14. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, 3191,03 manat, 3600 manat və 10340 (9100+1240) manat məbləğində pulun yarısı, yəni 8565,52 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir.
15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36, 37.1 və 37.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin iddianın qismən təmin olunması hissəsində ləğv edilməsini və iddianın tam rədd olunması i lə bağlı yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, cavabdeh məhkəmə prosesində qeyd etmişdir ki, iddiaçı tərəfindən birgə nikah dövründə alınmış kreditlərdən onun xəbəri yoxdur. İddiaçının onları nə məqsədlə götürdüyündən və hara xərclədiyindən məlumatsızdır. Həmçinin cavabdeh iddiaçının aylıq gəlirlərinin nəzərə alaraq və belə kredit kartlarının götürülməsinə və oradan pulların istifadə edilməsinə zərurət olmadığını bildirmişdir. Cavabdeh iddiaçının bank kartlarından istifadə etdiyi pulları ailə təsərrüfatı üçün xərcləmədiyindən əmindir. Hesab edir ki, iddiaçı bank kartlarından istifadə etdiyi pulları özü üçün xərcləyib. Bu səbəbdən bank kartlarından istifadə edilmiş pulların yarısının cavabdehdən tutulması əsassızdır. Məhkəmə bank çıxarışlarında olan məlumatları düzgün şəkildə araşdırmamış, pulların bir dəfəyə və ya hissə-hissə çıxarılmasını və haraya köçürülməsi məsələlərini müəyyən etməmişdir. Lizinqə götürülmüş avtomobilə bağlı cavabdeh qeyd edir ki, həmin avtomobilin ilkin ödənişini o, şəxsən özü, anasına məxsus avtomobili satmaqla ödəmiş və iddiaçı bu ödənişin edilməsində heç bir maddi dəstək göstərməmişdir. Belə ki, məhkəməyə təqdim edilmiş sənədlərdən (anasına məxsus avtomobil üçün digər şəxsə etibarnamə verilməsi) də aydın olur ki, lizinqə götürülmüş maşın cavabdehin anasına məxsus olan maşının satışından əldə olunan vəsait hesabına alınmışdır. O anasına məxsus maşını satdıqdan sonra həmin pulla lizinqə maşın götürmüşdür. Anasına məxsus avtomobilin satılması və onun lizinqə maşın götürməsi arasında bir neçə gün fərqin olması lizinqə götürülmüş maşının ilkin ödənişin iddiaçı ilə əlaqəli olmadığını təsdiqləyir. Sonradan avtomobil xarab olması və təmiri çox pul aparması səbəbindən o, avtomobili başqa şəxsə vermişdir. Həmin şəxs sırf insanlıq xatirinə ona etibarnamə vermişdir ki, Bakıda olmadığı vaxtda o, avtomobildən istifadə edə bilsin. Göstərilənlərə əsasən iddiaçının tələbləri tamamilə əsassızdır və rədd edilməlidir.
18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra - apellyasiya instansiyası məhkəməsi) 12 oktyabr 2022-ci il tarixli, 2(103)-6632/2022 nömrəli qətnaməsi ilə (hakimlər – A.N.İmanov (sədrlik edən və məruzəçi), Q.A.Əsgərov və F.Ş.Talışınski) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdiri lmədən saxlanılmışdır.
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və bildirmişdir ki, cavabdeh apellyasiya şikayətindən kredit götürülmüş pulların ailənin ehtiyaclarına sərf edilməməsini qeyd etsə də, buna dair hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Əksinə olaraq, kredit xətlərinin birgə nikah dövründə açılması və pulun tərəflərin birlikdə təsərrüfat apardığı dövrdə məxaric edilməsi müvafiq hesabdan çıxarışlarla təsdiq olunur. Cavabdeh həmçinin apellyasiya şikayətində avtomobilə görə ilkin olaraq ödənilmiş pul məbləğlərini anasına məxsus avtomobilin satışından əldə edilməsini bildirsə də, buna dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdehin anasına məxsus avtomobilə dair müqavilə bağlanan dövrdə etibarnamələrin verilməs i, ilkin ödənişin avtomobilin satışından əldə edilmiş pul vəsaiti hesabına icra edilməsinə dəlalət etmir. Belə ki, Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur.
20. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 36 və 37.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
21. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilib, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
22. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun olmaqla belə əsaslandırılmı şdır ki, apellyasiya instansiya məhkəməsi qeyd edir ki, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Lakin məhkəmə qeyd etdiyi məqamda haqsızdır, məhkəmə tarixi və iclası barədə cavabdehə vaxtında məlumat verilməmiş və onun hüquqları pozulmuşdur. Məhkəmə qeyd etmişdir ki, öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü b ölüşdürə bilməz. Mülki Prosessual Məcəllə məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yuxarıda qeyd edilən bu amili əsas alaraq bank çıxarışlarında olan məlumatları düzgün şəkildə araşdırmamış, pulların bir dəfəyə və ya hissə-hissə çıxarılmasını və haraya köçürülməsi məsələlərini müəyyən etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
24. Maddə
36. Ər-arvadın ümumi əmlakının bölünməsi 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ö dəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.2. Ər-arvadın ümumi əmlakı onların sazişi əsasında bölünə bilər. Belə saziş ərarvadın arzusu ilə notariat qaydasında təsdiq edilə bilər. 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 36.4. Məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər. 36.5. Məhkəmə, ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər. 36.6. Yetkinlik yaşına çatmayan uşaqların tələbatını ödəmək üçün əldə olunan şeylər (geyim, paltar, ayaqqabı, məktəbli və idman ləvazimatları, musiqi alətləri, uşaq kitabxanası və s.) bölünmür və əvəzi ödənilmədən uşaqları ilə birgə yaşayan valideynə verilir. 36.7. Ər-arvadın ümumi əmlakı hesabına yetkinlik yaşına çatmayan ümumi uşaqların adına qoyulmuş əmanətlər həmin uşaqlara məxsus hesaba edilir və ümumi əmlakın bölünməsi zamanı nəzərə alınmır. 36.8. Ər-arvadın ümumi əmlakı bölündükdə, nikah dövründə həmin əmlakın bölünməmiş hissəsi, eləcə də nikah dövründə sonradan qazanılmış əmlak onların birgə mülkiyyətini təşkil edir.
25. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ü mumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.
26. Maddə 37.3. Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
27. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
31. Madd ə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
32. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
33. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətin dən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
34. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən məhkəmə aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən tərəflər arasında mübahisəli hüquq münasibətləri düzgün təfsir edilərək, həmin münasibətləri tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələ nən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun S.Nuriyev və H.Nuriyevanın şikayəti üzrə 2017-ci il 12 iyul tarixli Qərarında qeyd edilmişdir ki, əmlak anlayışı yalnız əşyanı deyil, həmçinin əmlak hüquqlarını, ərin (arvadın) ümumi mülkiyyət üzərində sərəncam verməsi nəticəsində əmələ gələn vəzifələrini də əhatə edir. Ərin (arvadın) ümumi əmlakının qanuni rejiminin tərkibinə ümumi birgə mülkiyyət əsasında onlara məxsus obyektlər, özündə tələb hüququ ilə yanaşı borcları (aktiv və passiv) ehtiva edən ümumi öhdəliklər də daxildir.
37. Qanunverici Mülki Məcəllənin 225-ci, Ailə Məcəllə sinin 31 və 32-ci maddələri ilə ər-arvadın birgə nikah dövründə qazandığı əmlakın ümumiliyi prezumpsiyasını müəyyən etdiyindən, onların kimin adına olmasından asılı olmayaraq ailə ehtiyaclarının təmin edilməsi məqsədilə əldə etdiyi əmlak xarakterli öhdəliklər də ümumi birgə əmlaka daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır.
38. Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən ər-arvadın bir-birinə qarşı ümumi öhdəliklər üzrə borcun bölünməsi tələbi ilə bağlı işlərə baxılarkən tərəflər çəkişmə prinsipinə uyğun olaraq tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidirlər. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən ed ir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz (“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli Qərar).
39. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair 23 iyul 2021-ci il tarixli Qərarında qeyd etmişdir ki, qanunverici ailə institutunu ər-arvadın şəxsi münasibətlərindən yaranan birgəliyi ilə yanaşı, həm də təsərrüfat birliyi kimi nəzərdən keçirdiyindən onların nikah dövründə əldə etdikləri əmlakın da ər-arvadın birgə təsərrüfat fəaliyyətlərinin nəticəsi olaraq ümumi birgə mülkiyyətlərini təşkil etdiyini qəbul etmişdir. Bu baxımdan ər-arvadın məhz birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq əldə etdiyi hüquqlar və öhdəliklər onların ümumi əmlakının dairəsinə daxil olur. Ailə Məcəlləsinin 36.5-ci maddəsinə əsasən, məhkəmə, ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər. Bu səbəbdən, hər hansı daşınar və ya daşınmaz əşya üzərində mülkiyyət və s. əşya hüquqlarının, tələb hüquqlarının, habelə mövcud öhdəliklərin ər-arvadın ümumi əmlakına daxil olub-olmaması məsələsi həll edilərkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, ər-arvadın rəsmi nikah mün asibətlərində olsalar da ailə münasibətlərinə xitam verib-verməməsi, birgə təsərrüfat aparıb-aparmaması, götürülmüş borcun ailə məqsədləri üçün istifadə olunub-olunmaması kimi işin əhəmiyyətli hallarını araşdırmalıdır.
40. Məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, kredit xətləri birgə nikah dövründə açılmış və pul tərəflərin birlikdə təsərrüfat apardığı dövrdə məxaric edilmişdir. Həmçinin tərəflər birgə nikah dövründə xx.xx.2020-ci il tarixli, 11/1026-2020 saylı X7 Müqaviləsinə əsasən Kia Sportage minik markalı avtomobil almış, müqavilə bağlanarkən 1240 manat xidmət haqqı və 9100 manat ilkin ödəniş edilmiş, tərəflər arasındakı nikah pozulduqdan sonra avtomobil cavabdehin istifadəsində qalmışdır.
41. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və sübutlara müvafiq prosessual normalara əsasən düzgün qiymət verilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır.
42. Göstərilənlərə əsasən cavabdeh kassasiya şikayətinin işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması, qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması barədə dəlilərini məhkəmə kollegiyası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinin tələbinə əsasən araşdırmır.
43. Kassasiya şikayətinin cavabdehin məhkəmə iclası barədə məlumatlı olmaması barədə dəlillərini isə məhkəmə kollegiyası əsassız hesab edir, çünki iş materiallarından görünür ki, məhkəmə iclası barədə bil diriş cavabdehə məxsus şəxsi elektron kabinetində xx.xx.2022-ci il tarixdə yerləşdirilmişdir.
44. Buna görə də, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
45. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 oktyabr 2022-ci il tarixli 2(103)-6632/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.