Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10019/2021 27.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4318/2021 saylı iş üzrə 26 iyul 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə dair işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahdan doğulmuş 09.09.2004-cü il təvəllüdlü Hüseynov Nicat Ceyhun oğlunun və 01.03.2006-cı il təvəllüdlü Hüseynov Nihad Ceyhun oğlunun saxlanılmaları üçün hər ay ödənilməklə sabit pul məbləğində hər uşaq üçün 175 manat olmaqla iki uşağa görə 350 (üç yüz əlli) manat məbləğdə alimentin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə (bundan sonra cavabdeh) 16.09.2003-cü ildə nikaha daxil olaraq ailə qurmuşlar. Həmin nikahdan 09.09.2004-cü il təvəllüdlü Hüseynov Nicat Ceyhun oğlu və 01.03.2006-cı iki təvəllüdlü Hüseynov Nihad Ceyhun oğlu anadan olmuşdur. Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin 27.08.2014-cü il tarixli, 2(004)-7157/2014 №-li qətnaməsi ilə cavabdehlə aralarında bağlanmış nikah pozulub. Həmin qətnamə ilə uşaqlar ananın yanında saxlanılsalar da uşaqlar ona üstünlük vermiş və 2020-ci ilin aprel ayından etibarən də onun yanında qalmışlar və bu gündə onun yanındadırlar. O uşaqların anadan alınaraq ona verilməsi tələbinə dair iddia ərizəsi ilə Yasamal rayon Məhkəməsinə müraciət etmiş, məhkəmədə mülki işə baxılmış və iddia təmin edilərək 03 mart 2021-ci il tarixli qətnamə ilə Cavabdeh ilə birgə nikahdan doğulmuş 09.09.2004-cü il təvəllüdlü Hüseynov Nicat Ceyhun oğlunun və 01.03.2006-cı il təvəllüdlü Hüseynov Nihad Ceyhun oğlunun atanın, yəni İddiaçı yanında qalmaları müəyyən edilmişdir. Həmin qətnamə özünün qanuni qüvvəsini almışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4318/2021 saylı iş üzrə 26 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia ərizəsinin təmin edilməsi, Cavabdeh 09.09.2004-cü il təvəllüdlü Hüseynov Nicat Ceyhun oğlunun və 01.03.2006-cı il təvəllüdlü Hüseynov Nihad Ceyhun oğlunun yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay, hər bir uşaq üçün ayrı-ayrılıqda 175 manat olmaqla, cəmi 350 manat məbləğində aliment tutularaq İddiaçı verilməsi, alimentin tutulma vaxtının 17 iyun 2021-ci il tarixdən hesablanması, qətnamənin dərhal icra edilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Kollegiya hesab edir ki, apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108.1.4-cü maddəsinə əsasən, apellyasiya və kassasiya şikayətləri verildikdə, eləcə də iş üzrə icraatın xitam verilməsindən, iddianın baxılmamış saxlanılmasından, məhkəmə cərimələrinin qoyulmasından şikayət verildikdə dövlət rüsumu ödənilməlidir. Apellyasiya şikayətindən görünür ki, apellyasiya şikayətində rüsmunun ödənilməsi qeyd edilsə də, cavabdeh tərəfindən verilmiş şikayətlə bağlı dövlət rüsumu ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmadıqda apellyasiya şikayəti geri qaytarılır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə uyğunluğunu yoxlamadan apellyasiya şikayətini işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 363.4-cü maddəsinə əsasən bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Belə olan halda kollegiya hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4318/2021 saylı iş üzrə 26 iyul 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilməli, apellyasiya şikayəti geri qaytarılması üçün mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 400, 402, 366-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r а r а а l d ı: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4318/2021 saylı iş üzrə 26 iyul 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayəti geri qaytarılması üçün mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-10019/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10019/2021
27.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver