Məhkəmə qərarları › İş №2(103)-10026/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10026/2021

12.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10026/2021 12.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi ilə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 2(004)- 735/2021 saylı qərardadından İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli, 2(004)- 735/2021 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı «şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddiası rədd edilmişdir. İddiaçının nümayəndəsi həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 23.08.2021-ci il tarixli qərardadı ilə iddiaçının nümayəndəsinin apellyasiya şikayəti prosessual müddət buraxıldığı və prosessual müddətin bərpa edilməsi barədə ərizə verilmədiyinə görə geri qaytarılmışdır. İddiaçının nümayəndəsi 13.09.2021-ci il tarixdə şikayət verərək, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 23.08.2021-ci il tarixli qərardadının ləğv edilməsini, əks təqdirdə şikayətin iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 15.09.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə tərəflər məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən şikayətə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası, sədrlik edənin işin hallarına dair məruzəsini, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 23.08.2021-ci il tarixli, 2(004)-735/2021 saylı qərardadı ləğv edilməlidir. Belə ki, iş materiallarında olan SS ********* AZ kodlu xəbərnamədə poçt göndərişinin alıcısı qismində İddiaçı qeyd edilmiş olsa da, həmin sənəddə 04 may 2021-ci il tarixdə poçt orqanının göndərişinin şəxsən İddiaçı tərəfindən, yaxud digər qaydada kim tərəfindən qəbul edildiyi (şəxsin soyadı, adı) müəyyən edilmir. İş materiallarında olan məhkəmə qəbzindən isə görünür ki, iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin qətnaməsi 03 avqust 2021-ci il tarixdə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Birinci instansiya məhkəməsi məhkəmə sənədinin kim tərəfindən qəbul edilməsini araşdırmadan, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini olaraq geri qaytarmışdır. Azərbaycan Respublikası MPM-nin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Göründüyü kimi, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli qətnaməsini aldıqdan sonra iddiaçı tərəfindən qanunla müəyyən olunmuş bir aylıq prosessual müddət ərzində apellyasiya şikayəti verilmişdir. Lakin birinci instansiya məhkəməsi prosessual müddətin buraxılmasına istinad etməklə, apellyasiya şikayətini əsassız olaraq geri qaytarmış və iddiaçının hüquqlarını məhdudlaşdırmışdır. Azərbaycan Respublikası MPM-nin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 357, 397-400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı nümayəndəsi və vəkili Nümayəndə şikayəti təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 23.08.2021-ci il tarixli, 2(004)-735/2021 saylı qərardadı ləğv edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar