Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10029/2021 20.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X2 ibarət tərkibdə, Məmmədova Nərmin Nəzər qızının katibliyi, İddiaçı Tağızadə (İmranlı) Fərəh Nağı qızının, onun nümayəndəsi X3, Cavabdeh İmranlı Cavabdeh1 nümayəndəsi X4 və digər cavabeh Cavabdeh2 iştirakı ilə, İddiaçı Tağızadə (İmranlı) Fərəh Nağı qızının cavabdehlər İmranlı Cavabdeh1 və Cavabdeh2 qarşı «cehiz və qızıl-zinət əşyalarının qaytarılması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2425/2021 saylı, 04 avqust 2021-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh İmranlı Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Tağızadə (İmranlı) Fərəh Nağı qızı cavabdehlər İmranlı Cavabdeh1 və Cavabdeh2 qarşı «cehiz və qızıl-zinət əşyalarının qaytarılması» tələbinə dair iddia ərizəsi ilə müraciət edərək (sonradan tələbini dəqiqləşdirməklə), ünvan 1, mənzil 170-də yerləşən 15.930 manat dəyərində 7 adda qızıl-zinət və 18727 manat dəyərində 84 adda cehiz əşyalarının, əşyalar aşkar edilməzsə onların dəyəri olan cəmi 34657 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 avqust 2021-ci il tarixli, 2(004)- 2425/2021 saylı qətnaməsi ilə (hakim Vahid Hacıyev) iddia qismən təmin edilərək, cavabdeh İmranlı Cavabdeh1 yaşadığı və digər Cavabdeh2 məxsus Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsi 12 nömrəli evin 170 nömrəli mənzilində yerləşən və iddiaçıya məxsus olan 68 adda cehiz əşyalarının, bu əşyalar aşkar olunmadıqda isə onların dəyərinin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada, ümumi dəyəri 5100 manat olan qızıl-zinət əşyalarının (briliant qaşlı üzük-sırğa dəsti - 10,8 qram, 0,72 sot; boyunbağı - 21,8 qram, 1 karat 32 sot, 750 əyarlı; qolbağ - 8,7 qram, 0,50 sot, 750 əyarlı), bu əşyalar aşkar olunmadıqda isə, onların dəyərinin cavabdeh İmranlı Cavabdeh1 alınaraq iddiaçıya qaytarılması qət edilmişdir. İddiaçı qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qisməniddianın təmin olunmayan hissəsində ləğv olunaraq, iddianın həmin hissədə təmin olunmasını xahiş etmişdir. Cavabdeh İmranlı Cavabdeh1 da, qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın qızıl-zinət əşyalarına münasibətdə rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətlərinin dəlilləri: İddiaçı apellyasiya şikayətini – məhkəmənin iddianın təmin edilməyən hissələrində (briliant qaşlarla bəzədilmiş nişan üzüyü - dəyəri 1200 manat ; alyans üzük 750 əyarlı, 8 qram - dəyəri 800 manat; brilant qaşla bəzədilmiş tək qaş üzük - dəyəri 1100 manat, 750 əyarlı halqa fotmasında qızıl sırğa 8,5 qram - dəyəri 830 manat; 15 qram qızıl boyunbağı - dəyəri 1300 manat ; kulon 14 qram - dəyəri 1200 manat təşkil edən qızıl-zinət əşyalarının; həmçinin qonaq dəsti (1 divan, 2 kreslo, kamot, vitrin), yataq dəsti (şkaf, termo, taxt, stol, 2 ədəd tumba) - cəmi dəyəri 4.000 manat; mətbəx mebeli - dəyəri 1000 manat; soyuducu dəyəri 400 manat; ət çəkən maşın - dəyəri 60 manat; şirəçəkən maşın - dəyəri 70 manat; ütü - dəyəri 60 manat, tozsoran - dəyəri 85 manat; elektrik çaynik - dəyəri 20 manat; elektrik soba - dəyəri 110 manat; paltaryuyan maşın - dəyəri 545 manat; 5 ədəd süfrə- dəyəri 250 manat; 1 ədəd yorğan; 1 ədəd döşək- dəyəri 200 manat; ag dəhliz dolabı - dəyəri 250 manat; mətbəx stolu və 4 ədəd oturacağı - dəyəri 250 manat; “Evrolux” markalı aspirator - dəyəri 150 manat; “Elay” markalı qaz sobası - dəyəri 130 manat; “Shvaki” markalı kondisioner - dəyəri 400 manat; 12 ədəd boşqab dəsti - dəyəri 26 manat ibarət olan cehz əşyalarının cavabdehlərdən alınaraq iddiaçıya qaytarılması) səhv nəticəyə gəlməsi, şahid ifadələrini nəzərə almaması, iş üzrə birtərəfli araşdırma aparması, cavabdehlərə məxsus evə gəlin köçdüyü tarixdən (14.11.2020-ci il) təxminən 10 gün keçdikdən sonra işdən evə qayıdarkən yataq mebelinin siyirməsində olan ona məxsus cavabdeh tərəfindən hədiyyə olunmuş qızıl-zinət əşyalarının yerinə olmadığını görməsi, Cavabdeh1 bu barədə soruşduqda onları yerinə qoyacağını bildirsə də, hər dəfə müxtəlif bəhanələr gətirməsi, lakin 01.02.2021-ci il tarixdə evi tərk edərkən onların heç birini qaytarmaması, sonradan bibisi Suqraya girov qoyub əvəzində pul götürməsinin məlum olması və s. kimi əsaslandırmışdır. Cavabdeh isə apellyasiya şikayətini – qətnamənin dəyəri 5100 manat oduğu qənaətinə gəlinən qızıl-zinət əşyalarının (briliant qaşlı üzük-sırğa dəsti - 10,8 qram, 0,72 sot; boyunbağı - 21,8 qram, 1 karat 32 sot, 750 əyarlı; qolbağ - 8,7 qram, 0,50 sot, 750 əyarlı) ondan alınaraq iddiaçıya verilməsi hissəsində əsassız olması, bütün qızıl-zinət əşyalarının hər zaman iddiaçının özünün sərəncamında olması, evi tərk edərkən heç kimin ona mane olmaması, iddiaçının dəvəti əsasında şahid qismində dindirilmiş Surqa Hüseynobanın ifadəsinin mötəbər olmaması, iddiaçı ilə əvvəlcədən əlbir olmaları, onun adına özü üçün mənzil alması və cavbdehlərlə münasibətinin ədavətli olması və s. kimi əsaslandırmışdır. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçı və nümayəndəsi, apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə və birinci instansiya məhkəməsində verdikləri izahatlara uyğun izahat vermiş, məhkəmə kollegiyasından şikayətin təmin, cavabdehin şikayətinin isə rədd olunmasını xahiş etmişlər. İddiaçı suallara cavab olaraq, həmçinin bildirmişdir ki, 01.02.2021-ci il tarixdə evi tərk edərkən artıq qızıllar evdə deyildi, Cavabdeh1 tərəfindən götürülərək lombarda qoyulmuşdu. Qızıl dəst cavbdehlər tərəfindən 4500 manata alınsa da, hazırda dəyəri artmışdır. Bu hissədə məhkəmənin müəyyən etdiyi qiymətlə razıdır. Halqa sırğa 24.11.2019-cu il tarixdə Cavabdeh1 ad günündə qaynanası Arzu tərfindən ona hədiyyə edilmişdir, bununla bağlı videogörüntü də təqdim etmişdir. Briliant tək qaş üzük isə Cavabdeh1 özü tərəfindən 28.07.2020-ci il tarixdə onun ad günündə hədiyyə edilmişdir. Həmin üzüklə bağlı fotoşəkil Cavabdeh1 maşınında çəkilmiş və ekspertə böyüdülmüş formada təqdim edilmişdir. Qızıl boyunbağı və kulon isə Arzu tərəfindən 08.03.2020-ci il tarixdə ona hədiyyə edilmişdir. 31.10.2021-ci il tarixdə xına mərasimində onları taxmış, təqdim olunmuş şəkillər həmin vaxt çəkilmişdir. Lakin sonradan Arzu bildirmişdir ki, yeni komplekt taxılacağı üçün onları çıxartsın, ona görə də qızıl boyunbağı və kulon bəzi şəkillərdə yoxdur. Məhkəmə iclasında iştirak edən cavabdeh İmranlı Cavabdeh1 nümayəndəsi və digər cavabeh Cavabdeh2 isə, apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə və birinci instansiya məhkəməsində verdikləri izahatlara uyğun izahat vermiş, məhkəmə kollegiyasından cavabdehin şikayətinin təmin, iddiaçının şikayətinin isə rədd olunmasını xahiş etmişlər. Suallara cavab olaraq, həmçinin bildirmişlər ki, qızıl dəstin qiymətinə dair hissədə ekspert rəyi ilə razı deyillər. Ona görə ki, həmin dəsti aldıqları fərdi sahibkar kimi vergi ödəyicisi olan Sevda Həsənova tərəfindən verilmiş arayışda və onların sifarişi əsasında alınmış mütəxəssis rəyində dəstin qiyməti 4000-4500 manat müəyyən edilmişdir. Ekspert isə bundan xeyli artıq qiymət müəyyən etmişdir. Qızıl boyunbağı və kulon isə tərəflərindən ümumiyyətlə hədiyyə olunmamışdır. İddiaçı tərəfindən təqdim edilmiş şəkillər mötəbər deyildir, sonradan çəkilmiş, sanki xınada taxıldığı kimi görüntü yaratmağa çalışılmışdır. Xina paltarı iddiaçının özündədir, ona görə də eyni paltarı sonradan geyinib eyni yerdə şəkil çəkdirmişdir. Hədiyyə edilmiş halqa sırğa isə iddiaçının dediyi kimi qızıl olmamış, sadəcə qızıl suyuna batırılmışdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İlk öncə qeyd olunmalıdır ki, Kollegiya, qətnaməni iddiaçı və cavabdeh İmranlı Cavabdeh1 mübahisələndirdiyi hissələrdə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə apellyasiya şikayətlərinin həddi və dəlilləri ilə bağlıdır («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri qismən təmin olunaraq, qətnamə qismən ləğv olunmalıdır. İşin müəyyən edilmiş faktiki hallarına görə, iddiaçı Tağızadə (İmranlı) Fərəh Nağı qızı cavabdeh İmranlı Cavabdeh1 ilə 10 iyul 2020-ci il tarixdə rəsmi nikaha daxil olmuş və 14 noyabr 2020-ci ildən etibarən digər Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşəm 170 saylı mənzilə gəlin köçmüş, özünə məxsus cehiz əşyalarını və toy ərəfəsində ona hədiyyə kimi verilmiş qızıl-zinət əşyalarını həmin mənzilə aparmışdır. Sonradan tərəflərin ailə münasibətləri pisləşmiş və onlar 01.02.2021-ci il tarixdə faktiki olaraq ayrılmışlar. Buna baxmayaraq, iddiaçı, cavabdehlərin sahibliyində qalan cehiz və qızıl-zinət əşyalarını geri götürə bilməmişdir. Hazırda iddiaçı, tələbdə qeyd olunan cehiz və qızıl-zinət əşyalarının və ya onların dəyərinin, cavabdehlərdən alınıb ona verilməsini tələb edir. Məhkəmə kollegiyası, mübahisənin hüquqi həlli ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra, AM) 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ərarvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 225.1 və 225.2-ci maddələrinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. MM-in 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək, və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Qanunvericiliyin göstərilən müddəalarının mənasına görə hər hansı bir əmlakın ərarvadın birgə mülkiyyəti hesab edilə bilməsi üçün həmin əmlak məhz nikah müddətində ər-arvadın qazancları hesabına əldə edilmiş olmalıdır. Hədiyyə və ya vərəsəlik qaydasında əldə olunmuş əmlak isə onların hər birinin ayrıca mülkiyyətidir. Mülkiyyət hüququ isə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. MM-in 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Baxılan işdə bir hissədə mübahisə tələbdə qeyd olunan aşağıdakı cehiz əşyaları ilə bağlıdır: Qonaq dəsti (1 divan, 2 kreslo, kamot, vitrin), yataq dəsti (şkaf, termo, taxt, stol, 2 ədəd tumba) - cəmi dəyəri 4.000 manat; mətbəx mebeli - dəyəri 1000 manat; soyuducu dəyəri 400 manat; ət çəkən maşın - dəyəri 60 manat; şirəçəkən maşın - dəyəri 70 manat; ütü - dəyəri 60 manat, tozsoran - dəyəri 85 manat; elektrik çaynik - dəyəri 20 manat; elektrik soba - dəyəri 110 manat; paltaryuyan maşın - dəyəri 545 manat; 5 ədəd süfrə- dəyəri 250 manat; 1 ədəd yorğan; 1 ədəd döşək- dəyəri 200 manat; ag dəhliz dolabı - dəyəri 250 manat; mətbəx stolu və 4 ədəd oturacağı - dəyəri 250 manat; “Evrolux” markalı aspirator dəyəri 150 manat; “Elay” markalı qaz sobası - dəyəri 130 manat; “Shvaki” markalı kondisioner - dəyəri 400 manat və 12 ədəd boşqab dəsti - dəyəri 26 manat. İddiaçı həmin əşyalardan qonaq dəsti (1 divan, 2 kreslo, kamot, vitrin), yataq dəsti (şkaf, termo, taxt, stol, 2 ədəd tumba), mətbəx mebeli, soyuducu, ət çəkən maşın, şirəçəkən maşın, ütü, tozsoran, elektrik çaynik, elektrik soba, paltaryuyan maşın, 5 ədəd süfrə, 1 ədəd yorğan, 1 ədəd döşək və 12 ədəd boşqab dəstinin anası tərəfindən ona cehiz verilməsi, ag dəhliz dolabı, mətbəx stolu və 4 ədəd oturacağı, “Evrolux” markalı aspirator, “Elay” markalı qaz sobası və “Shvaki” markalı kondisionerin qaynanası Cavabdeh2 (iş üzrə cavabdeh) tərəfindən ona hədiyyə edildiyini bildirir. Cavabdeh tərəf isə, 5 ədəd süfrə, 1 ədəd yorğan, 1 ədəd döşək və 12 ədəd boşqab dəstinin ümumiyyətlə mövcud olmadığını, digərlərinin isə Cavabdeh2 tərəfindən iddiaçı həmin mənzilə köçməzdən əvvəl 2020-ci ili may ayında mənzil üçün alındığını bildirirlər. İşdə olan cavabdeh tərəfdən təqdim olunmuş 07.05.2020-ci il tarixli zəmanət talonları, təhvil-təslim aktı, 16.06.2020-ci il tarixli qaimə-fakturalar, həmçinin mətbəx mebelini 1100 manata düzəldərək həmin mənzilə 2020-ci ilin may ayında quraşdırmış X1 arayışından belə görünür ki, qonaq dəsti (1 divan, 2 kreslo, kamot, vitrin), yataq dəsti (şkaf, termo, taxt, stol, 2 ədəd tumba), mətbəx mebeli, soyuducu, ət çəkən maşın, şirəçəkən maşın, ütü, tozsoran, elektrik çaynik, elektrik soba, paltaryuyan maşın, ag dəhliz dolabı, mətbəx stolu və 4 ədəd oturacağı, “Evrolux” markalı aspirator, “Elay” markalı qaz sobası və “Shvaki” markalı kondisioner cavabdehlər tərəfindən alınmışdır. Göründüyü kimi, həmin əşyalar iddiaçının sözügedən mənzilə gəlin köçməsindən (14.11.2020-ci il) xeyli müddət əvvəl cavabdehlər tərəfindən alınaraq mənzilə quraşdırılmışdır. İddiaçı isə onlardan mebellərin və bəzi elektrik əşyalarının alınması üçün anası tərəfindən qaynanası Arzu Həmbətovaya 2800 manat pul verildiyini, digər elektrik əşyalarının isə qaynanası tərəfindən ona hədiyyə olunduğunu bildirsə də, cavabdeh tərəf qeyd olunanları təkzib edir, özü isə məhkəməyə bunlarla bağlı hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007ci il tarixli qərarında da göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. İstinad etdiyi şahid ifadəsi isə bu halların müəyyən edilməsi baxımından mötəbər və kifayətedici hesab oluna bilməz. Belə ki, iddiaçının vəsatəti əsasında birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X8 iddiaçının anası Gülbənizin yaxın rəfiqəsi kimi onun Cavabdeh1lə evlənməsində vasitəçi olduğunu, aldıqları cehiz əşyalarını onun maşını ilə oğlan evinə apardıqlarını, 2020-ci ilin may ayında Gülbənizin onun avtomobili ilə Arzunun iş yerinə gedərək, onun yanında Arzuya mebel və elektrik əşyalarının alınması üçün 2800 manat verdiyini bildirmişdir. Göründüyü kimi, şahid qismində dindirilmiş şəxs iddiaçı və onun anası ilə yaxın münasibətdə olan şəxs olmaqla, onların leyhinə ifadə verməsi ehtimalı olduqca yüksəkdir, bu isə onun ifadəsinin mötəbərliyini şübhə altına alır. Belə olan halda, məhkəmə tərəfindən şahidin ifadəsinə digər sübutlarla birlikdə qiymət verilməlidir. Hazrkı işin halları baxımından isə şahidin bildirdikləri işdə olan hər hansı digər sübutla dəstəklənmir. Ona görə də, kollegiya tərəfindən mötəbər sübut kimi qəbul edilmir. Mübahisəli cehiz əşyalarından 5 ədəd süfrə, 1 ədəd yorğan, 1 ədəd döşək və 12 ədəd boşqab dəstinin isə mövcudluğu sübuta yetirilmir. Belə ki, iddiaçı, tələb etdiyi həmin əşyaların mövcudluğu və cavabdehə məxsus mənzilə cehiz aparması ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut (fotoşəkil, videoyazı və s.) təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Beləliklə, məhkəmə kollegiyası qeyd olunnaları nəzərə alaraq, mübahisəli cehiz əşyalarına aid hissədə iddianın rədd olunması barədə birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşır. İddiaçı tərəfindən tələb olunan qızıl-zinət əşyalarına aid hissədə mübahisənin həlli ilə bağlı isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Hazırda idddiaçı, cavabdehlər tərəfindən toy ərəfəsində ona 7 adda qızıl-zinət əşyası (1) briliant qaşlarla bəzədilmiş nişan üzüyü dəyəri 1200 manat; 2) dəst (üzük, boyunbağı, qolbağı, sırğa) – dəyəri 5100 manat (bu hissədə qətnamə ilə razılşamışdır); 3) alyans üzük 750 əyarlı, 8 qram - dəyəri 800 manat; 4) briliant qaşla bəzədilmiş tək qaş üzük – dəyəri 1100 manat; 5) halqa formasında qızıl sırğa 750 əyarlı, 8,5 qram – dəyəri 830 manat; 6) qızıl boyunbağı 15 qram – dəyəri 1300 manat; 7) kulon 14 qram – dəyəri 1200 manat) hədiyyə olunduğunu, lakin evli olduqları dövrdə Cavabdeh1 İmranlı tərəfindən icazəsi olmadan götürülərək, hal-hazıra kimi qaytarılmadığını bildirir. Cavabdeh tərəf isə qeyd olunan qızıl-zinət əşyalarından iddiaçıya yalnız briliant qaşlarla bəzədilmiş nişan üzüyü, dəst (üzük, boyunbağı, qolbağı, sırğa) və alyans üzük hədiyyə etdiklərini, həmin əşyaların hər zaman iddiaçının sahibliyində olmaqla, evi tərk edərkən özü ilə apardığını və dəyərlərinin şişirdildiyini, digərlərinin isə ümumiyyətlə mövcud olmadığını bildirirlər. Belə olan halda, Kollegiya hesab edir ki, ilk növbədə tələb olunan qızıl-zinət əşyalarının mövcudluğu və məhz cavabdehlər tərəfindən iddiaçıya hədiyyə olunması müəyyən edilməlidir. Yuxarıdakı hüquqi mövqelərə əsasən bu halları sübutetmə yükü isə iddiaçıya aiddir. Həmin əşyalardan briliant qaşlarla bəzədilmiş nişan üzüyü, dəst (üzük, boyunbağı, qolbağı, sırğa) və alyans üzüyün cavabdehlər tərəfindən hədiyyə olunması mübahisəsiz olunmaqla, işdə olan iddiaçı tərəfindən təqdim olunmuş fotoşəkillərdən və video görüntülərdən (xına mərasimində çəkilmiş) həm də qızıl boyunbağı və kulonun hədiyyə olunduğu müəyyən edilir. Cavabdeh tərəf iddiaçıya qızıl boyunbağı və kulon hədiyyə etmədiklərini, iddiaçı tərəfindən təqdim edilmiş fotoşəkillərin bilavasitə xına mərasimində deyil, sonradan çəkilməsini bildirsə də, etirazının əsası kimi istinad etdikləri halları əsaslandıra və sübut edə bilməmişlər. Əksinə, hər iki tərəfin xına mərasiminə aid təqdim etdiyi fotoşəkillərin qarşılıqlı müqayisəsindən belə görünür ki, şəkillər eyni gündə çəkilmişdir və həmin vaxtı iddiaçının üzərində qızıl boyunbağı və kulon mövcud olmuşdur. Briliant qaşla bəzədilmiş tək qaş üzük və halqa formasında qızıl sırğanın isə məhz cavabdehlər tərəfindən iddiaçıya hədiyyə olunması isə öz təsdiqini tapmır. Bununla bağlı iddiaçının təqdim etdiyi sübutlar yetərli deyildir. Ona görə ki, həmin fotoşəkillərdə yalnız iddiaçının qulağında və əlində oxşar formalı üzük və sırğa əks olunmaqla, şəkillərin cavabdehlərlə bağlılığı müəyyən edilmir. İddiaçının izahatı da özü-özlüyündə mötəbər və yetərli sübut kimi qəbul edilə bilməz. Çünki MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, Kollegiyanın qənaətinə görə, cavabdehlər tərəfindən toy ərəfəsində iddiaçıya briliant qaşlarla bəzədilmiş nişan üzüyü, dəst (üzük, boyunbağı, qolbağı, sırğa), alyans üzük, qızıl boyunbağı və kulon hədiyyə olunmuş və iddiaçı onları gəlin köçdüyü sözügedən mənzilə aparmışdır. Həmin əşyalara aid hissədə iddia tələbinin əsaslılığının yoxlanılması istiqamətində növbəti addım isə onların cavabdehlərin sahibliyində qalmasının müəyyən edilməsi ilə bağlıdır. Birinci instansiya məhkəməsi həmin əşyalardan yalnız dəstin (üzük, boyunbağı, qolbağı, sırğa) cavabdehlərdə olması qənaətinə gələrkən, belə əsaslandırma aparmışdır ki, iddiaçı evdən gedərkən onları özü ilə aparmağa imkanı olmuş, bu əşyaların cavabdehlərdə qalmasını və ona qaytarmaqdan imtina etdiklərini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Əksinə, açı evdən gedərkən ona əşyalarını yığmağa heç kim maneə olmamış, sərbəst şəkildə geyim əşyaları toplamaqla, boşanmaq niyyəti ilə 01.02.2021-ci il tarixdə evi tərk etmişdir. Bu hal həmin əşyaların iddiaçının özündə olması qənaətinə gəlməyə əsas verir. Ona 4000 manata alınmış dəstin isə Cavabdeh1 İmranlı tərəfindən bibisi X7 5100 manata satıldığını sübuta yetirə bildiyinə görə, məhkəmə iddia tələbini həmin hissədə əsaslı hesab edir. Məhkəmə kollegiyası, mübahisəli dəstlə (üzük, boyunbağı, qolbağı, sırğa) və alyans üzüklə bağlı rayon məhkəməsinin mövqeyini əsaslı hesab etsə də, hədiyyə olunmuş digər əşyaların iddiaçının sahibliyində olması barədə qənaəti ilə razılaşmır. Belə ki, iddiaçı iddia ərizəsində, apellyasiya şikayətində, eyni zamanda verdiyi bütün izahatlarda bildirmişdir ki, 14.11.2021-ci il tarixdə cavabdehə məxsus evə gəlin köçdükdən bir həftə sonra işə getmiş və bu zaman alyans üzük və halqa sırğa üzərində olmuş, lakin evə qayıdarkən digər qızllarının yerində olmadığını görmüş və əri olan cababdehdən bu barədə soruşduqda isə onları mərc oyunlarında uduzduğu üçün götürdüyünü və yaxın müddətdə qaytaracağını bildirmişdir. Bu hal, yəni iddiaçıya məxsus qızıl-zinət əşyalarının cavabdeh tərəfindən götürülməsi iş üzrə şahid qismində dindirilmiş Cavabdeh1 İmranlının bibisi (atasının bacısı), digər cavabdehin isə baldızı X5 ifadəsi ilə də təsdiq olunur. Belə ki, o ifadəsində qızıl alveri ilə məşğul olduğunu, Cavabdeh1 2020-ci ilin noyabr ayının sonu, dekabr ayının əvvəli onun yanına gələrək 3000 ABŞ dolları (5100 manat) pul əvəzində qızıl komplekt təqdim etdiyini bildirmişdir. Cavabdeh tərəf həmin şahidin ifadəsinə münasibətdə onun iddiaçı ilə əlbir olduğunu, iddiaçının adına mənzil aldığına görə onun xeyrinə ifadə verdiyini bildirsə də, Kollegiya, şahidin tərəflərə münasibətdə yaxınlıq dərəcəsini nəzərə alaraq, bu dəlilləri əsaslı saymır. Hədiyyə olunmuş alyans üzüyün isə cavabdehlərdə olması faktı öz təsdiqini tapmır. Belə ki, iddiaçının özünün bildirdiyinə görə qızıl-zinət əşyalarının cavabdeh tərəfindən götürülməsindən xəbər tutduğu vaxt alyans üzük üzərində olmuşdur. Üzüyün alyans olmasından əlavə, bu hadisədən sonra iddiaçının onu çıxarması ağlabatan görünmür. İdidaçının evdən çıxma şəraiti də nəzərə alındıqda həmin üzüyün iddiaçının özündə olması barədə cavabdeh tərəfin mövqeyi inandırıcı hesab olunur. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, qeyd olunanlar və işin digər faktiki hallarını birlikdə qiymətləndirildikdə, iddiaçıya məxsus briliant qaşlarla bəzədilmiş nişan üzüyü, dəst (üzük, boyunbağı, qolbağı, sırğa), qızıl boyunbağı və kulonun Cavabdeh1 İmranlı tərəfindən onu iradəsi əleyhinə götürülməsi barədə nəticə hasil olur. Belə olan halda, cavabdeh iddiaçının mülkiyyətində olan qızıl-zinət əşyalarını qaytarmaq öhdəliyini daşıyır. Həmin əşyaların qaytarılması mümkün olmadığı halda isə bazar dəyərinin müəyyən edilməsi məqsədilə apellyasiya baxışında məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və "xxxx" MMC-nin UNİ/N 126-1207/21 nömrəli, 29.11.2021-ci il tarixli rəyi ilə briliant qaşlarla bəzədilmiş nişan üzüyü - 880 manat, dəst (üzük, boyunbağı, qolbağı, sırğa) - 7971 manat, qızıl boyunbağı - 1050 manat və kulon - 980 manat dəyərində qiymətləndirilmişdir. İddiaçı ekspert rəyi ilə razılaşmış, cavabdeh isə yalnız dəstə (üzük, boyunbağı, qolbağı, sırğa) münasibətdə rəyi mübahisələndirməklə, dəstin bazar dəyərinin 4500 manat olduğunu bildirərək, mövqeyini aşağıdakılarla əsaslandırmışdır. İşdə olan fərdi sahibkar kimi vergi ödəyicisi olan X9 tərəfindən verilmiş arayışda həmin dəst 11.02.2020-ci il tarixdə “Gənclik” Univermağındakı qızıl-zinət əşyaları satılan mağazada 4000 manata Cavabdeh2 satılmışdır. Eyni zamanda, Cavabdeh1 İmranlının nümayəndəsinin müraciəti əsasında aparılmış qiymətləndirmə üzrə "xxxx" MMC-nin 16.12.2021-ci il tarixli, 02-130/21 saylı rəyinə əsasən briliant qaşlarla bəzədilmiş nişan üzüyü - 870 manat, dəst (üzük, boyunbağı, qolbağı, sırğa) - 4500 manat, qızıl boyunbağı - 1050 manat və kulon - 980 manat dəyərində qiymətləndirilmişdir. MPM-in 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Göründüyü kimi, hər iki qiymətləndirmə üzrə nəzəri hesablama aparılmaqla verilmiş rəylər dəst istisna olmaqla digər qızıl-zinət əşyalarına münasibətdə eynilik təşkil edir. Məhkəmə kollegiyası, dəstlə bağlı rəyləri isə işdə olan digər sübutlarla birlikdə qiymətləndirərək, dəstin alındığı vaxtı və qiyməti də nəzərə almaqla 4500 manat məbləği daha mötəbər və ağlabatan sayır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri qismən təmin olunaraq, birinci instansiya məhkəməsinin qətnaməsi “qızıl-zinət əşyalarına aid hissədə” qismən ləğv olunmalı, iddia həmin hissədə qismən olunaraq, briliant qaşlarla bəzədilmiş nişan üzüyü - 880 manat, dəst (üzük, boyunbağı, qolbağı, sırğa) - 4500 manat, qızıl boyunbağı - 1050 manat və kulon - 980 manat dəyərində qızıl-zinət əşyları, həmin əşyalar aşkar olunmadıqda isə onların dəyəri cavabdeh İmranlı Cavabdeh1 alınaraq iddiaçıya qaytarılmalıdır. MPM-in 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə kollegiyası, həmçinin, məhkəmə xərclərinə də hüquqi qiymət verərək, qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində 100 manat məbləğində aparılmış qiymətləndirmənin dəyəri (məhkəmə xərci) mövcud olmuşdur ki, həmin məhkəmə xərci də cavabdeh İmranlı Cavabdeh1 aid edilməlidir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Tağızadə (İmranlı) Fərəh Nağı qızının cavabdehlər İmranlı Cavabdeh1 və Cavabdeh2 qarşı “cehiz və qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2425/2021 saylı, 04 avqust 2021-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh İmranlı Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2425/2021 saylı, 04 avqust 2021-ci il tarixli qətnaməsi qismən, yəni “iddianın briliant qaşlarla bəzədilmiş nişan üzüyü, qızıl boyunbağı və kulona münasibətə təmin olunmayan, dəstə (üzük, boyunbağı, qolbağı, sırğa) münasibətdə isə onun dəyərinin müəyyən olunması” hissəsində ləğv olunsun, iddia həmin hissələrdə qismən təmin olunsun. Briliant qaşlarla bəzədilmiş nişan üzüyü - 880 manat, dəst (üzük, boyunbağı, qolbağı, sırğa) - 4500 manat, qızıl boyunbağı - 1050 manat və kulon - 980 manat dəyərində qızılzinət əşyları, həmin əşyalar aşkar olunmadıqda isə onların qeyd edilən dəyərləri cavabdeh İmranlı Cavabdeh1 alınaraq Tağızadə (İmranlı) Fərəh Nağı qızına qaytarılmalıdır. Qətnamə apellyasiya şikayətlərinə əsasən yoxlanılan qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Məhkəmə xərci cavabdeh İmranlı Cavabdeh1 aid edilsin. Həmin cavabdehdən aparılmış qiymətləndirmənin dəyəri olan 100 (bir yüz) manat tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN6 **********, Benefesiarın hesabı: AZ77AİİB400600C**********218, "xxxx" ASC Bravo 3 saylı filialı (VÖEN 9********), Müxbir hesab: AZ37NABZ********************, Filialın kodu: 201296, SWİFT kod: AİİBAZ2XXXX) ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-10029/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10029/2021
20.12.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver