Məhkəmə qərarları › İş №2(103)-1001/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1001/2024

13.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1001/2024 13.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, İddiaçının nümayəndəsi-vəkili Vəkil1 iştirakları ilə, İddiaçı (Şöhrət Əliyev iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) Cavabdeh qarşı "avtomobillərin satışından əldə olunmuş vəsaitin ödənilməsi, qızıl-zinət və cehiz əşyaların qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli, e-2(009)-273/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: Tərəflər xx.xx.2014-cü il tarixində rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan xx.xx.2016-cı il təvəllüdlü X9 və xx.xx.2021-ci il təvəllüdlü X12 adlı uşaqları anadan olmuşdur. Bakı şəhəri Səbail Rayon 2(009)-1616/2022 nömrəli iş üzrə 10 noyabr 2022-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Tərəflərin birgə nikah dövründə, xx.xx.2018-ci ildə cavabdeh tərəfindən “Lexus LX 570” markalı 10SA004 dövlət qeydiyyat nişanlı, xx.xx.2019-cu il tarixdə “Audi RS 7” markalı 10EG004 dövlət qeydiyyat nişanlı və xx.xx.2020-ci il tarixdə “BMW M 4” markalı 10EV600 dövlət qeydiyyat nişanlı avtomobillər əldə edilmişdir. Həmin avtomobillər, müvafiq olaraq xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə özgəninkiləşdirilmişdir. Hazırda iddiaçı maşınların satılmasından əldə olunmuş məbləğ və qızıl-zinət əşyalarını tələb edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən “Lexus LX 570” markalı 10SA004 dövlət qeydiyyat nişanlı, “Audi RS 7” markalı 10EG004 dövlət qeydiyyat nişanlı və “BMW M 4” markalı 10EV600 dövlət qeydiyyat nişanlı avtomobillərin satışından əldə edilmiş vəsaitin 1/2 hissəsinin ona ödənilməsi, həmçinin ağ 750 əyarlı qızıldan badam formasında olan və üzərində brilyantlar olan sırğaların, üzük və klon dəstin, ağ qızıldan 750 əyarlı, üzərində 5 ədəd iri brilyant və təqribən 50 ədəd xırda brilyantlardan ibarət qolbağın, üzərində qara və sarı brilyantlar və qara mirvarili gül formalı sırğalar və həmin mirvarilərdən yığılmış, üzərində eyni gül formalı kulon olan boyunbağı; ağ qızıldan və üzərində brilyantlar olan nişan üzüyü, sarı qızıldan üzərində kəpənəklər olan dəstin, qırmızı qızıldan üzərində rəngli daşlar və koral muncuqlar olan ilan formalı dəstin, ağ qızıldan üzərində briliyantlar olan abstrakt formalı boyunbağının ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2014-cü ildə nikaha daxil olmuşlar. Tərəflər arasında ailə münasibətləri zəminində yaranmış mübahisələr səbəbindən, o, mediasiya sessiyasını başlamış, mediasiya bitdikdən sonra qarşı tərəf nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmiş, o, isə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahlarından doğulmuş, xx.xx.2016-cı il doğum tarixli X6 və xx.xx.2021-ci il doğum tarixli X10 anada qalması və aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Ailə münasibətlərində yaranmış gərginlik səbəbindən 2022-ci ilin aprel ayının əvvəllərində o, cavabdehlə birgə yaşadıqları ünvandan çıxaraq övladları ilə birlikdə valideyninin evinə getmişdir, hal-hazıradək orda yaşayır. Onunla Cavabdeh birgə nikah dövründə, xx.xx.2018-ci ildə cavabdeh tərəfindən “Lexus LX 570” markalı 10SA004 dövlət qeydiyyat nişanlı, xx.xx.2019-cu il tarixdə “Audi RS 7” markalı 10EG004 dövlət qeydiyyat nişanlı və xx.xx.2020-ci il tarixdə “BMW M 4” markalı 10EV600 dövlət qeydiyyat nişanlı avtomobillər əldə edilmişdir. Həmin avtomobillər, müvafiq olaraq xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə özgəninkiləşdirilmişdir. Hər üç avtomobilin özgəninkiləşdirilməsi məqsədli şəkildə, yəni iddiaçı ilə nikahın pozulacağını bildiyi üçün, nikahın pozulacağı halda avtomobillər üzərində paylı mülkiyyət hüququnun yaranmaması üçün edilmişdir. Hər 3 avtomobilin satışından əldə olunan vəsaitdən iddiaçıya heç nə çatmamışdır. Avtomobillərin satılması tarixlərində iddiaçı ilə cavabdeh birgə yaşamadıqları və birgə təsərrüfat idarə etmədikləri üçün, həmin vəsait onlar tərəfindən birgə xərclənməmiş, vəsait bütünlüklə cavabdeh tərəfindən götürülmüşdür. İddiaçı və cavabdehin birgə nikah dövründə əldə etdikləri yuxarıda göstərilən avtomobillər onların birgə mülkiyyətində olmuş, cavabdeh avtomobilləri satmış, satışdan əldə olunmuş vəsaitin iddiaçıya məxsus hissəsini özü götürmüşdür. Bundan başqa, o, cavabdehlə nikaha girdikdə, ona ağ 750 əyarlı qızıldan badam formasında olan və üzərində brilyantlar olan sırğalar, üzük və klon dəsti, ağ qızıldan 750 əyarlı, üzərində 5 ədəd iri brilyant və təqribən 50 ədəd xırda brilyantlardan ibarət qolbağı, üzərində qara və sarı brilyantlar və qara mirvarili gül formalı sırğalar və həmin mirvarilərdən yığılmış, üzərində eyni gül formalı kulon olan boyunbağı, ağ qızıldan və üzərində brilyantlar olan nişan üzüyü, sarı qızıldan üzərində kəpənəklər olan dəst; qırmızı qızıldan üzərində rəngli daşlar və koral muncuqlar olan ilan formalı dəst, ağ qızıldan üzərində briliyantlar olan abstrakt formalı boyunbağı qızıl-zinət əşyaları hədiyyə edilmişdir. İddiaçı cavabdehlə nikaha daxil olarkən, ona aşağıdakı cehiz əşyaları hədiyyə edilmişdir: Həmin əşyalar hazırda cavabdehlə iddiaçının birgə yaşadıqları ünvandadır. Göstərilən qızıl-zinət əşyaları, İddiaçı cavabdehlə birgə yaşadığı yuxarıda göstərilən ünvandan çıxdıqda Cavabdeh evində qalmışdır. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Şöhrət Əliyev iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, 2014-cü il-nişan dövrünə qədər ailənin 6 maşını olub: MERCEDEZ HALENTVAGEN (2012), RANGE ROVER (2009), oğlu Nəsiminin BMW X6, ailə maşınları VOLKSVAGEN PASSAT, TOUREG və əlavə bir maşın olub. Bildirir ki, 5 şirkəti var, Gürcüstan Respublikasında və BƏƏ-də (Dubayda) şirkətləri var, Türkiyə Respublikasında ailə biznesi var. Oğlu Nəsimi də şirkətlərdən birinin icraçı direktorudur. Maşınların hamısını o, (Şöhrət Əliyev özü) öz qazancı hesabına əldə etmişdir. Qızıl-zinət əşyaları ilə bağlı bildirmişdir ki, nişan üzüyünü 1000 manata alıblar, toyda hədiyyə edilən dəsti şəxsən özü Dubaydan 10.000 ABŞ dollarına alıb gətirmişdir. Bundan başqa da gəlinə qızıl zinət əşyaları hədiyyə edilmişdir, hər dəfə gəlinə özü Nikolay monetalar vermişdir, qaynı Rusiyadan hədiyyə brilyant dəst alıb hədiyyə etmişdir, qohumları da gəlinə müxtəlif tədbirlərdə qızıl-zinət əşyaları hədiyyə etmişlər. Gəlinin qızı-zinət əşyaları həmişə onun özündə olub, lakin işləri ilə bağlı olaraq gəlin qızılların yarısını satıb, digər yarısını isə gedəndə özü ilə aparıb. Onlar ailə qurduqdan sonra onlara üç mərtəbəli ev vermişdir. Özü və iki oğlu bir həyətdə 3 ayrı evdə yaşayırlar. İddiaçının əmisi iddiaçıya təxminən 200.000 manatlıq 3 mərtəbəni də dolduracaq cehiz verib, cehiz əşyalar hələ də evdədir, nə vaxt istəyir gəlib götürsün evi boşaltsınlar, gəlinin geyim əşyalarının da yarısı evdə qalıb nə vaxt istəyir gəlsin hamısını götürsün, ona və ailəsinə gəlinin heç nəyi lazım deyil. Oğlu ailə qurduqdan sonra onların münasibətinə heç kim müdaxilə etməyib. Boşanmaları ilə bağlı bildirmişdir ki, gəlin ali təhsilini bitirdikdən sonra işləmək istədiyini bildirmişdir. Oğlu və yoldaşı onun işləməsinə qarşı idi, ailə rəisi olaraq o özü gəlinin işləməsinə icazə verdi. Uşaq (Safiya) və ikinci uşaqları dünyaya gələndən sonra evə əlavə dayə və sair işçilər tutuldu və gəlin işə yenə də getdi. Hər istədiyini edirdi gəlin. Gəlin hər səhər tezdən işə hazırlaşıb getdiyindən səhərlər uşaqlarla oğlu məşğul olurdu, sonradan gəlin ikinci iş yerində də işləməyə başladı, səhərdən axşama qədər işdə olurdu, belə hallara görə aralarında mübahisələr yarandı. Sonuncu dəfə aralarında mübahisə yaranan zaman gəlin əmisinə zəng edərək onu gəlib aparmasını demişdir. Əmisi gəldi evə keçdi, əyləşib mübahisəni müzakirə etdilər, daha sonra gəlini götürdü getdi. Gəlin gedərkən o, həyətə çıxmamışdır, lakin oğlu Fizüli onları yola salmış və gəlinin çantalar ilə çıxdığını bildirmişdir. Oğlunun ailəsinin şəxsi əşyaları, qızılları ayrıca özlərində olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş iddiaçının əmisi X8 ifadəsində göstərmişdir ki, cavabdehi və ailəsini qohum olmamışdan öncə tanıyırdı. Qardaşı rəhmətə getdikdən sonra iddiaçını öz qızı kimi böyütmüş və ailə quran zaman cavabdeh tərəfi yaxşı ailə kimi bilib onlara gəlin vermişdir, cehiz əşyalarını da özü verib. Ailə həyatlarına heç vaxt əmi kimi qarışmayıb, düşünüb ki, ailədir, söz-söhbət olsa belə özləri gərək həll etsinlər. Lakin, sonuncu dəfə mübahisə daha böyük olduğundan, qardaşı qızı ona zəng edib orada qala bilmədiyini və gəlib onu aparmasını bildirmişdir. Həmin gün cavabdeh iddiaçını vurmuş və üz nahiyəsində izi qalmışdı. Yaşadıqları evə gəlib həyətə keçdi, Şöhrət Əliyevin yaşadığı evə daxil oldu, onunla təxminən 20 dəqiqə söhbət etdilər, daha sonra Nərmini götürüb apardı, Nərminin əlində balaca çanta var idi, başqa heç bir əşyasını götürməmişdi. Ailənin dağılmasını qəti istəmirdi, evdən getdikdən sonra Şöhrət Əliyevlə görüşüb danışıblar cavanların məsələsini, lakin mübahisə həll edilə bilmədi, barışmadılar. Daha sonra məhkəməyə müraciət edildi və nikah pozuldu. Nərmin evdən çıxanda əşyalarını götürməyib, hətta uşaqların sənədlərini də götürməmişdir, sənədlərin sonradan dublikatını o (əmisi) çıxarmışdır. Xanımın döyülməsi ilə bağlı hüquq mühafizə orqanına müraciət etməmişlər, cavabdeh iddiaçının evdən getməsini istədi və o da iddiaçının həmin evdə qalmasını düzgün bilməmişdir. Həmçinin bildirmişdir ki, iddiaçının satdığı qızıl-zinət əşyaları onun özünə məxsus olan qızıllar olub, cavabdeh tərəfin verdiyi qızıl-zinət əşyaları cavabdehin evində qalmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli, e-2(009)- 273/2023 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı tərəf qeyd edilən avtomobillərin satış pulunun yarı bölünməsi tələbindən əvvəl onların nikah dövründə əldə olunmaqla yanaşı birgə nikah dövründə qazanılmış vəsait hesabına əldə edilməsinə dair məhkəməyə sübut növləri təqdim etməli olduğu halda, belə sübutları məhkəməyə təqdim etməmiş, bu iddiasını qanunun tələbi olması ilə əsaslandırmışdır. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, iddiaçı tərəf birgə nikah dövründə əldə edilməsini iddia etdiyi avtomobillərin özgəninkiləşdirilməsinin məqsədli şəkildə, yəni iddiaçı ilə nikahın pozulacağını bildiyi üçün, nikah pozulacağı halda avtomobillər üzərində paylı mülkiyyət hüququnun yaranmaması üçün edilməməsini vurğulasa da, tələbində bu əmlaklarla bağlı əqdləri və onlara münasibətdə mülkiyyət hüquqlarını deyil, məhz birgə mülkiyyətində olan avtomobilləri satan cavabdehin satışdan əldə olunmuş vəsaitin iddiaçıya məxsus hissəsini özünün götürməsinə istinad etməklə həmin satış pulunun yarısının ona verilməli olmasını iddia etmişdir. Başqa sözlə, iddiaçı xx.xx.2018-ci ildə əldə edilmiş “Lexus LX 570” markalı 10SA004 dövlət qeydiyyat nişanlı, xx.xx.2019-cu il tarixdə əldə edilmiş “Audi RS 7” markalı 10EG004 dövlət qeydiyyat nişanlı və xx.xx.2020-ci il tarixdə əldə edilmiş “BMW M 4” markalı 10EV600 dövlət qeydiyyat nişanlı avtomobillərin müvafiq olaraq xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə özgəninkiləşdirilməsini mübahisələndirmir. Məhkəmə qeyd etmişdir ki, məhkəmə iclasında iddiaçı tərəf müstəqil tələb irəli sürməyən 3-cü şəxs Şöhrət Əliyevin həqiqətən yüksək maddi imkanı olan şəxs olmaqla Azərbaycan, Gürcüstan və Türkiyə Respublikasında, BƏƏ-də (Dubay şəhərində) şirkətləri, ailə biznesinin olmasını inkar etməmiş, lakin buna baxmayaraq avtomobillərin tərəflərin birgə nikah dövründə onların gəlirləri hesabına əldə edilməsini iddia etməklə bu faktı təsdiq edən heç bir sübut məhkəməyə təqdim etməmişdir. Məhkəmə, iddiaçı tərəfin hər hansı bir şəxsin gəlirinin az olmasının əmlak əldə etməsinə qadağa olmamasına dair dəlili ilə bağlı qeyd etmişdir ki, iddiaçının aylıq əmək haqqından əlavə digər gəlirlərinin olmasına dair sübutlar təqdim edildiyi təqdirdə bu dəlilin əsaslılığı müzakirə predmeti ola bilərdi. Məhkəmə hesab etmişdir ki, mübahisələndirilən avtomobillərin tərəflərin birgə nikahda olduqları müddətdə onların birgə vəsaitləri, gəlirləri əsasında əldə edilməsi sübuta yetirilmədiyindən, həmin avtomobillərin birgə nikah dövründə əldə edilmiş əmlakın rejmi tətbiq edilərək bölünməsi yolverilməzdir. Məhkəmə, bu qənaətə gələrkən iddiaçının aylıq qazancından əlavə başqa gəlirlərinin olmamasının tərəflər arasında nikahın pozulması və s. tələblə əlaqədar qanuni qüvvəsini almış məhkəmə aktı ilə müəyyən edilməsini, eləcə də müstəqil tələb irəli sürməyən 3-cü şəxsin iş materiallarında DİN Baş Dövlət Yol Polisi İdarəsi Qeydiyyat imtahan İdarəsi tərəfindən təqdim edilmiş cavabdehin adına olan və satışı onun tərəfindən həyata keçirilmiş çoxsaylı avtomobillərin hamısının onun vəsaiti hesabına alınmasına dair izahatlarını diqqətə almışdır. Məhkəmə hesab etmişdir ki, cavabdehin adına rəsmiləşdirilmiş birgə nikah dövründə əldə edilən nəqliyyat vasitələrinin tərəflərin gəlirləri hesabına deyil, cavabdehin atası Şöhrət Əliyevin vəsaiti hesabına əldə edilməsi məhkəmə araşdırması zamanı təsdiq edildiyindən həmin nəqliyyat vasitələri ərarvadın ümumi əmlakı hesab edilə bilməz. Məhkəmə iddianın qızıl-zinət əşyaları tələbinə aid hissəsi ilə bağlı qeyd etmişdir ki, bu tələbin maddi əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsi təşkil edir. İddiaçı ona ağ 750 əyarlı qızıldan badam formasında olan və üzərində brilyantlar olan sırğalar, üzük və klon dəsti, ağ qızıldan 750 əyarlı, üzərində 5 ədəd iri brilyant və təqribən 50 ədəd xırda brilyantlardan ibarət qolbağı, üzərində qara və sarı brilyantlar və qara mirvarili gül formalı sırğalar və həmin mirvarilərdən yığılmış, üzərində eyni gül formalı kulon olan boyunbağı, ağ qızıldan və üzərində brilyantlar olan nişan üzüyü, sarı qızıldan üzərində kəpənəklər olan dəst; qırmızı qızıldan üzərində rəngli daşlar və koral muncuqlar olan ilan formalı dəst, ağ qızıldan üzərində briliyantlar olan abstrakt formalı boyunbağı qızıl-zinət əşyaları hədiyyə edilməsini göstərsə də, hazırda onların hamısının cavabdehlə birgə yaşadığı evdən çıxdıqda Cavabdeh evində qalmasını iddia etmişdir. Cavabdeh tərəf isə iddianın bu hissəsinə də etiraz edərək iddiaçının evdən gedərkən özünə məxsus bütün qızılları aparmasını bildirmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı evdən getdiyi gün əmisinə zəng edərək onu gəlib aparmasını istəmiş və əmisi də həmin gün iddiaçını aparmağa gəlmişdir. Bu halı həm iddiaçı tərəf, həm də iş üzrə 3-cü şəxs izahatında və dindirilmiş şahid iddiaçının əmisi ifadəsində göstərmişlər. Məhkəmə, şahid ifadəsinə qiymət verərək hesab etmişdir ki, iddiaçının evdən getməzdən əvvəl əmisinə zəngindən sonra, əmisi də gələnə kimi evdən getməyə hazırlıq işləri görməklə yanaşı, əmisinin qayınatası ilə oturub təxminən 20 dəqiqə söhbəti ərzində onun evdən getməyə hazırlıq işləri görməklə özünə və uşaqlarına aid zəruri əşyaları (o cümlədən də gündəlik istifadəsi üçün kosmetik, qızıl əşyaları və s.) götürməsinə kifayət qədər vaxtı olmuş və məhkəmənin qənaətinə görə o, bu əşyalarını özü ilə götürmüşdür. Məhkəmə bu qənaətə gələrkən əmisinin ifadəsində iddiaçının maşına oturanda özü ilə kiçik bir çantasının olmasını bildirməsini, eləcə də məhkəmə baxışı zamanı tərəflərin “toy video diski”nin cavabdeh tərəfdən olmasını təkidlə bildirməsi və ondan tələb edilməsinə dair verilən vəsatətin rədd edilməsindən sonra (iddiaçının evdən getdikdən sonra bir daha oraya qayıtmamasına baxmayaraq) həmin “video disk”in məhz iddiaçı tərəfin özündə aşkar edilərək məhkəməyə təqdim edilməsini diqqətə alır. Belə olan halda məhkəmə araşdırması zamanı iddiaçıya məxsus qızıl-zinət əşyalarının cavabdehin yaşadığı evdə qalması təsdiq edilməməklə, tələb olunan qızıl-zinət əşyalarının cavabdehin qanunsuz sahibliyində olmaması tərəflərin, 3-cü şəxsin izahatları və şahidin ifadəsinin qarşılıqlı təhlili və işin mübahisəsiz halları ilə sübuta yetirilir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının tələb etdiyi qızıl-zinət əşyalarından yalnız toyda hədiyyə edilən dəst və nişan üzüyünün mövcud olmasına dair sübutlar (fotoşəkillər, video yazı) təqdim etməsinə baxmayaraq, 3-cü şəxs Şöhrət Əliyev iddiaçıya özləri və qohumları tərəfindən digər qızıllar da (Nikolay monetalar, qaynının Rusiyadan hədiyyə gətirdiyi brilyant komplekt) bağışlanmasını, eləcə də 3-cü şəxs fotoşəkillərdə olan nişan üzüyünün 1000 manat, toyda bağışlanan dəstin isə Dubaydan 10.000 manata alınmasını etiraf etmişdir. Bununla belə cavabdeh və 3-cü şəxs izahatlarında iddiaçının bu qızılların yarısını öz işləri ilə bağlı satmasını, digər yarısını isə özü ilə aparmasını göstərmişdir. Məhkəmə hesab etmişdir ki, qızıl-zinət əşyalarının cavabdeh tərəfindən iddiaçıya qaytarılmaması inandırıcı deyildir. Belə ki, 3-cü şəxsin izahatlarından həmçinin görünür ki, o, iddiaçının evdə 200.000 manatlıq cehiz əşyaları və bəzi geyim əşyaları olmasını, onları da nə vaxt istəsə gəlib apara biləcəyini, onların iddiaçının heç bir əmlakına ehtiyaclarının olmadığını qeyd etmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçının iddia etdiyi qızıl-zinət əşyalarının onun mülkiyyətində və istifadəsində olması inkar edilməsə də, onların cavabdehdə qalmaqla qaytarmamaq niyyətinin olması öz təsdiqini tapmır. Məhkəmə iddiaçı tərəfin iddiasının əsaslı olması idə bağlı izahatını özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Məhkəmə iddiaçı tərəfin təqdim etdiyi şahid ifadələri ilə bağlı qeyd etmişdir ki, şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyəti olan hallar (sübutetmə predmetinə daxi olan hallar) barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirmə zamanı verdiyi məlumatlardır. İşin nəticəsində hüquqi baxımdan maraqlı olma iş üzrə tərəflərlə yaxın qohumluq və tanışlıq münasibətlərinin olmasıdır. Hər bir halda qeyd edilən hallar həmin şəxslərin şahid qismində dindirilməsi üçün mane olmasa da, onların ifadələrində nəzərə alınmalıdır. Məhkəmə şahdin ifadəsinin, qızılların, sənədlərin və əşyaların götürülməməsinə dair ifadəsinə tənqidi yanaşaraq onları iddiaçının yaxın qohumu olmaqla maraq və mənafeyinə uyğun verilmiş ifadələr kimi qiymətləndirmişdir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: İddiaçı apellyasiya şikayətini iddia tələbinin dəlilləri ilə əsaslandırmaqla yanaşı qeyd etmişdir ki, mübahisələndirilən hər üç avtomobilin tərəflərin birgə nikahları dövründə əldə edildiyi və cavabdeh tərəfindən xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə satıldığı, 3 avtomobilin satışından cavabdehin 20.000 manat, 30.000 ABŞ dolları (manat konvertasiya edildikdə 51.000 manat) və 20.000 manat, cəmi 91.000 manat vəsait əldə etdiyi iş materiallarında olan sübutlarla təsdiq edilir. Həmin vəsaitin tam yarısını təşkil edən 45.500 (qırx beş min beş yüz) manat iddiaçıya ödənilməli olduğu halda, məhkəmə iddianı təmin etməməklə Ailə Məcəlləsinin 32.1, 32.2 və 32.3-cü maddələrinin tələblərini pozmuşdur. Bundan başqa işin göstərilən hallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən 225.1-ci maddəsinin tələbi pozulmuşdur. Eyni zamanda mübahisə predmetini təşkil edən “BMW M4”, “Lexus LX 570” və “AUDİ RS 7” markalı avtomobillərin 3-cü şəxsin vəsaiti hesabına əldə edilməsinə dair hər hansı sübutlar məhkəmə iclasında tədqiq edilməmişdir və belə sübutlar iş materiallarında yoxdur. Eyni zamanda qətnamədə, iş materiallarında olan, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-2559/2023 saylı qərarına istinad olunaraq qeyd olunmuşdur ki: “Məhkəmə, bu qənaətə gələrkən iddiaçının aylıq qazancından əlavə başqa gəlirlərinin olmamasının tərəflər arasında nikahın pozulması və s. tələblə əlaqədar qanuni qüvvəsini almış məhkəmə aktı ilə müəyyən edilməsini, eləcə də müstəqil tələb irəli sürməyən 3-cü şəxsin iş materiallarında DİN Baş Dövlət Yol Polisi İdarəsi Qeydiyyat imtahan İdarəsi tərəfindən təqdim edilmiş cavabdehin adına olan və satışı onun tərəfindən həyata keçirilmiş çoxsaylı avtomobillərin hamısının onun vəsaiti hesabına alınmasına dair izahatlarını diqqətə almışdır.” Halbuki, Ali Məhkəmənin qeyd olunan qərarında cavabdehin aylıq 776 manat əmək haqqından başqa gəlirinin olmadığına dair nəticə çıxarılmamış, alimentin məbləği müəyyən olunarkən cavabdeh tərəfindən təqdim edilmiş rəsmi arayışa istinad olunmuşdur. Ali Məhkəmənin qeyd olunan qərarı, cavabdehin “BMW M4”, “Lexus LX 570” və “AUDİ RS 7” markalı avtomobillərin əldə edilməsi üçün vəsaitinin olmadığı ilə bağlı hər hansı halı müəyyən etmədiyi üçün, hazırki mübahisə ilə bağlı preyudisial xarakter daşıya bilməz. Bununla yanaşı cavabdeh tərəfindən alqı-satqı müqaviləsi, gömrük vəsiqəsi və hesab-arayışa əsasən əldə edilmiş “BMW M4”, “Lexus LX 570” və “AUDİ RS 7” markalı avtomobillərin, Şöhrət Əliyevin vəsaiti hesabına əldə edilməsi, həmçinin iddiaçının əri ilə birlikdə yaşadığı evdən çıxarkən, qızıl-zinət əşyalarını özü ilə götürdüyünə dair cavabdeh tərəfindən sübut edilməmişdir. Birinci instansiya məhkəməsi, iddia tələbinin aid olduğu avtomobillərin Cavabdeh tərəfindən deyil, 3-cü şəxs X13 tərəfindən alındığını əminliklə qət etmiş, bu halın əsaslandırılması üçün Şöhrət Əliyevin və cavabdehin nümayəndəsinin izahatlarına əsaslanmışdır. Lakin, həmin avtomobillərin dəyərinin Şöhrət Əliyev tərəfindən Cavabdeh nə vaxt, hansı şəraitdə, hansı üsulla verilibverilməməsini aydınlaşdırılmamışdır. Birinci instansiya məhkəməsi, iddiaçının qızıl əşyalarının götürməsinə kifayət qədər vaxtı olduğunu və məhkəmənin qənaətinə görə onun bu əşyalarını özü ilə götürdüyünü qət etsə də, həmin halı sübut etməmişdir. İş materiallarında olan, 3 avtomobilin cavabdehin mülkiyyətinə keçməsinə dair alqı-satqı müqaviləsi, gömrük vəsiqəsi və hesab-arayış mövcuddur və bu sənədlər mübahisə predmetini təşkil edən avtomobillərin Cavabdeh tərəfindən əldə edildiyini təsdiq edir. Həmin avtomobillərin cavabdeh tərəfindən deyil, 3-cü şəxs tərəfindən əldə edildiyi barədə hər hansı sübutların olmaması, məhkəmənin gəldiyi nəticənin işin faktiki halları ilə uyğun gəlmədiyini göstərir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada məlumat verilmiş digər tərəflər məhkəmə kollegiyasının son iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq E.Salmanlının şikayəti üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2 və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 28 dekabr 2023-cü il tarixli qərarı Mülki Məcəllə: 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən ( birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Ailə Məcəlləsi:

31. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2.2. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onların birinin tələbi ilə nikah pozulduqdan sonra ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 37.1. və 37.2. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı paylar bərabər hesab edilir. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzrsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər.

Mülki Prosessual Məcəllə:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə kollegiyasının mövqeyi

Məhkəmə kollegiyası tərəflərin izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilərək iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hazırda iddia tələbi iki hissədən ibarətdir: 1) Cavabdeh tərəfindən “Lexus LX 570” markalı 10SA004 dövlət qeydiyyat nişanlı, “Audi RS 7” markalı 10EG004 dövlət qeydiyyat nişanlı və “BMW M 4” markalı 10EV600 dövlət qeydiyyat nişanlı avtomobillərin satışından əldə edilmiş vəsaitin 1/2 hissəsinin ona ödənilməsi; 2) Ağ 750 əyarlı qızıldan badam formasında olan və üzərində brilyantlar olan sırğaların, üzük və klon dəstin, ağ qızıldan 750 əyarlı, üzərində 5 ədəd iri brilyant və təqribən 50 ədəd xırda brilyantlardan ibarət qolbağın, üzərində qara və sarı brilyantlar və qara mirvarili gül formalı sırğalar və həmin mirvarilərdən yığılmış, üzərində eyni gül formalı kulon olan boyunbağı; ağ qızıldan və üzərində brilyantlar olan nişan üzüyü, sarı qızıldan üzərində kəpənəklər olan dəstin, qırmızı qızıldan üzərində rəngli daşlar və koral muncuqlar olan ilan formalı dəstin, ağ qızıldan üzərində briliyantlar olan abstrakt formalı boyunbağının ona qaytarılması. İddia tələbinin 1-ci hissəsi ilə bağlı birinci istansiya məhkəməsi hesab etmişdir ki, mübahisələndirilən avtomobillərin tərəflərin birgə nikahda olduqları müddətdə onların birgə vəsaitləri, gəlirləri əsasında əldə edilməsi sübuta yetirilmədiyindən, həmin avtomobillərin birgə nikah dövründə əldə edilmiş əmlakın rejmi tətbiq edilərək bölünməsi yolverilməzdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan nəticəsi ilə razılaşmır və hesab edir ki, həmin hissədə iddia tələbi əsaslı olmuşdur. Belə ki, iş materialları ilə müəyyən edilir ki, tərəflər xx.xx.2014-cü il tarixində rəsmi nikaha daxil olmuşlar və Bakı şəhəri Səbail Rayon 2(009)-1616/2022 nömrəli iş üzrə 10 noyabr 2022-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuşdur. Həmin qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən qüvvədə saxlanılmışdır. Tərəflərin birgə nikah dövründə “Lexus LX 570” markalı 10SA004 dövlət qeydiyyat nişanlı, “Audi RS 7” markalı 10EG004 dövlət qeydiyyat nişanlı və “BMW M 4” markalı 10EV600 dövlət qeydiyyat nişanlı avtomobillərin əldə edilməsi və məhz tərəflərin münasibətləri pozularkən özgəninkiləşdirilməsi faktı mübahisəsizdir. İşin mübahisəli halı həmin avtomobillərin satışından əldə edilmiş vəsaitin 1/2 hissəsinin iddiaçıya ödənilməsindən ibarətdir. Belə ki, cavabdeh tərəf maşınların hamısını cavabdedin atası Şöhrət Əliyev özünun öz qazancı hesabına əldə etdiyindən əmlakların bölünməsinə etiraz edir. İş materiallarında olan nəqliyyat vasitəsinin alqı-satqısı müqaviləsindən və DİN Baş Dövlət Yol Polisi İdarəsi Qeydiyyat imtahan İdarəsinin komputer uçot bazasında mövcud olan məlumatların kompüter çıxarışlardan görünür ki, “Lexus LX 570” markalı 10SA004 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2018-ci ildə Cavabdeh adına şəhadətnamə verilməklə qeydiyyata alınmış, xx.xx.2022-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında Şöhrət Əliyevin sahibliyinə keçirilmişdir; “Audi RS 7” markalı 10EG004 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2019cu ildə Cavabdeh adına şəhadətnamə verilməklə qeydiyyata alınmış, xx.xx.2022-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında X2 keçirilmişdir; “BMW M 4” markalı 10EV600 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2020ci ildə Cavabdeh adına şəhadətnamə verilməklə qeydiyyata alınmış, xx.xx.2022-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında X1 keçirilmişdir. Məhkəmə kollegiyası, məsələnin düzgün həlli üçün ailə qanunvericiliyində ərarvadın birgə mülkiyyətinin hüquqi statusunun açıqlanmasını zəruri hesab edir. Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: • əmlakın ər-arvadın nikah müddətində əldə olunması; • əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. Göründüyü kimi qanunvericiliyə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə onların birgə nikahı zamanı, ümumi gəlirləri hesabına əldə edilən əmlak aid edilir. Birinci instansiya məhkəməsi mübahisələndirilən avtomobillərin tərəflərin birgə nikahda olduqları müddətdə onların birgə vəsaitləri, gəlirləri əsasında əldə edilməsi sübuta yetirilmədiyindən, həmin avtomobillərin birgə nikah dövründə əldə edilmiş əmlakın rejmi tətbiq edilərək bölünməsinin yolverilməz olması nəticəsinə gələrkən istinad etdiyi yeganə əsas avtomaşınları Azərbaycan, Gürcüstan və Türkiyə Respublikasında, BƏƏ-də (Dubay şəhərində) şirkətləri, ailə biznesi olan, başqa sözlə yüksək maddi imkanı olan şəxs, 3-cü şəxs Şöhrət Əliyevin tərəfindən alınmasına dair onun və cavabdeh tərəfin izahatları olmuşdur. Halbuki, onların bu məzmunda izahatları özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Məhkəmə xüsusilə vurğulayır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. E.Salmanlının şikayəti üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2 və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 28 dekabr 2023-cü il tarixli qərarından qeyd etmişdir ki, “pul vəsaitinin bağışlanması ilə bağlı müqavilənin yazılı forması ilə bağlı qanunvericilikdə imperativ tələb olmasa da, nikah dövründə əldə edilmiş əmlakın məhz tərəflərdən birinə bağışlanmış pul vəsaiti hesabına əldə edilməsi əsası ilə ər-arvadın ümumi birgə deyil, ərin və ya arvadın şəxsi əmlakı kimi qiymətləndirilməsi və bununla da onların əmlakının qanuni rejimindən kənara çıxılması üçün, ilk növbədə, bağışlamanın ailəyə deyil, məhz tərəflərdən birinə edilməsini, habelə həmin vəsait hesabına mübahisəli əşyanın əldə edilməsini təsdiqləyəcək mötəbər, o cümlədən əyani sübutların (yazılı müqavilə və s.) mövcud olması zəruridir; nəzərə alınmalıdır ki, şifahi qaydada bağlanmış əqdlər üzrə yuxarıda qeyd edilənlərin hüquq tətbiqedici orqanlar tərəfindən dəqiq müəyyənləşdirilməsi, bir qayda olaraq mümkün olmadığından, bu, hazırkı işdə olduğu kimi hüquq tətbiqetmə təcrübəsində ziddiyyətlərin və fərqli yanaşmaların yaranmasına və eyni bir faktın bir halda ərin və ya arvadın şəxsi mülkiyyətinin yaranmasının əsası kimi qiymətləndirilməsi, digər halda isə onların birgə mülkiyyətini istisna edən əsas kimi nəzərə alınmaması ilə nəticələnir; vurğulanmalıdır ki, hər hansı əqdin forması ilə bağlı tələb heç də həmişə həmin əqdin etibarlılıq şərti olaraq qəbul edilmir. Bəzi hallarda belə forma tələbi məhz sübutetmə şərti olaraq çıxış edir. Bu zaman həmin əqd üzrə iddianın sübuta yetirilməsi, habelə bu əqddən irəli gələn nəticələrin tətbiqi tələbinin təmin edilməsi üçün əqdin forma tələbinə riayət edilməsi mütləq olur; göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, ailə-nikah münasibətləri üzrə hər hansı əşyanın məhz əvəzsiz əqd üzrə əldə edilməsi səbəbindən ərin və ya arvadın şəxsi mülkiyyəti olması ilə bağlı tələblərin təmin edilməsi üçün, belə əqdlərin mövcudluğu əyani sübutlarla (yazılı müqavilə və s.) təsdiqlənməlidir. Odur ki, ailənikah münasibətləri, ər-arvadın əmlakının ümumiliyi prezumpsiyasının əksinə olaraq nikah dövründə əldə olunmuş əşyanın ərin və ya arvadın şəxsi mülkiyyəti olması qənaətinə gəlinməsi baxımından əvəzsiz əqdlər üçün yazılı forma sübutetmə şərti olaraq qəbul edilməlidir; əks yanaşma, yəni tərəflərin iradəsinin dəqiq, birmənalı, aydın şəkildə ifadə olunmasına imkan verən əyani sübutların (yazılı müqavilə və s.) olmaması halında əmlakın ər-arvadın hər birinin ayrıca mülkiyyəti kimi qiymətləndirilməsi Ailə Məcəlləsi ilə müəyyən edilən ər-arvadın əmlakının qanuni rejiminin mahiyyəti və məqsədinə uyğun gəlməməklə yanaşı, ərin və ya arvadın öz hüquqlarından sui-istifadəsinə əhəmiyyətli şərait yaradaraq digər tərəfin Konstitusiya ilə təminat verilən mülkiyyət hüququnun pozulması ilə nəticələnə bilər; odur ki, Mülki Məcəllənin 225.2 və Ailə Məcəlləsinin 34.1-ci maddələri üzrə əvəzsiz əqd (bağışlama müqaviləsi) əsasında əldə olunmuş əşyanın ərin və ya arvadın şəxsi əmlakı hesab edilməsi üçün belə əqdlərin yazılı forması ilə bağlı tələbin sübutetmə şərti kimi nəzərdə tutulmaması Konstitusiyanın 29-cu maddəsinə zidd olmaqla yanaşı, ailənin dövlətin xüsusi himayəsində olduğunu bəyan edən Konstitusiyanın 17-ci maddəsinin İ hissəsi ilə də uzlaşmır; bu baxımdan Konstitusiya Məhkəməsi Plenumunun hazırkı Qərarında ifadə etdiyi hüquqi yanaşma nəzərə alınmaqla, Mülki Məcəllənin 225.2 və Ailə Məcəlləsinin 34.1-ci maddələrində əmlakın ər-arvadın hər birinin ayrıca mülkiyyəti hesab edilməsi üçün həmin əmlakın əldə edilməsinə əsas verən əvəzsiz əqdlərin forması ilə bağlı tənzimetmənin müəyyən edilməsi istiqamətində qanunverici tərəfindən dəyişikliklərin həyata keçirilməsi məqsədəmüvafiq hesab edilir.” Göründüyü kimi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu yuxarıda qeyd olunan qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən ailə-nikah münasibətləri üzrə hər hansı əşyanın məhz əvəzsiz əqd üzrə əldə edilməsi səbəbindən ərin və ya arvadın şəxsi mülkiyyəti olması ilə bağlı tələblərin təmin edilməsi üçün, belə əqdlərin mövcudluğu əyani sübutlarla (yazılı müqavilə və s.) təsdiqlənməlidir. Hazırki işin faktiki hallarından isə iddiaçının mübahisələndirdiyi avtomobillərin məhz cavabdehin atasının hesabına əldə edilməsinə dair əyani sübutlar mövcud olmamışdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu yuxarıda qeyd olunan qərarına istinad etməklə hesab edir ki, nə qədər ki, “Lexus LX 570” markalı 10SA004 dövlət qeydiyyat nişanlı, “Audi RS 7” markalı 10EG004 dövlət qeydiyyat nişanlı və “BMW M 4” markalı 10EV600 dövlət qeydiyyat nişanlı avtomobillər tərəflərin birgə nikahları dövründə əldə edilmiş və həmin avtomobillərin əldə edilməsi zamanı 3-cü şəxsin iştirakına dair əyani sübut təqdim olunmadığı görə həmin avtomobillər məhz ailənin ümumi gəlirləri hesabına edilmiş əmlaklar kimi qiymətəndirilməli, onlara birgə nikah dövründə əldə edilmiş əmlakın rejimi tətbiq edilməklə avtomobillərin satışından əldə edilən vəsait tərəflər arasında bərabər bölünməlidir. Kollegiya bu qənaətə gələrkən həmçinin avtomobillərin satılmasından əldə edilmiş vəsaitin ailənin xərclərinə sərf edilməsi və ya həmin vəsaitin müəyyən bir hissəsinin iddiaçıya verilməsi iş materialları ilə müəyyən edilməməsini də nəzərə alır. Məhkəmə kollegiyası həmin avtomobillərin dəyərinin müəyyən edilməsinə münasibətdə isə qeyd edir ki, nə qədər ki, avtomobillərin dəyərinin alqı-satqı müqavilələrindən fərqli olması barədə mötəbər sübutlar təqdim edilməmişdir, belə olan halda alqı-satqı müqavilələrində göstərilən qiymətlər əsas götürülməlidir. Belə ki, işin materiallarından görünür ki, iddiaçı tələbində bu əmlaklarla bağlı əqdləri və onlara münasibətdə mülkiyyət hüquqlarını deyil, məhz birgə mülkiyyətində olan avtomobilləri satan cavabdehin satışdan əldə olunmuş vəsaitin iddiaçıya məxsus hissəsini özünün götürməsinə istinad etməklə həmin satış pulunun yarısının ona verilməli olmasını iddia etmişdir. İş materiallarından görünür ki, “Lexus LX 570” markalı 10SA004 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında 30.000 ABŞ dollarına Şöhrət Əliyevin sahibliyinə keçirilmişdir; “Audi RS 7” markalı 10EG004 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2022ci il tarixdə alqı-satqı müqaviləsi əsasında 20.000 manat X2 keçirilmişdir; “BMW M 4” markalı 10EV600 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2022ci il tarixdə alqı-satqı müqaviləsi əsasında 20000 manata X1 keçirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin qətnaməsi qismən iddia tələbinin rədd edilən - avtomobillərin satışından əldə olunmuş vəsaitin bölünməsi hissəsində ləğv edilməklə, həmin hissədə iddia tələbi təmin edilərək avtomaşınların satış qiymətləri tərəflər arasında 1/2 nisbətdə bölünməli, “Lexus LX 570” markalı ** SA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixdə alqısatqı müqaviləsindən əldə edilmiş 30.000 ABŞ dollarının yarısı ( manatın məzənnəsinə uyğun olaraq); “Audi RS 7” markalı ** EG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixdə alqı-satqı müqaviləsindən əldə edilmiş 20000 manatın yarısı və “BMW M 4” markalı ** EV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixdə alqı-satqı müqaviləsindən əldə edilmiş 20000 manatın yarısı olmaqla, cəmi 20000 (iyirmi min) manat və 15000 ABŞ dollarının manatın məzənnəsinə uyğun məbləği Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Bununla yanaşı məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbinin - qızıl-zinət əşyalarının qaytarılması hissəsində gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, həmin hissədə iddia tələbinin eləcə də apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Belə ki, məhkəmə kollegiyası nəzərə alır ki, hazırki mübahisənin (iddia tələbinin qızıl-zinət əşyalarının qaytarılması hissəsi) halları baxımından iddiaçının tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddəyə əsaslanan iddianın təmin edilməsi üçün isə maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. İddia tələbi ilə bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, iş üzrə sübut etmə yükü iddiaçının üzərinə düşür və məhz iddiaçı qaytarılmasını tələb etdiyi qızıl-zinyət əşyalarının mülkiyyətində olduğunu, iddia irəli sürülən anda isə cavabdehin qanunsuz sahibliyində saxlanıldığını sübut etməlidir. Bu zaman nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. İddiaçı hazırkı iddia tələbində iddia ərizəsində qeyd etdiyi qızıl-zinət əşyalarının onun mülkiyyətində və istifadəsində olması inkar edilməsə də sözügedən əşyaların cavabdeh tərəfindən götürülməsinə və ya əşyaların cavabdehdə olmasına dair məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qızılların, sənədlərin və əşyaların götürülməməsinə dair şahid ifadəsinə düzgün olaraq tənqidi yanaşmışdır, belə ki, onlar iddiaçının yaxın qohumu olmaqla maraq və mənafeyinə uyğun verilmiş ifadələr kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsində ifadə verən şahid, iddiaçının əmisi ifadəsində iddiaçının qızıl-zinət əşyalarının satmasını təsdiq etmiş və eyni zamanda bildirmişdir ki, satılan qızıllar iddiaçının özünə məxsus olmuşdur. Halbuki, məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi-vəkili həmin faktı inkar etmişdir. 3-cü şəxsin də həm birinci instansiya məhkəməsində, həm apellyasiya instansiyası məhkəməsində verdiyi izahatlarında qeyd edilən satılan qızılların iddiaçının qaynanasının iştirakı ilə satılmasını göstərmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsinin iclasında iddiaçının nümayəndəsi-vəkili iddiaçının tələb etdiyi qızıl-zinət əşyalarının həmişə qayınanasının saxlancında olduğunu, istifadə etmək lazım olduqda sonuncu tərəfindən iddiaçıya verildiyini bildirmişdir. Məhkəmə kollegiyası bunlarla bağlı qeyd etməyi zəruri sayır ki, qızıl-zinət əşyalarının satılması işin mübahisəsiz halıdır. Lakin konkret olaraq hansı adlı və əyarlı qızıl-zinət əşyalarının satılması barədə məlumat verilməmiş və sübut təqdim olunmamşdır. Bundan başqa, iddiaçının qayınata və qayınanasından ayrılıqda yaşayaraq ayrı təsərrüfatı aparması müəyyən edilmişdir. İddiaçı isə ərizəsində qızılların cavabdeh əri ilə yaşadığı evdə qalmasını göstərmişdir. Göründüyü kimi, mövcudluğu sübut olunmayan qızıl-zinət əşyalarının cavabdehdən tələb edilməsinə dair iddia tələbləri əsassız olmuşdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı qızıl-zinət əşyalarının cavabdehin qanunsuz sahibliyində qalmasına dair hüquqi mövqeyini sübut edə bilmədiyindən, buna dair hər hansı mötəbər və tutarlı sübutlar məhkəməyə təqdim edilmədiyindən birinci instansiya məhkəməsinin - iddianın bu hissədə rədd edilməsi barədə gəldiyi nəticə düzgün olmuşdur. İddiaçı cavabdehlə nikaha daxil olarkən, ona iddia ərizəsində cehiz əşyaları hədiyyə edilməsini göstərərək onların adlarını, sayını və çeşidini konkret sadalamayaraq, həmin əşyalar hazırda cavabdehlə iddiaçının birgə yaşadıqları ünvanda olmasını göstərməklə tələb hissəsində onları qeyd etməmişdir. Apellyasiya instansiyası məhkəməsinin iclasında isə iddiaçının nümayəndəsi-vəkili cehiz əşyaları ilə bağlı ümumiyyətlə mübahisənin olmamasını qeyd etmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilməyən hissə üzrə əlavə araşdırma aparılmasına zərurət yoxdur. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi avtomaşınların satış pulunun bölünməsi hissəsində ləğv edilərək iddia tələbinin yuxarıda göstərilən qaydada qismən təmin edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli, e-2(009)- 273/2023 saylı qətnaməsi qismən iddia tələbinin rədd edilən - avtomobillərin satışından əldə olunmuş vəsaitin bölünməsi hissəsində ləğv edilsin. Həmin hissədə iddia tələbi təmin edilsin. “Lexus LX 570” markalı ** SA ***, “Audi RS 7” markalı 10EG004 və “BMW M 4” markalı 10EV600 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin satışından əldə edilmiş vəsait tərəflər arasında 1/2 nisbətdə bölünsün. “Lexus LX 570” markalı ** SA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixdə alqı-satqı müqaviləsindən əldə edilmiş 30.000 ABŞ dollarının yarısı 15000 dollar (qətnamə icra edilən vaxta manatın məzənnəsinə uyğun); “Audi RS 7” markalı 10EG004 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixdə alqısatqı müqaviləsindən əldə edilmiş 20000 manatın yarısın 10000 manat və “BMW M 4” markalı 10EV600 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixdə alqısatqı müqaviləsindən əldə edilmiş 20000 manatın yarısı 10000 manat olmaqla, cəmi 20000 (iyiurmi min) manat və 15000 dollar (qətnamə icra edilən vaxta manatın məzənnəsinə uyğun) Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar