Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7893/2019 11.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X2 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 avqust 2019-cu il tarixli 2(107)2371/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Oğuz rayon məhkəməsinin 16 may 2019-cu il tarixli qətnaməsi ilə (hakim K.Ş.Süleymanov, iş 2(054)-277/2019) iddiaçı X1 Cavabdeh qarşı aliment tələbinə dair iddiası qismən təmin edilərək cavabdehdən hər uşaq üçün ay da 80 manat – cəmi 240 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya verilməsi və alimentin tutulmasının 17 aprel 2019-cu il tarixdən hesablanması qət edilmişdir. Həmin qətnamə ilə eyni zamanda 02 iyul 2017-ci il və 20 sentyabr 2018-ci il tarixlərdə anadan olmuş uşaqların üç yaşına çatana qədər saxlanılması üçün cavabdehdən hər ay 50 manat sabit pul məbləğində alimentin iddiaçının xeyrinə tutulması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: Ə.T.Məcidov, M.A.Əsədli və İ.F.Quliyev) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Oğuz rayon məhkəməsinin 16 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Tərəflər 19 sentyabr 2012-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qu rmuş, birgə nikahdan üç uşaqları olmuşdur. 2019-cu ilin aprel ayında N iddia ərizəsi ilə məhkəməyə müraciət edərək münasibətlərinin pozulması ilə əlaqədar əri Cavabdeh ayrı yaşamalarını, lakin sonuncunun uşaqların saxlanılmasında ona yardım etməməsini əsas göstərməklə cavabdehdən hər uşağın saxlanılması üçün 160 manat aliment alınaraq ona verilməsi və eləcə də 2017, 2018-ci illərdə anadan olmuş uşaqlarının üç yaşına çatana kimi əlavə olaraq cavabdehdən onun xeyrinə hər ay 50 manat tutulmasını xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə Cavabdeh kassasiya şikayəti verərək iddiaçının psixi pozuntuya məruz qalmaqla uşaqların onun yanında saxlanılmasına razı olmamasını və bununla əlaqədar uşaqların ona v erilməsi barədə məhkəmədə ayrıca icraatda iddia qaldırımasını əsas göstərməklə qətnamənin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfind ən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər ayrı-ayrı yaşamaqla Cavabdeh uşaqlarına maddi yardım göstərmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinl ik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. (78.1.) Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. (78.2.) Cavabdeh iddiaçının psixi xəstə olması ilə əlaqədar uşaqların onun yanında saxlanılmasının onların həyatı üçün təhlükəli olmasını və bunun la əlaqədar qətnamənin əsassız olmasını iddia etsə də məhkəməyə bunu təsdiq edə bilən heç bir sübut təqdim etmədiyindən kollegiya kassasiya şikayətini əsassız sayır və hesab edir ki, həmin dəlillər uşaqlara görə cavabdehdən alimentin tutulmasından imtina olunması üçün əsas deyildir. Göstərilənlərlə əlaqədar kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanunun tələbinə uyğun sayır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının tələblərinə uyğun çıxarılmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 01 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2(102)-7893/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7893/2019
11.12.2019 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver