Məhkəmə qərarları › İş №2(103)-10037/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10037/2021

27.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10037/2021 27.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçının nümayəndəsi, eyni zamanda vəkili Nümayəndə iştirakı ilə İddiaçının Cavabdeh qarşı “aliment” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4518/2021 saylı, 26 iyul 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 22.05.2006-cı il təvəllüdlü X3 və 14.09.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşma çatanadək saxlanılması üçün cavabdehdən hər ay, hər uşağa görə 175 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 26.04.2005-ci il tarixində rəsmi nikaha daxil olmuşdur. Rəsmi nikahdan onların 22.05.2006-ci il təvəllüdlü Əhməd və 14.09.2007-ci il təvəllüdlü Arif adında övladları vardır. Cavabdehlə rəsmi nikaha daxil olmaqlarına və birgə yaşamalarına baxmayaraq, yalnız rəsmi sənəd üzərində qaldığından, 18.04.2011-ci il tarixində o, Yasamal Rayon Məhkəməsində Cavabdeh qarşı nikahın pozulması tələbinə dair iddia irəli sürərək, aralarında 26.04.2005-ci il tarixində bağlanmış nikahın pozulmasını və yetkinlik yaşına Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 08.09.2011-ci il tarixli qətnaməsi ilə, onunla Cavabdeh arasında bağlanmış nikahın pozulması, birgə nikahlarından anadan olmuş övladları 22.05.2006-cı il təvəllüdlü X3 və 14.09.2007-ci il təvəllüdlü X2 onun yanında qalmaları qət edilmişdir. Adı çəkilən qətnamə qanuni qüvvəsini aldıqdan sonra, aralarında olan nikahın pozulmasına dair Yasamal Rayon Qeydiyyat şöbəsi tərəfindən 10.07.2012-ci il tarixli «Nikahın pozulması haqqında» şəhadətnamə verilmişdir. Bundan sonra, Cavabdeh ona qarşı uşaqlarla ünsiyyət tələbinə dair iddia qaldırmış, o isə, Cavabdeh qarşı aliment tələbinə dair qarşılıqlı iddia tələbi irəli sürmüşdür. Yasamal Rayon Məhkəməsinin qəbul etdiyi qətnaməsinə əsasən, onun qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, 22.05.2006-cı il təvəllüdlü X3 və 14.09.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh qazancının (başqa gəlirlərinin) hər ay 1/3 hissəsi miqdarında və hər ay hər uşağa görə 60 manat sabit pul məbləğində alimentin tutulması, alimentin tutulmasının başlanğıcının 03.02.2014-cü il tarixdən hesablanması qət edilmişdir. Həmin qətnamə üzrə 2(004)- 290/2014 saylı 03.09.2014-cü il tarixli icra vərəqəsi verilərək, icra sənədi icra edilməsi üçün Yasamal Rayon İcra şöbəsinə göndərilmişdir. Məhkəmə qətnaməsi üzrə icra sənədinin 03.09.2014-cü il tarixində verilməsinə baxmayaraq, icra sənədi bu günədək icra edilməmiş və cavabdeh tərəfindən ona aliment vəsaiti ödənilməmişdir. Aliment vəsaitinin ödənilməsi ilə bağlı dəfələrlə cavabdehə müraciət etsə də, cavabdeh müxtəlif bəhanələr gətirməklə alimentin ödənilməsini təmin etməmişdir. Buna səbəb kimi heç bir yerdə işləməməsini göstərir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4518/2021 saylı, 26 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi «22.05.2006-cı il təvəllüdlü X3 və 14.09.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana qədər saxlanmaları üçün Cavabdeh İddiaçının xeyrinə tutulan alimentin miqdarının artırılması, Cavabdeh 22.05.2006-cı il təvəllüdlü X3 və 14.09.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşağa görə 175 (yüz yetmiş beş) manat, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçına ödənilməsi və alimentin tutulmasının qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılsı qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi cavabdehin iştirakını təmin etmədən, 2(004)-290/2014 nömrəli, 03.09.2014-cü il tarixli icra sənədində qeyd edilən aliment məbləğinin hansı əsaslarla uşaqların saxlanılması üçün yetlərli olmadığını, məhz cavabdehin uşaqlarının hazırki saxlanma təlabatlarının nədən ibarət olmasını, habelə sabit pul məbləğində aliment tutulması barədə qətnamə qəbul edilərkən cavabdehin qazancı və ya sair gəlirlərinin olub-olamamasını, qazancının (gəlirinin) müntəzəm, dəyişən olub-olmamasını araşdırmamışdır. Bundan başqa birinci instansiya məhkəməsi uşaqların hazırki tələbatını aydınlaşdırmamaqla yanaşı, tərəflərin, yəni valideynlərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər halları da nəzərə almamışdır. Halbuki alimentin artırılması və alimentin sabit pul məbləğində tutulması zamanı tərəflərin ailə və maddi vəziyyətinin nəzərə alınmasına dair qanunun tələbi imperativ xarakter daşıyır. Məhkəmə iclasında iştirak edən İddiaçının nümayəndəsi eyni zamanda vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, izahatında əlavə olaraq bildirdi ki, cavabdehin maddi vəziyyətinin yaxşı olmaması onun bir valideyn kimi öz öhdəliklərindən azad etmir. Cavabdeh uzun müddətdir ki, aliment ödəmək öhdəliyindən imtina edir. Hesab edir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan AZ-İİ 975449 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X3 22.05.2006-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan AZ-İİİ 234945 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X4 14.09.2007-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarına olan Yasamal Rayon Məhkəməsinin 2(004)-290/2014 saylı, 03.09.2014-cü il tarixli icra vərəqəsindən görünür ki, Cavabdeh 22.05.2006-cı il təvəllüdlü X3 və 14.09.2007-ci il təvəllüdlü X4 ilə ünsiyyət hüququ ayda bir dəfə ayın birinci şənbə günləri saat 12:00-dan 18:00-a kimi həyata keçirilməsi, 22.05.2006-cı il təvəllüdlü X1 və 14.09.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşma çatana kimi saxlanması üçün Cavabdeh qazancının (başqa gəlirlərinin) hər ay 1/3 hissəsi miqdarında və hər ay hər uşağa görə 60 manat sabit pul məbləğində aliment tutularaq İddiaçına verilməsi qət edilmişdir. Beləliklə hazırkı apellyasiya baxışında yoxlanılan iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsaslarını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırki mübahisə üzrə iddiaçı, alimentin miqdarının artırılmasını müəyyənləşdirilmiş alimentin cavabdeh tərəfindən ödənilməməsinə əsaslanmaqla tələb etmişdir. Kollegiya hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur; belə ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-290/2014 saylı, 03.09.2014-cü il tarixli qətnaməsi ilə onun xeyrinə Cavabdeh hər ay 1/3 hissəsi miqdarında və hər ay hər uşağa görə 60 manat sabit pul məbləğində alimentin tutulmasını müəyyənləşdirərkən həmin dövrün həyat standartlarını və iddiaçının məhz həmin məbləğdə aliment tələb etməsini əsas götürmüşdür; hazırda isə bu vəziyyət dəyişməklə həm iddiaçı daha yüksək məbləğdə aliment tələb etməkdədir, həm də uşaqlara görə müəyyənləşdirilmiş yaşayış minumumu 2021-ci il üçün 175 manat nəzərdə tutulmuşdur. Cavabdehdən tutulmalı olan alimentin yeni məbləğinə münasibətdə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Bu baxımdan kollegiya, “uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması” prinsipini, tərəflərin maddi və ailə vəziyyətlərini, eləcə də işin konkret hallarını əsas götürərək cavabdehdən iddiaçının xeyrinə tutulacaq alimentin hər uşağa görə 175 manat, cəmi 350 manat müəyyən edilməsini ədalətli və ağlabatan hesab edir. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə kollegiya qeyd edir ki, yuxarıda göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşaqların böyüdüyü də nəzərə alınmaqla, tərəflərin maddi vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Eləcə də apellyasiya şikayətində göstərilənlər cavabdehi övladlarının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir. Cavabdehin məhkəmə iclasэnda iюtirakэnэn təmin edilməməsi ilə baрlэ dəlilinə gəlincə kollegiya qeyd edir ki, məhkəmə iclaslarэ barədə bildiriюlərin iю materiallarэnda olan və məhkəməyə məlum olan, eləcə də apellyasiya юikayətində gцstərilən cavabdehin ьnvanэna gцndərilməsini təsdiq edən reyestr əlavə edilmişdir. Bu əsasdan kollegiya məhkəmə araşdırmasının tərəflərin çəkişmə prinsipinin pozulması ilə aparılması ilə bağlı cavabdehin mövqeyini əsassız hesab edir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi alimentin miqdarının müəyyən edilməsi ilə bağlı məsələni həll edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin dəyişdirilməsi, yaxud ləğv olunması üçün əsas təşkil etmir. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayətləri təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4518/2021 saylı, 26 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Vəfaddin İbayev Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar