Məhkəmə qərarları › İş №2(103)-10018/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10018/2021

19.10.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10018/2021 19.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X6 oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh2 MMC-yə qarşı ”əmək haqqı” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli, 2(005)-2924/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) Cavabdeh2 MMC-yə (bundan sonra, cavabdeh) qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər idarəsi müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) ”əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehdən ona Əmək Müfəttişliyi Xidmətinin araşdırıb yekun nəticə haqqında çıxardığı əmrə əsasən ödənilməli olan 10 ay rəsmi maaşının (karta hər ay köçürülən 282 manat) dövlət tərəfindən edilmiş olan 4 ayrı-ayrı məbləğlər (122 manat, 62 manat, 190 manat və 202 manat dövlət tərəfindən muzdlu işçilərə edilmiş yardım) çıxılaraq ümumilikdə 2244 manat ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı, iddia tələbini onunla əsaslandırmışdır ki, onunla 12.11.2019-cu tarixdən rəsmi olaraq əmək müqaviləsi bağlanılmış, 800 manat maaş ödənilməsi barədə razılığa gəlinmişdir. Bu məbləğin 282 manatı rəsmi olaraq "xxxx" ASC-yə məxsus maaş kartına, qalan 518 manatı isə nəğd şəkildə hər ay ödənilirdi. Aprel 2020 tarixindən 01.02.2021-ci tarixə qədər olan müddətdə (10 ay) rəsmi və yaxud qeyri rəsmi maaşları ödənilməmiş, dəfələrlə müdriyyətdən maaş tələb etməsinə baxmayaraq, işlərin zəif olduğu, bir az qaydasına düşdükdən sonra bütün maaşın hesablanıb artıqlaması ilə ödəniləcəyi bildirilmiş, o isə iş yerini itirmək istəmədiyindən bu vədlərə inanmışdır. Lakin 01.02.2021-ci il tarixdə məlum olmuşdur ki, sahibkar Elçin bəy tərkibində 30 dan çox işçi olan oteli heç bir işçiyə xəbərdarlıq belə etmədən Pandemiya başa çatana qədər 3 illik icarəyə verib. Bundan sonra, Elçin bəydən və otelin direktoru sayılan Cavabdeh1 ona ödəniləcək 10 aylıq maaşı və işdən xəbərdarlıq edilmədən çıxarıldığı üçün təzminat tələb etmiş, lakin işəgötürən tərəfindən yalnızca 2 aylıq orta əmək haqqı və istifadə etmədiyi məzuniyyət pulu ödənilmişdir. Mürcaiəti əsasında Əmək müfəttişliyi şirkətə ödənməyən maaşlarını əsaslandırmaqları tələbini qoymuş, şirkət isə bunu guya ki, onun öz hesabına məzuniyyətə olması ilə əsaslandırmağa çalışmışdır. Lakin bu əsaslandırma Müfəttişlik tərəfindən haqlarının pozulması kimi qiymətləndirilərək, şirkət cərimə edilmiş və son haqq-hesabının yenidən hesablanıb ödənilməsi barədə əmr çıxarılmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli, 2(005)- 2924/2021 saylı qətnaməsi ilə (hakim Aytən Novruzova) cavabdeh tərəfindən 16.09.2020-ci il tarixdən 01.02.2021-ci il tarixədək əmək haqqının üçdə iki hissəsi miqdarının hesablanaraq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir. Cavabdeh, qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini – qətnamənin əsassız olması, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19.06.2020-ci il tarixli, 208 salı Qərarının 1.1.2-ci bəndinə müvafiq olaraq COVİD-19 pandemiyası ilə əlaqədar virusun yayılmasının qarşısını almaq məqsədilə ictimai iaşə obyekləri və otellərin, o cümlədən onun fəaliyyətinin tam dayandırılması, buna görə də, vergilər, sosial xərclər, işçi xərcləri, icarə haqqı və s. bu kimi xərcləri öz vəsaiti hesabına ödəmək məcburiyyətidə qalması, ƏM-in 129-cu maddəsinə əsasən İddiaçıla qarşılıqlı razılıq əsasında ona 16.03.2020-ci il tarixdən 16.09.2020-ci il tarixədək altı ay müddətinə ödənişsiz məzuniyyət verilməsi, bundan sonra isə, ƏM-in 146-cı maddəsi tətbiq edilərək, qrup halında işçilərə, o cümlədən İddiaçı daha 60 gün ödənişsiz məzuniyyət verilməsi, bu müddətdə Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən şirkətin fəaliyyətini dayandırmaq məcburiyyətində qalması, bu Qərarın 2021-ci ilin fevral ayının sonunadək qüvvədə olması, ona görə də bu halın boşdayanma kimi qiymətləndirilməsinin düzgün olmaması və s. kimi əsaslandırmışdır. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi, apellyasiya şikayətini müdafiə edərək, əlavə olaraq bildirmişdir ki, iddiaçının qarşılıqlı razılıq əsasında ilk dəfə 6 ay müddətinə ödənişsiz məzuniyyətə göndərildiyi müddətdə ona heç bir ödəniş edilməmişdir. Sonradan COVİD-19 pandemiyası ilə əlaqədar Nazirlər Kabinetinin müvafiq qərarına əsasın müəssisənin fəaliyyəti dayandırıldığından o, ƏM-in 146-cı maddəsinin 1-ci hissəsinə əsasən 2 ay müddətinə yenidən ödənişsiz məzuniyyətə göndərilmiş və bu hal işəgötürənin təqsiri üzündən baş vermədiyi üçün ödəniş də edilməmişdir. Odur ki, qeyd olunanlara əsasən, məhkəmə kollegiyasından şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı isə, apellyasiya şikayətinə etiraz edərək, iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verdiyi izahatına uyğun eyni məzmunda izahat vermiş və məhkəmə kollegiyasından, şikayətin təmin olunmamasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxsə rəsmi qaydada məlumat verilmiş, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən, işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, iddia ərizəsi qismən təmin olunmuş, iddiaçı qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası, məhz cavabdehin apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin müəyyən edilmiş faktiki hallarına əsasən, tərəflər arasında bağlanmış 01 noyabr 2019-cu il tarixli əmək müqaviləsinə əsasən, İddiaçı Cavabdeh2 MMC-də 300 manat əmək haqqı ilə müddətsiz olaraq Qeydiyyat şöbəsinin müdiri vəzifəsinə işə qəbul edilmiş və əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi birlidirişi elektron sistemə 12 noyabr 2019-cu il tarixdə daxil edilmişdir. İddiaçı öz ərizəsi əsasında Cavabdeh2 MMC-nin “ərizələrin daxil olması ilə əlaqədar” 16 mart 2020-ci il tarixli, 8 nömrəli əmri ilə 16 mart 2002-ci il tarixdən 16 sentyabr 2020-ci il tarixədək 6 ay müddətinə ödənişsiz məzuniyyətə buraxılmışdır. Bundan sonra, Cavabdeh2 MMC-nin «işçilərin növbədənkənar məzuniyyətə buraxılması ilə əlaqədar olaraq» 29 avqust 2020-ci il tarixli 15A saylı əmri ilə MMC-də çalışan işçilər 01 sentyabr 2020-ci il tarixdən 30 sentyabr 2020-ci il tarixədək növbədənkənar məzuniyyətə buraxılmış, 28 sentyabr 2020-ci il tarixli, 19 nömrəli əmri ilə isə növbənkənar məzuniyyətin müddəti 02 noyabr 2020-ci il tarixədək uzadılmışdır. MMCnin 01 oktyabr 2020-ci il tarixli, 19/20 saylı «işin dayandırılması ilə əlaqədar işçilərin qrup halında ödənişsiz məzuniyyətə buraxılması ilə əlaqədar olaraq» əmri ilə 01 oktyabr 2020ci il tarixdən əmrdə adları əks olunan şəxslər, o cümlədən İddiaçı 60 təqvim günü ödənişsiz məzuniyyətə buraxılmışlar. Sonradan, adıçəkilən MMC-nin 28 oktyabr 2020-ci il tarixli, 20 nömrəli əmri ilə işçilərin növbədənkənar məzuniyyət müddəti 01 dekabr 2020-ci il tarixədək; 19 noyabr 2020-ci il tarixli, 21 nömrəli əmri ilə 28 dekabr 2020-ci il tarixədək; 14 dekabr 2020-ci il tarixli, 21 nömrəli əmri ilə 31 dekabr 2020-ci il tarixədək; 30 dekabr 2020-ci il tarixli, 21 nömrəli əmri ilə 31 yanvar 2021-ci il tarixədək və sonuncu dəfə 31 yanvar 2021-ci il tarixli, 21 nömrəli əmri ilə 28 fevral 2021-ci il tarixədək uzadılmışdır. MMC-nin 09.03.2021-ci il tarixli, 026/21 saylı əmri ilə isə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “c” bəndinə əsasən (əmək şəraitinin şərtlərinin dəyişdirilməsi) həmin tarixdən xitam verilmişdir. Hazırda iddiaçı 16.09.2020-ci il tarixdən 01.02.2020-ci il tarixədək cavabdeh tərəfindən ödənilməyən əmək haqqının ödənilməsini tələb edir. Məhkəmə kollegiyası, tələbin hüquqi əsaslarını nəzərdən keçirib, mübahisənin hüquqi həlli ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Konstitusiyanın 35-ci maddəsinə əsasən, hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ, İV, Vİ hissələri). Milli qanunvericilikdə fiziki şəxslərin əməyə olan qabiliyyətlərinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən aparıcı normativ-hüquqi akt Əmək Məcəlləsidir. Bu Məcəllə fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra, ƏM) 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən, əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. ƏM, həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. ƏM-in 12-ci maddəsində əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri sadalanmış və onlardan biri kimi əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək vəzifəsi qeyd olunmuşdur. ƏM-in 154.1-ci maddəsinə əsasən, əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. ƏM-in 172.1-ci maddəsinə əsasən, aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Göründüyü kimi, işəgötürən işçiyə gördüyü işlərə görə əmək haqqı ödəməyə borcludur. Bununla belə, qanunda bəzi istisna və müvəqqəti hallarda işəgötürənin bu öhdəliyindən azad olması ilə bağlı əsaslar da müəyyən edilmişdir ki, işçinin ödənişsiz məzuniyyətdə olması da bunlardan biridir. Belə ki, ƏM-in 129.1-ci və 129.2-ci maddələrinə əsasən, ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir. İşəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. ƏM-in 146.1-ci və 146.2-ci maddələrinə əsasən, kollektiv müqavilələrdə, belə müqavilələr bağlanmadığı hallarda əmək müqavilələrində nəzərdə tutulan şərtlərlə və qaydalarda, işin normal ahəngini pozan amillər - təbii fəlakət, istehsalat qəzaları və operativ surətdə qarşısı alınmayan digər hallar mövcud olduqda, işəgötürənin təqsiri olmadan istehsalın, axın xəttinin və işin dayandırılması ilə əlaqədar olaraq işçilər qrup halında ödənişli, yaxud ödənişsiz məzuniyyətə buraxıla bilərlər. Bu halda ödənişsiz məzuniyyətin müddəti, işçinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada müəyyən edilmiş əsas məzuniyyətinin iki illik müddətinin cəmindən çox olmamalıdır. İşəgötürənin təqsiri üzündən istehsalın, axın xəttinin və işin dayandırıldığı hallarda işçilərin qrup halında ödənişsiz məzuniyyətə buraxılması yolverilməzdir. Bu hal işəgötürənin təqsiri üzündən boşdayanma hesab edilir və işçilərə bu Məcəllənin 169-cu maddəsində nəzərdə tutulmuş məbləğdə əmək haqqı ödənilir. ƏM-in 169.1-ci və 169.2-ci maddələrinə əsasən, boşdayanmanın başlanması haqqında işçi işəgötürənə və ya iş yeri üzrə rəhbərinə (briqadirə, ustaya, digər vəzifəli şəxslərə) xəbərdarlıq etdikdə, işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir. İşçinin təqsiri üzündən boşdayanma vaxtı ödənilmir. Beləliklə, qeyd olunan normaların qarşılqılı təhlilindən belə aydın olur ki, qanunverici işçinin öz xahişi, tərəflərin qarşılıqlı razılığı və ya onların iradəsindən asılı olmayan hallarda ödənişsiz məzuniyyət buraxılması konkret müddətlərlə məhdudlaşdırmışdır. Bu müddətdən artıq ödənişsiz məzuniyyətə buraxılması isə boşdayanma hesab edilir ki, bu hal işəgötürənin təqsiri üzündən baş verdikdə işçiyə ƏM-in 169-cu maddəsində nəzərdə tutulmuş məbləğdə əmək haqqı ödənilməlidir. Baxılan işin yuxarıda sadalanan hallarından görünür ki, iddiaçı 01 noyabr 2019-cu il tarixdən cavabdeh MMC-də işləmiş, işəgötürənlə qarşılıqlı razılıq əsasında 16 mart 2002ci il tarixdən 16 sentyabr 2020-ci il tarixədək 6 ay müddətinə ödənişsiz məzuniyyətə buraxılmış, sonradan isə cavabdeh tərəfindən verilmiş müxtəlif tarixli əmrlərlə növbədənkənar ödənişsiz məzuniyyət müddəti 28 fevral 2021-ci il tarixədək təqribən 5 ay müddətinə uzadılmış, eyni zamanda bu əmrlərin heç biri ilə tanış edilməmişdir. Göründüyü kimi, işəgötürən tərəfindən işçinin ödənişsiz məzuniyyətə buraxılması ilə bağlı qanunda nəzrədə tutulmuş müddətlər aşılmaqla onun əmək hüquqları pozulmuş və nəticədə o, işləmək və bunun müqabilində haqq almaq hüquqlarını itirmişdir. Bu hallar isə ona dəlalət edir ki, iddiaçı 16.09.2020-ci il tarixdən sonra işgötürənin təqsiri üzündən ödənişsiz məzuniyyətə buraxıldığından, bu müddətdən sonrakı boşdayanma üçün ona qanunla müəyyən edilmiş məbləğdə haqq ödənilməlidir. Belə olan halda isə, birinci instansiya məhkəməsinin iddia tələbinin həddini nəzərə alaraq cavabdehdən iddiaçının xeyrinə 16 sentyabr 2020-ci il tarixdən 01 fevral 2021-ci il tarixədək əmək haqqının üçdə iki hissəsi miqdarında pul tutulması barədə gəldiyi nəticə qanuni və əsaslıdır. Cavabdeh isə qətnaməni bu hissədə mübahisələndirsə də, Kollegiya gətirdiyi dəlillərlə razılaşmayaraq, həmçinin bildirir ki, işçinin ödənişsiz məzuniyyətdə olması müddətinin qanunla müəyyən olunmuş müddətdən artıq formal olaraq dəfələrlə uzadılması yuxarıdakı hüquqi mövqelərə ziddir. Belə ki, cavabdeh apellyasiya şikayətində ƏM-in 146-cı maddəsinə istinad etsə də, həmin normanın dispozitiv şərtlərinin mövcudluğunu və hazırkı mübahisə ilə birbaşa səbəbli əlaqəni də əsaslandıra bilməmişdir. Çünki, qeyd edilən norma xüsusi hallarda, yəni təbii fəlakət, istehsalat qəzaları və operativ surətdə qarşısı alınmayan digər hallar mövcud olduqda, işəgötürənin təqsiri olmadan istehsalın, axın xəttinin və işin dayandırılması ilə əlaqədar olaraq işçilər qrup halında ödənişli, yaxud ödənişsiz məzuniyyətə buraxılması imkanını müəyyən etmişdir. Göründüyü kimi, cavabdeh bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, etirazını əsaslandıra bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh tərəfin bildirdikləri isə, özü-özlüyündə iddianın yoxlanılan hissədə əsassız olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, apellyasiya şikayətinin dəlilləri yoxlanılan hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Bu səbəbdən də apellyasiya şikayəti təmin edilməməli, qətnamə həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh2 MMC-yə qarşı ”əmək haqqı” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli, 2(005)-2924/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli, 2(005)- 2924/2021 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar